Sənətinin vurğunu olan peşəkar poliqrafçı

Sənətinin vurğunu olan peşəkar poliqrafçı

Cəmiyyət
30 Avqust 2019, 10:15 1803
Deyirlər ki, abad kənd yolundan tanınır. Müasir, abad kəndi həm də dağdan ağır kişiləri, hörmət-izzətli ağsaqqalları, nüfuzlu ziyalıları tanıdır, şöhrətləndirir. Lerikin Nücü kəndi zümrüd donlu meşələrin, uca dağların əhatəsində yerləşir. Bu yerlər saf, təmiz havası, diş göynədən bulaqları, əsrarəngiz təbiəti ilə yanaşı, halal, zəhmətkeş insanları, alimləri, ziyalıları ilə də məşhurdur.
Mirxan Xudaquliyev Lerikin bu cənnətməkan diyarının yetirməsidir. Nücü kənd orta məktəbini 1976-cı ildə bitirib. Həmin ilin 22 məzunundan 14-ü ali təhsil alıb. Məktəbin dil-ədəbiyyat müəllimi, mərhum Burhan Diniyev  ədəbiyyatı, doğma ana dilimizi onlara necə sevdiribsə, əksəriyyəti filologiya ixtisasını seçib. Mirxan da Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Görkəmli alimlərdən dərs alıb, elmin sirlərinə dərindən yiyələnib. Sonralar iki qardaşı da universitetin tarix və hüquq fakültələrini bitirib.
Təhsilini yüksək qiymətlərlə başa vuran Mirxan Xudaquliyev dərin biliyi, ictimai fəallığı ilə seçildiyindən, Bakı şəhərinin Sənaye üsulu ilə Evtikmə İstehsal Birliyinin 3 saylı evtikmə kombinatında  komsomol işinə irəli çəkilir. Sonra işgüzarlığı, yüksək təşkilatçılıq qabiliyyəti sayəsində  kombinatın həmkarlar təşkilatının sədri seçilir. Ömrünün 12 ilini tikinti işçilərinin mənzil-məişət qayğılarının həllinə, istirahətlərinin mənalı təşkilinə həsr edir. O illərdə Yeni Yasamal, Əhmədli, Günəşli, Hövsan və Güzdəkdə hündürmərtəbəli yaşayış binalarının inşasında kombinatın əməkçilərinin böyük əməyi olub. Tikinti işlərinin təşkilində, fəhlələrin iş başında isti yeməklə təmin olunmasında həmkarlar təşkilatının sədri kimi qüvvəsini əsirgəməyib. Ukraynadan aldıqları avadanlıqlarla ilk dəfə olaraq yeməklər isti halda fəhlələrə çatdırılıb. Mirxan müəllimin səyi, xeyirxahlığı nəticəsində illərlə mənzil gözləyən ailələr mənzillə təmin edilib, imkansızlara maddi yardım göstərilib.
Mirxan müəllim sonra Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun nəzdindəki "Örnək” nəşriyyatında çalışıb. Burada mətbəə işi ilə yaxından tanış olub, çap texnologiyalarını mənimsəyib. Elə o vaxtdan poliqrafçı peşəsinə bağlanıb. Yaratdığı "Zəka-M” kiçik müəssisəsində bukletlər, broşuralar, kitab və jurnallar çap olunub. O vaxtlar rus dilində olan müxtəlif sənədlərin, qeydiyyat və  məlumat kitabçalarının ana dilimizdə çapını təşkil edib.
Dövlət Sərhəd Xidmətində mətbəə yaratmaq zərurəti  yarananda bu məsuliyyətli iş təcrübəli, peşəkar kadr kimi Mirxan müəllimə tapşırılıb. Burada fasiləsiz olaraq 12 il "Sərhəd” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində işləyib. Çap etdiyi məhsullar dizaynı, yüksək keyfiyyəti ilə seçilib.
2012-ci ildə çap məhsullarının istehsalı ilə məşğul olan "Print-Land” MMC-ni təsis edib. İlk növbədə köhnəlmiş avadanlıqların təzələnməsinə, müasir texnologiyaların tətbiqinə, kadrların peşəkarlığının artırılmasına  üstünlük verib. Almaniyadan müasir çap və digər mətbəə avadanlıqlarını gətirərək quraşdırıb. Müasir texnologiyalara əsaslanan, eyni vaxtda 4 rəngdə çap edən maşınlar məhsul buraxılışının sürətlənməsinə, keyfiyyətli məhsul istehsalına zəmin yaradıb. 
M. Xudaquliyev sənətinin vurğunu, işinin peşəkarıdır. Poliqrafiyanın indiki vəziyyətindən, problemlərindən söz düşəndə deyir: "Ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Azərbaycan brendi ilə buraxılan məhsullar ölkəmizi dünyaya tanıdır. Əvvəllər poliqrafiya sahəsində müəyyən çətinliklərimiz olub. Bəzi çap məhsullarına görə qardaş Türkiyəyə, digər xarici ölkələrə üz tutmuşuq. Amma dövlətimizin qayğısı sayəsində bu gün Azərbaycanda poliqrafiya yüksək inkişaf mərhələsindədir.
