• cümə, 27 Dekabr, 00:18
  • Baku Bakı 9°C

Ayla

25.12.17 16:40 2659
Ayla
"Metropark”da vaxt öldürürük. Geyim mağazalarında dolaşırıq ki, vaxt keçsin. Tez gəlmişik. Tələbələri gözləyirik. Filmə baxacağıq. Nəhayət, yorulub əldən düşdük. Özümüzü yetirdik beşinci mərtəbədəki divana. Əyləşdik. Ki, iki xanım ucadan söhbət edir. Xanımlardan birinin 18 yaşı ancaq olardı. Digəri orta yaşlarında. Aralarında qəribə bir təzad var idi: Qız olduqca dəbli geyinmişdi. Qısa ətək, uzunboğaz çəkmələr və yasəməni saçları. Orta yaşlı xanım isə qara çadraya bürünmüşdü. Röya gözünü qızın saçlarından çəkmir. Mən astaca noldu? Xoşun gəldi qızın imicindən? O, qulağıma pıçıldayır. Həə, gör qızın nə qəşəng saçları var. Utanmasam mən də bu rəng edərdim saçımı. Tez-tez dəyişərdim.
Mən: xoşun gəlir, elə də.
Röya: Nə bilim, adama qəribə baxırlar.
Nəfəsimi içimə çəkib ürəyimdən keçirdim. Gör e, hələ də nəyəsə və kiməsə görə yaşayırıq. Necə baxarlar, nə deyərlər. Xırda məsələlər qınanır. Qalan vacib işlər isə yüzüncü dərəcəlidi. Röya sanki ürəyimdən keçənləri oxudu. Əlini çiynimə qoyub dilləndi. "Ülvi, o gün metroda bir oğlan dayanmışdı. Geyimi, saçları fərqliydi. Yaşıllı, qırmızılı paltar geyinmişdi. Saçın da yaşıla çalan rəngə boyamışdı. Qəflətən bu oğlan başqa bir oğlanla mübahisə etməyə başladı. Sən demə, oğlanın şəklin çəkib vatsapla kiməsə göndərib. Bu da haqlı olaraq xahiş edir ki, şəklimi silin. Mədəni oğlan idi. O biri isə etdiyi az deyilmiş kimi mübahisə edirdi...
Eyy, ay Röya. Kafka bunları deyirdi də. Bir əsr əvvəl. "K.”-ə imkan vermirdilər ki, şəxsi həyatın yaşasın. Sevgilisi ilə yaxınlğını belə gözətləyirdilər. İndi isə heç şəxsi həyat qalmayıb.
Çarşablı qadının səsi bizi "ədəbi-estetik” söhbətin şirin yerindən ayırdı. Fikrimiz yönəldi onlara sarı. "Deyirlər yaman qəşəng kinodu. Adamı ağladır”. Qız başın tərpədib: "Mama, hələ var vaxta, gedək çay içək”.
Filmin ilk səhnəsi İkinci dünya müharibəsindən sonra Cənubi Koreyada bir kəndin təsviri ilə başlayır. Kənddə xoşbəxt bir ailə var. Ata qızı üçün taxtadan velosiped düzəldir. Ancaq sürmək qismət olmur. Çünki göydən bomba yağır. Qızcığazın ata-anasını şimallı, komunist əsgərlər öldürür. Velosipedin üstündən isə tank keçir. Nazim Hikmət demişkən:
"Kopardım portakalı dalından
ama kabuğu soyulamadı.
Oldum yıldızlarla haşır neşir
ama sayısı bir tamam sayılamadı”.
Balaca qız valideynlərinə doya bilmir. Elə bu vaxt "Nato”nun tərkibindəki türk əsgərləri Cənubi Koreyaya gəlir. Onlar yolda pusquya düşürlər. Baş leytenant Süleyman həmin qızı tapır. O, qızcığazı qərargaha gətirir. O gündən bütün çətinliklərə baxmayaraq qız Süleymanla birgə qalır. Qorxudan nitqi tutulan qıza ad qoyur Süleyman. Ayla. Ay üzlü Ayla. Sevgilisi Nuran narahatdır. Çünki Süleymanın Koreyaya getməyin istəməmişdi. İndi isə Ayla Süleymanın həyatına daxil olub. Ayla Süleymana "ata” deyir. Süleymangilin tağımını yeni gələn türk əsgərləri əvəz edir. Ancaq Süleyman Ayladan ayrıla bilmir. Orda qalır. Ancaq Ayla Türkiyənin Koreyada açdığı "Ankara” məktəbinə aparılır. Yetim uşaqlar ora verilməlidir.
