MÜFƏTTİŞİN RÜŞVƏT TEATRI

Harada "Müvəttiş” var, yanında mütləq
"Ölülər” dayanır.
Harada dirilər ölü kimi yatır, onları
ayıltmağa həmişə bir müfəttiş tapılır.
Bir qazalaq yolu bəs edir ki, "Müfəttiş”dən
"Ölülər”ə çatasan: İskəndər həmişə Xlestakovun qonşusudur: revizorro Firəngistandan
da gələ bilər, Moskvadan da.
"Müfəttiş”lə "Ölülər”in repertuarda "qol-qola
girib” teatrı reklam eləməsi yaxşı bir əlamət! Mirzə Cəlilə də min rəhmət,
Qoqola da min-min...
Amma kimə gülürük?! Əlbəttə ki, özümüzə.
Əgər gülürüksə, əgər gülə biliriksə... Çünki Qoqolun da, Mirzə Cəlilin də
dünyasında vahiməli kabuslar, təhlükəli danabaşlar, qorxulu, adamsifət siçovullar,
cinlər, şeytanlar, saqqallı uşaqlar dolaşır...
Öncə rejissor Mikayıl Mikayılovun
qurduğu "Müfəttiş” tamaşasının mövzu seqmentləri: rüşvət, yaltaqlıq, xəyanət,
satqınlıq, şəhvət, əxlaqın devalvasiyası. Rejissor yozumunun konseptual tezisini
mən bu cür qavradım: "Müfəttiş” dünyanın rüşvət teatrıdır: rüşvətin
anatomiyası, sosiologiyası, dialektikası, futurologiyası və kulturologiyası burada.
Rüşvət vermək də, rüşvət almaq da bir
tamaşadır: elə tamaşa ki ayinə maksimal şəkildə yaxınlaşır. Bu müstəvidə rüşvət
həm də qumar variantı olur, qumarla sərhədləşir. Rüşvəti vermək üçün də, rüşvəti
almaq üçün də, eynən ayin və qumarda olduğu kimi, gərək aktyorluq eləyəsən,
oyun qurasan, qarşındakı "ac hərifi” inandırasan və aldadasan.
Mikayılın "Müfəttiş” tamaşası bu fəlsəfi
fikir modusunun səhnə məkanında bədii-vizual gerçəkliyidir. Odur ki, səhnədə
qumar kimi şıdırğı rüşvət-rüşvət oyunu gedir: hərənin öz partiyası, öz gedişi,
öz pulu və öz bicliyi; yəni qrim rəngarəngliyi üçün, improvizlər üçün
aktyorlara təklif edilən imkanlar boydan. Elə Xlestakovun məktubundan bəlli bənzətmələr,
ad və soyadlarda şifrələnmiş mənalar da nəyə desən dəyər! Əlbəttə ki, yaradıcılıq
fantaziyası olsa... Axı Qoqolun magik realizmi təxəyyülü haralaracan istəsən
uçurub aparar...
"Müfəttiş” də o tamaşadır ki, burada hər
hansı bir rolun ifaçısı ertəsi gün səhər məmləkətin ulduz aktyoru kimi öz yuxusundan
ayıla bilər. Təəssüf ki, Milli Dram Teatrının "Müfəttiş” tamaşasında aktyorlar belə
bir perspektivdən uzaqdırlar...
Hərçənd tamaşa bütövdür: mizanlar,
epizodlar ilmə-ilmə bir-birinə bağlanıb. Musiqi, xüsusilə birinci hissədə, Qoqol
dövrü Rusiyasının əyalət həyatını yüngülcə dingildəyə-dingildəyə bəmdə "çalır”.
Səhnə qara qutudur, mərkəzdən çilçıraqla işıqlandırılır. Arxa plan (quruluşçu rəssam
İlham Elxanoğlu) divar boyu asılmış müxtəlif ölçülü içiboş çərçivələr
kollajıdır: rusların əyalət şəhərləri üçün xarakterik taxta evlərin fasadına da
oxşadıla bilər, rüşvətxorların pətəyinə də. Hər çərçivədən bir xaç da görünsəydi
əgər, onları tabut rəmzi kimi də anlamaq olardı. "Hər bir tabut modifikasiya
olunmuş çərçivədir” fikrindən itələnsək, o zaman görəcəyik ki, "Müfəttiş” əhli
də elə potensial ölülərdir.
