AZE | RUS | ENG |

Sevimli iş və sadiq ailə - Fotolar

Sevimli iş və sadiq ailə - Fotolar
İnna Çurikova: Özümü ilk dəfə ekranda gördüyüm zaman ağlamağa başladım
 
Qleb Panfilov: Zaman – insanın üzündədir, amma gözlər və mahiyyət qocalmır 
 
Qleb Panfilov və İnna Çurikova. Onlar sovet və rus kinematoqrafiyasının ideal cütlüyü kimi tanınırlar. Sənətlərinə sevgiləri ilə bərabər, bir-birlərinə məhəbbətlərini də qoruyub saxlayıblar. Onlar məhəbbəti həyat boyu saxlamağın sirləri haqqında danışırlar.
 
 

Çəkilməyə elə həvəsli idim ki...

İnna Mixaylovna Çurikova orta məktəb illərindən teatra maraq göstərib. Həyatda hər şeyə öz zəhməti və iradəsi ilə nail olan anası da gələcəkdə qızının aktrisa olmasını istəyib. İnnanın xarici görünüşü aktrisalığa uyğun gəlməsə də, anası onu həmişə gözəl hesab edib. Sonralar İnna Çurikova etiraf edib ki, anası olmasaydı, özünə inanmazdı. Məktəbi qurtaranda İnna sənədlərini Şukin adına Teatr Məktəbinə versə də, qəbul ola bilmir. Onun xarici görünüşü imtahanı qəbul edən müəllimlərin xoşuna gəlmir. Hətta "sən özünə güzgüdə baxıb imtahana gəlmisən?” demələri İnnaya pis təsir edir. İmtahan otağından deyinə-deyinə çıxır: "Məni qəbul etmədilər, eybi yoxdur”. Lakin tale onun üzünə gülür və o, M.Şepkin adına Teatr Məktəbində təhsil almağa başlayır. İnnanın istedadını görən müəllimləri elə birinci kursdan ona kinoda çəkilməyə köməklik edirlər. Beləliklə, o, "Borsk üzərində buludlar” (1961), "Mən Moskvada addımlayıram” (1963), "İndi haradasan, Maksim?” (1964), "Morozko” (1965), "Başlanğıc” və s. filmlərdə rol alır. Artıq İnna Çurikova hələ tələbə ikən məşhur aktrisa idi. Rounun «Morozko» filmindəki Marfuşenka-Duşenka mənfi rolu aktrisanı real kino ulduzuna çevirir. «Hərbi sahədə roman» filminə görə Silver Bear Berlin Film Festivalında (1984) «Ən yaxşı aktrisa» kateqoriyasında qalib olur. 
 


İnna Mixaylovna onu "ulduz”a çevirən ilk rolunu belə xatırlayır: "O vaxt məşhur Şepkin adına məktəbdə təhsil alırdım. Çox yaxşı bir qızımız var idi. Qabiliyyətli aktrisa Tamara Nosova. Rejissor Aleksandr Rou əvvəlcə Marfuşenka roluna onu çəkmək istəyirdi. Ancaq bir dəfə institutun dəhlizində köməkçi rejissorla qarşılaşdıq. Məni bu rola o özü məsləhət gördü. Sınaqlar zamanı mən və Tamara qoz gəmirmək məcburiyyətində qaldıq. Mən çəkilməyə elə həvəsli idim ki, dişlərimə belə heyfım gəlmədi. Yəqin ki, elə buna görə də Rou mənə diqqət yetirmişdi”. Aktrisa filmin çəkilişlərini xatırlayır: "Filmdə qış təbiəti Kola yarımadasında, Murmansk yaxınlığında çəkilirdi. Çox soyuq idi. Mən Şaxta Babanı ağacın altında oturub gözləyirdim. Operatorumuz işıqları çox gec quraşdırıb qurtardığına görə çox donmuşdum. Sonra isə səbətdən alma əvəzinə nə üçünsə soğan çıxdı. Mən sanki alma yeyirəmmiş kimi onu çeynəmək məcburiyyətində idim... Filmi səsləndirməyə gələndə isə, mən özümü ilk dəfə ekranda gördüyüm zaman ağlamağa başladım”.  
 
 

Elmi sahədən kinoya

İnna Çurikovanın əri - sovet və rus rejissoru və ssenaristi, RSFSR xalq artisti Qleb Anatolyeviç Panfilov Maqnitaqorskda doğulub. 1961-ci ildən KPSS üzvü, RSFSR Dövlət mükafatı laureatı, Rusiya Prezidenti mükafatçısı, Rusiya Milli Kinematoqrafiya və Elmlər Akademiyasının akademikidir. Moskvada yaşayır və işləyir. O, kinematoqrafiyaya elmi sferadan gəlib. Kinoda ilk işi ona şöhrət və mükafat qazandırıb.  

