• cümə axşamı, 18 aprel, 21:35
  • Baku Bakı 21°C

Sevdaların ulduzlara axdığı yer

19.01.15 11:17 1565
Sevdaların ulduzlara axdığı yer
Çağdaş Türkiyə ədəbiyyatının tanınan simalarından biri olan Osman Baş... Ta qədimdən türkçülük düşüncəmizin coğrafi məkan, ərazi çevrəsinin doğma ünvanlarından olan, “Koroğlu” dastanının iç dünyasından boy göstərən Toqat bölgəsində 1959-cu ildə dünyaya göz açıb. Türkiyə-Azərbaycan ədəbi əlaqələri üzrə ardıcıl araşdırmaları sonucunda filologiya doktoru adını daşımaqdadı. “Kümbet” dərgisinin qurucusu və baş redaktoru olması səbəbindən də o, ortaq ədəbiyyatımızın təbliği istiqamətindən yorulmadan çalışmaqdadı. Köşə yazarı olaraq da tanınır.
Bütün bu deyilənlər öz yerində. Ancaq Osman Baş deyiləndə ilk olaraq göz önünə səmimi, kövrək bir türk şairinin, eyni dərəcədə də türk insanının doğma obrazı gəlir. Bu obrazı onun gözəlimiz Azərbaycana, özəlliklə də unudulmaz Qarabağımıza, şərq musiqisinin konservatoriyası kimi dəyər daşıyan Şuşaya, əfsanəvi Xarı-Bülbül-ə olan sevgisi tamamlayır. Onun “Xarı-bülbül” şerinin hər misras “Azərbaycan türkünə, özəlliklə də üzləşdiyimiz fəlakət və itkilərə nə qədər həssaslıqla, incəliklə yanaşmasının şəkillənməsi kimidi. Hər misra, hər söz “dostun həsrətinə son verəcəyəm” qədirbilənliyi, havası ürpətməkdədi:
İndi haradayam, yolum Şuşaya,
Cıdır düzündə mən bülbül olacam.
Öncə danışacam Xarı-bülbüllə,
Çaxıb şimşək kimi öcüm alacam –
Dostun həsrətinə son vermək üçün.

Bir türkün Azərbaycan insanına, qanı bir-canı bir, imanı-dini bir olan arkadaşına, onun dünyaya göz açdığı coğrafi məkana haqq-sayı və heyranlığı bundan da ötə ola bilməz ki!.. Osman Başın qos-qoca bir insan, eyni zamanda da şair dünyasının başlıca qayəsindən “Qardaş bayraqlara rüzgar ola bilmək” istəyi, əsintisi keçməkdədi. O, dostluq-qardaşlıq düşüncələrinin bir məcraya yönəlməsində poeziyanı ən sınanmış, etibarlı körpü olaraq yansıyır. Faciələrə tablamaq, mübarizəyə qoşulmaq, intiqam almaq yolunda şeri-sözü ən gərəkli silah kimi qəbul edir, tanıdır. O, şeirə-sözə bütövləşmək, bülövlətmək duyğumuzun meyarlarından biri kimi baxır. Yazdıqlarını araya gətirincə, oxuyub fəhm etdikcə dəyərli yurddaşı və qələm dostu, professor Hayrettin İvgin demiş, məmnunluğunun məstliyini yaşayırsan. Səslənirsən ki, “bunlar şeirdir, qardaşım. Şeir böylə yazılır. Bizi gözəl şeirlərə buluşdurduğun üçün səni kutluyurum!..”
Bütün olmuşların, yaşanmışların silinib-pozulmaz həqiqətləri ilə bir arada Osman Baş öz şəxsi dünyagörüş və varlığının özəl səmtlərini belə anlatmaqdadı: “Şairlik iddiasında əsla bulunmamış bir dostun ürəyindəki damlaları söz-söz, kəlmə-kəlmə görüşüb-salamlaşması olaraq oxucularımla bölüşürəm... İkindi sonrasında öz müşahidəsində axşama yol gedən, axşama yürüyən biriyəm...”
Eyni zamanda, qədərin sonunu bilə-bilə zamana təslin olmayacağının fərqində olan bir könül adamı, maraqlı şairdi Osman Baş. Doğma Bakımıza, Göy Xəzərimizə heyran olanlardandı. Həssas, səmimi və doğruçu bir türk insanı olaraq etiraf etməkdədi ki, şeir yazmağın həddim, hünərim olmadığını bilirəm. Ancaq şerin dili ilə Anadoludan Türk dünyasına açılan pəncərə aralığından ürəyinin sevənlərinə olan sözünü-söhbətini çatdırmaq istəyini də heç vəchlə zorlamır. Hər sətir başında, misra önündə onu “yanarkən tutuklanan bir sevdanın Şirini arayan Fərhad”ı şəkillənməsində görür, duyur və hiss edirik. Osman Baş insana yurd, vətən, güvənc yeri olan Türk övladının könüldaşlarındadı. Onları öyməyin, haqqını tanımağın sadiqlərindəndi. Bu yöndən də Uğur Kılıca ünvanladığı şeri onun bütün könüldaşlarına sayğı mesajı, məktubu kimi dəyərləndirmək olar:
Mənə həm dost, həm də vətən kimisən,
Ölməz şəhid, əsl qazi kimisən.
Bir eşq şəhərində gül-bülbül kimi,
Tarixi yenidən yazan kimisən...
...Yol yürümək üçün hazırlıq gərək,
Günəşin doğduğu yerdədir erek,
İnsanı insanca sayıb sevərək,
Ulu səyahətə hazır kimisən.

