“Şeyx Nizami”yə və müəllifinə “yeni həyat” verən nəşr
2014-cü
ilin sonlarında Türk xalqları ədəbiyyatının inkişaf problemlərinə həsr olunmuş
Beynəlxalq konfransa hazırlıq gedərkən Hindistan və İrandan oxşar məzmunlu iki
məqalə göndərilmişdi. Məqalə müəllifləri iddia edirdilər ki, guya Nizami İran şairidir, onun "Xosrov və
Şirin” əsərinin baş qəhrəmanı Xosrov erməni əsillidir. Heç şübhəsiz, Redaksiya
Şurasının qərarı ilə böhtan və təxribat xarakterli həmin məqalələr çap
olunmadı. Məlum oldu ki, hindistanlı müəllif
özbək əsillidir. Onunla mobil rabitə əlaqəsi yaratdıq. O, üzr istədi və dedi
ki, mən bunları yüz il bundan əvvəl çap olunmuş bir əsərdən götürmüşəm. Onun
Nizami haqqında şairin öz vətənində gedən araşdırmalardan xəbəri yox idi.
M.M.Axundovun "Şeyx Nizami” kitabının tarixi yüz ili keçsə də, dünya bundan xəbərsiz
idi… Odur ki, kitabın məziyyətləri barədə söhbət salmağı vacib saydıq.
"Şeyx Nizami”dən sonra Nizamiyə artan maraq
XII əsr
Azərbaycan şairi Nizami Gəncəvi yazırdı ki, ey ürək, böyüklük istəyirsənsə, əlinə
qələmi al və böyüklərdən yaz! Müdrikcəsinə deyilmiş bu sözləri şairin özünə də
şamil etmək olar. Yazıb-yaratdığı zamandan bu yana dahi mütəfəkkirin əsərlərindən
ayrı-ayrı nümunələri tərtib etdikləri antologiyalara daxil etmiş təzkirə və
cüng müəlliflərinin, onun həyat və yaradıcılığından söhbət açmış tədqiqatçı və
araşdırmaçıların da isimləri yad edilmiş, xidmətləri qiymətləndirilmişdir. Təbii
ki, şair haqqında deyilmiş hər söz, hər fikir yarandığı zamanın prizmasından dəyərləndirildikdə
daha dəqiq qiymətini alır və deyək ki, elə elmi baxımdan da ən doğru yanaşma məhz
bu cür olmalıdır. Bu mənada Mirzə Məhəmməd Axundovun 1909-cu ildə Gəncədə Əhməd
Hacı Həsənzadə mətbəəsində nəşr olunmuş, Azərbaycan nizamişünaslığının milli təməl
daşlarından olan "Şeyx Nizami” monoqrafiyası öz məzmun və elmi məziyyətləri ilə
yanaşı, bir fakt kimi də zaman-zaman mütəxəssislərin diqqətini cəlb etmişdir. Gəncə
kişi gimnaziyasının ilahiyyət və ana dili müəllimi Mirzə Məhəmməd Axundzadə XIX
əsrin sonları, XX əsrin əvvəllərində geniş və zəngin həyat və yaradıcılıq yolu
keçmiş Azərbaycan ziyalılarındandır. Müəllim, jurnalist, dramaturq, nasir,
şair, tərcüməçi, nizamişünas, teatrşünas və ən nəhayət, ictimai xadim kimi fəaliyyət
göstərən Mirzə Məhəmmədin ictimai-ideoloji görüşlərinin, siyasi əqidəsinin
formalaşmasında nəşrə başladığı gündən əməkdaşlıq etdiyi "Molla Nəsrəddin”
jurnalının və ən fəal üzvlərindən olduğu "Difai” firqəsinin çox böyük rolu
olmuşdur.
XIII
yüzillikdən etibarən ədəbi və elmi mühitin diqqət mərkəzində olan Nizami Gəncəvi
şəxsiyyəti və bədii irsi XX əsrin ilk rübündə də ədəbi-ictimai fikrin üz
tutduğu və bir çox səviyyələrdə, eləcə də Azərbaycan dövri mətbuatında müzakirə
olunan mövzulardan biri olmuşdur. Həmin dövrün mətbuatını izlədikdə şairin
yaradıcılığının öyrənilməsi və təbliği, türbəsinin təmiri və bərpası məsələləri
ilə ardıcıl məşğul olan ziyalılarımız arasında xüsusən Mirzə Məhəmməd Axundzadənin
fəallığının şahidi oluruq. Təsadüfi deyil ki, müəllif mətbuatda vaxtaşırı
ayrı-ayrı məqalələrlə çıxış etməklə kifayətlənməmiş, Nizami Gəncəvi haqqında
onun ana dilində ilk monoqrafiyanı qələmə alaraq, Azərbaycan nişamişünaslığı və
ədəbiyyatşünaslığına əvəzsiz töhvə vermişdir. Mirzə Məhəmməd Axundovun Azərbaycan
ədəbiyyatşünaslığının diqqətindən yayınmayan və yeri qəldikcə, adı çəkilən,
qeyd edilən "Şeyx Nizami” kitabının əhəmiyyətli tərəflərindən biri də odur ki,
vətənmizdə məhz bundan sonra Nizami Gəncəvi şəxsiyyətinə, fəlsəfəsinə, onun bənzərsiz
poeziyasına maraq daha da artmışdır. "Şeyx Nizami” əsərinin dövrünə görə necə
böyük əhəmiyyət daşımasını X.Məmmədovun aşağıdakı mülahizələri də aydın göstərir:
"…M.M.Axundovun "Şeyx Nizami” əsərinin dəyərini onun elmi mündəricəsində
axtarmaq səhv olar. Monoqrafiya milli süuru oyanmış xalqın öz tarixi keçmişini
araşdırmaq, ötən əsrlərin qaranlıq dolanbaclarında ümumşərq mədəniyyəti
kontekstində milli "mən”ini seçib götürmək, ədəbiyyatşünaslıq elmimizin təşəkkül
tarixini, nizamişünaslığın inkişaf mərhələlərini öyrənmək baxımından bir təşəbbüs
kimi əhəmiyyətlidir” (X.Məmmədov.
M.M.Axundov. // "Ana sözü”. 1992. № 1-2. səh. 27).
Rəsulzadənin verdiyi dəyər
"Azərbaycan
şairi Nizami” monoqrafiyasının müəllifi Məhəmməd Əmin Rəsulzadı isə "Şeyx
Nizami” kitabından danışarkən əsərin yazıldığı dövrü və kitabın əhəmiyyətini
belə dəyərləndirir: "Bir tərəfdən islam şərqinin uğradığı ümumi gerilik, o biri
tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və
bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan
çıxarmışdı. ...Bununla bərabər, obyektiv olaraq onu da qeyd etmək lazımdır ki,
Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn,
1910-cu ildə (əslində kitab 1909-cu ildə nəşr olunmuşdur – M.Ə.) Gəncə dram cəmiyyəti
dahi həmyerlisini yada salıb, onun xaraba türbəsini təmir etmək üçün bir
kitabça çap edərək, könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə
olmuşdur”(M.Ə.Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, "Çıraq” nəşriyyatı,
2008. səh. 42-43).
Mirzə Məhəmməd
Axundov öz tədqiqatında Nizami Gəncəvi yaradıcılığından bəhs edən Avropa müəlliflərinin
adlarını çəkir, onların şair haqqındakı yüksək fikirlərini xatırladır. Xüsusilə,
alman şərqşünası Müllerin Nizami Gəncəvidən məhz bir türk şairi kimi bəhs etməsini
ayrıca vurğulayır. M.M.Axundov qeyd edir ki, alman ədəbiyyatşünası İohan Şerr
özünün "Ümumi ədəbiyyat tarixi” monoqrafiyasında Nizami Gəncəvinin "Xəmsə”sindən
bəhs etmiş, ona yüksək qiymət vermiş və şairin doğma vətəni Gəncədə vəfat
etdiyini yazmışdır. Bütün bunlar bir tərəfdən ölməz Nizami sənətinin heç bir sərhəd
tanımadığını, bəşəriliyini sübut edirsə, digər tərəfdən M.M.Axundovun bilik və
məlumat dairəsinin genişliyini göstərir. «Şeyx Nizami» kitabında şairin tərcümeyi-halı,
əsərləri haqqında məlumat verilir. Mirzə Məhəmməd Axundov Nizami Gəncəvidən bəşəriyyətin
bədii söz və hikmət xəzinəsinə dəyərli və ölməz əsərlər bəxş edən, onu orijinal
ideyalar və humanist fikirlərlə zənginləşdirən, ədəbiyyata yeni forma, yeni
struktur nümunələri gətirən və uzun əsrlər Yaxın və Orta Şərq xalqları ədəbiyyatlarının
əsas mövzu, süjet istiqamətlərini müəyyənləşdirən bir yaradıcılığa sahib olan
mütəfəkkir şair kimi bəhs edir. Nizaminin ölməz "Xəmsə”sinə daxil olan əsərlərinin
hər birinin yaranma tarixi, poemanın ithaf olunduğu tarixi şəxsiyyətlər və s.
