SERBİYA ŞEİRİ

SERBİYA ŞEİRİ

10 Oktyabr 2016, 10:07 1563
LAZA KOSTİÇ (1841-1910. Şair, nasir, dramaturq, esseist. Serbiya ədəbiyyatının parlaq nümayəndələrindən biri. XX əsrin avanqard şairləri onu öz xələfləri hesab etmişlər. Bundan başqa Kostiç Şekspirin əsərlərinin tərcüməsi ilə də məşğul olmuşdur.)
 
ZƏNG
 
Zəng, zəng, balaca zəng,
Söylə haran ağrayır?
Niyə kədərli səsin,
Dərələrə yayılır?
 
Ürəyim də qəflətən,
Yüksək səslə boğulur.
Sinəmdə kədərli səs,
Yeknəsək uğuldayır.
 
Bax, ürəyim zəng çalır,
Necə ağırdı səsi.
Bu səsdə əks olunur,
Onun qızıl siması.
 
 
VOİSLAV İLİÇ (1862-1894. Şair, tərcüməçi. Onun şeirlərinin dili  müasir serb dilinin klassik nümunəsi hesab olunur)
TUTQUN GÜN

 
Yağış yağır... Bürünüb
üfüq qatı dumana.
Cingildəyir şüşələr,
dağlarsa susur amma.               
 
                         Günlər yuxutək keçir,
                         yanıma gəlmir heç kim.
 
Ürəkdə üzgün pərtlik,
yoxdur qəlbə təsəlli.
Ümidsizlik. Qəm, kədər...
Heç nə yoxdur gərəkli.
 
Baxışlar dalğın halda
Gülməyə yox həvəsi...
Uzaqdan eşidilir
Uğultulu zəng səsi.
 
              Uzun notla inləyir səs
                           Yəqin ölübdür kimsə.
 
 
 
ALEKSA ŞANTİÇ (1868-1924. Şair, tərcüməçi. Ədəbi və içtimai junallarda redaktor kimi fəaliyyət göstərmişdir. Şantiçin şeirləri emosional kədər və patriotizmi özündə əks etdirir. )
MƏNİM GECƏM

 
Gecəm mənim, nə zaman qayıdacaqsan?
- Heç zaman!
Sübh şəfəqi, qəlbimə nə zaman görünəcəksən?
- Heç zaman!
Səadət, bəs sənin gəlişin nə zamandır?
- Heç zaman!
Yağışlı hava nə zaman yox olacaq?
- Heç zaman!
Əziz dost, toyumuz nə zamandı?
- Heç zaman!
Dərd piyaləsindən göz yaşı içməyim nə zaman bitəcək?
- Heç zaman!
 
İVO ANDRİÇ (1892-1975. Şair, nasir, tərcüməçi. 1961-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. O, 1941-1945-ci illər arasında ən yaхşı əsərlərindən sayılan "Drina körpüsü", "Travnitska хronikası" və "Хanım" trilogiyasını yazmışdı. Hər üç roman 1945-ci ildə çap olunmuşdu.)
 QAÇIŞ

 
Payız meşələri soyudanda,
rənglər ölümqabağı parıltısı ilə
səssiz ölməyə başlayanda,
Günəşsə hökmünü itirən zaman
yola çıxıram.
 
Bilirəm dönən deyil
yayın istisi,
sevincin öldüyünü və susuzluğun bitdiyini,
qürbətdən xoşbəxtlik gəlmədiyini də...
Onu da bilirəm amma
bədbəxt gözlər üçün yeni diyarlar
sanki şəfalı otdur,
hər bir dərdi sağaldansa
yeni və daha böyük dərddir.
 
MƏN AĞLAYANDA
 
Mən ağlayan zaman
Siz heç yerdə yox idiniz .
Nə səsiniz, nə sözünüz vardı
təsəlli üçün.
 
Bu gün siz ağlayanda
kədərlə gülürəm.
Həm də darıxır və sıxılıram.
Axmaq bir teatr səhnəsi qarşısındakı kimi...
 
Bax belə,
bu qısa həyatda
İnsanlar bir-birinə nə bəxş edir?
- sadəcə anlaşılmazlıq.
 
DUVAQ
 
Soyuq, ulduzlu səma.
Külək. Köpüklü dəniz.
 
Bilmirəm ki, hardayam,
harda idim,
kimi gözləyirəm
bu axşam...
 
Uçurumdan uzaqlaşıb,
rahatca quruya tərəf gedirəm -
materikə tərəf.
 
Geri çevrilmirəm və görürəm
ordan, dənizin lap axırından
bir qadın gəlir.
Dayanıb baxıram
onun ağ duvağının
küləyə qarışaraq məndən ayrılmasına.
Nə çox cəld, nə hündürdədir
amma  uzaqlaşır durmadan.
 
MOMÇİLO NASTASİEVİÇ (1894-1938. Şair, nasir olmaqla bərabər, həm də aktyor və bəstəkar kimi fəaliyyət göstərmişdir)
BOZ AN

Birdən bozardı,
sanki yandı hər şey.
Amma yaşayır.
 
Mənim sirdaşım,
dinlə sıxılan ürəyi -
qorxunun yanından keçir.
 
O məchulluqda,
bu qəribə yolla
arxamca gələn sənsən.
 
Orda hər şey bozdur.
Bozluğa bürünüb mənası -
sirli bozun gözlərinin.
 