Hadisələr məhzun bir nəğmənin nəqarəti kimi əvəzlənir. İki səhnə daha kədərlidir. Ayladan ayrıla bilməyən Süleyman onu çamadana qoyub aparmaq istəyir. Ancaq məktəbin koreyalı müəllimi və Süleymanın zabit dostu Məsud özlərini hadisə yerinə çatdırır. Aylanı aparmağa icazə vermirlər. Süleyman Türkiyəyə qayıdanda vəziyyət dəyişir. Sevgilisi Nuran başqası ilə nişanlanıb. Buna tab gətirməyən Süleyman atasına məktub yazır ki, məsləhət bildiyi bir qızla evlənmək istəyir. (Süni bir səhnədir, bu qədər sev və tələsik bir qərar ver). O, qonşuları Nemət ilə evlənir. Nemət Süleymanı illərlə ürəyində gizli sevib...
Süleyman hər gün konsulluğa gedib Aylanı axtarır. Boğazından bircə loxma çörək də keçmir. Nemətin ona kömək etməsi, qayğısı arada isti münasibət yaradır. İllər keçsə də Süleyman Aylaya verdiyi sözü unutmur. Axı o geri qayıtmalıydı. Ancaq bütün axtarışlara rəğmən nəticə yoxdur. Araya türk jurnalist Özgə ilə koreyalı həmkarı girir. Onların axtarışı nəticə verir. 2010-cu ildə Seulda Ayla və Süleyman görüşür.
Filmin aktyor seçimləri uğurludur. Çetin Tekindordan başqa. Süleymanın gəncliyini İsmayıl Hacıoğlu canlandırır. "Leyla və Məcnun” serialının əfsanəsi Əli Atay köməkçi kişi aktyordur. Süleymanın zabit dostu Əli atıcı-zabitdir. Şən və həyat doludur. Güclü aktyor siması olan Murat İldırım kommunist zabit Məsudu canlandırır. Nuran xarakteri isə Damla Sönməzdir. Əllinci illərin çılğın, aşiq qadınına uyğun bir aktrisa. Başqa tanınmış aktyorlar da var. Ancaq əsas bu xarakterlər filmin dramatik atmosferini yaradırlar.
Bir də kino sənəti Kim Seulla yeni bir aktrisa kəşf etdi. Aylanın uşaqlığını canlandıran Kim performansı ilə heyrət doğurur. Süleymanın qocalığı Çetin Tekindora tapşırılıb. Qocaman aktyorun hər zamankı süstlüyü. Donuq təsir bağışlayır. Hətta, süni. Qızının dərdini çəkən ata görünmür. Özünü fağır və yazıq göstərən ahıl bir kişi var. Bu vəziyyət də adamı yorur. Filmin təsir gücünü azaldır.
Ssenari işində də xətalar var. İğit Güralp kimi professional bir ssenarist insan amilini qabartmır. Film Süleymanın davranışını türk milləti ilə əlaqələndirir. Axı belə bir davranış və qayğını hər hansı bir insan edə bilər. Süleyman fərd olaraq yaxşı alınıb. Ancaq tez-tez türk milləti o yaxşılığı etdi, bu qədər hümanistdir, belə mərhəmətlidir kimi fikirlər dinamikanı, temperamenti aşağı salır. Onsuz da xarakterlərin hərəkətində hər şey aydınlaşır. Buna gərək yoxdur. Hislər və duyğular lazım olan məqamları ifadə edir. Əlbəttə ki, millətlərarası dostluq və qardaşlıq sənətin mövzusu ola bilər. Ancaq açıq şəkildə, birbaşa diktə sənətlə uzlaşmır. Bu xətalarda rejissor Can Ulkayın da payı var. (Sonrada "Ayla” üçün "Oskar” tələb olunur). Vizual effektlər yaxşı alınıb. Effektlərlə humanist dəyərlərin harmoniyası baş tutub.
