• cümə axşamı, 26 dekabr, 23:59
  • Baku Bakı 9°C

Unudulmuşlar

20.04.15 06:30 3684
Unudulmuşlar
O, düz 53 il milli kinomuzda çalışdı. Kinematoqrafiyamızın inkişafa üçün əlindən gələni əsirgəmədi. Müxtəlif illərdə kinostudiyada istehsal olunmuş «Kəndlilər», «Arşın mal alan» (1945), «Doğma xalqımıza», «Uzaq sahillərdə», «O qızı tapın», «Səhər», «Romeo mənim qonşumdur», «Xəzər neftçiləri haqqında dastan», «Dənizi fəth edənlər» və s. filmləri titrlərində onun da adına rast gəlirik: «Səs operatoru Ağahüseyn Kərimov».
Çox təəssüf ki, bu gözəl insan artıq unudulmuşların sırasındadır. O, 1991-ci ilin mayın 20-də 82 yaşında vəfat etmişdir. Mən Ağahüseyn müəllimlə 1963-cü ildən, kinoya gəldiyim ilk günlərdən tanış idim. Maraqlı həmsöhbət idi. Bu peşəkar səs operatoru ilə bağlı apardığım qeydləri arxivimdə, A.Kərimova aid 175 nömrəli qovluqda qoruyub saxlayıram. Beləliklə…
… Çoxdankı söhbətdir. Moskvada Mərkəzi Sənədli Filmlər Studiyasında «Xəzər neftçiləri haqqında dastan» bədii-sənədli filminə baxış keçirilirdi. Baxışdan sonra Bədii Şuranın üzvləri və filmi görmüş tamaşaçılar yaradıcı kollektivi təbrik etdilər. Həmin axşam filmin səs operatoru Ağahüseyn Kərimovun ünvanına xoş sözlər çox deyildi.
A.Kərimovun dediklərindən:
«Filmin çəkilişi Neft daşlarında qurtardıqdan sonra onun montaj edilməsi və səsləndirilməsi ilə Moskvada məşğul olduq. Hələ film çəkilən zaman mən sinxron yazılışdan əlavə neftçilərin iş prosesində yaranan müxtəlif səsləri də lentə köçürürdüm. Ehtiyat üçün yazdığım bu səslər Moskvada filmi səsləndirərkən mənim işimi olduqca yüngülləşdirdi…
Filmin rejissor ssenarisində səs tərtibatı qısa qeydlərlə yazılır. Həmin qeydlər əsasında filmin səs əlaqələrini düzgün əks etdirmək üçün operator xeyli orijinal ideyalar gətirməlidir. Bəziləri səs operatoruna ikinci dərəcəli sima kimi baxırlar. Hətta mətbuatda filmlərə həsr olunmuş resenziyalarda səs operatorunun adı belə yazılmır. Halbuki səs operatoru istər nitqi, musiqini, istərsə də başqa səsləri hadisələrə uyğunlaşdırmaq üçün ciddi axtarışlar aparır, görmədiyi və eşitmədiyi şeylərin səsini kinolentində tarixi dəqiqliklə canlandırmaqdan ötrü əsl tədqiqatçıya çevrilir».

