Şair olmaq üçün insan cəhənnəmi görüb gəlməlidir

Şair olmaq üçün insan cəhənnəmi görüb gəlməlidir

19 Oktyabr 2015, 11:57 1137
Yazıçı-filosof Kristina Domenek azyaşlılar və yetkinlər üçün qiraət və yazıçılıqla bağlı seminarlar aparır. San Martin Universitetinin əməkdaşı olan yazıçı Buones Ayresdə yerləşən 48 saylı cəzaçəkmə müəssisəsində beşillik yazıçılıq seminarları layihəsinin koordinatorudur. 1995-ci ildən dünyanın nüfuzlu beynəlxalq kitab sərgiləri, konfrans və görüşlərində ən çox axtarılan simadır. “İmpalpable” (1994), “Condensacion de la Luz” (1998), “Tierra Negra” (1999), “Demudado” (2007), “Sintaxsis del nudo” (2011) və s. kitabların müəllifi kimi tanınır. Yazarın 2014-cü il, oktyabr ayında Argentinada “TED” izləyiciləri üçün etdiyi çıxışı paylaşırıq.

Deyirlər ki, şair olmaq üçün insan bir dəfə cəhənnəmi görüb, gəlməlidir.
İlk dəfə həbsxanaya gedəndə məni beynimdə canlandırdığım heç nə – nə iri, asma qıfılların səsi, nə bağlanan qapılar, nə hücrələr - təəccübləndirməmişdi. Bəlkə də ona görə ki, həbsxana tamamilə açıq bir ərazidə yerləşirdi. Göy üzü bütün sonsuzluğu ilə görünürdü. Başımın üzərində qağayılar uçuşurdu və insana elə gəlirdi ki, bir addım atsan, dənizkənarına enəcəksən, özümü çimərliyə olduqca yaxın bir yerdəymiş kimi hiss edirdim. Əslində isə qağayılar sadəcə həbsxananın ətrafındakı zibillikdə yemək axtarırdılar.
Bir qədər də irəlilədikdən sonra dəhlizdə var-gəl edən, o yan-bu yana vurnuxan məhkumları gördüm. Bura daxil olan andan bəri ilk dəfə bu mənzərə qarşısında bir addım geri çəkildim və ağlıma gəldi ki, mən də bu dəqiqə onlardan biri ola bilərdim. Bəli, başqa bir qismətim olsaydı, alın yazım başqa cür yazılsaydı həyat, fərqli tale yaşasaydım, onlardan biri ola bilərdim. Çünki həyatda heç kim harada doğulacağını seçə bilmir.
2009-cu ildə San Martin Dövlət Universitetinin 48 saylı cəzaçəkmə müəssisəsi ilə birgə təşkil etdiyi proyektə qoşulmaq üçün dəvət aldım. Layihə çərçivəsində mənim öhdəmə düşən iş məhkumlar üçün yazıçılıq seminarları təşkil etmək idi. Həbsxana rəhbərliyi müəssisənin ixtiyarında olan sahənin bir tərəfində bizim üçün geniş bir ərazi ayırdı və burada universitetə aid bina, mərkəz tikildi.
Məhkumlarla ilk görüşümdə onlara həqiqətən maraqlı olan məsələ ilə bağlı sual verdim – niyə yazıçılıqla bağlı seminarları istəmişdilər. Cavab verdilər ki, deyə və edə bilmədikləri hər şeyi kağıza tökmək, yazmaq istəyirlər.
Elə həmin anda həbsxanaya poeziya ab-havası gətirməyə qərar verdim. Madam ki, onların poeziya haqqında müəyyən fikirləri var, niyə arzularını məhz poeziya üzərində işləməklə reallaşdırmayaq ki?! Bunu təklif etməyinə etdim, amma heç birinin əsl poeziyanın nə olduğu ilə bağlı hər hansısa düşüncəsi yox idi. Eyni zamanda bizim seminara yalnız universitet, məktəb, sinif otaqları görmüş məhkumları dəvət etmişdilər, lakin onlar bu seminarı dostları üçün də açıq elan etməyimi istədilər. Odur ki, bütün məhbuslar üçün açıq elan edilmiş yazıçılıq seminarlarına başladıq. Onların hamısı ilə işləyə bilmək üçün ortaq bir vasitə tapmalı idim və bu əvəzolunmaz vasitə dil oldu.
Bizi iki şey birləşdirirdi, ortaq bir dilimiz və ortaq seminarımız var idi. Poeziya ilə tanış olmaq və öyrənmək üçün bu kifayət edirdi. Lakin bircə şeyi nəzərə almamışdım – burada qeyri-bərabərlik hökm sürürdü. Məhbusların çoxu qrammatika məktəbini belə bitirməmişdi. Əksəriyyəti əlyazmaları oxuya bilmirdi, yalnız əllərinə veriləni oxuya bilirdilər. Aralarında sərbəst yaza bilməyənlər belə var idi. Odur ki, biz də işə kiçikhəcmli şeirlər axtarmaqla başladıq. Olduqca qısa, amma olduqca güclü şeirlər.
