• cümə axşamı, 28 mart, 18:41
  • Baku Bakı 13°C

Şirvanşahlar sarayı əcnəbi rəssamların yaradıcılığında

18.12.18 09:45 5197
Şirvanşahlar sarayı əcnəbi rəssamların yaradıcılığında
"Şirvanşahlar sarayı Azərbaycan xalqının iftixar etdiyi memarlıq abidəsidir. Bu həm bizim memarlığımızın ən yüksək səviyyədə olduğunu göstərir, həm də dövlətçiliyimizin tarixini əks etdirən bir abidədir...”

Heydər Əliyev
Ərazisi şərqdə Dərbənddən Kür çayının mənsəbinə qədər uzanan və mövcudluğu VIII-XVI əsrləri əhatə edən Şirvanşahlar dövləti Azərbaycanın ən mühüm dövlət quruluşlarından biri olmuşdur. Uzunömürlülüyünə görə Şərq tarixində böyük bir dövrü əhatə edən həmin dövlətin həm də Azərbaycan mədəniyyətinin zənginləşməsində müstəsna rolu olmuşdur. Onun mövcudluğu dövründə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri kimi tanınan Əbülülla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassiklərin yaşayıb yaratmaları, paytaxtı Şamaxı və Bakıda Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Şamaxı Cümə məscidi, Gülüstan qalası, Buğurt qalası, Pirsaatçay xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidələrinin inşası da dediklərimizi təsdiqləyir.

Həmin bənzərsiz memarlıq incilərinin zaman-zaman Azərbaycana gələn diplomat, səyyah və rəssamların diqqətini cəlb etməsi də, ilk növbədə onların daşıdıqları forma-biçim özünəməxsusluğu və yüksək bədii-estetik məziyyət daşıması ilə bağlı olmuşdur.
1192-ci ildə baş verən Şamaxı zəlzələsindən sonra paytaxt kimi mövcud olan Bakıda inşa olunan Şirvanşahlar sarayı (XIV-XVI əsrlər) həmin tikililərin arasında möhtəşəmliyinə görə diqqət çəkir. Zaman axarında İçərişəhər ərazisində tikilən saray, divanxana, məscid, hamam və s. son nəticədə, buranın əhatəli kompleks şəklini almasını şərtləndirmişdir. Elə saraya həsr olunmuş təsviri sənət əsərləri də buranın əsrdən-əsrə yeniləşən görkəmini görməyə imkan verir. Bu baxımdan milli memarlıq saxlancımızın uzaq-yaxın mənzərəsini əbədiləşdirən bu əsərlər həm də tarixi əhəmiyyət daşıyırlar.

İsveçli səyyah və həkim Enqelqard Kempfer ilk dəfə olaraq 1683-cü ildə Bakının təsvirini yaratmışdır. Bakını Xəzər dənizinin kənarında, qala divarları ilə əhatə olunmuş təsvir etmişdir. Qrafikanın növü sayılan qravüraya aid olan bu əsər düz olmayan dördbucaqlı formada verilmişdir. Burada kubik formada ardıcıllıqla evlər inşa olunmuşdur.

Rusiya Elmlər Akademiyasının nümayəndəsi, akademik Samuil Qotlib Qmelin 1768-ci ilin yayında Xəzəryanı ölkələri öyrənmək üçün səyahətə başlayır. Onun Bakıda olması 1770-ci ilə təsadüf edir. Qomelin ekspedisiyasının tərkibində rəssam İvan Borisov Bakının ümumi görünüşünü düz olmayan beşbucaqlı formada təsvir etmişdir. Kempferdə olduğu kimi, burada da evlər kubik formada, ardıcıllıqla düzülmüşdür. Şəhərdə təkminarəli məscidlərin inşa olunması, həmçinin XVII əsrdən fərqli olaraq, artıq XVIII əsrdə qalanın sağ tərəfində Bakı xanının bağ evinin inşası illərin axarında müşahidə olunan yeniliklərdəndir.

