Sonsuzluğun sonu və əriyən saatlar

Sonsuzluğun sonu və əriyən saatlar

Mədəniyyət
24 Oktyabr 2018, 09:45 557
İşığın ən aydın qaranlıq və ya qaranlığın ən zəif işıq olduğu fikri mübahisəlidir. Düzdür, qlobal fizikada tərif olaraq, birinci variant götürülür. Yəni, nüvə qaranlıqdır, işıq isə nüvədən törəyən, yəni sonradan yaranan bir şeydir. Razılaşmaq da olar, razılaşmamaq da. Ona görə razılaşmaq olar ki, fəlsəfə qaranlıqdan doğan işığı təqib edir. Başqa sözlə ifadə etsək, fəlsəfədə işıq uğrunda mübarizə əsas və hədəfdə görünən yeganə predmetdir. Bu isə yalnız və yalnız qaranlıqda və ya qaranlıqla mümkündür. Deməli, işığın mövcudluğu qaranlıqdan asılıdır. Qaranlıq olmasa, işığa ehtiyac duyulmaz. Fizikanı hər saniyə fəlsəfəyə dönüşdürən qlobal düşüncə metodları hələlik belə diqtə edir. Bu fikirlə həm də razılaşmamaq olar. Ona görə ki, hədəfdə olan şey onun uğrunda məhv edilən bir şeydən asılı ola bilməz. Yox, əgər bu qaranlıq gecə və gündüzün əvəzlənməsi prinsipiylə hərəkət edən qaranlıqdırsa, o zaman məsələnin istiqaməti dəyişir və şərtlər də dəyişir. Lakin məsələ daimi əvəzlənmə və hər iki tərəfə qarşı olan növbəli gözlənti deyil. Dediyimiz kimi, fiziki qanunları fəlsəfəyə çevirən fərdi və üsyankar şüur və yaxud da insan dühası qaranlıqla hər zaman savaşıb. Əslində isə fəlsəfə fizikanın da mahiyyətini dəyişdirdi. Ondan yaransa da, onu yönəltməyə başladı. Günəş aydınlıq və həyat rəmzinə, sabahın açılması oyanmaq və oyandırmaq kimi insandan öncə sadəcə fiziki mövcudiyyətə sahib olan məna və simvollara çevrildi. Kiçik dayanacaqlarda əldə olunan nəticələrə baxsaq, görərik ki, əgər qaranlıq cəhalət, işıq isə bilgi və mərifət rəmzidirsə, o zaman məğlub olan tərəf qaranlıq, qalib gələn isə, işıq olmalıydı. Çünki, doğuluşdan natamam ölümə doğru gedilən yolun tək mahiyyəti mümkün olduqca, bu qaranlıqdan sıyrılmaqdır. Lakin həqiqətdə bu belədirmi? Gerçəkdən də yol işığa doğru gedir? Bəlkə, əksinə? Bəlkə kainat nəhəng bir işıq kütləsidir? Bəlkə nüvə, yəni ilkin yaranış və böyük əsər işıqdan ibarətdir və qaranlıq sonradan peyda olan bir nəsnədir. Nə üçün sonsuzluq qaranlıqla ifadə edilir? Bəlkə onlar qara yox, ağ dəliklərdir? Bəlkə bizi udan qaranlıq deyil, işıqdır?! Ölümün varlığı nə üçün hədəf olaraq bilinir? Axı ölüm natamam bir şeydir və doğuluş qədər kamil bir anlayış deyil. Fəqət, fərqli düşünsək, belə məlum olar ki, qaranlıq bilinməzliyin icadı və bilgisizlikdən yaranan ehtiyacdır. 

Düşüncənin yox, düşüncə sahibinin vara bilməyəcəyi nöqtələr vardır. Sözə diqqət edək; "düşüncə sahibi". Necə ola bilər ki, hər şeyi anlamağa və hər yerə varmağa qadir olan bir güc özündən qat-qat gücsüz olan bir şeyə, yəni mümkün varlığa - fani və dayaz mövcudiyyətə tabe olsun?! Yəni fani bədən əbədi düşüncəyə sahib olsun!? Həqiqətən də heyrətamizdir! Məsələ burasındadır ki, hərəkətin varlığı həyatın varlığıdır. Hərəkət dayandığı zaman həyat necə davam edə bilir? Şərqin Dünya incisi olan Məhəmməd Füzuli belə bir ritorikadan bəhs edir:

Bəs ki, hicranındadır xasiyyəti-qəti-həyat,
Ol həyat əhlinə heyranəm ki, hicranındadır.


