• çərşənbə, 24 Aprel, 10:07
  • Baku Bakı 13°C

Ürəyimə yazılan yazı

13.11.19 09:30 1387
Ürəyimə yazılan yazı
Və ya köçkün müəllim-yazarın qısa həyat hekayəsi

Çox yox, on-on beş il əvvəl biz də özümüzü hələ cavanların sırasında sayırdıq. Amma əlahəzrət zaman öz işini gördü: saç-saqqalımıza əl gəzdirdi, yavaş-yavaş gözlərimizin işığını almağa başladı, gündə neçə dəfə barmaqlarımızla daraqladığımız saçları xəzələ çevirdi... Elə bunlarımı? Bir də onda ayıldıq ki, daha gənclik qatarında yerimiz yoxdur. Artıq indi küçədə, dükanda bizə ünvanlanan "dayı ", "ağsaqqal" sözlərindən narahat olmuruq. O da var ki, bir vaxt illərin sürətlə keçib getməsinə məhəl qoymazdıq, indi isə illərin ömür balansımızdan sildiyi payın haqq-hesabımı aparırıq. Görünür, ömür deyilən şey beləymiş...
Hərdən illəri "çeşidləyəndə" taleyimizdən ötüb keçən, qəlbimizdə az-çox iz, işıq salan insanları bir daha yada salır, onlar barədə düşünürük. Təbii ki, belələrinin bir qismi əməl dostlarımız, peşə yoldaşlarımız, illərlə bir kollektivdə işlədiyimiz insanlardı. Yadımdan çıxmamış onu da deyim ki, mənim fikrimcə, insan iki şeyə görə xoşbəxt olur: ya ailəsinə, ya da çalışdığı kollektivdəki səmimi atmosferə, orada onun əməyinə verilən qiymətə görə. Nə xoşbəxt, hər ikisindən yarıyanlar.
Loğman müəllimlə bir kollektivə təxminən eyni ildə gəlmişdik. Müxtəlif şöbələrdə işlədiyimizdən, üz-üzə az gəlirdik, rastlaşanda da salamlaşırdıq və səmimiyyət xətrinə bir-birimizin kef-halını soruşurduq, vəssalam. Sonralar iş elə gətirdi ki, onunla "Tumurcuq" uşaq qəzetinin araya-ərsəyə gəlməsi üçün birgə çalışdıq. İnamla deyə bilərəm ki, "Tumurcuq"un ölkəmizdə uşaq mətbuatının öncülü olmasında, qazandığı uğurlarda Loğmanın səbirli və vicdanlı əməyi, biliyi, uşaqlarımızın istəklərinə həssaslıqla yanaşması böyük rol oynayıb.
İxtisasca riyaziyyat müəllimi olan Loğman Məmmədov Azərbaycan Dövlət Universitetində təhsil aldığı illərdə yalnız riyaziyyatın, fizikanın sirlərini öyrənməklə kifayətlənməyib, həm də o illərdə universitet və tələbələrin həyatına yeni ab-hava verən elmi və ədəbi dərnəklərdə də dinləyici olub, müzakirələrdə iştirak edib. Həmin dərnəklərin rəhbərləri isə xalq şairi Bəxtiyar Vahabzadə, görkəmli kristalloqraf alim Xudu Məmmədov, tənqidçi, filosof Asif Ata (Əfəndiyev) və digər görkəmli ziyalılar idilər. Loğmanın ədəbiyyata, sənətə dərindən sevgisi də elə tələbəlik illərində formalaşıb, arabir ürəyində baş qaldıran duyğuları kağıza köçürüb. "Yağış" şeiri də o illərin yaşantılarıdır. Nədənsə, mən o şeiri oxuyanda elə bilirəm ki, Loğmanla eyni kənddə, eyni məhəllədə böyümüşük, özü adından da gözəl Gözəl müəllimənin şagirdi olmuşuq, geniş Küdrü düzündə qoyun-quzu otarmışıq, yaz-payız yağışlarında bu yerdə oyan-buyana qaçmışıq, yaşıdlarımızla çilingağac, dirədöymə, qayışgötürdü oynamışıq, göbələk yığmışıq. Amma bunların heç biri olmayıb. Çünki Loğman Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində doğulub, Quruçayın ətraflarında boya-başa çatıb. O Quruçay ki, bəzən aylarla quruyur, deyirsən ki, daha bu yerdən su axmaz. Amma yazağzı çayın suyu yatağına sığmır, böyük-böyük ağacları ağzına alıb üzüaşağı aparır. Bir vaxlar bizim kəndin yanından ötüb keçən Cəngi çayı kimi...
"Yağış"ın doğurduğu ağrılara, çəkdiyi mənzərəyə baxın:

