• cümə, 27 Dekabr, 00:30
  • Baku Bakı 9°C

Son ana qədər zarafat etməyə çalışan aktyor

19.06.17 11:10 3252
Son ana qədər zarafat etməyə çalışan aktyor
«Aleksey Batalovun ölümü Rusiya mədəniyyəti üçün böyük itkidir. O, böyük rus aktyoru idi. Onun yaratdığı obrazlar əsrlərlə yaşayacaq». Rus və sovet kinosunun görkəmli simasının ölümü haqqında mətbuatda böyük təəssüf hissi ilə yazırlar. "Əgər Aleksey Batalovun ən məşhur rollarını toplasan, sovet adamının ideal antologiyası alınar”- aktyorun ölümünə həsr olunan televiziya və radio verilişlərində səslənən bu fikirlər Aleksey Batalova böyük məhəbbəti ifadə edir.
88 yaşında dünyasını dəyişən aktyorun həmkarları da, onun filmlərinin pərəstişkarları olan tamaşaçılar qədər dərin kədər içərisindədirlər. «Bu cür insanlar vəfat edəndə sanki dünya boşalır»- deyə onlar kədərlərini bölüşürlər. Aktrisa İrina Çurikova «Mən dərin kədər içindəyəm» deyir. «O, sonuncu romantik idi» - deyən İqor Kostalevski «Batalov böyük aktyor, ölkəmizin fəxri idi. Heyf ki, bu cür insanlar qalmır. O, poeziyanı, incəsənəti gözəl bilirdi. Ziyalı və ağıllı adam idi. Əxlaqlı insan kimi sevilirdi. O, həmçinin gözəl ailə başçısı idi»- fikirlərini də əlavə edir.
Yuxuda ikən vəfat etdi
Aleksey Batalov Moskva xəstəxanalarının birində vəfat edib. Aktyorun yaxın dostu Vladimir İvanov onun son vaxtlar ağır xəstə olduğunu bildirib. Batalov iki ay idi ki, ayağını sındırdığı üçün xəstəxanada yatırdı. Əməliyyatdan sonra onu reabilitasiyamərkəzinə köçürmüşdülər. Həkimlər onun vəziyyətini «orta-ağır» qiymətləndirirdilər. İyunun 14-də - ölümündən bir gün əvvəl keşiş onun palatasına gələrək dini ayinləri icra edib. «Aleksey Batalov yuxuda ikən, sakitcə vəfat etdi. Axşam yatdı, səhər isə ayılmadı. Səhər saatlarına qədər o, sağ idi. Nəfəs alırdı. Səhər saat 6-da nəbzini yoxlayanda isə artıq vəfat etmişdi. O, son ana qədər zarafat etməyə çalışırdı, özünü gümrah tuturdu. Həyat yoldaşı Gitana Arkadyevna və qızı Maşa aktyorun xəstəxanadan qayıtmasını səbirsizliklə gözləyirdilər. Onun mütləq sağalacağına inanırdılar. Hətta Aleksey Vladimiroviçə düş almaq rahat olsun deyə, hamam otağını da təmir etdirmişdilər. Ancaq tale başqa oyun oynadı!”
14 yaşlı aktyor
Aleksey Batalov 1928-ci ildə Vladimir şəhərində, aktyor ailəsində doğulub. Ona heç karyera seçimində düşünmək də lazım olmayıb. Ata-anası aktyor idi. Ancaq onun 3 yaşı olanda valideynləri ayrılır. Çox keçmədən anası, yazıçı-satirik Viktor Ardov ilə evlənir. «Mən çox balaca idim və nə baş verdiyini anlamırdım. Ardovu öz atam hesab edirdim” deyə aktyor uşaqlığını xatırlayırdı: "Axşamlar evimiz maraqlı insanlarla dolu olurdu. Kryazmadakı bağımız həmişə yadımdadır. Bir çox yazıçılar orada ev kirayələmişdilər. Yaşıl bağımızdakı verandaya axşamlar yaşlı insanlar toplaşırdılar. Biz yazıçıların uşaqları ilə bir yerdə oynayırdıq. Elə ilk həyat yoldaşım İrina Rotovanı da onların arasında görmüşdüm».
Müharibə başlayanda Alekseyin 14 yaşı var idi. Ancaq qocalana qədər, eşitdiyi hava hücumları siqnalı onun qulaqlarından çəkilmirdi: «Müharibə dəhşətli idi. Hava həyəcanı siqnallarınıeşidəndə gizlənməyə yer axtarırdıq. Əvvəlcə Moskvadan köçmək istəmirdik. Hamı deyirdi ki, müharibə tez qurtaracaq, bizimkilər qalib gələcəklər. Ancaq bizi Moskvadan evakuasiya etdilər. Sverdlovsk, Ufa, Kazan şəhərlərində qalmalı olduq. Qəribədir ki, qatarla bir şəhərdən digərinə gedərkən mən şeir yazmalı oldum. Vaqonun yuxarı yataq yerində uzanarkən ağlıma «Vaqon məni yelləyir» sözləri gəldi. Müharibədən sonra mənim poetik təcrübəmi əks etdirən dəftəri ilk oxuyan Anna Axmatova oldu. Anna Andreyevna «Bunlar şeirlərdir» dedi. Əlbəttə, onun dilindən bu sözləri eşitmək mənim üçün böyük qiymət idi”.
Batalov 14 yaşında olanda Buqulma şəhərində səhnəyə çıxır. Evakuasiya zamanı anası Nina Olşevskaya orada öz teatrını yaratmışdı. Buqulmada insanlar indi də Batalovun vaxtilə yerli teatrda çalışması ilə fəxr edirlər. Teatrı anası Nina Olşevskaya yaratsa da, onlar yerli teatrı aktyorun adı ilə adlandırmaq istəyiblər. Batalov buna etiraz etsə də, xeyri olmayıb. «İkimərtəbəli əyalət klubuna demək olar ki, bütün ətraf ərazilərdən insanlar gəlirdi. Biz burada əsl teatr yaratmışdıq. Evakuasiya olunan aktyorlardan ibarət truppamız var idi. Pyesləri səhnələşdirir, dekorasiyalar qururduq. Mən səhnə işçisinin köməkçisi idim. Pərdəni açıb-bağlayırdım. Bəzən olurdu ki, aktyorlar acından birbaş səhnədə yıxılıb qalırdılar. Bir dəfə anamla da belə hadisə baş verdi. Mən qorxdum. Anamın həmkarları onun köməyinə qaçdılar. «Pərdə... Pərdəni bağla» sözləri indi də qulağımdadır. O vaxtdan 70 ildən çox vaxt keçib. Buqulmada teatr o vaxtdan mövcuddur. İndi bu teatr mənim adımı daşıyır”.
A.Batalov 15 yaşında kinoda debüt edərək Leo Arnştamın «Zoya» filmində epizodik rola çəkilir. "Təbii ki, o illərdə təhsilməni az maraqlandırırdı. Müharibə illəri idi, çoxlu dərs buraxmalı olurdum. Ona görə də məktəbi normal bitirə bilmədim. Fəhlə-gənclər üçün gecə məktəbini qurtardım” deyə aktyor danışırdı: "10-cu sinifdə oxuyanda bir gün atalığımın yanına gəlib evlənmək istədiyimi dedim. Atalığım etiraz etmədi. Heç gülmədi də. Məni diqqətlə dinlədi və «yaxşı Lyoşa, ancaq sən heç olmasa əvvəlcə məktəbi qurtar» dedi. O, həmişə mənim bütün hərəkətlərimə hörmətlə yanaşırdı. Hətta, ondan qorxa-qorxa pul istəyəndə də sözümü kəsib «nə qədər lazımdır, de verim» deyərək, pulu nə üçün istədiyimlə maraqlanmırdı. Təbii ki, məktəbi bitirən kimi evlənə bilmədim. Ancaq bu məqsədimə 1948-ci ildə - Teatr İnstitutunda oxuyanda nail oldum. Seçdiyim qızı – İrina Rotovanı ailəmiz gözəl qəbul etdi. Mənim üçün onunla uşaqlıqdan dost olmağımın və İrinanı yaxşı tanımağımın böyük əhəmiyyəti vardı. Mən çox qorxaq oğlan idim. İlk görüşümüzdən sonra o, mənə arxasında «Alyoşaya birinci arvadından» sözləri yazılmış şəklini bağışladı. İrinanın gözəlliyi ilə yanaşı, yumor hissini də ailəmiz yüksək qiymətləndirirdi”.
Çilingər Qoşa
"Moskvaya gələndən və Teatr İnstitutuna daxil olandan sonra bir müddət teatrda çalışdım. Özümü kinoya həsr etməyə birdən qərar verdim. Bunun üçünsə teatrdan uzaqlaşmalı oldum”- deyə aktyor xatırlayırdı: "Teatrdan çıxmaqla bağlı öz istəyimlə ərizə yazanda çoxları mənə «dəli olmusan, peşman olacaqsan» - dedilər. Əgər mən o zaman qərar verməsəydim, taleyim başqa cür olacaqdı. Teatrda böyük rollar ala bilmirdim. Ancaq kinoya ilk gəlişimdə əsas rolu oynadım. Əlbəttə, mənim kinomotoqrafik təcrübəm yox idi. İlk illər mənim üçün asan olmadı. «Lenfilm»də çəkiləndə mənim Leninqradda yaşamağa yerimyox idi. Ümumiyyətlə, burada hamı özgə idi. Ancaq məni hansısa qüvvə kinoda qalmağa və oxumağa məcbur etdi. Kiyevdə «Ana» filminə çəkiləndə, ümumiyyətlə, kinostudiyada gecələyirdim. Kinoya olan sevgim məni geri çəkilməyə qoymurdu”.
Beləcə, aktyorun filmoqrafiyasında 80-dən artıq rol yer alır. «Böyük ailə», «Durnalar uçur», «Moskva göz yaşlarına inanmır», «Rumyansevin işi», «İtgəzdirən qadın», «Mənim əziz adamım», «Stalinin dəfni», «Qaçış», «Yeni evlənənlər üçün çətir» və digər filmləri onun kinematoqrafiyadakı yerini səciyyələndirmək baxımından kifayətdir.A. Batalovun çəkildiyi «Durnalar uçur» filmi 1958-ci ildə Kann festivalının əsas mükafatını - «Qızıl palma budağı»nı alanda isə artıq onun şöhrəti Rusiyanın sərhədlərini çoxdan aşmışdı.
A.Batalovun ən məşhur rollarından biri Vladimir Menşovun çəkdiyi «Moskva göz yaşlarına inanmır» filmindəki çilingər Qoşa roludur. 1981-ci ildə film «Ən yaxşı xarici film» nominasiyasında «Oskar» mükafatına və SSRİ Dövlət mükafatına layiq görülür.«Moskva göz yaşlarına inanmır» filmi haqqında aktyor nostalji hisslərlə danışırdı: «Film 1980-ci ildə SSRİ-də prokatın lideri idi. 90 milyon insan filmə baxmışdı. Filmin «Oskar» mükafatına layiq görülməsi kinematoqrafiyanın rəhbərliyi və tənqidçilər üçün gözlənilməz oldu. Çünki film ekrana çıxandan sonra "yüngül melodrama janrı” kimi tənqidlərlə qarşılanmışdı. Filmin rejissoru Vladimir Menşov və yaradıcı heyət «Oskar»ın təqdimat mərasiminə gedə bilmədilər. Amerika kino akademiyasının mükafatını almasını isə rejissor «Zaman» proqramından eşitdi. Mükafatlandırma mərasimi 31 martdakeçirilmişdi, amma aprelin 1-də bu barədə «Zaman» proqramında xəbər verildi. Qızıl heykəlciyi sonradan Menşovun əvəzinə SSRİ-nin Amerikadakı səfirliyinin mədəniyyət məsələləri üzrə ataşşesinə təqdim etdilər. Amerika prezidenti Ronald Reyqan filmə 8 dəfədən çox baxmışdı. O, Mixail Qorbaçovla görüşündən əvvəl bu ekran əsərinə baxmaqla sirli rus qəlbini öyrənməyə çalışırdı. Ancaq o, heç də rus qəlbini kəşf edə bilmədi”. 2006-cı ildə Rina Aqapova ilə Marqarita Davıdovanın «Moskva göz yaşlarına inanmır: 6 qadının taleyi» kitabı çapdan çıxır. Filmdə çəkilən Muryavyova, Alentova, Ryazanova, Xanayeva, Fyodorova, Vavilovanın tərcümeyi-halından bəhs edən kitab böyük maraqla qarşılanır. Film həmçinin Berlin kino festivalının «Qızıl ayı» nominasiyasını qazanır. "Bu uğurları görmək hər bir aktyorun arzusu idi. Mən aktyor kimi xöşbəxt idim”- deyə A.Batalov qürurunu gizlətmirdi: "Filmə SSRİ-nin hər yerində baxırdılar. Ekran əsərindəki cümlələr zərb-məsələ çevrilmişdi. Bizi hər yerdə barmaqla göstərirdilər. Mənim adım az qala yaddan çıxmışdı. Hamı mənə "Qoşa” deyirdi. Çilingər Qoşa...”
Aleksey Batalov rus və sovet kinosu tarixinə adını böyük hərflərlə yazdı. "Rusiya kinosu bir daha belə aktyor yetirməyəcək” fikri isə aktyorla vidalaşmağı gözləyən insanların dilində səslənir. Aktyorla vida mərasimi isə Moskva Kino Evində baş tutacaq. Batalovun vəsiyyəti ilə onu Preobrajenski qəbiristanlığında, anasının yanında dəfn edəcəklər.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər