Şirvan ətirli, şair nəfəsi

Şirvan ətirli, şair nəfəsi

05 Dekabr 2014, 12:53 906
Köhnə bir fikrimi bu yazıda etiraf etməliyəm: yaşıdlarım haqqında yazmaqdan aşkar zövq alıram. Bir tənqidçi kimi mənsub olduğum yaradıcı nəslə özümü borclu hesab edirəm. Bu məncə təəcüblü deyil, həm də XX əsrin 50-ci illərində - beşinci onillikdə təvəllüd tapan uşaqların əksəriyyəti ustedadlı alimlər, şairlər və yazıçılar oldular. Və indi onlar - “50-cilər” özlərinin 60 yaşını qeyd etməyə başlayıblar. Belə istedadlı “50-cilər”dən biri də bu il aprel ayının 10-da 60 yaşı tamam olmuş Fəxrəddin Meydanlıdır. İxtisasca iqtisadçı olan Fəxrəddin köklü-kökməcli Şirvanlıdır. Ucarın qədim Boyat obasında - Məhəmməd Fizuli vətənində - müəllim ailəsində anadan olub. O dövrün bir çox gəncləri kimi orta məktəbi bitirib, zəhmət dünyasına qatılıb. Kolxozçu və fəhlə (1971-1975) işləyib, həyatın dadını-tamını hiss edib. Stavropol diyarında hərbi xidməti (1975-1977) və ali təhsilini başa vurduqdan sonra, ali təhsilli iqtisadçı kimi müxtəlif nazirliklərin mərkəzi aparatında məsul vəzifələrdə işləyib, hazırda yenə də belə bir məsul vəzifədə çalışır.

Təqvim xarakterli bu ömürnamə faktlarını qeyd etməmək də olardı. Çünki Fəxrəddin adi bir ömür yaşamayıb. Çətin, zəngin və maraqlı bir tale yaşayıb. Hamımız kimi taleyi ilə iki əsrin, iki minilliyin üzərindən körpü salan Fəxrəddin də ulu sələfi romantik şair və həkim (!) Abbas Səhhət kimi “Məsləkim tərcümeyi-halımdır!” deyə bilər. Yaradıcılığı ilə çoxdan - “Sevdalı könüllər” (2000), “Azərbaycan torpağı-gözəlliklər diyarı” (2004) və “Sevənlər qocalmır” (2009) kimi maraqlı şeir kitablarından, qəzetləri süsləndirən publisistik məqalələrindən tanış olsam da, şəxsən özü ilə ünsiyyətdə olduğum və bu ünsiyyətin dostluğa çevrildiyi son 6-7 ildə onun aydın, duru və səmimi insan olduğunu müşahidə etmişəm. Mən ona “Fəxrəddin Meydanlı - ən gözəl Şirvanlı, namuslu-vicdanlı” deyə müraciət edirəm.

Fəxrəddinin özündən də, sözündən də Şirvan ətri gəlir. Şirvan ətri Azərbaycan ətirləri içərisində ən rahiyəli ətirdir. Şirvan ətrini mən lap uşaqlıqdan - Aşıq Şakirin mahnılarından, “Şirvan gözəlləməsi”ndən tanıyıram.
Fəxrəddində Şirvanlıya məxsus bir neçə xüsusiyyət var ki, onu mənə, eləcə də hamıya sevdirib: O açıq ürəki, nikbin simalı, təmənnasız ünsiyyət yaradan, həmişə insanlara doğru gələn, yaradıcılığında iddiasız, təxəşşüs satmaqdan uzaq, çörəkverən və çörək qədrini bilən, dövlətçilik duyğularına malik vətəndaş ziyalıdır. Onun həyat və yaradıcılığının əsasında bu gün bəşəriyyətə lazım olan insaf və insanlıq dayanır.
Fəxrəddin poeziyasının bir-birini doğuran iki əsas tərənnüm obyekti şairin şeir kitablarının adında öz əksini tapıb: gözəllik və sevgi!