Respublikamıza kifayət qədər yeni, müasir çap avadanlıqları gətirilib,  buraxılan məhsulların çeşidi, həcmi, keyfiyyəti xeyli yüksəlib. Yeniliyin tətbiqinə diqqət artıb. Yaxşı olardı ki, respublikamızın peşə, orta ixtisas və ali məktəblərində poliqrafçı kadrlar hazırlansın. Buna ehtiyac çoxdur. Açıq deyək ki, poliqrafiya sahəsində çalışanların böyük əksəriyyəti bu sənəti istehsal prosesində öyrəniblər. Onlar heç bir nəzəri, praktiki hazırlıq olmadan bu sahəyə gəliblər.
Poliqrafiya sistemində peşəkarlara tələbat gündən-günə artır.  Hər il ölkəmizə çoxlu sayda turistlər gəlir. Əcnəbi turistlərə verilən bukletlər, soraq kitabçaları, jurnallar, Bakı şəhərinin küçələrində vurulmuş çoxsaylı reklam lövhələri xüsusi zövqlə, müasir poliqrafiyanın tələbləri səviyyəsində hazırlanmalıdır. Bunu isə peşəkarlar daha yaxşı bacarır. İnkişaf etmiş xarici dövlətlərdə olduğu kimi ölkəmizdə də "Çap Akademiyası” yaradılsa, bu, poliqrafiya sisteminin inkişafına sanballı töhfə verəcək”.
Respublikamızın ilk poliqrafçı alimi, iqtisad elmləri namizədi, 3 saylı Bakı Mətbəəsinin direktoru Şəddat Cəfərov həmkarının poliqrafiya sahəsində peşəkar, nüfuzlu kadr kimi tanındığını vurğulayaraq deyir: "Mirxan müəllimlə demək olar ki, hər gün görüşürük. İşini sevir, yeniliyə böyük maraq göstərir. Almaniya istehsalı olan 4 rəngdə çap imkanı olan ofset, kəsici və digər avadanlıqları tətbiq etməklə, o, yeniliyə imza atıb. Quraşdırdığı təzə maşınlar, avadanlıqlar çap prosesini kompleks şəkildə qurmağa imkan verir. Yeni texnologiyaların hesabına çap məhsullarının hazırlanmasına sərf olunan vaxt xeyli azalıb, məhsulun keyfiyyəti isə artıb. Mirxan müəllim savadlı, təcrübəli poliqrafçı olmasına baxmayaraq, daim mütaliə edir, öyrənir, poliqrafiyanın yeniliklərini müntəzəm şəkildə izləyir. Onunla iş, sənətlə bağlı çoxlu müzakirələr aparırıq.  Oğlu Elnur da bu sahəni mükəmməl öyrənib, ata yolunu ləyaqətlə davam etdirir”.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, akademiyanın elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Mirxan müəllimin ucqar bir rayondan pərvazlandığını, poliqrafiya sahəsində layiqli mövqe, böyük nüfuz qazandığını önə çəkdi: "Mirxan müəllimi çoxdan tanıyıram. İşində çox məsuliyyətlidir. Bu onun ən gözəl, müsbət xüsusiyyətlərindən biridir. Bu sahə mənə də doğmadır, çünki müntəzəm şəkildə yeni kitablar, jurnallarla tanış oluram. Mirxan müəllimin nəfis şəkildə buraxdığı çap məhsulları tərtibatı, yüksək keyfiyyəti ilə seçilir. O, bu işə canlı orqanizm kimi baxır. Çap prosesinin bütün mərhələlərinin yüksək səviyyədə icra edilməsinə, işin nəticəsinin səmərəli olmasına xüsusi önəm verir. İşgüzar, bacarıqlı bir kollektiv yaradıb.
Dostluqda çox etibarlı və sadiqdir. Bəzən öz işini kənara qoyub dostunun, tanışının qabağına düşür, heç vaxt köməyini əsirgəmir. Gözəl ailə başçısıdır. Ailə prinsiplərinə çox ciddi əməl edir. Övladları Emin və Elnura yaxşı təhsil verib. Hər ikisi savadlı, yüksək intellektə malikdir. Cəmiyyətdə layiqli mövqe tuturlar.
Mirxan müəllim böyüyüb boya-başa çatdığı doğma ata yurduna çox bağlıdır. Kəndlə əlaqəsini heç vaxt kəsmir. Xeyirdə-şərdə, kəndin sosial problemlərinin həllində yaxından iştirak edir”.
Nücü kənd həkim məntəqəsinin müdiri Ağaddin Rzayev  Mirxan müəllimi kəndin, doğma rayonun, respublikamızın dəyərli ziyalısı, xeyirxah, səmimi, nəcib bir insan kimi qiymətləndirir. Xeyirxahlığından misallar çəkir. Kənddə imkansızlara, xəstələrə dayaq olduğunu, neçə-neçə gəncin işlə təmin edilməsinə kömək göstərdiyini, kənd yolunun çəkilişinə yardım  etdiyini bildirir. El-obanın onun kimi layiqli, ləyaqətli övladı ilə fəxr etdiyini fərəhlə söyləyir.
Mirxan müəllim bu günlər ömrünün yeddinci onilliyinə qədəm qoyur. Arxaya boylananda illərin xoş xatirələri gözləri önündə canlanır. Düşünür ki, ömür hədər getməyib. Qarşıda isə görüləsi işlər hələ çoxdur.
 
Əlisəfa Həsənov