1959-cu ildən Sverdlovsk şəhər Komsomol Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri olub. Onun təşəbbüsü ilə Sverdlovskda həvəskar studiya fəaliyyətə başlayıb. Burada Panfilov dostları ilə «Neylon gödəkçə» və «Xalq milisi» (1958) filmlərini çəkib. Q.Panfilov 1979-cu ildə «Mosfilm»də «Mövzu» filmini çəkib. Beynəlxalq prokata çıxan film Berlin Beynəlxalq Film Festivalının «Qızıl Ayı» (1987) baş mükafatına layiq görülüb.
 
 
 
Mənim bəxtim gətirib ki...

- İnna Mixaylovna, təqdimat mərasimlərində mükafat alarkən təəccüblənirsiniz. Münsiflər heyətindən və tamaşaçılardan fərqli olaraq siz özünüzü böyük aktrisa kimi aparmırsınız.
İnna Çurikova:  - Hər kəsin yanında özümü sadəcə aktrisa sayıram. Mənə elə gəlir ki, mükafat almaq üçün daha layiqliləri var. Mən öz işimlə məşğul olmağı öyrənmişəm. Mükafat alarkən özümü bir az öz qabımda hiss edirəm və doğrusu, həyəcanlanıram. 

- «Qızıl Vityaz»ın prezidenti Nikolay Burlyayev deyir: «İndi insan qəlbində döyüş gedir”. Sizcə, çətin anlarda insana ayaq üstə qalmağa nə kömək edir? 
İ.Ç: - Təkcə ailə kömək edir. Mənim bəxtim gətirib ki, sevimli insanıma rast gəlmişəm və onun üçün oğul dünyaya gətirmişəm. Qleblə həyatda rastlaşmağım mənimçün bir hədiyyədir. O, rəssamdır və sözün əsl mənasında inandığım və sevdiyim əsl insandır. O, mənə öz səsimlə danışmağı öyrədib. Qoy o, sakit, təvazökar, özünü ifadə edə bilməyən olsun – axır ki, özümünküdür.
Mənim üçün ailə hər şeydən irəlidir. Məhəbbətdən gözəl nə ola bilər? Öz əzizlərinə, yaxınlarına və torpağına sevgi hiss edəndə yaşamaqdan zövq alırsan. Mənə elə gəlir ki, məhz məhəbbətdən həyat və gələcək doğur. Kin, qərəz, ədavət həmişə nifrət doğurandır.  
Hərçənd işimdən də ayrı yaşaya bilməzdim. Bütün yaşlarda mənim üçün bu, əvvəlki kimi sevimli işdir. Bəxtim gətirib, Tanrı mənə vacib olanı deməkdə, düzgün yolu seçməkdə, bir də tamaşaçıları sevindirməkdə və güldürməkdə kömək edib. 
 
 

- Bir çox aktrisalar ailə, yaxud iş seçimi arasında qaldıqlarından şikayətlənirlər.    
İ.Ç: – Yadımdadır, məşqlərə getdiyim zamanlarda qarşımda iki kişi dayanırdı – böyük Qleb və balaca Vanya. Mənə elə həsrətlə baxırdılar ki, sanki mən həmişəlik gedirdim. Elə narazı, çarəsiz baxışlarla baxırdılar ki... Mən gedir və «aman Allahım, mən bunu niyə edirəm?»- deyə düşünürdüm. Buna baxmayaraq, onlar məni işə yola salırdılar, oğlumuz isə atası ilə qalırdı. 

İnnaya bişirməyi öyrətmişəm 

- Belə bir fikir var ki, bütövlükdə özünü incəsənətə həsr etmiş aktrisalara yemək bişirmək və evi səliqəyə salmaq lazım gəlmir.
Qleb Panfilov: - İnna evdə rahatlıq yaratmağı çox gözəl bacarır. Mənim də bəzi hallarda bu işlərdə köməyim dəyir. Biş-düşə gəlincə isə, mən bunu daha yaxşı bacarıram. Biz ailədə iki qardaş idik və valideynlərimiz bizə hər şeyi öyrətmişdilər. Mən də öz bacarıqlarımı Vanyaya ötürmüşəm və İnnaya da bişirməyi öyrətmişəm. 
 


- Birinci dəfə İnna Mixaylovnaya nə öyrətmisiniz?
Q.P: - Kartof təmizləməyi. Yoxsa o, kartofu elə təmizləyirdi ki, az qala hamısı qabığa çıxırdı. Bu, zarafat deyil, real faktdır. Hal-hazırda İnnoçka yeməkləri çox gözəl və dadlı bişirir.