Beləliklə, hər dəfə bu şeirləri oxumağa başladıq, bir dəfə bir müəllifdən, növbəti seminarda başqa müəllifdən şeirlər oxuduq. Bu qısa şeirləri oxuduqca yavaş-yavaş hamısı poetik dilin insanın beyninə hakim kəsilmiş konkret məntiqi hökmləri sındırdığını anladı, poeziya yeni, tamamilə başqa sistem yaratmağa qadir idi. Şeirləri təhlil etdikcə beynin məntiqini sındıran poeziyanın əsas gücünün əslində dilin məntiqini və qanunlarını sındırmasından qaynaqlandığı fikrinə gəldilər. Zamanla bu böyük seminar otağında yeni sistem hiss olunmağa başladı – artıq bu sistemin qaydalarını onlar özləri də getdikcə daha tez tutur, daha tez reaksiyalar verirdi. Bu isə özlərinin də etiraf etdiyi kimi bu qədər zamanda axtardıqları, arzuladıqları, amma adı məlum olmayan bir şeyin – poetik dilin var olması ilə baş tutdu.
Deyirlər ki, şair olmaq üçün insan cəhənnəmi görüb gəlməlidir. Və onların hamısı cəhənnəmlər görüb, gəlmişdilər. Cəhənnəm dolu həyatlardan.
Bir dəfə seminarların birində biri: “Türmədə insan heç vaxt yatmır. Əgər həbsə düşmüsənsə, yata bilmirsən. İnsan nə qədər edirsə, göz qapaqlarını birləşdirə bilmir” – dedi. İndiki kimi onlara dabir dəqiqəlik sakit dayandıq və dedim: “Poeziya elə budur, cənablar. O bu həbsxanada sizi əhatə edən hər şeydir, içində olduğunuz bütün vəziyyətlərdir. Yuxusuzluq, yata bilməməklə bağlı beyninizdə canlanan bütün fikirlər, qorxularınızı oyadan bütün duyğulardır. Sizin üçün indiyə kimi deyilməmiş, yazılmamış nə varsa, bunların hamısı poeziyadır”.
Beləcə, keçdiyimiz cəhənnəmləri mənimsəməyə başladıq, özümüzü tamamilə yeddinci dairənin içinə buraxdıq. Bir müddət sonra onların hamısının ən sevimli yeri olan bu yeddinci zonada hamı öz keçmişini, qorxularını, cəhənnəmini doğmalaşdırmağa, gözdən keçirməyə başladı, onları çöldəki dünyadan ayıran o keçilməz divarları görünməz etməyi öyrəndilər. Pəncərələrdən çölə var gücləri ilə səsləndilər, içlərindəki kölgələrin altından çıxdılar. Layihə çərçivəsində təşkil edilən seminarlarımızın ilk ilinin sonunda xırda bir bağlanış mərasimi təşkil etdik. Hamı böyük sevgi ilə başlayıb, uğurla tamamladığına inandığı işin sonunda, sanki özünü mükafatlandırırmış kimi bunu qeyd edirdi, eləcə biz.
Ailələrimizi, dostları, universitet rəhbərliyini də bu mərasimə dəvət etdik. O şənlikdə elə də qeyri-adi bir şey yox idi, məhkumlar şeir oxumalı, diplomlarını alıb, alqışlarla yerlərinə keçməli idilər. Bu sadə mərasim bundan ibarət idi. Sizlərin təsəvvüründə həmin mərasimlə bağlı yaratmaq istədiyim bircə səhnə var – onların böyük əksəriyyəti irigövdəli, hündürboy idi, mənim yanımda duranda olduqca nəhəng görünürdülər, amma hamısı şeirlərini oxuyacaqları vərəqləri əllərində elə böyük həyəcan və qürurla tutmuşdu ki. Balaca uşaqlar kimi titrəyirdilər və demək olar ki, hamısı şeirlərini kövrək və zaman-zaman tamamilə qırılan səslərlə oxudular.
Sonralar həmin anlar haqqında çox düşündüm ki, onların çoxu bəlkə də, həyatında ilk dəfə gördükləri hansısa işə görə alqışlanır, bundan qürur hissi keçirirdi. Həbsxanada edilə bilməyən çox şey var, çox şeydən məhrumluq var. Həbsxanada xəyal qura bilməzsən. Həbsxanada ağlaya bilməzsən. Orada hətta çox sözün, “zaman” sözü, “gələcək” sözü, “arzu” sözü, tələffüzü belə yazılmamış qanunlarla qadağan edilir. Amma biz xəyal qurmaq cəsarəti sərgilədik, xəyal qurduq, həm də olduqca böyük və çoxlu xəyallar. Bu xəyalların yer aldığı bir kitab yazmağa qərar verdik. Onlar sadəcə bu kitabı yazmayacaqdı, həm də onu yaradacaq, tərtib edəcəkdilər. Bu isə 2010-cu ilin sonunda baş verdi. Sonra bu məsələ mərcə çevrildi və başqa bir kitab üçün işə başladıq. Bunu da birgə tərtib etdik. İkinci kitab bu yaxınlarda ötən ilin sonlarında hazır oldu. Həftələr keçdikcə insanın necə tamamilə dəyişib, fərqli birinə çevrildiyinə şahid olurdum, onların necə transformasiya olunduğunu izləyirdim. Sözlər onların heç vaxt fərqində olmadıqları ucalıq, şərəf duyğuları ilə gücləndirmişdi, əminəm bunu heç xəyal belə etməmişdilər. Bəlkə də, kənardan özlərini izləsələr, bu ucalığın onlardan qaynaqlandığına inanmazdılar.