Hicran, yəni ayrılıq duyğusu,... və bunu dəf etmək uğrunda işə düşən hərəkət mexanizmi. Ayrılığın etirafı hədəfin varlığına dəlalət edir. Hicranın mövcudluğu vüsalın mümkünlüyünü sübut edir. Bu isə qaçılmaz və nəfsi aşan feliyyətin gərəyidir, yəni həyatdır! Füzuli çox haqlı olaraq heyrət və təəccübə düşür ki, ayrılıq həyatın ölümüdür, bəs ölən birisi, yəni hicranı dərk etməyən birisi necə yaşayır, necə həyat əhlidir?! Axı bunu yazan düşüncə qoca Şərqin ədasına uyğun olaraq, mütləq və gerçək həyat mexanizmini musiqili və məcazi bir dillə ifadə etsə də, bu əda həqiqəti dərk etməyə mane olmur! 

Ayrılığı qəbul etmək sadəcə, mümkün deyil. Hərəkətsizliyin, yəni ölümün səbəbi ayrılığın bir obyekt olaraq, görüntüdən çıxmasıdır. Bu, ağır bir xəstənin öz xəstəliyindən xəbərsiz olmasına bənzəyir. Heç kim heç zaman heç bir xəstəliyi qəbul etməyib. Şüur belə bir nöqtəyə toxunduğu andan etibarən, hərəkət başlayır. Çünki bütün ağrılar, acılar xəstə orqanizmdə deyil, şüurda baş verir. İnsanlara "belə bir şey yoxdur" demək onurğa xərçənginə tutulmuş birinə "sən sadəcə yorulmusan, ciddi bir şeyin yoxdur" deməklə eyni mənaya gəlir. Bəli, natamam ölüm hər kəsin və hər şeyin dadacağı, bir gün hamının süfrəsinə gələcək olan təamlardan biridir. Məşhur bir pop mahnısı vardı: "Dünyada ölümdən başqası yalan". Bu da yalandır, çünki ölüm də həmin yalanlardan biri, bəlkə də birincisidir. Hər şeyi yarımçıq qoyan ölümün özü də yarımçıqdır. Başqa sözlə desək, ölüm daxil olmaqla, hər şey ölümə məhkumdur. Lakin bütün işıqlar qaranlığa hamilə olduğu kimi, bütün ölümlər də həyata hamilədir. Bizim "ölüm" deyə qəbul etdiyimiz bir şey hərəkətin cüzvüdür - bizim "ölüm" deyə qəbul etmədiyimiz şeylər kimi. Fiziki ölüm çox zaman düşüncənin, yəni hərəkətin, daha doğrusu həyatın ölümü deməkdir. Həyatın ölümü isə düşüncənin, yəni hərəkətin ölümü ilə düz mütənasibdir. Bu mənada mənəvi ölüm həm də fiziki ölüm deməkdir. Bədəni sağ ikən ruhundan, təfəkküründən heç bir səs çıxmayan, bədəninin bir gün qarışacağı torpaqla eyni materialdan olan daşları, kərpicləri üst-üstə qoyaraq, ömrünü gülməli rəqabətlə heç edənlər gerçəkdən həm də fiziki ölülərdir. 

(ölümündən özünə saray tikənlər bundan xəbərdar olsaydılar, həyatı ölümə yox, ölümü həyata dəyişərdilər).