Ağahüseyn Əşrəf oğlu Kərimov 1909-cu ilin yanvarın 1-də dünyaya göz açmış, gənclik illərində Əczaçılıq Texnikumunu bitirib aptekdə işləmişdir. Günlərin birində Ağahüseyn yoldaşlarından Kərim Əmirov və Əziz Şeyxovla sözü bir yerə qoyub Leninqrad Kino Mühəndisləri İnstitutuna daxil olmağı qərara alır. Ancaq iş elə gətirir ki, yoldaşları Leninqrada gedir, Ağahüseyn isə Tbilisiyə – Kənd Təsərrüfatı İnstitutuna. Dostlar kino mühəndisi, Ağahüseyn entomoloq ixtisasına yiyələnirlər.
Kərim «Azərfilm» kinostudiyasında artıq baş mühəndis işləyirdi. Bir gün onunla görüşərkən Ağahüseyni studiyaya dəvət edir. Beləliklə də, Ağahüseyn kinostudiyada çəkilişinə hazırlıq görülən «Bakılılar» tarixi-inqilabi filmində səs operatoru assistenti vəzifəsinə qəbul olunur.
A.Kərimov bu sahədə ilk təcrübəni məhz «Bakılılar» filmində keçir. Həmin filmdə iki səs operatoru çalışırdı: İ.Ozerski və P.Pavlov. O, ölkənin ən yaxşı səs operatorlarından olan P.Pavlovun assistenti idi. Həmin filmdə işlədiyi qısa müddət ərzində təcrübəli səs operatoru gənc həmkarına çox şey öyrədə bilir.
Bunun ardınca, 1939-cu ildə «Kəndlilər» tarixi-inqilabi filmi istehsala buraxılanda mərhum rejissor Səməd Mərdanov Ağahüseyni öz çəkiliş qrupuna dəvət edir.
Kinostudiyada yarım əsr ərzində A.Kərimov kimlərlə işləməyib… O, Səməd Mərdanov, Viktor Turin, Lətif Səfərov, Rza Təhmasib, Nokolay Leşşenko, Aleksandr Zarxi, İosif Xeyfis, Roman Karmen, Hüseyn Seyidzadə, Ağarza Quliyev, Həsən Seyidbəyli, Sergey Yutkeviç kimi görkəmli rejissorlarla əməkdaşlıq etmiş, məşhur aktyorlardan Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Nikolay Oxlonkov və Nikolay Kryuçkovla yaxın dost olmuşdur.
Azərbaycanda kinoya səsin gəlməsi ilə bağlı ortaya bir sıra çətinliklər çıxmışdı. Səs operatoru həmin dövrü belə xatırlayırdı: «30-cu illərin ikinci yarısında Azərbaycan kinosunda bir canlanma əmələ gəlmişdi. Bu, ilk növbədə kinoya səsin gəlməsi ilə əlaqədar idi. Lakin o zaman bizim qarşımızda bir sıra çətinliklər dururdu. Bu çətinliklərin ən başlıcası kinostudiya binasında tammetrajlı bədii filmlərin istehsalı üçün şəraitin olmaması idi. Kinostudiya lazımi texniki avadanlıqla təchiz edilməmişdi. Milli kadrların hazırlanmasına böyük ehtiyac var idi. Kinostudiyanın rəhbərliyi, hətta respublikanın o vaxtkı başçısı Moskvadakı kino rəhbərlərinə nə qədər məktublar yazsa da, elə bir əhəmiyyətli dəyişiklik olmurdu.
Bununla belə, biz həvəslə işləyirdik. K.Əmirov kinostudiyanın texnika ilə təchiz olunması üçün bütün qüvvəsini sərf edirdi. Sonralar onun təşəbbüsü və yaxından iştirakı ilə yeni-yeni avadanlıqlar alınıb kinostudiyada qurulurdu. Səs yazmaq üçün mikrofonlar, aparatlar, pult indikindən tamamilə fərqlənirdi, həcmcə çox böyük idi. belə avadanlıqla işləmək də çətinlik törədirdi. Buna baxmayaraq, çəkiliş meydançasında iş prosesində sinxron yazılış gedirdi. Çalışırdıq ki, ətraf səslər, metronun taqqıltısı yazılışa düşməsin. Ona görə də aparatın üstünü qalın örtüklə bağlamalı olurduq.
Köhnə kinostudiyada iki baxış zalımız var idi. Onlardan birində həm səs yenidən yazılırdı, həm də səsləndirmə aparılırdı. İş çox olduğu üçün gecələr də işləməli olurduq».
Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Kazımova A.Kərimovun ömür-gün yoldaşı idi. Onun da adı unudulmuşlar siyahısına düşmüşdür. Zeynəb xanım indiki Bakı Dövlət Universitetini bitirmişdir. Ağahüseyn müəllimlə eyni vaxtda, 1936-cı ildə «Azərfilm» kinostudiyasına işləməyə gəlmiş, həmin il «Almaz» bədii filmində komissiyanın üzvü rolunda çəkilmişdir. Amma bundan sonra «Dəcəl dəstə» filmində rejissor köməkçisi, «Səbuhi»də rejissor assistenti, «Fətəli xan», «Bakının işıqları və «Telefonçu qız»da II rejissor, «Dağ meşəsindən keçərkən” novellasında quruluşçu rejissor işləmişdir.
Z.Kazımova sənədli kino rejissoru kimi tanınmışdır. «Akif Cəfərovun briqadası», «Əzim Əzimzadə», «Umnisə xanım», «Sevil Qazıyeva», «İgidliyin əbədidir sənin», «Muğan qızı», «Sürəyya», «Gəmilər tarlaya çıxır» və s. sənədli filmlərini, kinojurnallar üçün çoxlu süjetlər çəkmişdir. Zeynəb xanım 1984-cü ildə vəfat etmişdir.
A.Kərimovun xatirələrindən:
«Zeynəb xanım bu gün aramızda olmasa da, onun surəti həmişə gözlərim önündədir. Söhbətləri qulaqlarımda səslənir. Zeynəb xanımla «Səbuhi» filmində birgə işləyəndən sonra evlənmişdik. Uzun illər dublyajda da bir yerdə çalışmışıq: o, rejissor olub, mən də səs operatoru.
Zeynəb xanım çox işgüzar, özünə qarşı tələbkar, hər şeyin yerini bilən adam idi. İşdə də, evdə də səliqə-sahmanı çox sevərdi. Nəinki özünün, həm də həmkarlarının müvəffəqiyyətinə uşaq kimi sevinərdi».
Ağahüseyn müəllimlə Zeynəb xanım bax beləcə əl-ələ verib əlli ilə yaxın bir yerdə ömür sürdülər, xoş günlərində də, çətin günlərində də başqalarına nümunə oldular.
A.Kərimov ilk dəfə filmə çəkilmək üçün dəvət alanda bundan xəbər tutan Zeynəb xanım təəccübünü gizlətməyib: «Ağahüseyn, doğru deyirsən, yoxsa zarafat edirsən, sən filmdə baş rola çəkiləcəksən?”“– deyə ondan soruşmuşdu. Ağahüseyn müəllim də cavabında demişdi: «Zeynəb xanım, sən Həsəni yaxşı tanıyırsan. O, rol bölgüsündə səhv etmir, həm də risk etməyi xoşlayan kinorejissordur».
Bir dəfə A.Kərimovla kinostudiyada görüşəndə mən də onun aktyorluq fəaliyyətinə mat-məəttəl qaldığımı bildirdim. Cavabında o, mənə belə dedi: «Əvvəla, mən vaxtilə kinostudiyanın həmkarlar təşkilatının sədri, partiya təşkilatının katibi və istehsalat üzrə direktor müavini vəzifələrində çalışmışam. Heç vaxt da öz peşəmə xəyanət etməmişəm. Aktyorluq məsələsinə gəldikdə isə, bu, rejissor Həsən Seyidbəylinin təşəbbüsüdür. O, məni «O, qızı tapın» filmində baş rola dəvət edəndə özüm də təəccüb etdim. Ancaq deyilənlərə görə pis alınmayıb».
Bu filmdə A.Kərimov quldur dəstəsinin başçısı Emin Şirinov rolunda çəkilmişdir. Onun yaratdığı surət amansızlığı, qəddarlığı, hiyləgərliyi ilə diqqəti cəlb edir. Ağahüseyn müəllimin «O qızı tapın» detektiv filmindəki işi sonradan digər rejissorların da marağına səbəb olmuşdur. O, 1977-ci ildə rejissor Rasim Ocaqovun «Ad günü» filmində epizodik, rejissor Gülbəniz Əzimzadənin «Qaladan tapılan mücrü» filmində (1982) zərgər, rejissor Eldar Quliyevin «Gümüşgöl əfsanəsi» filmində (1984) xalçaçılıq muzeyinin direktoru, rejissor Vaqif Mustafayevin «Yaramaz» filmində (1988) baba rollarında iştirak etmişdir.
Kinostudiyanın gələcəyi kino və əmək veteranını daim düşündürürdü. O, deyirdi: «Hər bir kinostudiyanın markasını onun kollektivinin istehsal etdiyi dəyərli, keyfiyyətli filmlər qaldırır. Filmin əsasını isə ssenari təşkil edir. Yaxşı ssenari yaxşı rejissorun əlinə düşdükdə əlbəttə, nəticə də istənilən səviyyədə olur. Hamı birdəfəlik yadda saxlamalıdır ki, zəif filmlər istehsal etməklə biz studiyanı ancaq iflasa uğrada bilərik. Bunun üçün də hər bir kəs öz işini elə qurmalıdır ki, görkəmli ədibimiz Cəfər Cabbarlının adını daşıyan «Azərbaycanfilm» kinostudiyasında yalnız yüksək bədii səviyyəli kino əsərləri yaradılsın, bu filmlər nəinki ölkəmizdə, həm də dünyanın hər yerində tamaşaçıların rəğbətini qazansın. Mən buna inanıram. Ayrı-ayrı vaxtlarda istehsal olunmuş bir neçə maraqlı film bunu deməyə haqq verir.
Xüsusilə qeyd etmək istəyirəm ki, cavanlarımız seçdikləri peşəyə ürəkdən bağlansınlar. Hərə öz sahəsində var qüvvəsi ilə çalışsın. Onlar kinematoqrafın əsaslarını dərindən öyrənsinlər. Əgər kiminsə ürəyi gördüyü işə yatmırsa, başqa bir işin qulpundan yapışsın. Bunun həm özünə xeyri olar, həm də cəmiyyətimizə.
Mən respublika əhəmiyyətli fəxri təqaüdçüyəm, həm də Böyük Vətən Müharibəsi iştirakçısıyam. Özümü də gümrah hiss edirəm. Ancaq indi mənim də istirahət vaxtım çatmışdır. Ondan arxayınam ki, kinostudiyamızda layiqli əvəzedici gənclərimiz az deyil».
Ağahüseyn müəllim bu nəsihətamiz sözləri mənə düz 26 il bundan əvvəl, 1989-cu ildə A.M.Şərifzadə adına Aktyorlar Evində onunla bağlı keçirilən 80 illik yubileyi günü demişdi.
Ötən illər ərzində milli kinematoqrafiyamızda çox şey dəyişmişdir: filmlərimiz nəinki beynəlxalq kinofestivallarda nümayiş etdirilir, həm də bir çox mükafat və diplomlara layiq görülür. Kinostudiyada gənclərin böyük bir dəstəsi çalışır. Onlar dünya şöhrətli «Oskar» mükafatına layiq görülmək üçün cəhdlər də göstərirlər.
Kinomuzu yaradanları, onu inkişaf etdirənləri isə biz heç zaman unutmamalıyıq. Böyük şairimiz Səməd Vurğunun təbirincə:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər…

Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi
banner

Oxşar Xəbərlər