• çərşənbə axşamı, 19 mart, 15:41
  • Baku Bakı 8°C

Rejissorun inandırmaq məharəti

25.10.14 14:35 3694
Rejissorun inandırmaq məharəti
İstər kinoda, istərsə də televiziyada gördüyü işlərlə, yaratdığı filmlərlə özünə əbədiyyətlik qazanmış Kamil Rüstəmbəyov bu gün istedadlı rejissor, əsl azərbaycanlı kişisinə xas olan insani keyfiyyətləri ilə yaddaşlara həkk olunmuşdur. O, ciddi, namuslu, şəxsiyyətli adam idi. Öz qiymətini bildiyi üçün heç kəsin qarşısında əyilməz, səviyyəsinin aşağı düşməsinə imkan verməzdi. Kino işçilərinin yaxşı xatırladıqları bir faktı yada salmaq istəyirəm.
Kamil müəllim kinostudiyada işlədiyi dövrdə yeni çəkiləcək «Yeddi oğul istərəm» bədii filminə quruluş vermək ona tapşırılır. O, rejissor ssenarisini yazır, rollara aktyorları seçir, haralarda çəkiliş aparacağını da təyin edir. Hətta məşqlərə də başlayır. Lakin günlərin birində ssenarini onun əlindən alıb başqasına verirlər. Bu hadisə Kamil müəllimə çox pis təsir edir. O, kinostudiyanı tərk edib özünə qapanır. Səbəbi də bu idi ki, Kamil müəllim kommunist deyildi. Film isə yubiley filmi idi. Bu əhvalatdan sonra kinostudiyanın direktoru Adil İsgəndərov Kamil Rüstəmbəyovun evinə gəlir, onun yenidən kinostudiyaya qayıtmasını xahiş edir və «bu tələ sənə yox, mənə qarşı qurulmuş tələdir» deyir. Qürurlu adam olduğu üçün rejissor baş vermiş hadisə ilə heç cürə barışa bilmir. Kamil müəllimin həyatında belə çətin anlar çox olub.
Yazıçı Aqşin Babayevin müxtəlif sənət adamlarına həsr etdiyi “İşıqlı bir iz ...” kitabında kinorejissor K.Rüstəmbəyovla bağlı belə sətirlər vardır: “...Sən Yusif Səmədoğlunun “Komsomol poeması” əsasında yazdığı “Yeddi oğul istərəm” ssenarisini oxuyanda bir sənətkar qəlbilə sevinmişdin. Bilməmişdim ki, bu dünyada insan ömrünün qənimləri var. Elə qənimləri ki, adamı öldürürlər, amma onları heç kəs tutmur, ittiham etmir, həbsxanaya salmır.
Ssenarini əlindən aldılar. Təkcə ssenarini yox, ömrünün neçə yaşayacaq ilini də. Ləyaqətli adamlar heç kəsin qarşısında baş əymirlər. Bu başəyməmək də onların ömrünə qənim olur. Gödəlir ömür, qısalır ömür. Və vaxtından əvvəl köçür dünyadan insan... Sənin kimi... Amma ləyaqətli ömür yaşadım.”
***
Kamil Aslan oğlu Rüstəmbəyov 1924-cü il dekabrın 7-də Bakıda dünyaya göz açıb. 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-1966-cı illərdə Bakı televiziya studiyasında məsul redaktor, böyük rejissor, baş rejissor, 1966-1976-cı illərdə «Azərbaycanfilm» kinostudiyasında quruluşçu rejissor, kinoaktyor xalq studiyasında bədii rəhbər, 1976-1977-cı illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində plyonka proqramlarının hazırlanması üzrə baş redaksiyanın baş rejissoru, baş redaktoru, 1978-ci ildə televiziyanın baş rejissoru, 1978-1982-ci illərdə «Azərbaycanfilm» kinostudiyasında aktyor şöbəsinin bədii rəhbəri, rejissoru, 1982-1985-ci illərdə Az TV-də rejissor vəzifələrində işləmişdir.
Kamil müəllim 1956-cı il fevralın 14-də Bakı telestudiyasında fəaliyyətə başladığı ilk illərdə hazırladığı və görkəmli ədəbiyyat, elm və incəsənət xadimlərinə – Ü.Hacıbəyliyə, Səməd Vurğuna, akademik Topçubaşova və digər şəxsiyyətlərə həsr etdiyi bir sıra maraqlı verilişlərlə özünü bacarıqlı və düşünən rejissor kimi göstərmişdir. O, silsilə konsert proqramları hazırlamış, S.Şuşinski, X.Şuşinski, A.Bünyadzadə, S.Qədimova, V.Mustafazadə, Z.Xanlarova, M.Maqomayev və digər gözəl musiqiçiləri, müğənniləri kinoplyonkaya çəkmişdir. Bu kinolentlər hazırda Azərbaycan televiziyasının arxivində saxlanılır.
Belə verilişlərdən biri xalq şairi Səməd Vurğunun «Aygün» poeması əsasında hazırlanmalı idi, özü də bu radio tamaşası olmalı idi. Radio tamaşası üzərində iş rejissoru o qədər cəlb etmişdi ki, onda bu poema əsasında bədii televiziya filmi çəkmək fikri yarandı. Rejissor filmin ssenarisi üzərində xeyli işləməli oldu. Ssenari televiziya rəhbərliyinin xoşuna gəldi. Bundan sonra Kamil müəllim yaradıcı çəkiliş kollektivini təşkil etdi.Quruluşçu operator Əlihüseyn Hüseynov, quruluşçu rəssam Fikrət Əhmədov, bəstəkar Zakir Bağırov, səs operatoru Ağahüseyn Kərimov təsdiq olundular.
«Aygün» film-poeması çox çətin, ağır şəraitdə çəkilirdi. Birincisi, nə rəhbərlikdə, nə də çəkiliş kollektivində bədii film üzərində iş təcrübəsi yox idi. İkincisi, o vaxtlar televiziyada bədii filmlərin yaradılması üçün vəsait ayrılmamışdı. Üçüncüsü, televiziyada kino çəkilişi texnikası yox idi. Amma çəkiliş qrupunda yeganə nə vardısa o da film çəkmək arzusunun böyük olması idi. Hamı bir dalğada işləyirdi, hər hansı bir vəziyyətdən çıxış yolu axtarıb tapırdı. Beləliklə, onlar çox çətinliklə kinostudiyadan kino avadanlıqlarını və texniki mütəxəssisləri bu işə cəlb edə bildilər. Mütəxəssislər çəkiliş prosesinə xidmət göstərirdilər.
Qeyd etmək lazımdır ki, 1958-1960-cı illərdə, yəni iki il ərzində film çəkilərkən televiziya rəhbərliyi yaradıcı qrupa çox çətinliklə maddi köməklik göstərirdi. Çünki bu, digər verilişlərdən imkan daxilində edilən qənaət hesabına başa gəlirdi.
Kamil Rüstəmbəyovun həyat yoldaşı mənə danışırdı ki, elə aylar olurdu ki, Kamil evə nə maaş gətirirdi, nə də qonorar. Soruşanda maaşın hanı, deyirdi ki, filmə ayrılan pul çatmadığı üçün maaşımı payladım fəhlələrə.
«Aygün» Azərbaycan televiziya tarixinə ilk bədii film (1960) kimi daxil olmuşdur.
Bu, eyni adlı poema əsasında ekranlaşdırılmış qeyri-adi filmdir. Televiziya bədii filmi görkəmli şair Səməd Vurğunun xatirəsinə həsr olunmuşdur. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. “Aygün” ailə-məişət dramı olmaqla bərabər, həm də burada humanizm, ətrafındakı adamlar qarşısında məsuliyyət hissi kimi əhəmiyyətli insani keyfiyyətlər tərənnüm olunur. Bu keyfiyyətlər Səməd Vurğunun “Aygün” poemasında olduqca parlaq, canlı və gözə çarpacaq dərəcədə öz əksini tapmışdır. Əlbəttə bu işdə, təsvir baxımından bir sıra kadrların çəkilişində operator Ə.Hüseynovun əməyini xüsusi qeyd etmək lazımdır.
Maraqlı cəhət burasıdır ki, sonralar bu ssenari əsasında libretto yazıldı və bəstəkar Zakir Bağırov «Aygün» operasını yaratdı.
1964-cü ildə K.Rüstəmbəyovun ekranlaşdırdığı «Zəncirlənmiş adam» bədii televiziya filminin də yaranma tarixçəsi qeyri-adi olmuşdur.
Bu film şair Ənvər Əlibəylinin ssenarisi üzrə tammetrajlı bədii film kimi düşünülmüşdü. Ssenarinin əsasını isə Argentina yazıçısı Osvaldo Draqunun “İtə çevrilən adam” povesti təşkil edirdi. Baş rolda istedadlı aktyor Ağadadaş Qurbanov (Alvardo) çəkilirdi. Teatrın Salyanda qastrolu zamanı bu böyük sənətkarın faciəli şəkildə həlak olması nəticəsində filmin çəkilişləri dayandırıldı. Mehmanxanada A.Qurbanov qızı Gülşənlə balkona çıxanda balkon uçur. Hər ikisi yerə yıxılır. Ağadadaş müəllim xəstəxanada vəfat edir. Gülşəni isə xilas etmək olur. Filmin rejissoru Kamil Rüstəmbəyov deyirdi ki, Ağadadaş Qurbanovsuz çəkilişləri davam etdirməyə əllərim qalxmırdı.
Bu əhvalatdan iki il sonra çəkilmiş materiallar əsasında əvvəlki ssenari dəyişdirildi, film tammetrajlı deyil, 5 hissədən ibarət alındı. Filmdə ehtiyac üzündən varlının həyətində iti əvəz etməyə məcbur olan sadə bir insanın faciəli taleyindən danışılır.
Ailə başçısı olan Alvardo hara getsə də iş tapa bilmir. Nəhayət o, bir varlının qapısına gəlir. Ev sahibi bildirir ki, ölmüş itini əvəz edərsə, onu işə götürə bilər. Alvaro-A.Qurbanov bu təklifdən dəhşətə gəlir, “mən insanam, it deyiləm” – deyir. Lakin məcbur olub razılıq verir. Bundan sonrakı hadisələrdə qəhrəmanının keçirdiyi sarsıntıları, əsəb gərginliyini aktyor o qədər təbii və səmimi şəkildə canlandırır ki, onun itə necə çevrildiyinə inanmağa başlayırsan. Əlbəttə, bu uğuru aktyorla rejissorun birgə işinin nəticəsi kimi qiymətləndirmək lazımdır.
1965-ci ildə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının rəhbərliyi Kamil Rüstəmbəyovu studiyada işləməyə dəvət etdi. Burada onun yaradıcılığının ikinci dövrü başladı. Ona «Dağlarda döyüş» bədii filminə quruluş vermək tapşırıldı. Filmin ssenarisini yazıçı Əhmədağa Qurbanov özünün «Tikanlı məftillər» povesti əsasında yazmışdır. Rejissor K.Rüstəmbəyov böyük həvəslə və məsuliyyət hissi ilə bu əsər üzərində işləmişdir.
Müxtəlif illərdə ölkənin sərhədlərini qoruyan sərhədçilərin çətin və qəhrəmanlıq xidmətlərindən, sərhədi sayıq qorumalarından bəhs edən filmlər çəkilmişdir. «Dağlarda döyüş» hərbi-vətənpərvərlik filmində də bu mövzuya aid kinolentlər üçün xarakterik olan cəhətlər vardır: uzaq dağ zastavası sərhədçilərinin gündəlik fəaliyyətləri, sərhədin pozulması, həyəcan siqnalı, təxribatçıların təqib olunmaları, şiddətli vuruşmalar…
Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması «Dağlarda döyüş» filminin əsas qayəsini təşkil edir. Filmdə Böyük Vətən müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır.
Dağlarda sərhəddi keçənlə sərhədçinin döyüşü uzun illər bir-birindən ayrı düşmüş ata ilə oğulun görüşüdür. Onların görüş səhnəsi çox təsirlidir. Çünki bu görüş ayrı-ayrı dünyagörüşlərinə, ideologiyalara malik iki insanın görüşü və toqquşmasıdır. Müəlliflər oğul Fərruxun simasında gənclərimizin Vətənə məhəbbət və sədaqət hissini göstərməyə müvəffəq olmuşlar.
Filmin müəllifləri mənəvi münaqişəyə yüksək vətəndaşlıq mənası vermiş, qəhrəmanların xarakterlərində həyat həqiqətlərini, faktın doğruluğunu aça bilmişlər. Düzdür, filmdəki hadisələr çox sürətlə və əyləncəli şəkildə inkişaf edir, lakin təəssüf ki, müəlliflər filmin macəra hissəsinin orijinal və maraqlı həllini tapa bilməmişlər. Sərhədi pozanların təqib olunması digər filmlərdən olan səhnələri xatırladır.
Bununla belə, filmin əsas məziyyəti ondan ibarətdir ki, biz sərhədi təkcə coğrafi anlayış kimi yox, əsgərlərimizin igidlik və dözümlük yeri kimi görürük. Onların mənəvi-döyüş keyfiyyətlərinin, xidməti borclarının möhkəmliyinin sərt sınaqlara çəkildiyinin şahidi olur, Vətənimizin keşiyində sayıq dayanan əsgərlərimizlə fəxr edirik.
Əlbəttə, «Aygün» və «Zəncirlənmiş adam» televiziya bədii, «Dağlarda döyüş» bədii filmlərində özünü bacarıqlı kinorejissor kimi təsdiq edən Kamil Rüstəmbəyova «Yeddi oğul istərəm» filminin quruluşunun tapşırılması göründüyü kimi təsadüfi deyildi. Lakin söhbətimizin əvvəlində dediyimiz kimi, bu filmin heç bir səbəb olmadan onun əlindən alınması Kamil müəllimi nə qədər mütəəssir etsə də, bunun ardınca «Axırıncı aşırım» filminin ona həvalə olunması rejissora sanki uçmaq üçün qol-qanad verdi. Bu film də ekranlaşdırmadır. Yazıçı Fərman Kərimzadə filmin ssenarisini özünün məşhur «Qarlı aşırım» romanı əsasında yazmışdır.
Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.
Filmin ssenarisi hər şeydən əvvəl dramatik hadisələrin kəskinliyi, xarakterlərin bütövlüyü ilə rejissorun diqqətini cəlb etmişdir. Ədəbi əsər ekran dilinə çevrilərkən müəyyən itgilərə yol verilsə də bütövlükdə film baxılır. Bir-birindən əks mövqedə duran iki dünyanın nümayəndələrinin – Abbasqulu bəylə Kərbəlayi İsmayılın toqquşması tamaşaçıda böyük maraq doğurur.
Filmdən aldığı təəssüratı yazıçı-rejissor Həsən Seyidbəyli «Bakinskiy raboçiy» qəzetində dərc etdirdiyi məqalədə belə ifadə etmişdir: «Bu fim Kamil Rüstəmbəyovun uğurudur. «Dağlarda döyüş» filmindən sonra onun yaradıcılığında əhəmiyyətli addımdır. Ekranda öz taleləri, tərcümeyi-halları və faciələri olan inandırıcı insanlar göründülər. Bütövlükdə maraqlı aktyor ansamblı seçilmişdir. Həsən Məmmədovun ifasında Abbasqulu bəy və Adil İsgəndərovun ifasında Kərbəlayi xüsusilə fərqlənirlər…»
Əyninə bolşevik şineli geyinsə də Abbasqulu bəy daxilən sovet hökuməti ilə barışan adam deyildi. Sadəcə olaraq o, başa düşürdü ki, şura hökuməti ilə baş-başa gəlməyin mənası yoxdur. Ona görə də Kərbəlayini və onun dəstəsini real faciədən qurtarmaq istəyir. O, Kərbəlayiyə «hökumətnən hökumətlik eyləməyəcəyik ki» deyir. Kərbəlayi cavabında deyir: «Mən belə hökumət tanımıram».
Kərbəlayidə mərdlik, mübarizliklə yanaşı düşünülməmiş bir qürur var. Ona görə də Abbasqulu bəy deyir: «Kərbəlayi, camaatı qırğına vermə».
“Axırıncı aşırım” filmi çəkiləndə Adil müəllim özü təklif etdi ki, mən Kərbəlayi İsmayılın obrazında özümü görürəm. Rejissor K.Rüstəmbəyov sınaq çəkilişləri aparmadan Adil müəllimi bu rola təsdiq etmək istədiyini bildirəndə aktyor cavabında demişdi: “Yox, sən sınaq çəkilişlərini elə. Bir də diqqətlə baxaq, arxayın olaq. Amma mən özümü bu rolda görürəm.”
Filmdə aktyor Həsən Məmmədov Abbasqulu bəy obrazını böyük ustalıqla yaratmışdır. Bu obrazda aktyorun özünə xas olan fərdi yaradıcılıq xüsusiyyətlərini görmək çətin deyil: alicənablıq, etibar, inam, nəciblik və təmkinlik.
Filmdə tarixi həqiqətlər müəyyən qədər qorunub saxlanılıb. Əsil həqiqət belədir ki, Abbasqulu bəy daşnaklar tərəfindən qətlə yetirilib. Kəndlilərin üsyanı isə 1930-cu ildə yatırılmış, 80 nəfər üsyançıdan 63 nəfəri, o cümlədən Kərbəlayi İsmayıl oğlanları ilə birgə Türkiyəyə keçib getmişdir. Onun yaşadığı İqdır vilayətinin Aralıq mahalının Daşburun kəndində yol kənarında böyük bir qəhvəxanası, mal-mülkü, torpaq sahələri olub. Hazırda Kərbəlayi İsmayılın qəbri Türkiyədə Daşburun kəndindədir.
1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kino festivalında münsiflər heyətinin üzvü olan Həsən Seyidbəyli danışırdı ki, festival filmləri arasında «Axırıncı aşırım» daha çox maraqla baxılırdı. Bu təkcə mənim yox, məsuliyyətli münsiflər heyətinin bütün üzvlərinin fikri idi. Təsadüfi deyil ki, filmin hər iki baş qəhrəmanının rollarını ifa edən Adil İsgəndərov və Həsən Məmmədov ən yaxşı kişi rollarına görə mükafatı yarı böldülər.
Rejissor K.Rüstəmbəyov televiziyada çalışdığı illər ərzində müxtəlif növdən olan filmlər üzərində işləyərkən xeyli təcrübə toplamışdı. Bu səbəbdən kinostudiya rəhbərliyi Moskvanın Mərkəzi televiziyasının sifarişi olan film-konsertin yaradılmasını Kamil müəllimə tapşırdı. 1973-cü ildə çəkilmiş «Mahnı qanadlarında» televiziya rəngli filmi tamaşaçıları bir saat ərzində mahnının qanadlarında gəzdirir, onları Bakının füsunkar gözəlliyi, geniş panoramı ilə tanış edir.
Bu film çəkilərkən kinostudiyada iri həcmli «Dədə Qorqud» bədii filmi də istehsal olunurdu. O vaxtlar kinostudiyada baş vermiş bir hadisə nəinki eşidənləri, elə başına gəlmiş bu əhvalat Kamil müəllimi də şok vəziyyətinə salmışdı.
Bir gün Kamil Rüstəmbəyov əlində təzə qəzet oxuya-oxuya kinostudiyanın 3-cü mərtəbəsinə qalxarkən hiss edir ki, nəsə tüklü bir şey ona toxunub yanından ötdü, başını qaldırıb geriyə baxanda görür ki, bu şirdir. Bir başqası yəqin ki, qorxusundan qışqır-bağır salardı. Kamil müəllim bir daha dönüb baxır və görür ki, şir gedib. Sonra onun yanından keçənlər diqqət yetirirlər ki, K.Rüstəmbəyov heykələ dönüb, tərpənmir. 2-3 dəqiqədən sonra o özünə gələrək deyib ki, yaman qorxdum, dilim-ağzım qurudu.
Bax, beləcə Kamil müəllimin xətrinə toxunanda, onunla ədalətsiz rəftar edəndə o, bütün əsəblərini, həyəcanlarını, təlaşını içinə çəkirdi, ürəyinə salırdı, amma büruzə vermirdi. Bu da onun səhhətinə mənfi təsir göstərirdi. Sonralar Kamil müəllim başına gələn bu qorxulu hadisəni yumorla həmkarlarına danışır, deyib gülürdü. Həmin şir isə Bakıda Berberovlar ailəsində yaşayırdı və «Dədə Qorqud» filmində çəkilirdi.