Az qala ikinci səhnə yaddan çıxacaqdı. İkinci emosional təsir yaradan səhnə Əlinin ölümüdür. Merlin Monro xəstəsi olan Əli nə vaxtsa onla görüşəcəyini xəyal edir. (O dövrdə yaşayan və Monronu tanıyan hansı kişinin xəyalı deyildi ki?!) Və bir gün xəbər gəlir ki, Monro əsgərlərə konsert verməyə gəlir. Əli isə həmin gün növbətçidir. Süleyman və Məsud Əliyə söz verirlər ki, ona xanım Monrodan avtoqraf gətirəcəklər. Özü də öpüşlü. Bunun üçün Aylanın əlinə Monronun şəklini verirlər. Aylanı görən Monro onu yanına çağırır. ...avtoqraf alınır. Elə bu vaxt gözətçi Əli düşmən tərəfindən məhv edilir. İfadə edilməyəcək qədər kədərlidir. Gərək özünüz baxasınız.
Filmdən sonra yarım saat Röya ilə dinib-danışmadıq. Daha sonra Röya mənə "Starbucks”da qəhvə içməyə dəvət edir. Tünd qəhvə beynimi açır. Özümüzə gəlirik. Röya qəfildən: "Bəlkə bir yazı yazasan "Ayla” haqda”. Mən gözümü ovuşdurub: Yazaram e, mənimki esse olacaq, daha çox filmin duyğu estetikasından yazaram. Sevda xanım yazsaydı oxuyardıq. Röya: Həə, o xanımın yazıları maraqlıdır. Mən: Elədi, Röya. Teatr və kino barədə təkcə onun yazıları öyrədici gəlir mənə. İctimai mövqeyi də vicdanlıdır.
Qadın və ya kişi. Əsas olan insan və ziyalı mövqeyi deyilmi? Sadəcə səmimi söhbət idi. Bir ovuc sənət adamı arasında nə yaxşı ki, Sevda Sultanova imzası var. Kristal bir şəxsiyyətdir. Yazılarında, sözdə elə görürəm onu. ("Ayla”dan da yazsa yaxşı olar. Maraqlıdır mənim üçün).
Gənc Tamaşaçılar Teatrında da Röya ilə birlikdəyik. Tamaşanın başlamağına az qalıb. Arxada orta yaşlı bir bəy və iki xanım söhbət edir. Müəllim yazıçıdır. Deyir ki, o hekayəmi oxumusuz? Təsirli hekayədi. Qız öz atasının toyunda rəqs edir. Amma xəbəri yoxdur. Hə, onu da dedi ki, qırmızı paltarlı qızdı. Qəribədi, sənət əsərləri biri digərini təlqin edir. Lap Rene Jiraın "Üçbucaq arzu” tezisi kimi. Bir-birinə təsir edir, bir-birini xatırladır. Professor Akif Hüseynli mənə həmişə irad tutur ki, yazılarında çox xatırlamalar edirsən. Bu, məndən asılı deyil. İstənilən halda müqayisələr və paralellərin qüsuru çox olur. Aydın məsələdir. Ancaq Atasının toyunda rəqs edən qırmızı paltarlı qız mənə Spilberqin "Şindlerin sıyahısı” filmini xatırlatdı. Film ağ-qara effektlərlə çəkilib. Ancaq balaca bir qızın paltosu qırmızıdır. Uşağın dünyası müharibəyə yaddır. Rənglidir. Uşaqların ölümü, qanı üstündə qurulmuş bir rejim. Və başqaları.
Üç uşağın taleyi sənətdə və yaddaşımda birləşir. Və bu yazı doğulur. Yazıda var olmağın estetikası. Bir az da romantika yaradır. Axı onsuz olmur. Oxumadığım, ancaq adını eşitdiyim bir hekayə və iki film Nazim Hikmət kimi deyir: "Uşaqlar dünyanı alacaq əlimizdən ölümsüz ağaclar əkəcəklər". Təki... təki elə olsun.
Ülvi Babasoy
banner

Oxşar Xəbərlər