haqqında məlumat verməsi göstərir ki, monoqrafiya müəllifin illərdən bəri
apardığı araşdırmanın nəticəsində meydana gəlmişdir.
Kitabın
üzərində M.M.Axundovun arzusuna uyğun olaraq bu sözlər yazılmışdır: "Kitabdan
vüsul olan pul tamamisilə Şeyx Nizaminin künbədinə sərf olunacaqdır”. Titul səhifədə
isə Nizaminin xaraba qalmış məqbərəsi və onun uçmuş kərpic divarına söykənmiş
Mirzə Məhəmmədin fotosu əks olunmuşdur. Şəklin altında isə dahi şairin qəbrinin
acınacaqlı vəziyyətindən son dərəcə mütəəssir olan Axundovun buna həsr etdiyi
şeirindən "Bu xərabə məzarda aya, Görəsən, kimdi böylə xar yatır?” beyti
verilmişdir. Dahi şairin və mütəfəkkirin məzarının ağlasığmaz vəziyyətindən dəhşətə
gələn müəllifin böyük ürək yanğısı ilə qələmə aldığı və insanı duyğulandıran bu
şeir kitabda bütövlükdə çap edilmişdir.
Xatırlatmaq
istərdik ki, Mirzə Məhəmməd Axundovun çəkdirdiyi şəkil Nizami türbəsinin XIX əsrdə
çəkilmiş ikinci fotoşəklidir. Bunun daha aydın görünüşlü əski surəti akademik H.Araslının
1939-cu ildə nəşr etdirdiyi «Şairin həyatı»
adlı əsərində verilmişdir. Hər iki foto-sənəd olduqca qiymətli tarixi
faktlardır.
Oxuculara əhəmiyyətli xidmət nümunəsi
Yuxarıda
qeyd etdiyimiz kimi, "Şeyx Nizami” kitabı 1909-cu ildə Gəncədə Əhməd Hacı Həsənzadə
qardaşları mətbəəsində əski Azərbaycan əlifbası (ərəb əlifbası) ilə nəşr
olunmuşdur. Əsər 1992-ci ildə Xeyrulla Məmmədov tərəfindən kirill əlifbasına
transliterasiya edilərək "Ana sözü” jurnalının 1-2 (birləşmiş) sayında dərc
edilmişdir. X.Məmmədov əsərin dilini bir qədər müasirləşdirərək, çağdaş Azərbaycan
dilinin orfoqrafiyasına uyğunlaşdırmışdır. Qeyd edək ki, böyük zəhmət bahasına
başa gələn bu işdə X.Məmmədov müəyyən diqqətsizliklərə də yol vermiş, bəzi sözlər
və şəxs adlarını, xüsusilə də tanınmış Avropa şərqşünaslarının adlarını yanlış
oxuduğundan dəqiq yazmamışdır.