Belə ki başlayıb bu gurşad yağış,
Ağaclar nazilib çöpə dönəcək,
Uzanıb-uzanıb ipə dönəcək,
İncəlib-incəlib sapa dönəcək.
Yarpaqlar bir körpə əlləri kimi
Bilməzsən nə umub, nə istəyəcək.
Dünya başdan-başa bir möcüzə, sirr,
Bürünüb tilsimə dəvə karvanı
İynə ildızından keçəcək bir-bir.

Belə ki başlayıb bu gurşad yağış,
Bulağın gözünə sonalar girər,
Gecə yuxulara analar girər.
Dünya ağlamağı bacarmayanda,
Kövrəlib-kövrəlib dünya dərdinə
Tənhalar gözünün qorasın sıxar.
Yağışsız yataqdan, yağışsız evdən
Sabaha islanmış yastıqlar çıxar.

Belə ki başlayıb bu gurşad yağış,
Yığışıb köçəcəm öz istəyimə,
Yığışıb girəcəm öz ürəyimə-
Əlimin içindən ürəyim tanış.
Bacara bilirsən - ürəyi dindir
Sənli görüşlərim ürəyimindi,
Sənə özümdən çox ürəyim tanış.

Belə ki başlayıb bu gurşad yağış,
Küçədə islanan sərsəri həsrət,
Hər il mənzil gəzən tələbə kimi
Məni küçə-küçə axtaran həsrət,
Bir kimsə yapışmaz qolundan sənin,
Bir kimsə eləməz yolundan səni,
Qayıt gəl, yurduna-yuvana yığış,
Çətin ki dayana bu gurşad yağış.

Belə ki başlayıb bu gurşad yağış
Kiməsə qısılmaq istəyi kimi,
Kiməsə sığınmaq ümidi kimi...
Saçların islanmaq arzusu ağlar.
Kirit bu arzunu, gəl kirit görüm,
başına dönüm.

"Yağış" şeirinin sonluğu belədir:

Belə ki başlayıb bu gürşad yağış,
İlıq təsəllilər soyuyacaqdır.
Dərdini-odunu unudub hərdən,
Hardasa, gözünü yollara dikən,
Ümidli bir xəstə uyuyacaqdır.

Belə ki başlayıb bu gürşad yağış,
Çətin ki, uyuyam, çətin ki, yatam...

Bu şeir "Ulduz" yurnalında çap olunanda Loğman hələ üçüncü kurs tələbəsi idi. İllər sonra o, yağışla bağlı bir şeir də yazıb. Həmin şeirdə də eyni həlimlik, o illər üçün heç vaxt öləziməyən bir nisgil, etiraf var:
Bu yağış yağanda yol qırağında,
Bir qara daş kimi, bir ağac kimi
İslanmağım gəlir, qalmağım gəlir.
Bütün günahımı, bütün səhvimi
Nədənsə boynuma almağım gəlir...

"Kəndə yağış yağır" şeirinin yaratdığı assosiativ mənzərə isə bir başqa cürdür:
Göyləri doğrayıb şimşəklər çaxır,
Bir qoca qəlbincə bərəkət yağır,
Hardasa göylərin yeddi qatında
Bir qözəl inəyi bir mələk sağır -
Kəndə yağış yağır.

Kənd yolu çatlayıb alataş kimi,
Yemə, suya möhtac körpə quş kimi
Yarpaqlar ağzını açıb göylərə.
Bir müjdə gətirən qaranquş kimi
Kəndə yağış yağır.

Loğman universiteti bitirəndən sonra müəllim işləyib, ailə qurub, öz əlləri ilə Quruçayın daşları ilə ikimərtəbəli ev tikib, gözəl bağ salıb. Həyətində hər cür rahatlıq yaradıb. Lakin...
...O ağrılı çağlar haqqında söhbət edəndə Loğman kimi mən də o ev, həyət-baca, o bağ üçün vaysınıram. Bəzən mən onun iri əllərinə baxa-baxa xəyalımda doğma yurdda qoyub gəldiyi bağ-bağçanı gəzirəm, yetişmiş qaysılardan, albalıdan, üzümdən dadıram. Sonra divarları doğma nəfəs, hənirti üçün qəribsəyən o evin meh çəkən eyvanına çıxıb uzaqlara boylanıram. Mənə elə gəlir ki, Quruçayın o üzündən kəndə tərəf maşın karvanı yol tutub. Onlar bu elin geri dönən köçüdür...
Bir yaz gecəsində qəribə yuxu görmüşəm ( İndiyədək bu yuxunu heç kəsə danışmamışam və nə vaxtdır ki, ürəyimdə vərən-vərən eləyirəm.) Gördüm ki, yazın gül gülü, bülbül bülbülü çağıran çağıdır. Yaşıl zəminin ortasından keçən yolda bir nəfər yanında üç uşaqla mənə tərəf gəlir. Mən isə arxın qırağında oturub özümü yaz günəşinə verirəm. Az sonra uşaqlarla gələnin Loğman olduğunu bildim... Oyanandan sonra gördüyüm yuxunu yozmağa çalışdım, amma bir yana çıxa bilmədim. Lakin o yaşıl buğda zəmisi, o sulu arx, aydın səmə altında zəminin ortasından keçib harasa gedən yol və Loğmanın əllərindən, pencəyinin ətəyindən yapışıb ondan geri qalmaq istəməyən uşaqlar ürəyimdə hər şeyin yaxşılığa doğru olduğu fikrini oyatdı.
İnsanı söz, təsəlli kiridir. Loğman müəllim köçkün həyatının ilk çağlarından söhbət açanda gözlərindəki kədər məni sanki dibsiz uçuruma yuvarlayır. Qorxuram. Buna görə də yol tapıb söhbəti dəyişməyə, onu "aldatmağa" çalışıram. Sonra görürəm ki, o, fikrini dağıtmaq üçün saatlarla kompüter arxasında oturub nəsə yazmağa çalışır. Səhəri və ya o birisi gün hiss edirəm ki, nəsə yazıb qurtarıb və kiriyib. Yeni yazısını, şeirini mənə oxuyanda başa düşürəm ki, ağrısını sətirlərə yükləyib:
Daha ürəyimin təpəri yoxdur,
Uçub, o bağların çəpəri yoxdur.
Vallah, bu dünyanın xəbəri yoxdur,
Məni aldatmağa nə var dünyada.

Könlü daş üstündə açılan güləm,
Bir yovşan ətirli quruca çöləm,
Sonası perikən pərişan göləm,-
Məni aldatmağa nə var dünyada...
Loğman deyir ki, insanlara inandığımdan, sadəlövh olmağımdan ya nədəndisə, bu şəhərdə məni o qədər aldadıblar ki. Buna peşman da olmuşam, hərdən sevinmişəm.
O, nədən yazır-yazsın, misraları isti, fikirləri ürəyəyatımlı olur. Çünki, o, "çiçək yerinə həsrət qoxulayır", yalnız düşmən tapdağında olan yurd yerlərinə, dağına, bulağına yox, adi bir qaratikan koluna da Vətən kimi baxır. Buna görə də, daha çox illərin həsrətə çevirdiyi, soldurduğu, yaxud haçansa tumurcuqlaya biləcək arzuları "suvarmağa" çalışır. Onun şeirləri sanki durna qatarında gözü qalan bir qəribin pıçıltıları, tənha yolçunun özü üçün oxuduğu mahnının sözləri kimidir.

Anam xatın, anam dahi,
Qurumadı gözü, ahı,
Yaylığının ucundakı
Düyün keçsin günahımdan.

Könlüm dolu, süfrəm kasad,
Bu nə ağrı, bu nə təzad,
Gözüm dustaq, ruhum azad-
Tanrı keçsin günahımdan.

Oba köçdü, yaylaq qaldı,
Yurd yerində daylaq qaldı,
Səngərində bayraq qaldı-
Torpaq keçsin günahımdan.

Dünya tamam fitnə-fəsad,
Dönəmmədim yurda, heyhat.
Bacarmasa, oba, elat
Yollar keçsin günahımdan.

