Sənət dünyasının sönməyən ulduz qardaşları
Azərbaycan teatr,
kino sənətinin, ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Rza və Məmmədhüseyn
Təhmasib qardaşları yaradıcılıqları ilə bu sahələrdə yeni bir mərhələ açaraq öz
adlarını tarixə yazdılar.
Onların yaşadığı illərə tarixi qaynaqların,
xatirə və söhbətlərin işığında nəzər saldıqca, zamanın fövqündə dayanan bu görkəmli
sənətkarların daxili gücünə, mənəvi təzyiqlərin, repressiyaların caynaqlarından
qurtularaq yaratdıqları möcüzələrə, mənəvi zənginliklərinə heyrətlənməyə
bilmirsən. Hər birinə Allah qeyri-adi istedad, duyum, güc və qabiliyyət bəxş
etmişdi. Dövrün bütün çətinliklərinə baxmayaraq, Təhmasibləri sənət yolundan
döndərmək mümkün olmamışdır. Qardaşlar həm sənətdə, həm də qəlblərdə pozulmayan
izlər salıblar.
Evin yeganə oğlu olduğundan Abbasqulu bəyi
16 yaşında evləndirdilər. İlk övladı Rza 1894-cü ildə dünyaya gəldi. Naxçıvanın
sayılıb-seçilən tacirlərindən olan Abbasqulu bəy böyük oğlunu da öz yolunun
davamçısı görmək istəyirdi. Bu səbəbdən də 1909-cu ildə Naxçıvan şəhər məktəbini
bitirən Rzanı Tiflisə oxumağa göndərdi. Atasının sözünü yerə salmayıb
kommersiya məktəbində təhsil alan Rzanı, əslində başqa şeylər daha çox düşündürürdü.
Məşhur "Şeytanbazar"da qaynayan ədəbi mühit gənc oğlanı sənətə, teatr
aləminə çəkirdi.
1910-cu ildə Rza Təhmasib istedadlı rejissor
Əli Abbasovun rəhbərlik etdiyi həvəskar aktyorlar dərnəyinə daxil olub. Ona
tapşırılan rolların öhdəsindən gəlməyə çalışan Rza Təhmasibin həyatında ən ağır
gün Tiflisdə səhnəyə çıxdığı məqamda baş verib. Ticarət işləri ilə əlaqədar
Tiflisə gələn Abbasqulu bəy təsadüfən bilet alıb tamaşaya gedir. Əslində
Abbasqulu bəy müsəlmanların "oyunbazlıq"la məşğul olmasını, aktyorluq
etməsini bəyənmirdi. Amma Rza atasını bu fikirdən döndərmək üçün ondan xahiş
edirdi ki, tək bircə dəfə teatra getsin. Ağlına da gətirməzdi ki, bu hadisə məhz
onun səhnəyə çıxdığı gün baş verə bilər. Rza Təhmasib xatirələrində yazırdı:
"...Atam yeddinci sırada lap ortada əyləşib diqqətlə tamaşa edirdi. Bu səbəbdən
də rolum istənilən səviyyədə alınmadı. Çünki həyəcanımdan məşqlərdə dönə-dönə
qaydasında söylədiyim, əzbərlədiyim sözlərin hamısı yadımdan çıxmışdı. Atamın
vahiməsi hər şeyə üstün gəlmişdi. Görəsən, o məni tanımadı ki?" Sən demə,
həqiqətən də Abbasqulu bəy Rzanı tanımamışdı. O vaxt sənət adamları Rzanın bu
ilk uğursuzluğuna görə, haqqında yüksək fikirdə olmasalar da, rejissor Əli
Abbasov qətiyyətlə söyləmişdi: "Səbr edin, o, böyük artist olacaq".
Rza Təhmasibin şəxsi istəyi ilə atasının
fikirləri bir-birinə zidd gəldiyindən, gənc oğlan iki yol ayrıcında qalmışdı.
Bir tərəfdən atasına, digər tərəfdən də varlığında lövbər salmış arzusuna qarşı
çıxa bilmirdi. Yay tətili günlərində Naxçıvana dönən Təhmasib bu qədim şəhərin
teatr mühitində fəal iştirak edirdi. O zaman Naxçıvanda olan Sidqi Ruhulla ilə
görüş Rzaya böyük təsir göstərmişdi.
Bir müddət Naxçıvan teatrında çalışan, bir
sıra əsərlərin rejissorluğunu edən Təhmasibin ən çox yadında qalan Mirzə Cəlillə
olan görüşləri olub. Bununla əlaqədar Təhmasibin xatirələrində oxuyuruq:
"İlk müvəffəqiyyətli rejissor işim üçün "Ölülər" pyesinə minnətdaram.
Bu müvəffəqiyyətin bir səbəbi də əsərin öz məzmunudur. Qazanılan qələbənin
xeyli hissəsi mərhum şair Qəmküsarın payına düşür. Pyesi düzgün başa düşməyimə,
onun ictimai mənasını düzgün izah etməyimə görə, mən hər şeydən əvvəl, ona
borcluyam".
Tiflis Ticarət Məktəbini bitirdikdən sonra
Bakıya gələn Rza Təhmasib bir müddət müəllim işləyib. Hələ Tiflisdə tanış
olduğu Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi ilə Azərbaycan Dövlət Dram
Teatrında işə düzəlib. Bununla da Rza Təhmasibin teatr aləminə gəlişi
yaddaqalan obrazlarla, tamaşalarla əbədiləşdi. O, Hüseyn Ərəblinski, Abbas Mirzə
Şərifzadə, Mirzağa Əliyev kimi müqtədir sənətkarlarla çiyin-çiyinə işlədi,
saysız-hesabsız rolların ifaçısı oldu. Onun quruluş verdiyi "Hacı
Qara", "Madrid", "Vəfa", "Şeyx Sənan",
"Özgə uşaq" pyesləri Azərbaycanda teatr sənətinin realist ənənələrlə
inkişafına səbəb oldu. Cəfər Cabbarlı Rza Təhmasibin rejissorluq və aktyorluq fəaliyyətini
yüksək qiymətləndirərək, onu musiqişünas, heykəltəraş aktyor, sənətkar
adlandırardı. "Aktyor bir musiqişünasdır ki, çaldığı aləti - musiqi yenə
özüdür".
Təhmasib elə bir dövrdə fəaliyyət göstərirdi
ki, yan-yörəsindəki aktyorlar repressiyaların qurbanı olurdu. Aktyorun bacısı Cəmilə
xanım vaxtı ilə mənə söyləmişdi: "1935-ci ildə qəflətən atamı gecə tutub
apardılar. Mülkümüzü müsadirə edərək əlimizdən aldılar. Qardaşlarım Bakıda idi.
Bir neçə gün üzbəüz məhəllədə qulluqçularımızın yaşadığı evdə qaldıqdan sonra
qardaşım Məmmədhüseyn gəlib bizi Bakıya apardı. Bir müddət anamla onun yanında
qaldıq. Qardaşım Azərbaycanın müxtəlif rayonlarında müəllimlik edirdi. Biz də
onunla birgə bu rayonları gəzirdik. Böyük qardaşım Rza isə Moskva
Kinematoqrafiya İnstitutunda oxuyurdu. Beş ildən sonra atam həbsdən buraxıldı.
Amma Bakıda qala bilmədi. Biz yenidən Naxçıvana qayıtdıq. Orada hər şey dağılıb
bərbad günə düşmüşdü. İndi də fikirləşirəm ki, o ağır günlərdən qardaşlarımı nə
xilas etdi? Mənə elə gəlir ki, onlar qızğın vaxtlarda Bakıda olmadıqlarından
qurtuldular. Yoxsa, ailəmiz bütövlükdə "qara siyahı"ya düşmüşdü. Bu
ağrı-acılar atama baha başa gəldi. Valideynlərimi itirdikdən sonra mənim
qayğımı qardaşlarım çəkdi. Rza ilə mənim aramda 20 yaşa qədər fərq olduğundan,
ona həmişə ata kimi baxırdım".
Təkcə teatrda deyil, kino sənətimizin
inkişafında da Rza Təhmasibin fədakarlığı çoxdur. Böyük öndər Heydər Əliyev bu
unudulmaz sənətkar haqqında deyirdi: "Rza Təhmasib çox böyük bir insan, Azərbaycan
incəsənətinin görkəmli xadimi idi. O həm teatr, həm də kino sənətinin
inkişafında böyük xidmətlər göstərmişdir. Mən ona həmişə böyük hörmət bəsləmişəm,
sənətini qiymətləndirmişəm... Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin
kinoya çəkilməsi və bütün dünyaya yayılması Rza Təhmasibin Azərbaycan xalqı
qarşısında ən böyük xidmətlərindən biridir. Mən hələ onun başqa xidmətlərini
demirəm. Rza Təhmasib unudulmayacaq".
Rza Təhmasibin rejissoru olduğu "Onu
bağışlamaq olarmı?", "Bir ailə", "Səbuhi",
"Bakının işıqları", "Mahnı belə yaranır" filmlərinə bu gün
də tamaşaçılar tərəfindən maraqla baxılır. "Onu bağışlamaq olarmı?"
filminin ssenari müəllifi Məmmədhüseyn Təhmasib, rejissoru Rza müəllim,
musiqisi Tofiq Quliyevindir. Üç korifeyin Azərbaycan kinosuna ərməğan etdiyi bu
film əbədiyaşarlıq qazanıb.
Rza Təhmasib bir aktyor kimi də filmlərə çəkilirdi.
"Fətəli xan", "Almaz", "Qanun naminə"
tamaşaçıların yadındadır. Xüsusilə də "Qanun naminə" filmində Rza Təhmasibin
böyük məharətlə yaratdığı Qaloş obrazı gözlərimiz önündən çəkilmir. Böyük
aktyor bu rolun daxili məkrini, min sifətini, hiyləgər xüsusiyyətlərini çox
maraqlı jestlərlə, baxışlarla tamaşaçıya çatdırırdı. Onun vahiməsi, hikkəsi, qəzəbi
unudulmur. Cəmilə xanım danışırdı ki, o film ekranlarda gedəndən sonra nəvəsi
Rza babasına söyləyib: "Mən məktəbə getmirəm. Hamı mənə Qaloşun nəvəsi
deyir". Rza Təhmasib də qəhqəhə çəkərək "Əla, deməli, istəyimə nail
olmuşam. Mənim bundan böyük qiymətim yoxdur" söyləyib.
Əməkdar incəsənət xadimi, Dövlət mükafatı
laureatı, Xalq artisti, milyonlarla tamaşaçının sevimlisi olan Rza Təhmasib
uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, aktyor nəslinin yetişməsində
böyük zəhmət çəkmişdir. Sənətkar 1980-ci ildə dünyasını dəyişib. Bir tamaşaçı
olaraq, biz hələ də böyük aktyorun "can verdiyi" obrazların cazibəsindən
ayrılmamışıq.
Azərbaycanda folklorşünaslığın əsasını qoyan
Məmmədhüseyn Təhmasib Hacı Abbasqulunun ikinci oğludur. Məmmədhüseyn müəllim
uzun müddət ali məktəblərdə dərs deyib. Şifahi xalq ədəbiyyatının tədqiqində
son dərəcə böyük və gərgin əməyi olub. Mövsüm və mərasim nəğmələrinin toplanıb
tədqiq edilməsindən tutmuş "Kitabi Dədə Qorqud", Azərbaycan xalq
dastanları, Cabbarlının, Nəsiminin, Nizaminin şifahi xalq ədəbiyyatı ilə
bağlılığı, Molla Nəsrəddin lətifələri haqqında elmi-tədqiqi əsərlər yazaraq
folklorumuzun təhlilində cəfakeşlik göstərmişdir.
Aşıq yaradıcılığı haqqında fundamental
araşdırmalar aparan M.Təhmasib Azərbaycan folklorunun dastan janrını dərindən tədqiq
edən alimlərimizdən biri idi. 1949-cu ildən ömrünün sonunadək
"Koroğlu"dan ayrılmadı. Onu müxtəlif yönlərdən təhlilə çəkdi, dönə-dönə
nəşr edilməsinə nail oldu. Eposun ayrı-ayrı nəşrlərinə yazdığı müqəddimələrdə
"Koroğlu"nun xalqımızın milli-mənəvi sərvəti olmasını, onun məhz Azərbaycan
mühitində yaranıb formalaşmasını, sonralar başqa xalqların folkloruna da
yayılmasını danılmaz faktlarla sübuta yetirmişdir. Onun bu sahədəki xidmətləri
bir qəhrəmanlıq nümunəsidir. Çünki folklorşünaslığın inkişafında, eləcə də
folklorşünaslar nəslinin yetişməsində Məmmədhüseyn Təhmasibin çox böyük xidmətləri
var.
Məmmədhüseyn Təhmasib həm də dramaturq idi.
Onun pyesləri Milli Dram Teatrında tamaşaya qoyulurdu. 1939-cu ildən 1968-ci ilədək
teatrlarda onun yeddi pyesinə səhnə həyatı verilmişdi. "Qaçaq Nəbi",
"Onu bağışlamaq olarmı?", "Bir qalanın sirri" filmlərinin
ssenarisi də Məmmədhüseyn Təhmasibə məxsusdur. Filologiya elmləri doktoru,
professor Məmmədhüseyn Təhmasib həm də tərcümə ilə məşğul olub. Bayron, Jül
Vern, İ.Petrov kimi yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə
edib.
İnsanın xoş əməlləri onun ikinci ömrü deməkdir.
İllərin, ayrılığın gücü də məhz bu ömrün çırağını söndürə bilmir. Bu səbəbdən də
Təhmasib qardaşları sənət dünyasının sönməyən ulduzlarına çevrildilər.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
Əməkdar jurnalist