1976-cı ildə rejissorlardan Şamil Mahmudbəyov və Kamil Rüstəmbəyov dramaturqun ikinci dram əsəri olan «Hekayti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni» məşhur klassik komediyasının motivləri əsasında «Dərviş Parisi partladır» kinokomediyasını çəkmişlər.
Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Əsərdə olduğu kimi, filmdə də köhnəliklə yenilik qarşı-qarşıya qoyulur, feodal-patriarxal ənənələrə kor-koranə riayət edilməsi, tərəqqiyə mane olan köhnə qayda-qanunlar, ətalət, avamlıq, gerilik və durğunluq ifşa edilir, ictimai elmlər, xüsusilə təbiətşünaslıq elmi, maarif və mədəniyyət təbliğ olunur, sakit patriarxal mühitdə mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət edilir.
Bu rəngli genişekramlı kinokomediyanın quruluşçu operatorları Arif Nərimanbəyov və Z.Məhərrəmovdur. Filmə baxanda aydın görünür ki, operatorlar çəkiliş vaxtı işıqlardan bacarıqla istifadə etmişlər. Onlar kadrların kompozisiya cəhətdən bitgin olmasına səy göstərmişlər. Filmdəki kadrlara baxanda elə bil ekranda rəngkarlıq əsərini görürsən.
Kamil müəllim «Gözlə məni» tarixi-inqilabi filmini görkəmli dramaturq İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» pyesinin motivləri əsasında çəkmişdir. Lirik-psixoloji dram janrında yaradılmış bu film tarixi və mənəviyyat problemlərinə toxunur. Filmdə 1917-1920-ci illərdə Azərbaycanda baş verən tarixi hadisələrdən – inqilab dalğasının Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxmasından, qırmızı ordu dəstələrinin yerli feodalların hakimiyyətini öz əllərinə almalarından və burada yeni qayda-qanunlar yaratmalarından danışılır.
Ümumiyyətlə, rejissor Kamil Rüstəmbəyov hansı filmi çəkirdisə, ona ürəyinin bir parçasını hopdururdu. Ona görə də onun filmləri baxılır, sevilir, neçə on illər keçməsinə baxmayaraq köhnəlmir. Bu, sənətkar xoşbəxtliyi deyilmi?
Böyük ekran üçün dəyərli bədii filmlər yaratmaqla yanaşı televiziyada kino sənətinin təməlini qoyan K.Rüstəmbəyovun vaxtilə çəkdiyi və sənət korifeylərinə həsr etdiyi film-konsertlər televiziyanın qızıl fondunu təşkil edir.
Günlərin birində K.Rüstəmbəyovu televiziyanın kadrlar şöbəsinə çağırıb, “60 yaşın tamam olub, pensiyaya çıx.” O, elə o dəqiqə ərizəsini yazdı. Və bu ərizədən sonra 6 il ev dustağı oldu, yəni heç bir yerdə işləmədi. Dostlarından biri “Niyə ərizə yazdın?” soruşanda Kamil müəllim cavab verdi: “Dedilər yaz, yazdım. Demək lazım deyiləm də... Lazım olsaydım mənə ərizə yazdırmazdılar ki...”
Azərbaycanın kino və televiziya rejissoru Kamil Rüstəmbəyov 1991-ci il yanvarın 29-da vəfat etmiş və Bakının köhnə qəbristanlığında torpağa tapşırılmışdır.
Televiziya verilişlərinin birində aparıcı xanım K.Rüstəmbəyova belə bir sualla müraciət edir: «Əgər siz yenidən kinematoqrafa qayıtsaydınız hansı mövzulara, hansı süjetlərə üstünlük verərdiniz?» Cavab: «Mən daha çox tarixi filmlər çəkərdim. Ona görə ki, gənc nəsil bizim qəhrəmanlıq keçmişimizi, milli adətlərimizi, ənənələrimizi, nailiyyətlərimizi və nöqsanlarımızı daha dərindən tanısın».
Təəssüflər olsun ki, «Gözlə məni» filmindən sonra o, on bir il ərzində nəinki, tarixi mövzuda, ümumiyyətlə heç bir film çəkmədi, yəni ona film təklif olunmadı. Amma yaratdıqları rejissor Kamil Rüstəmbəyov adının milli kino tariximizdə yaşaması üçün kifayət etdi.
Aydın Kazımzadə

banner

Oxşar Xəbərlər