- Aranızdakı söz-söhbət olan vaxtlarda elə anlar olubmu ki, dil tapmaqda çətinlik çəkmisiniz?
İ.Ç: - Əlbəttə! Axı biz də normal insanlarıq. Amma nə Qleb, nə də mən çox da küsülü qala bilmirik. Səhəri gün nə üstündə küsdüyümüzü unuduruq. Əslində əgər bir insan mənə əzizdirsə, onunla günlərlə küsülü qalmağı sevmirəm. Bizim həyatımızın, söhbətlərimizin anlamı budur ki, bir-birimizsiz nə nəfəs ala bilir, nə də yaşaya bilirik. 

- Kim birinci üzr istəyir?
Q.P: - Müxtəlif cür olur – kim günahkardırsa, o da üzr istəyir. Ancaq elə də olur ki, biz əsəbləşəndən sonra bir-birimizin üzünə baxır və gülürük. Yumor ailə həyatında çox kömək edir. Biz Tanrının izni ilə rastlaşmışıq.

- Bəs bir-birinizi tənbeh etməyi xoşlayırsınız? Axı, ailədə çatışmazlıqları sezmək xoşdur.
Q.P:- Çatışmazlıqları həmişə sezmişik, başqa cür necə ola bilər axı? Sizə bir sirr açım ki, «Oddan keçid yoxdur» filmi üzərində işlədiyimiz zaman mən çox heyrətləndim: İnna Doronina kimi danışırdı. O, bu aktrisanı çox sevirdi, heç kimi nəzərə almadan onun manerasını, özünü yamsılayırdı. Mən ona məsləhət gördüm ki, bu vərdişdən qurtulmaq lazımdır. Bu, böyük maneə oldu. Üç gün o, bu vərdişindən əl çəkə bilmədi. Sonra isə xoşbəxtlikdən hər şey yerini aldı. İnnoçka radio siqnallarını qulağı ilə tutan adam kimidir. Məsələn, Nonna Mardyukovanı gözəl yamsılayır.
 
 

- İnna Vasilyevna - Qleb Anatolyeviç cütlüyü ideal sayılır. Sizcə, ailə həyatındakı böhranı dəf etmək üçün nə lazımdır? 
Q.P: - Sevdiyiniz işlə birgə məşğul olmaq lazımdır. İnsan nəsil artırmaqdan başqa, daha vacibi - sevdiyi işlə məşğul olmalıdır. Məşğul olduğunuz iş sevimli və hər iki tərəfin razılığı ilə olmalıdır. Bütün bunların birləşməsi insanların bir yerdə olması ilə nəticələnir. 
İ.Ç: - Gözəl ailə qurmaq üçün heç bir sirrim yoxdur. Bütün situasiyalarda ürəyimin səsinə qulaq asıram. 

- Qleb Vasilyeviç, yoldaşınıza olan münasibətləriniz bu illər ərzində dəyişibmi?
- Daha dərin və güclü olub. Bu hisslər yaşlandıqca, daha mükəmməl olub. Onun gözəl üzündən daha gözəl heç nə görmürəm. Başa düşürəm ki, qocalıq iz buraxır. Zaman – insanın üzündədir, amma gözlər və mahiyyət qocalmır. Bu, şiddətli hissdir, başa düşürsünüzmü?

- İnna Mixaylovna o qadınlardandır ki, yaşlandıqca, zahirən daha maraqlı olur.
Q.P: - Düşünürəm ki, bəli... Düzdür, hərdən cavanlığımızı kədərlə xatırlayıram. O vaxtların öz gözəlliyi, qüvvəsi və xəyala dalmaq üçün enerjisi var idi. 

- İnternetdə paylaşırlar ki, siz oğlunuza "aktyorluq çox amansız və asılı peşədir” demisiniz. Və ona məsləhət görmüsünüz ki, hüquqşünaslığa getsin. 
Q.P: - Mən oğlumu aktyor olmaqdan çəkindirməmişəm, Allah, sən özün qoru! Bundan başqa, mən İvanı «Günahsız günahkarlar» filmində Neznamov roluna çəkilməyə razı salmışam və o, bunun öhdəsindən gəlib. Lakin sonradan çəkilməyə onda həvəs oyanmayıb. Mən hələ də təəssüflənirəm, çünki onda bu istedad var. Amma aktyor olmaq məxsusi həvəs tələb edir. Bax, İnnoçka bundan həzz alır, o, aktrisa olmaq üçün yaranıb. Tanrının bizə bəxş etdiyi isə sevimli işimiz və ailəmizdir.
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006