Fəxrəddinin “Sevənlər qocalmır” kitabına ön sözündə tənqidçi Vaqif Yusifli yazır: “Fəxrəddinin sevgi şeirləri yaşanılan hisslərin, duyğuların inikasıdır. Onun bu şeirlərində yalan, riya, ölçülü-biçili saxtalıq yoxdur. O deyəndə ki, "Günəşin işığı gözlərindədi, Könül barışığı gözlərindədi”- mən bir oxucu kimi bu hisslərin saflığına inanıram. O şeirdə GÖZ gözəllik obrazı kimi canlanır.

Fəxrəddinin sevgi şeirlərində qəlbi qocalmaq qorxusu görünməyən bir Aşiqin-Müasir insanın nikbinliyi canlanır. Bunlar ənənəvi hicran şeirləri deyil. Bunlar sevgidən və bu sevginin gözəlliyindən doymaq bilməyən bir insanın könülə sığmayan fərəh hissləridir”.
Elə bilirəm ki, V.Yusifli şairin sevgi hissini doğru təyin edib.

Ay sərv qamətlim, ay şux bədənlim,
Yanağı laləli, nərgiz çəmənilim.
Saçları kəhrəba sünbül-süsənlim,
Həyatın nəşəsi sözlərindədi,
Günəşin işığı gözlərindədi...

...Gözlərim yolunda, izlərindədi,
Könül barışığı gözlərindədi...


Məhəbbətlə təbiətin vəhdəti bütün dövrlərdə şeirin poetik meyarı və estetik əyarı olub. Şeir xiridarı, ustad İlyas Tapdıq səmimiyyətlə yazır ki, “Şairin təbiət sevgisi ötəri deyil. Hər şeydən əvvəl bu sevgidə təbiəti duymaq hissi var. Müşahidə eləmişəm, Fəxrəddin Meydanlının ən yaxşı təbiət şeirləri mənə Hüseyn Arifin - o ustad şairin gözəl təbiət şeirlərini xatırladır.” Sözlərinə əyanilik üçün o, aşağıdakı beytləri misal verir.

Qızıl payız yarpaqların yaxasını saraldar,
Topa-topa bulud gələr, göyün üzün qaraldar.

Sel gələndə çaylar daşar, basar yolu-irizi,
Düzənliklər bir anlığa xatırladar dənizi...


Burada rəmz, sözün çoxmənalılığı ilə bərabər gözəl bir portret var: təbiətin portreti! İstedadlı rəssam bu misraları oxuyub canlı bir təbiət portreti, mənzərə rəsmi çəkə bilər.
Təbiət şeirləri üzərində müşahidələrim mənə imkan verir deyəm ki, F.Meydanlı şeir sənətində çətin olan psixoloji paralelizm yaratmağı-insan ovqatını, onun mənəvi-psixoloji portretini təbiət fakturasında təcəssüm etdirməyi bacarır.

Meşə içi, qarlı tala,
Düm ağappaq, baxsan hara.
Ceyran enib yamaclara,
Qış fəslinin səhər çağı,
Seyr edəsən buz bulağı...


Bu portretin gözəlliyi təsvirin tərənnümə keçməsində, dinamika və coçqunluğundadır.
F.Meydanlının “Payızın vəsfi” silsiləsi müasir təbiət poeziyasının cazibədar nümunələridir. O öz şeirlərini payızın müjdələri hesab edir.
Fəxrəddin sözünün mənası “dinin fəxri” deməkdi. Bəlkə elə buna görə də onun fikri-ilhamı HAQQ mövzularına, yerdən əl üzüb HAQQın dərgahına üz çevirir. Şairin “Sevənlər qocalmır” kitabına daxil olan “Allah “OL” deməklə, oldu bu dünya” şeirlər silsiləsi buna illüstrasiya ola bilər.

Ey mənim Allahım, Rəbbim, Pənahım,
Göndər mərhəmətin əhv et günahım.
Adın dilimdədir günün hər anı,
Xəlq edib bəxş etdin bizə cahanı...


Yaxud, bir belə beyt:

Çiçək yetirməkçün gözləmə yazı,
Gül ətri istəsən, başla namazı...