Lakin qaranlıq həm də səssizliyin rəhnidir. Sükutun isə iki başı vardır. Sükutdan həm mələklər, həm də şeytanlar istifadə edir. Günahların da gözəlliklərin də qaranlıq və sükut adlı geniş bir meydanı vardır. Gecələr mələklərin də şeytanların da, elm, şeir və musiqi müəlliflərinin də, xəyanət, şəhvət və iztirab müəlliflərinin də at oynatdığı bu qaranlıq sükutun meyvələri isıqla bərabər üzə çıxır və yeyilməyə başlayır. Deməli, müşkül nə işıqda, nə də qaranlıqdadır. Nə işıq nüvədir, nə qaranlıq. İşığa da qaranlığa da mənalar, fəlsəfələr yükləyən, onların məsumluğunu həm mənfi, həm də müsbət mənada əlindən alan insan şüuru və şüurun hərəkətə gətirdiyi həyat mexanizmidir. Qaranlığın, işığın, həmçinin zamanın, məkanın istismarı qaçılmaz bir feiliyyətdir. Ölümdən qaçmaq mümkün olmadığı kimi, həyatdan da qaçmaq mümkün deyil. Onsuz da günahlar da gözəlliklər də şüurda başlayıb, şüurda da bitir. Bədəni günah etməyənlərin şüuru gözəlliklər yaratmaqla məşğul olsaydı, bu dünya çox daha gözəl olardı! Elə ona görə də guya günahlardan uzaq qalmaq istəyənlər həyatdan da uzaq qalmaq istəyirlər - uca dağlarda, mağaralarda və ya evlərinin bir küncündə, yaxud da zibil qutularının başında məskən tutaraq, pak qalmaq istəyirlər. Mümkündürmü belə bir şey? Axı onlar iki şeyi unudurlar - hara getsələr şüurları da özləriylə bərabər gedir və getdikləri hər yer dünyanın, həyatın bir parçasıdır. Yaxşı bəs o çilələr bitdikdən sonra nə olur? Axı sən çəkmisən o çiləni, uzaqlaşdığın cəmiyyət və dünya çəkməyib! Yəqin elə buna görədir ki, tərki-dünyalıqda qazanılanlar dünyanın heç bir işinə yaramadı. Həyatı və dünyanı epidemiya zənn edənlər həmin pak bölgənin yerini desinlər, biz də gedək ora! Orada ağcaqanadlar uçmurmu? Burada görünən Ay, orada başqa cürdürmü? Onların təmiz və günahsız bədənləri bir məkana talib deyilmi? İki barmağını birləşdirib, saatlarla, bəlkə günlərlə eyni nöqtəyə baxanlar gözlərini o nöqtədən, barmaqlarını isə bir-birindən ayırdıqları zaman gözlərinə ilk görünən nə olur? Onlar özləri gözəlləşir, bəs həyat? Bəli, həyat da gözəlləşir, ancaq onların gözündə! Bu qədər məhdud və sərsəm eqo olarmı?! Həyatdan guya qaçıb elə həyatın özünün çox kiçik və cansıxıcı bir guşəsinə çəkilmək nə qədər möhtəşəm bir məntiqsizlikdir. Məcburi zillətdən törəyəcək olan gözəlliklər olmaz olsun! Əslində tərki-dünyalıqdan heç nə törəmir. Nəsimiylə eyni təkyə küncündə qalan minlərlə hürufi vardı ki, özlərinə belə, heç bir faydaları toxunmadı. Nəsimi isə həyata, dolayısı ilə hərəkətə qayıtdığı üçün qaçmaq istədiyi bu dünyaya çox şeylər verdi. O, bu dünyanın qaranlığını elə dünyadaykən aydınlatdı. Nəsimi həyatda olmasaydı, onu haradan tapıb edam edəcəkdilər. Başqa sözlə desək, gözəl bir qadına aşiq ola bilməyən, o gözəlliyin məxzənini necə sevə bilər? Axı o başlanğıc maddi aləmə dönüşmək istəsəydi, niyə qeybə çəkilirdi? Həyatdan, hərəkətdən, insan sevgisindən qaçıb, özləri kimi qaranlıq bir "tanrıya" aşiq olanlar anlamadılar ki, Da Vinçinin bir zərbəlik fırçası Tanrının ən dəqiq və gözlə görünəcək, əllə toxunacaq qədər yaxın təcəllasıdır. Başqa Tanrı yoxdur! 