Sevdaların ulduzlara axdığı, ulduzların sevda tutduğu bir aləmin dünyasında yazıb-yaradanlardandı Osman Baş. Ürəyə səssizcə yol eyləyən sevdaların şərqiçisidi. Sabaha bağlı bitməz-tükənməz ümidlərin söz-söz, misra-misra anladılması peşində olanlardandı. Züleyxaya aparın yolların Yusufca, Leyliyə götürən səhraların Məcnunca olan halına heyran bir ömür yaşamaqdadı. Ulduzlara axan xəyalların yol yoldaşı kimidi hər yeni şerində, misralarında.
Vaxt qum saatı kimi irəliləyir,
Xatirələr yeni bir günə vurğun.
Qəlbimə qar yağır yaz ortasında,
Duyğular boğur məni
Qarışqalar mənə dost olan yerdə...

Osman Başın öz sevdiyi, aradığı, bulmaq istədiyi kimsələr üçün olan nigaranlığı qos-qoca könül ustadı Həzrəti Mövlanenin ruh titrəyişindən gəlmədi. Eyni həssaslığın munisliyin, vəfadarlığın diliylə “Gəl!” deməkdədi ki:
Çətinlik içindəyəm,
Duyğularım üsyanda...
Sınsizliyə alışmadım,
Kokumaz gül belə sənsizliyimdə.
Gəl artıq!
Bu, sənə qəlbimin
Son çağrısıdı...

Həyatın gözlənilməzlikləri, enişli-yoxuşlu yaşam tərzi onun şeirlərində söz-söz şəkillənir. Bu yazılanlar eyni zamanda da hər bir oxucunun, qarasevdalının həyatından keçən, hər kəsə doğma və tanış olan nəsnələrdi. Hər kəs Osman Başın yazdıqlarını öz həyatlarının bir parçası, haradasa, ömrünün-gününün ən dürlü məqamları kimi doğma, tanış və istəkli bilməkdədi:
Yorğunam,
Vücudum göz yaşı tökür.
Qədəri tutmaq istədim əllərimlə,
Atəşi tutdum.
Günəşə daş atdım
yanmış əllərimlə,
Sonra göz-gözə gəldim.
“Al, götür” dedim ürəyimi,
“Al, götür, - dedim, - getdiyin yerə”.

Türkiyənin qədimdən-qədim bir bölgəsində doğulub boya-başa çatan Osman Başın Azərbaycan sevdalı şeirlərini oxuduqca bir daha başdan-binədən bildiklərimi, ulu dədələrimizin dönməz bir inamla yaddaşımıza yansıtdıqlarını haqlamadayam ki, ruh ölmür, qan yaddaşı eyni kökdən gələn millətləri eyni yerin-göyün pak, doğma məkanına götürür. Osman Başın “Şəki Türk şəhidliyində” şeiri də bu deyilənlərə ayna tutur, sözümüzün – söhbətimizin ortağına dönür:
Dost və qardaş ölkədə
Bir al bayraq dalğalanır.
Bir şəhid xoşbəxt kölgəsində,
Mehmetim rahatca uyuyur.
...Şəki yamaclarında açılır güllər,
Bülbül budaqlarda gülü səsləyir.
Duyub-anladım ki, tarixi fəthlər
Əzizim türkləri hər vaxt bəsləyir.

Osman bəyin “Xarı-bülbül” adlı kitabına daxil edilən şeirləri oxuduqca bir tanınmış Azərbaycan sənətçisinin yazdıqları gəlir gözlərim önünə. Bu yazılanlar
Haradasa mənim öz fikirlərimin ifadəçisi kimidi: “Xarı-bülbül“ şerindəki misralarda Osman Başın Azərbaycan-Türkiyə, qardaşlığına yaşadığımız duruma nə qədər həssaslıqla yanaşdığını görmüş oluruq. Qəlbindən keçib gələn hiss və duyğuları misra-misra qəlbimizə toxuduğunu görürük. Onun “Qardaş bayraqlara rüzgar oluram” şerində özümü görürəm. Bu anlamı böyük olan şeir həm də poeziyanın necə böyük bir gücə sahib olıduğunu ifadə etməkdədi. Osman Başın şeirlərini oxuduqca onun iç dünyasının zənginliyini kəşf etdim. Düşünürəm ki, bu kitabı oxuyan hər kəs bu şeirlərin hər misrasında özündən bir parça tapmış olacaq. Çünki şair öz şeirlərində çocuqdan böyüyə qədər hər nəslin təmsilçilərinə səsləniş etmişdir...”
Sevdaların ulduzlara axdığı bir aləmin şeirləridi Osman Başın yazdıqları. Bu sətirləri yazdıqca Türkiyədə və Azərbaycanda bu dəyərli söz adamı ilə olan görüşlərim, ədəbi-mədəni əlaqələrimizlər bağlı söhbətlərimizin bitib-tükənməzliyi gözlərim önünə gəlir, onun ziyalı siması ilə üzbəüz qalıbmış kimi hiss edirəm özümü.
Gülayə
banner

Oxşar Xəbərlər