Hər şeydən
öncə, Azərbaycan nizamişünaslığınin tarixinin öyrənilməsi baxımından əhəmiyyətli
olan, nəşri nadir nüsxəyə çevrilən belə bir dəyərli kitabçanın müasir oxuculara
çatdırılması lazım idi. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Təhminə
xanım Bədəlova bu elmi zərurəti dərk edərək, vətəndaşlıq qeyrəti ilə məsələnin
həllinə girişmiş və uğurlu nəticə əldə etmişdir. Mirzə Məhəmməd Axundovun "Şeyx
Nizami” kitabı ikinci dəfə 2016-cı ildə "Elm və təhsil” nəşriyyatında geniş ön
söz, işahlar, şərhlər və lüğətlə birlikdə işıq üzü görmüşdür. Kitabın yeni nəşrinin
sonuna orijialın fotofaksimilesi də əlavə edilmişdir.Tərtibçi əsəri orijinaldan
transliterasiya etmiş və mümkün olduğu qədər kitabın əslinə, yazıldığı dövrün
dil, üslub və yazı orfoqrafiyası xüsusiyyətlərinə sadiq qalmağa çalışmış və bu
addımını əsaslı müddəa ilə izah etmişdir: "Bunun həm əsərin yazıldığı dövrün
ümumi ab-havasını daha yaxından duymağa kömək edəcəyini, həm də əsərin dilinin ədəbi
dil faktı kimi götürülməsi, ümumiyyətlə, dil tariximizi öyrənmək baxımından əhəmiyyətli
olacağını düşünürük. Yalnız oxucuları çətinliyə salmamaq üçün durğu işarələri
müasir qaydalara uyğun şəkildə verilmişdir” (Təhminə Bədəlova. Tərtibçidən. //
Mirzə Məhəmməd Axundov. Şeyx Nizami. Bakı, "Elm və Təhsil”, 2016. səh. 15). Mətnin orijinalında fars dilində gətirilən bədii
nümunələrin tərcümələri səhifənin aşağısında verilərək, sıra nömrəsi ilə işarələnmişdir.
Tərtibçi də bu prinsipi olduğu kimi saxlayaraq, lazım bildiyi söz və ifadələri
ulduzlarla işarə edərək, kitabın sonundakı ayrıca bölmədə izah və şərhlər
vermişdir. Aydındır ki, kitabın yazıldığı dövrdə Nizaminin əsərlərinin ən qədim
əlyazmaları hələ müəllifə məlum olmamış və bu səbəbdən də M.M.Axundov bəzi
yanlış qənaətlərə gəlmişdir. Tərtibçi müəllifin hər bir fikrinə
nizamişünaslığın müasir mərhələsində geniş və dərin elmi araşdırmalar nəticəsində
gəlinmiş qənaətlər və nəticələr baxımından yanaşaraq, eyni zamanda da müəllifin
əməyinə çox böyük ehtiram və saygı göstərməklə, elmi etikanı gözləyərək, yanlış
hesab etdiyi fikir və mülahizələr lazımi izahlar və şərhlər vermişdir. Bundan
başqa, əsərdə işlədilən və hal-hazırda anlaşılması çətin olan ərəb və fars sözlərinin
lüğətini də verməyi münasib görmüşdür.
Tərtibçi
sonda kitabın tərtibi zamanı onun elmi baxımdan yüksək səviyyədə redaktəsinə
çox böyük ciddiyyət və qayğıkeşliklə yanaşan nizamişünas alim, filologiya elmləri
doktoru, professor Nüşabə Araslıya və "Şeyx Nizami” əsərinin transliterasiya
edilməsini bizə tövsiyə edən, hər zaman gərəkli bilik və məlumatlarını bölüşməyə
hazır olan nüzamişünas, filologiya elmləri doktoru, professor, əməkdar elm
xadimi Xəlil Yusifliyə minnətdarlığını bildirməyi də unutmamışdır.
Təhminə
Bədəlova nəşr etdirdiyi "Şeyx Nizami” kitabı üzərində həm mətnşünas işini yerinə
yetirmiş, həm də ona əlavə etdiyi ön söz, lüğət və şərhlərin timsalında özünün
elmi-nəzəri hazırlığının və tədqiqatçılıq səriştəsinin müəyyən qismini ortaya
qoya bilmişdir. Bizcə, bütün bunlar faydasız qalmayıb, həmin əsərə və onun müəllifinə
"yeni həyat verməklə” yanaşı, oxuculara əhəmiyyətli xidmət nümunəsi
olacaqdır.
Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin milli mənsubiyyəti, dövrü, mühiti və həyatı haqqında
mübahisələrin, böhtanların səngimədiyi bir zamanda həmin kitabın yenidən nəşri
belə "üzdəniraq alimlərə” ən yaxşı cavabdır.
Nərgiz
Əliyeva
AMEA
M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi