• cümə, 26 Aprel, 08:04
  • Baku Bakı 12°C

SƏNİN ÜÇÜN BİR ŞEİR

07.12.15 11:29 3074
SƏNİN ÜÇÜN BİR ŞEİR
Gələcək günlərin ümidi ilə oğlum Kamyara
Səninçün deyirəm mən bu şeiri
Susuz qürubunda isti bir yayın.
Bu uğursuz yolun ortalarında,
Köhnə qəbri üstdə sonsuz ah-vayın.
Mən nalə edirəm beşiyin üstdə,
Bu nalə – sonuncu layla nəğməsi.
Sənin gəncliyinin səmalarına
Yayılar bu vəhşi fəryadın səsi.
Qoy ayrı dolansın sənin kölgəndən
Başıboş, sərgərdan bu kölgəm mənim.
Nə vaxtsa qovuşsaq, qoy aramızda
Qalmasın Tanrıdan savayı heç kim.
Qaranlıq qapıya söykənən alnım
Qırış-qırış olub dərddən, qüssədən.
Nazilmiş, soyumuş barmaqlarımı
Ümidlə qapıya çəkməkdəyəm mən.
“Namus” damğasıyla damğalanmışdım,
O boş tənələrə mən idim gülən.
Dedim səsi olum öz varlığımın,
Amma, çox heyif ki, qadın idim mən.
Bir gün bu dağınıq, başsız kitaba
O məsum gözlərin sataşan zaman,
Görərsən gül açıb hər bir nəğmədə
Zamana çevriliş, zamana üsyan.
Burada susqundur bütün ulduzlar,
Burada ağlayır bütün mələklər.
Çöllərdə yabanı bitən tikandan
Daha dəyərsizdir burda çiçəklər.
Burada oturub hər yol üstündə
Yalançı, riyakar, “namusçu” divlər.
Nə vaxt baxıramsa qaranlıq göyə,
İntibah sübhündən görmürəm əsər.
Qoy yenə mən dolum, qoy aşıb-daşım,
Axıdım gözümdən şəbnəmləri mən.
Özümdən keçdim ki, yırtıb hicabı
Göstərim Müqəddəs Məryəmləri mən.
Pak ad sahilindən düşmüşəm uzaq,
Köksümdə tufanlı ulduzum vardır.
Mənim hirs şöləmin pərvazı üçün
Bu zülmət zindanın fəzası dardır.
Qaranlıq qapıya söykənən alnım
Qırış-qırış olub dərddən, qüssədən.
Nazilmiş, soyumuş barmaqlarımı
Ümidlə qapıya çəkməkdəyəm mən.
Bilirəm, bu zahid tayfası ilə
Savaşmaq deyildir elə də asan.
Bizim şəhərimiz, ay şirin balam,
Şeytan yuvasına dönüb haçandan.
Gün gələr, o həsrət dolu gözünlə
Bu qəmli nəğməni oxuyarsan sən.
Məni sözlərimdə tapıb, özünə
“Bu qadınmış mənim anam” deyərsən.
PAYIZ
Qəmli gözlərimi bağlamışam mən
Təbiətin o füsunkar üzünə.
Ondakı həsrətli, qəmli cilvələr
Daha görünməsin mənim gözümə.
Ey payız, ey tozlu-torpaqlı qonaq,
Söylə, ətəyində nə gizləmisən?
O qurumuş yarpaqlardan savayı
Dünyaya bir sovqat gətirmədin sən?
Nə verir o tutqun, o lal qürubun
Şairin könlünə kədərdən özgə?
Ağrılı canıma sənin qucağın
Nə verir soyuqdan, qəhərdən özgə?
Qəmli sükutunun qoynunda yatmış
Qüssələr qəlbimə iztirab verər.
Fikrimin naməlum pərdələrində
Rəqs edər o itkin düşmüş diləklər.
Payız, ey xəyala daldıran nəğmə,
Qüssələr yağdıran təranəsən sən.
Təbiətin o füsunkar üzündə,
Ey payız, sən solğun bir təbəssümsən.
İSTƏYİN MƏĞLUBİYYƏTİ
Bir sap idi, qırıldı,
Bir atəş idi, söndü.
Könlüm buxovundan qurtulan kimi
Kədərin cadulu qədəhi sındı.
Səndən asılmağa gəldim mən, amma
Gördüm ki, yarpaqsız budaq imişsən.
Gördüm ki, bu ümid dolu çöhrəmə
Ölümün amansız gülüşüsən sən.
Ah, necə xoşdur,
ey istək dolu eşq,
Sənin məzarının üstdə rəqs etmək.
Nə xoşdur,
ey qaynar, ölümcül öpüş,
Sənə göz yumaraq yanından ötmək.
Nə xoşdur
biryolluq ayrılmaq səndən.
Başqa birisinə könül verərək,
Qapını kədərin üzünə örtmək.
Vallah, buradadır cənnət bağları,
O bulud kölgəsi, əkin kənarı.
Məni və ruhumu yaxan bu dərdi
Yaxşısı budur ki, düşünməyəsən.
Əmin ol, bu dərddən mən sızlamaram,
Əmin ol, bu oddan alışmaram mən.
QƏM ÇİÇƏYİ
Şadam ki, yanıram sənin odunda,
Şadam ki, fikrinlə mən ağlayıram.
Ölümsüz eşqinin xatirəsiylə
Yox mənə sakitlik, yox mənə aram.
Düşündün ki, səndən ayrılan kimi
Daha xəyalını unudacam mən.
Amma ki, canımı bu oddan başqa