Sonsuzluğun içindən keçmək üçün isə, əvvəlcə onun içinə düşmək lazımdır. Çünki sonsuzluğun bir adı əbədiyyətdir. Bu mənada sonsuzluğu qaranlıqla simvolizə etmək yanlışlıqdır. Bu gün mən ölsəm, bu, sadəcə mənim ölümümdür. Həyat mənimlə doğulmadı ki, mənimlə də ölsün. Və mən doğulmağımla var olmadım ki, ölümümlə yox olum. Sonsuzluğun içinə düşmək əbədiyyətin idrakına gedən yolla paraleldir. Hər yolun sonuna varmaq üçün o yola başlamaq lazımdır. Yolun sonu vardırmı, yoxdurmu, bunu yol əhli bilər. "Son" dediyimiz şey həqiqətən sondurmu, yoxsa, biz yenə də öz təfəkkür səviyyəmizin aldanışına gəlirik? Əgər son yoxdursa, deməli, sonsuzluq da yoxdur. Çünki sonun obyektiv dərki sonsuzluq haqqında müəyyən nəticəyə gətirib çıxara bilər. Biz isə sonun nə olduğunu subyektiv şəkildə qəbul edirik. Yəni hərənin öz sonu var. Məşhur bir lətifədə deyildiyi kimi; Molla Nəsrəddindən soruşublar, qiyamət günü haçandır? Deyib, mən öləndən sonra! Maraqlıdır, dahilər bəzən subyektiv, iddialı və dayaz insan zəkasını ələ salıblar, gülüblər ona... Halbuki, insan düşünüldüyündən çox-çox böyük bir yaranışdır. Ancaq onun böyüklüyü kiçik həyat nəsnələrindən doğulur. İsti havada əriyən pendirləri görəndən sonra "Əriyən saatlar" adlı üsyankar bir şedevr yaradan Salvador Dali kimi! Yaxud da özü kimi böyük bir yuxu gördükdən sonra "Bahar ayini" ("Rite of spring") baletini yazıb, 20-ci əsrin modern klassikasını başladan və hələ də çoxluq tərəfindən özünün dərk edilməsini gözləyən İ.Stravinski kimi! Sonsuzluğun sonu o zaman gələcək ki, insan heç nəyin son olmadığını dərk etsin. Gəldiyi həmin bu bilinməzlik və yanlış nəticə - hər şey ölür, hər şey bir gün bitir düşüncəsi səbəbindən bu insan oğlu "sonsuzluq" adını verdiyi bir çarəsizlikdə çarə axtarmağa davam edir. Dali saatları əridir, yəni bizim zaman üzərindəki diqtəmizə son qoyur. Bunu edən insandır, başqası deyil. İnsanın qüdrətini yerə vurandan sonra hansı məxzənin, hansı bulağın başından su içərsək içək, o suyun bir dadı olmayacaq. Zaman üzərindəki hökmranlıq, ona ölçü vermək, ona nəzarət etmək istəyi insanı və insanlığı məhvə aparır! İnsan özü öz əliylə öz əbədiyyətinə balta vurur. Fədakarlıq həqiqətən də fədakarlıq olduğu üçün dahilərin sayı iddialı və zavallı kütləciklərdən çox daha azdır. Bu kütlələr həqiqətən də kütlədir, yəni bəd xassəli şişdir. Kütlə şüuru əbədiyyətin ölümüylə nəticələn bir xərçəng xəstəliyidir. Hər zaman dediyimiz kimi, biz hələ gözəllik epidemiyası görmədik, yoluxan bir yaxşılığa rast gəlmədik! Pult arxasında dayanan Bethovenin əlindəki ağac parçası əslində dirijor çubuğundan çox cərrah bıçağına bənzəyir. Ancaq Həllac Mənsur demişkən

Xəstə dillərdən ötür gəlsə də İsayi-zaman,
Hanı bimar düşən, ya dili-bimar hanı?! 
 
Sözümün əvvəlində dediyimiz kimi, ayrılıq xəstəliyinin müalicəsi onu dərk etməklə, onun varlığını qəbul etməklə başlayır. Bu isə, həyatdır, feiliyyətdir, nəticədə isə sonsuzluğun sonudur!

P.S. "You are great and to love you is to be great"! Bunlar mənim ən sevdiyim və yolundakı işıqla aydınlandığım dahilərdən biri, nəhəng bəstəkar İqor Stravinskiyə ünvanladığım sözlərdir: "Sən böyüksən və səni sevmək böyük olmaqdlr!"

Fəxrəddin Salim