Fəxrəddinin irfani mövzudakı şeirləri Allah sevgisindən yaranıb, insanın dünyadakı taleyi üçün məsuliyyətdən doğulan fəlsəfi düşüncələr, aforizmlər tərzindədir.
F.Meydanlının “Deyişmələr” silsiləsi də xeyli maraqlıdır. Onun bir qism də “İthaflar”ı var, ümumiyyətlə mən yaxşılığından, pisliyindən asılı olmayaraq ithaf şeirlərini bəyənmirəm, burada bir yarınma sindromu görürəm.
Fəxrəddinin uğurlu poetik obrazlarından biri də “Yol”dur. Böyük sufi Aşıq Veysəl “Uzun, incə bir yoldayam”, deyirdi. Sufizmdə yol HAQQa aparan təriqət mənasındadır, bu yolun yolçusuna isə “salik” deyirdilər. Fəxrəddinin şeirlərində YOL Vətən rəmzidir. Yol varsa harasa getməlisən. Onun “Yol” şeirlərini oxuyarkən mənalı və məşhur deyimləri xatırlayıram: Qaraçıdan soruşurlar ki, Vətənin haradır? Deyir ki, yollar! Bir də deyirlər: “Bütün yollar məbədə aparır.”

Etiraf edək ki, bu gün “Etibar”, “Sədaqət”, “Vəfa”,.. həyatdan qeybə çəkilib, yalnız quru bir ifadə kimi insanların adlarında qalıb. Az qala “Qırmızı kitab”a düşməkdə olan belə sözlərdən biri də kişi sözüdür. “KİŞİLƏRİN” şeirində şair bu təhlükəni belə qələmə alır:

Kişi salamını al ikiəlli,
Kişi kəlamını eşit əməlli.
Kişidən dərs alsan olar ki, bəlli,
Dünya çiynindədir nər KİŞİLƏRİN,
Sayı yaman azdır ər KİŞİLƏRİN...


Poeziya adi insan sözü yox, Allah kəlamıdır. Dahi Fizuli deyir ki, “Şeir yaradanın məghi-sənası, nəğməsidir...” Ona görə də şeirlə cəfəng fikirlər yazmaq olmaz. Mənim son vaxtlar çap olunmuş yazılarımda belə bir fikir yer alıb. Ana dilini gözəl bilən adam bu dildə kobud söz işlətməz, söyüş söyməz!
F.Meydanlı şeir yaradıcılığında da, əlvan publisistikasında da SÖZ-ü urvatdan düşməyə qoymayan, ana dilinin namusunu qoruyan qələm əhlidir.

Ədəbiyyatın çevik janrlarından olan publisistika jurnalistin sənətkarlığını aydın və şərhsiz əks etdirən bir yazı tərzidir. Publisist yazılar bir mövzuda yazılmır. Mən deyərdim ki, publisistika ən həyati bir janrdır. Ona görə də publisist universal savada, ensiklopedik biliyə malik olmalıdır. O musiqidən yazanda musiqini, hüquqşünasdan yazırsa hüququ, aqranomdan yazdıqda kənd təsərrüfatını eyni səviyyədə bilməlidir. Yoxsa o oz qəhrəmanının portretini bütöv yarada bilməz. Mətbuat (sonra isə radio və televizor) janrı olan, mətbuatla birgə doğulan (bizim ədəbiyyatda 1875-ci ildən ilk milli mətbuat orqanı “Əkinçi”dən sonra) Azərbaycan publisistikasının 139 yaşı var. XX əsrin önləri Azərbaycanda milli mətbuat erası idi. Və bizim XX əsr korifeylərimiz - Ü.Hacıbəyli, Ə.Hüseyinzadə, C.Məmmədquluzadə, N.Nərimanov, M.Şaxtaxtlı publisistikanın da baniləri olmuşlar... Azərbaycan publisistikasının çox zəngin ənənələri və çox şərəfli tarixi var. Yaxşı publisistik əsər əslində özündə ədəbiyyatın, tarixin, fəlsəfənin və ana dilinin ən gözəl keyfiyyətlərini əks etdirir. Bu baxımdan “Əməyin iqtisadiyyatı” ixtisası üzrə təcrübəli mütəxəssis Fəxrəddin istedadlı şair olduğu kimi, həm də professional publisisdir.