Heç bir od yandırmır, bilmirəm nədən.
Gecələr bağçanın kənarlarında
Çay öz ağrısından inildəyərkən,
Həsrətli naləmi sanki bu zaman
Yorğun dalğalardan eşidirəm mən.
Onun sahilində otur bir gecə,
Ağrımı o zaman duyarsan ancaq.
Qərarsız ruhumu görmək istəsən,
Gecə bir anlığa öz kölgənə bax.
Soyuq dodağıyla səhər yelinin
Səninçün bir nəğmə söyləyirəm mən.
Parlaq bir ulduzam, hər gecə sənin
Qəsrinin səması mənimçün məskən.
Səhralar səninlə mənim arama
Daşdan hasarlar da çəksə, deyil qəm.
Mən bir göyərçinəm, olsam da tənha,
Dəryalar üstündən uçub keçərəm.
Şadam ki, quru bir budaqtək yenə
Qəhrinin oduyla dönürəm külə.
Qızdırmalı bir bədəntək yanıram
Sənin şəhərinin günəşi ilə.
Qəlbimdə heç zaman ölməz xatirən,
Bu xatirə ilk eşqin xatirəsi.
Bu xatirə füsunkar bir payızdır,
Var onun minlərlə rəngli cilvəsi.
Qoy qara ətəkli zahid tafyası
Nə derlər desinlər, heç üzülmərəm.
Onlar ki, şeytanın övladıdırlar,
Adıma ləkələr yaxsalar, nə qəm?
Mən qəm çiçəyiyəm, hər gün bitərəm
Sənin xatirənin budaqlarında.
Mən səni gəzərəm xatirələrdə,
Hər gecə tənhalıq bucaqlarında.
HƏDİYYƏ
Mən gecənin son həddindən danışıram.
Mən qaranlığın
və gecənin son həddindən danışıram.
Əgər gəlsən bizə, ey mehriban yar,
çıraq gətir mənimçün.
Və kiçik bir pəncərə ki, ondan
xoşbəxt küçənin izdihamına baxım.
SONRALAR
Mənim də ölümüm yetəcək bir gün,
Ya nur dalğasına qərq olmuş yazda,
Ya uzaq, dumanlı bir qış fəslində,
Ya da ki, hay-küysüz, solğun payızda.
Bütün günlər kimi şirin, ya acı,
Mənim də ölümüm bir gün yetəcək.
Bütün günlər kimi boş və mənasız,
Bu günün, dünənin bir kölgəsitək.
Gözlərim qaranlıq dəhlizə dönər,
Yanağım mərmərtək buz kimi olar.
Qəflətən bir yuxu aparar məni,
Dərdli ah-nalədən könlüm qurtular.
Əllərim gəzinər dəftərim üstdə
Şeir ovsunundan olaraq azad.
Bir vaxt əllərimdə şeirin qanı
Şölələr çəkərək edərdi fəryad.
Özünə səsləyər məni bu torpaq,
Yetişib mənimçün qazarlar məzar.
Bəlkə, aşiqlərim gecəyarı, ah,
Qəmli məzarıma bir gül qoyarlar.
Qara pərdələri mənim dünyamın
Məndən sonra bir tərəfə çəkilər.
Dəftər-kağızımın üstündə o an
Gəzinər yad gözlər, özgə nəzərlər.
Mənim xatirəmə yad olan bir kəs
Kiçik otağıma basanda ayaq,
Güzgümün önündə görər o zaman:
Bir tel saç, əl izi, bir də bir daraq.
Hürkərəm özümdən, qalaram geri,
Məndən sonra nə qalıbsa, dağılar.
Ruhum bir qayığın yelkəni kimi
İtər, üfüqlərdə görünməz olar.
Keçər bir-birini tələsdirərək
Həm aylar, həm günlər, həm də həftələr.
Gözlərin bir məktub intizarıyla
Yollara baxaraq dəliyə dönər.
Artıq buza dönmüş bu bədənimi
Torpaq qucaqlayar, torpaq bürüyər.
Qəlbim ürəyinin döyüntüsündən
Uzaq qalıb, torpaq altda çürüyər.
Sonralar adımı külək və yağış
Zamanla qaşıyar, yuyar mərmərdən.
Qəbrim yolda adsız qalıb qurtular
Şan-şöhrət deyilən əfsanələrdən.
PUÇ
Gözlərin qəm qutusunda
yatmışdılar
soyuq və səssiz.
Baxışın diliylə demişdi onlar
deyilməmişləri səndən daha tez.
Məndən və məndə gizli olan hər şeydən
qaçırdın,
qurtulurdun.
Yadımdadır, bu yolda bir gün
məni səbirsizcə öz arxanca
çəkirdin,
çəkirdin.
Sonuncu dəfə,
sonuncu dəfə,
Görüşün sonuncu o acı anı
gözümə mənasız göründü dünya.
Külək nalə çəkdi, mən qulaq asdım
payız yarpağının xışıltısına.
Yenə çağırdın,
yenə qovdun.
Sən taxtda oturtdun yenidən məni,
Dalğanın içinə çəkdin sən məni.
Paltarım olsa da qəm qumaşından,
İllərlə qəlbimdə ömür sürmüsən.
Eşq tutub gözümü, mən bilməmişəm,
nəsən sən,
kimsən sən.
FÜRUĞ FƏRRUXZAD
Fars dilindən tərcümə edən: MƏHƏMMƏD NURİ
banner

Oxşar Xəbərlər