XIX əsrdə yaşanan "neft bumu” ilə əlaqədar Bakı şəhərində duyulası dəyişikliklər baş vermişdir. Ona görə, həmin vaxtlarda bura gələn rəssamların da sayı əvvəlki illərə nisbətən çox olmuşdur. Onlardan biridə Qriqori Qaqarindir. Rus rəssamı və tədqiqatçısı hesab olunan Q.Qaqarin Qafqazda hərbi xidmətdə (1840-1850) olduğu zaman, müxtəlif Azərbaycanın şəhərlərində olmuş və əsərlər yaratmışdır. Onlardan bir neçəsində məhz Şirvanşahlar sarayı təsvir olunmuşdur. Bunlar, onun 1843 və 1847-ci illərdə yaratdığı "Xan sarayı” tablolarıdır.

O, 1843-cü ildə yaratdığı tabloda Divanxananın təsvirini vermişdir. Bu məkanın həm o dövrdəki, həm də indiki görkəmi eynilik təşkil edir. Qriqori Qaqarinin digər tablosu divanxananın giriş hissəsi olan portalın təsviridir. Burada rəssam, o dövrün yerli Bakı sakinlərinin təsvirini də vermişdir. Odur ki, burada eyni zamanda etnoqrafik xüsusiyyətlərlə də rastlaşırıq. XIX əsrin kişi geyiminin diqqətçəkənliyində, rəssamın milli xüsusiyyətləri dəqiqliklə ifadə etmək istəyi duyulur. Hər iki əsərin ümumi mənzərəsi göstərir ki, bizim günümüzə qədər divanxanada heç bir dəyişiklik baş verməmişdir.

Qriqori Qaqarinin 1847-ci ildə yaratdığı "Xan sarayı” adlı əsərində isə Şah məscidinin, Şah türbəsinin və giriş qapısının real biçimli təsviri verilmişdir.

Şirvanşahlar sarayına öz heyranlığını bildirən digər rəssam Rusiyadan olan Georgi Qoqenfelden olmuşdur. Qriqori Qaqarin kimi onun da əsərlərində Şirvanşahlar sarayının XIX əsrin ortalarını əhatə edən təsvirləri vardır. 1850-ci ilə aid olan və hal- hazırda Kazandakı Topoqrafiya Universitetində saxlanılan "Bakı sarayının cənub-şərq tərəfdən görünüşü”, "Bakıdakı şah sarayında Divanxana”, "Şimal-qərb tərəfdən Bakı sarayının görünüşü” tabloları rəssamın Azərbaycana səfərinin bədii tutumlu nəticələridir.

Tarixdən, Bakının 1723-cü ildə I Pyotrun ordusu tərəfindən mühasirəyə alınması və top atəşinə məruz qalması məlumdur. Bununla əlaqədar sarayın cənub-şərq fasadı ziyan görmüşdür. Məhz Georgi Qoqenfeldenin əsərlərində həmin hücumun acı nəticələrini - saraya dəyən ziyanı görmək mümkündür.

"Bakı sarayının cənub-şərq tərəfdən görünüşü” tablosunda sarayın ön fasadını, portalını və divanxananın girişini görmək mümkündür. Möhtəşəm sarayın ikinci mərtəbəsi həmin hücumlar zamanı sökülmüşdür. Bu tablonun mərkəzində iki insan fiquruna rast gəlinir.

Georgi Qoqenfeldenin digər əsəri isə "Şimal-qərb tərəfdən Bakı sarayının görünüşü” adlanır. Buradakı təsvirdə rəssamın təxəyyülündən - yaradıcı əlavələrdən istifadəni də müşahidə etmək mümkündür. Kompozisiyanın mərkəzində divanxananın özünün deyil, yalnız portalının, arxa fonda isə saray və Seyid Yəhya Bakuvinin türbəsinin təsviri verilmişdir. Bu əsərin ümumi görüntüsünün şəhər xarabalığını xatırlatması da, müəllifin gördüklərini reallıqla ifadə etmək istəyindən qaynaqlanır.