Seminar boyunca, artıq sevməyə başladığımız cəhənnəmdə hamımız nələrsə paylaşdıq, özümüzdən bəzi şeylər yaratdıq. Əllərimizi və könüllərimizi sonuna qədər açıb, sahib olduğumuz hər şeyi paylaşdıq. Artıq bir müddət sonra hamımız eyni insanlar idik. Heç kimdə digərindən üstün olmaq duyğusu və ya cəhdi yox idi. Bu yolla içimizdə sosial həyatdan uzaqlığın yaratdığı dağıntıları təmir etməyə çalışdıq, çünki çoxumuzun başqa heç bir yeri yox idi, həbsxana son ünvan idi. 48 saylı müəssisədəki seminarların qazandırdığı cüssəcə iri, böyük şair Nikolas Doradonun bir sözünü xatırlayıram: “Mənə bu nəhəng yaranı tikə bilmək üçün sonsuzluğa uzanan ip lazımdır”.
Poeziya bunu edir, o məhrumiyyətin yaralarını tikir. Poeziya qapıları açıqdı. Poeziya güzgü üzərində işləyir. O şeir adlı güzgü yaradır. Onlar həmin güzgüdə özlərini görürlər, şeirlərdə özlərinə baxırlar, güzgüdə gördükləri adamdan yazırlar və yazdıqları adam olurlar.
Yazmaq üçün onların uyğun bir zamana, özlərini qeyri-adi dərəcədə, sözün əsl mənasında azad hiss etdikləri ana ehtiyacları var idi. Bu anı isə onlar ancaq beyinlərində yarada bilərdilər, hamısı reallaşması mümkün olmayan bu anı yazarkən yaşamağa çalışır, şeirdə axtarırdı. İşin yaxşı tərəfi isə o idi ki, hətta həbsxanada belə azadlıq duyğusunu yarada bilməyin mümkünlüyünə inandılar. Barmaqlıqların yeni qurulan sistemdə sadəcə söz olduğunu qəbul etdik, söz ləmpəsini yandırdıqca cəhənnəmimizə xoşbəxtlik işığı düşdüyünü gördük.
Sizə həbsxana haqqında, hər həftə yaşadığım təcrübələr haqqında xeyli danışdım, məhkumların məni necə dəyişdirdiyini və bu işdən necə zövq aldığımı da bildirməliyəm. Təsəvvür edə bilməzsiniz ki, hər həftə orada keçirilən seminarlar, yaşadığımız təcrübənin hər saniyəsi, canlı duyğular bu gün burada duran qadına nə qədər çox şey qazandırdı.
Məhkum Martin Bustamante:
“Ürək zamanın göz yaşlarını çeynəyir, ürək bu işıqdan kor olur.
Ürək sürətlə axan zamanın varlığını unudur, dəyişən şəkillərə arxasını çevirir.
Savaşır, amma zəfər yoxdur.
Ürək mərhəmətli baxışların altında əzilir, özünü yanğına bələnmiş fırtınalara vurur.
Qürurla irəli durmaq istəyən çiyinlərimi alçaldır.
Bilir ki, bu sadəcə nədənsə keçmək deyil...
Sonsuz maviləri də görmək istəyir amma.
Baş verənlər haqqında düşünmək üçün yuvasına çəkilir ürək,
Sıradan olmamaq üçün mübarizə aparır,
İncitmədən sevmək istəyir,
Günəşlə nəfəs almaq, özünə və ətrafındakılara cəsarət vermək istəyir.
Yaşamaq üçün səbəblər axtarır.
Ürək bataqlıqlar içində döyüşür,
cəhənnəmin bütün sərhədlərində qılın oynatmağa hazırdır,
yorğun düşür.
Asanlıqla təslim olmaq istəmir,
Qaydasız, nizamsız döyüntülərlə oyanır, sükuta oyanır”
Mən San Martin 48 saylı cəzaçəkmə müəssisəsindən Martin Bustamante. Bu gün mənim müvəqqəti azadlıq günümdür. Bunu isə poeziya və ədəbiyyatın bütün həyatımı dəyişdirdiyini deməyə sərf edəcəyəm.
Çox sağolun!

İngilis dilindən tərcümə etdi:
Elcan SALMANQIZI
P.S. İspan dilindəki bu çıxış ingilis dilinə Sebastian Betti tərəfindən tərcümə edilib.