Son illərdə mətbuatdan yaxşı tanış olduğum dörd məqaləsi - “Xan nəvəsi-Şuşalı Xan” (X.Şuşinskinin 110 illiyinə: “Kredo” qəzeti 04 dekabr 2011), “Ölmür sənət, Aşıq Şakir” (Aşıq Şakirin 90 illiyinə: “KREDO” qəzeti, 18 fevral 2012-ci il), “Ustadlara ustad sən idin, sanki Niyazi” (Mayestro Niyazinin 100 illiyinə: “Kaspi” qəzeti 11-13 avqust 2012) və “Çingiz, sən yenidən doğulasısan” (Çingiz Aytmatovun 85 illiyinə: “KASPİ” qəzeti, 16-18 noyabr 2013-cü il) - mənə tamamilə imkan verir deyəm ki, öz sələflərinin ənənələrini fəhmlə mənimsəmiş Fəxrəddin Meydanlı çağdaş - müstəqillik dövrü Azərbaycan publisistikasının dəyərli nümunələrini yaradır. Mən ünsiyyətimiz zamanı, söhbətlərindən Fəxrəddinin ulu aşıq sənətinə, aşıq musiqisinə aşına olduğunu bilirdim. Fəqət onun maestro Niyazi, Xan Şuşinski haqqında yazılarını oxuyanda öz nəfəsinə Şirvan ətri ilə bərabər Qarabağ ətri qatmağı bacarığının da şahidi oldum və fəxarət hissi yaşadım.

Dünya şöhrətli dirijor və bəstəkar Niyazinin dirijor sənəti haqqında maraqlı bir fikri var: “dirijor musiqini - saf, gözəl və kamil musiqini öyrənməyi bacarmalıdır. Məncə dirijor qulağı ilə görməli, gözü ilə eşitməli, əlləri ilə danışmalıdır.” Bu cəhət bütün böyük иstedad sahibləri, əsl yaradıcı adamlar üçün zəruridir. Mən hesab edirəm ki, qələm əhli sözü danışdırmağı, sözlə söhbət etməyi bacarmalıdır... Fəxrəddin poeziyasında əsas yerlərdən birini tutan portret ənənəsini publisistikada da, uğurla davam etdirir. Hesab edirəm ki, adını çəkdiyim dörd portret oçerkin hər biri - Qarabağ xanəndəsi Xan Şuşinskinin, Şirvan Aşıq məktəbin dəyərli nümayəndəsi Aşıq Şakirin, dahi musiqi xadimi dirijor Niyazinin və böyük türk yazıçısı Çingiz Aytmatovun möhtəşəm sənətinə çəkilmiş bədii-fəlsəfi illütrasiyalardandır.
Ədəbi-tarixi prosesə, xüsusilə də türk təfəkkür tarixinə, habelə Azərbaycan klassik musiqisinə və ifaçılıq mədəniyyətinə bələdçilik, tədqiqat, fakt və fəhmin vəhdəti bu publisistik oçerklərin ədəbi dəyərini müəyyən edir.

Fəxrəddin öz şəxsiyyətində, həyat tərzi və əməllərində qədimliklə müasirliyi birləşdirən bir həyat adamıdır. O həyatda və sənətdə əbədini ötəridən ayırmağı bacarır, həyatı sevir, fəqət, yaşamaq üçün dəridən-qabığdan çıxmır. Yaşadığı cəmiyyətlə nəzakətlə rəftar etməyi, özünə, ruhuna və xasiyyətinə bab adamlarla ünsiyyət qurmağı bacarır. O, şərəfli bir nəslin övladıdır, əsil-nəcabətinin qədrini bilir, həm öz keçmişinə, həm də xalqının keçmişinə ehtiramla yanaşmağı bacarır.

Onun mühakimələrində də bir təmkin, ölçü-biçi var. Bu onun fikirlərinin aydınlığında, özünə əminlikdən, şəxsiyyətinin sabitliyindən irəli gəlir. Üstündə yaşadığı torpağa məhəbbət, ədəbiyyata və mədəniyyətə peşəkar münasibət, dövlətçilik duyğusu, milli təəssübkeşlik bir ziyalı və vətəndaş kimi ona hörmət gətirən cəhətlərdəndir. Fəxrəddin Meydanlının bu torpaqda rahat yaşamağa haqqı var. Bu haqqı o öz taleyi, əsərləri və əməlləri ilə qazanıb.

Nizaməddin Şəmsizadə,
professor