O, sözün işığına isinən, rəngini görən, ətrinə bələnməyi bacaran insandır. Buna görə də, istər şeirlərində, istərsə də publisistik yazılarında sözü qənaətlə, bacarıqla işlədir, fikrin və ya sözün çalarını xalq dilindən gələn incilərlə "hörməyə" çalışır. Onun son illər yazdığı "O illərin çörəyi", "Nağıldan şirin nağıl", "Budaqda sarala qalan ümidlər", "Vətəni sevməyin quş dili", "Yağışlar... mələklər və tut ağacları", " Özündən qaçan adam", "Dəvə dərdi", "Zamanın mifi", "Ölüm son dəfə çiçəklənməkdir", " Dünyanın mələk üzüylə ilk görüş","Qədim toylar, qədim sevgilər" və digər yazıları oxunaqlı və adamı düşünməyə vadar edən yazılardır. Əslində bunlar həyat və insan haqqında esselərdi. Müəllif "Yağışlar... mələklər və tut ağacları "nda yazır: "Hər mövsümün yağışı öz sevdiyinə həsr olunur. Yaz yağışı çəmənindir. Yaz yağışından sonra otun, çiçəyin, tumurcuqların sevincini ən yaxşı kəpənəklər duyurlar.
Yay yağışı torpağındı. Yalnız yay yağışlarında torpağın öz ətri, bənzərsiz, özünəməxsus qoxusu gəlir - bir az yanıq, bir az tozlu, bir az da qəribə. Torpaq sözünü ətri ilə deyir, o, torpağın fərəhidir.
Payız yağışları yarpaqlarındı. Həm ayrılıqdı, həm də görüşdü. Yerə qovuşmağa can atan yarpaqlar ata evindən gəlin ayrılan qızlara oxşayır... ".
L. Məmmədov son bir neçə ildə çətin bir sahə olan lüğətçiliklə məşğul olur. O, "Türkiyə-Azərbaycan türkcələri sözlüyü"nü işləyib hazırlayıb. 512 səhifəlik kitab "Nurlar" Nəşriyyat-Poliqrafiya Müəssisəsi tərəfindən çap olunub. Bu sözlük böyük Turan coğrafiyasını əhatə edən türk ləhcələri sözlüyünün hazırlanması istiqamətində mühüm addımdır.

İnsanın əlləri də gözləri kimidir. Buna görə də, kimsə danışanda onun gözlərinə, işləyəndə əllərinə baxırlar. Loğman işləyəndə onu tanımaq olmur. Sanki əlləri sehrlənir. Onu da deyim ki, handa bir bənna daşları onun kimi biri-birinə "isinişdirə", suvaqçı kimi palçığı divara "sevdirə", ən yaxşı mebel ustası onun kimi taxtaları biri-birinə qovuşdura bilməz. Allah ona gözəl ürəklə yanaşı ona əməksevərlik, görüb-götürmək bacarığı, yorulmaq bilməyən əllər bəxş edib. Bu haqda söhbət düşəndə deyir ki, qardaş, qaçqınlıq mənə hər sənəti öyrətdi.
Loğman həm də bir az loğman kimi adamdı. Çox vaxt kəpəkli çörək, çoxlu göy-göyərti yeyir, yaşıl çay içir, evdən işə, işdən evə piyada gedib-gəlir. Başqalarına da belə etməyi məsləhət görür. Hərdən zarafatla ona deyirik ki, nə olsun, uzağı, bizdən iki-üç il çox yaşayacaqsan. O, bu sözlərə təbəssümlə cavab verir. Amma nasazlayanda, bir yerimiz ağrıyanda kömək üçün ondan məsləhət almağa çalışırıq. Çünki, o, İbn Sinadan üzü bəri çox məşhur loğmanların kitablarını oxuyub və onların təbii üsullarla müalicə haqqında fikirlərini mənimsəməyə çalışıb.

Hər gün Yasamaldakı eyni mənzildən Loğman müəllimlə yanaşı üç gözəl, ağıllı və çalışqan qız çıxıb arzularının ardınca yollanırlar. Qızların hər üçü orta məktəbi əla qiymətlərlə başa vurublar. Fərəh Rəssamlıq Akademiyasının doktoranturasında oxuyur, Nihal Pedaqoji Universiteti bitirərək paytaxtımızdakı 246 saylı məktəb-liseydə dərs deyir, Fidan isə İstanbul Universitetinin magistraturasında təhsil alır. Onlar Loğman müəllimlə Şəmsiyyə bacının çiçəklənmiş arzularıdırlar.
Əziz dost, bilirəm, sən ümid sarıdan çox varlısan. O gözəl balaların hər biri müstəqil ailə , ev-eşik sahibi olandan sonra sən illərlə çəkdiyin ağrıları unudacaq, bu dünyada indikindən də nikbin və ümidli insanlardan biri olacaqsan.
Sevgi və ümid çırağın gur yansın. Bu, səninlə bağlı illərlə ürəyimə yazılanlardır, istədim ki, sən də oxuyasan.
Səməd Məlikzadə
banner

Oxşar Xəbərlər