Ağaclar öləndə
nə xatirə qalır, nə kədər.
Qalan ancaq quru yarpaqlardır.
Əzab, əzab çəkənlərin sirli sükutla alnını tumarlayır.
 
RASTKO PETROVİÇ (1894-1949. Şair, nasir, bədii tənqidçi olmaqla yanaşı, R.Petroviç serb ədəbi tarixində həm də tənqidçi kimi iz buraxmışdır. )
HƏQİQƏT


Mən təpədən enən zaman
Sən qalxırdın təpəyə...
 
Birisi bu gün ölüb,
digəri dünən gecə.
Birisi bu dünyada olub,
digəri Allah bilir hansı dünyada...
Birisi bütün gerçəklərlə doludu,
digəri yuxuyozma ilə.
Bir gün görüşdük
və soruşduq bir-birindən
"- Bu reallıq xoşuna gəlir?
 - Gəlir, amma hansı?”
 
DESANKA MAKSİMOVİÇ (1898-1993. Şair, nasir. Rus, polyak, fransız dilləri üzrə tərcüməçi. Onun şeirlərinin əsasını melodiya və ritm təşkil edir. )
HEYRƏTLƏNMƏ

 
Kədər və yorğunluqdan bezib
səbəbsiz yerə
gülümsədiyim zaman
Heyrətlənmə.
 
Ulduzlar da ağlayır sönəndə...
Külək incidəndə meşəni
Heyrətlənmə.
 
Mənimsə qəlbim qəbul etmir
yaşayarkən ölənləri.
Heyrətlənmə.
 
DUŞAN RADOVİÇ (1922-1984. Şair, nasir, dramaturq. D.Radoviç yaradıcılığında həm də uşaq ədəbiyyatına məxsus poetik nümunələr vardır. )
AT VƏ YUXU

 
Kimsə yuxuda görür ki, onun atı var.
Amma kiminsə atı var.
 
Kimsə yuxuda görür ki,
atın tərkində nəsə uçur.
Amma  at tərkində kimsə uçur.
 
Kimsə yuxuda görür ki,
atdan yıxılıb.
Amma başqa kimsə də atdan yıxılıb.
 
Kimsə ayılıb yıxılanda,
kimsə yıxılıb-durub,
yenidən çapır.
 
İNSANI YARADAN LİBAS DEYİL
 
Həkim-İNSANDIR
ağ xalatda.
 
Milis-İNSANDIR
milis mundirində.
 
Keşiş-İNSANDIR
keşiş cübbəsində.
 
Yanğınsöndürən-İNSANDIR
yanğınsöndürən paltarında.
 
Əsgər-İNSANDIR
hərbi formada.
 
Uşaq-İNSANDIR
uşaq libasında...
 
VASKO POPA (1922-1991. Şair, esseist. 1965-ci ildə Avropa ədəbiyyatı üzrə Avstriya dövlət mükafatına layiq görülmüşdür.)
AVARA-BAŞ

 
Kəsik baş,
dişində çiçək
dolaşır yer üzünü.
 
Günəşlə qarşılayır onu.
Günəşə təzim edib,
davam edir yoluna.
 
Ay qarşılayır onu.
Aya gülümsəyir,
yolundan qalmır amma.
 
Kimsə torpağa  qəzəblənir -
axı o, nə qayıda,
nə çıxıb gedə bilər əbədi...
 
Dodaqları çiçək açana kimi...
 
DUŞAN MATİÇ (1898-1980. Şair, nasir, fransız dili üzrə tərcüməçi. Belqrad sürrealist qrupunda aktiv iştirakçısı olmuşdur.)
GECƏLƏR VAR

 
Gecələr var unudulmayan
Gecələr var buzlaqlar kimi boş
Gecələr var göllər kimi cansız
 
Gecələr var həsrət kimi acı
Gecələr var sağalmayan
Gecələr var şimşəkdən sonra bitən otlar kimi
 
Gecələr var içində bir zərrə sevinc yox
Gecələr var dayanmadan qışqırır kandarda
Gecələr var ürəyin dibinə tuşlanan bıçaq kimi
 
Gecələr var hökm kimi susqun
Gecələr var bizim xarabalıq kimi
Gecələr var nə istədiyimizi anlamadığımız
 
Gecələr var ruh kimi qeyri-real
Gecələr var illərlə uzanan
Gecələr var heç yerə aparmayan
 
Gecələr var quzu kimi kəsilmiş adamların gecəsi
Gecələr var nəfəs kəsən ətirlər kimi
Gecələr var həmişəlik sənə verdiyim
 
Gecələr var yalan kimi, həyat kimi şirin
Gecələr var qucaqlaşan qadın kimi yorğun
Gecələr var heç kimə çatmayan məktublar kimi
 
Gecələr var nə fənər nə ulduzun işıqlandırmadığı
Gecələr var batmış gəmidəki qəriblər kimi
Gecələr var incik şəxsin  göz yaşı kimi dözülməz
 
Gecələr var həbsxana divarındakı pəncərə kimi
Gecələr var "niyə?”, "hardan?”, "hara?” kimi mənasız
Gecələr var üstündə əyləşdiyimiz  budaq kimi etibarsız
 
Gecələr var oxunmamış mahnı kimi
Gecələr var ağılsızlığın ayqırı kimi cilovlanmayan zaman
Gecələr var ağılsızlığın ayqırı nahaqdan gözləyir
qonağın gedəcəyi zamanı.

Rus dilindən tərcümə etdi: Xatirə Nurgül