Digər bir əsərini isə rəssam, "Bakıdakı Şah sarayında Divanxana” adlandırmışdır. O, rəssam Qriqori Qaqarindən fərqli olaraq buranı tam ayrı formada təsvir etmişdir. Belə ki, Q.Qaqarindən fərqli olaraq, divanxananın portal hissəsi bir qədər enli, tağ hissəsi də fərqli təsvir olunmuşdur. Tikilinin detallarının - oyuq və naxışların təsvirində də fərqlilik hiss olunur. Giriş hissəsində olan medalyonlar da altıbucaqlı yox, dördbucaqlı təsvir edilmişdir.

Məlumat üçün bildirək ki, XIX əsrin ortalarında saray Rusiya imperiyası Hərbi Nazirliyinin nəzarətinə verilmişdir. Onlar sarayda bərpa işləri görərək, müəyyən hissələrdə: sarayın daxilində, həyətdə dəyişikliklər etmişdilər. Bununla da, tarixi abidə kimi saraya böyük ziyan vurulmuşdur.

Bakıda inşa olunan tikililərdə Şirvanşahlar sarayının XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid mənzərəsini əks etdirən əsərlər də az deyil. Onlardan birinin kətan və kağız üzərində yox, divarda çəkilməsi, onun unikallığını artırmışdır. Zamanına görə yeganə olan bu divar rəsmi milyonçu Ağabala Quliyevin evinin dəhlizində yerləşir. Ağabala Quliyevə gəldikdə, milyonçu şəhər tikintilərində istifadə olunan Avropa üslubuna qarşı etirazını bildirərək, Polşadan Yevgeni Yakovleviç Skibiskini dəvət edir və layihəni sifariş edir. Lakin Şirvanşahlar sarayı, Yaxın Şərq və Ərəb memarlığından istifadə etməyi tələb edir. Skibinski binanın inşasına 1899-cu ildə başlayır və qısa müddət ərzində başa çatdırır. Binanın pəncərələrinin üzərində olan tağlardakı stalaktiklərdə Şah türbəsi və divanxananın portalının təsviri açıq şəkildə görünməkdədir. Tikilidə həmçinin divanxananın giriş hissəsində olan altıbucaqlı medalyonlara bənzər dördbucaqlı medalyonlardan istifadə edilmişdir.

Yuxarıda da qeyd olunan kimi, binanın dəhlizində divar rəsmlərini Rus rəssamı Vladimir Durov çəkmişdir. Yeri gəlmişkən deyək ki, onun Əzim Əzimzadənin rəssamlıq vərdişlərinə yiyələnməsində də müəyyən rolu olmuşdur. Elə buradakı rəsmlərin çəkilməsində Ə.Əzimzdə də iştirak etmişdir. Bu rəsmlər içərisində Şirvanşahlar sarayının təsviri də var. XIX əsrin sonu, XX əsrin əvvəlinə aid olan divar rəsmi demək olar ki, müasir dövrün görünüşündən heç də fərqlənmir.

Buradakı əsərlərə nəzər saldıqda, XVII əsrdən XIX əsrin sonuna qədər Bakıda, xüsusilə də İçərişəhərdə olan dəyişiklikləri çox aydın şəkildə görmək mümkündür. İçərişəhərin ən yüksək yerində yerləşməklə, şəhərin bəzəyinə çevrilən, əsrləri keçib gəlmiş bu möhtəşəm kompleksin divarda təsviri, binanın darvazalarını açıb içəri daxil olan hər kəsi XV əsrə aparmış olur...

İnşa olunduğu vaxtdan başlayaraq onu görənləri öz sehrinə salan Şirvanşahlar sarayı, müasir dövrdə öz yeni həyatını yaşamaqda, əvvəlki kimi, rəssamların diqqətini cəlb etməkdədir. Yaradılan çoxsaylı rəngkarlıq və qrafika əsərlərinin mövcudluğu da dediklərimizi təsdiqləyir...
Mədinə Atayeva,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistri

banner

Oxşar Xəbərlər