Rejissor da, rəssam da səhnə planşetini
əlavə heç nə ilə yükləməyib: epizoda minimal nə lazımsa, məsələn, masa, stol,
taxt, qapı, o da əlüstü səhnəyə çıxarılır. Ortadakı çərçivə-taxça-tabut
Qoqolundur, mişovul Qoqolun, qara şinelli, uzunburun mayestro Qoqolun. O, "Müfəttiş”
pyesini dövlət xəzinəsini dağıdan siçovul məmurlar haqqında yazıb, özü də olub
onların kralı. Qəribədir, mən tamaşaya baxarkən alman yazarı E.T.A.Hofmanın nağılı əsasında rus P.İ.Çaykovskinin
bəstələdiyi "Şelkunçik” ("Fındıqsındıran”) baletini xatırladım. Rüşvət də
Xlestakovun fındıq qismində muşqulatıdır.
Yeri gəlmişkən, "Sonalar gölü” baletindən
də məşhur nömrələrin Dobçinski-Bobçinski (sonalar dəstəsinin birgə rəqsinin
fraqmenti), Anna Andreyevna (Ağ sona) və Marya Antonovna (Qara sona) tandemində
karikatura tərzli təqdimi parateksti pozsa da, tamaşada getdikcə tündləşən rəngləri
açır. Dobçinski-Bobçinski əl-ələ tutub "Sonalar gölü”ndən kiçik bir fraqmenti
könteycəsinə karikaturaya çevirəndə sirk itlərinə oxşayırlar. İfa alayarımçıq,
plastik və sərrast olmadığından bu improviz tamaşanın oxunuşuna və estetikasına
heç bir bonus gətirmir.
Adətən, qadınlar qonaq qəbul eləyəndə
geyinib-keçinərlər. Mikayılın "Müfəttiş” versiyasında Anna ilə Marya isə əksinə,
soyunub balet kostyumunda Xlestakovu qarşılamağa çıxırlar. Epizod qəfildir,
effektlidir, xəfif təbəssüm doğurur, vəssalam: amma tamaşanın sensasiya
fraqmenti kimi seyrçini etkiləndirmir. Nədən ki, tanış və istifadə edilmiş
priyomdur. Bu bir tərəfə: icra da səliqəsiz və zövqsüzdür. Bir də klassik balet
dəstinə öyrəşməmiş azərbaycanlı aktrisalar bu geyimdə həməncə diskomfort
yaşayırlar.
Tamaşada rejissorun fikir və mizan
partiturası sanki həqiqətən notlar üzrə yığılıb. Mizanlar və tərtibat düşüncələr
zənciri yaradır, hər şeyi çox aydın və səlis danışır, nəyi ki rolların ifaçıları
barədə söyləmək olmur. Ona görə mənə elə gəldi ki, bu partitura tamam başqa
aktyorlardan ötrü "biçilib”, ancaq Milli Dram Teatrının aktyorlarının "əyninə
zorla geyindirilib”. Nədən anladım mən bunu? Ondan anladım ki, aktyorlar tamaşanın
rejissor partiturası ilə müəyyənləşmiş taktlara dəqiq düşə bilmirlər, tamaşanın
ritmik strukturunu heç cür tuta bilmirlər: tamaşanın tələbinə uyğun yox, özlərinə
uyğun oynayırlar. Onların ifaları təqribidir, konkret deyil və hərə bacardığı qədərincə
oynayır, yəni həmişəki kimi, yəni hər zaman Milli Dram Teatrında olduğu kimi.
Ol səbəbdən mən "bəlkə bu tamaşa
imitasiyadır?” deyə fikirləşdim. Çox ola bilər, məqamlarca hətta birbaşa
iqtibaslardan da söz açmaq mümkün. Nə olsun ki? Məgər müəyyən bir dəb zamanı
insanlar bir-birinə baxıb geyinmirlər? Geyinirlər, amma deyirlər ki, du dəb
filan-filan modelyerdəndir... Sənətdə də hamı bir-birindən öyrənir, bir-birindən
təsirlənir, bu ondan, o da bundan nəyisə bəyənib özəlləşdirir, di gəl, demir
ki, həqiqi müəllif kimdir. Azərbaycanın bir sıra rejissorları, hətta
tanınmışları belə, tarix uzunu (sübut-dəlil boydandır) məhz Moskva və Peterburq
teatrlarında gördükləri tamaşaları gəlib Bakı səhnələrində imitasiya eləyiblər,
başqa rejissorun hər hansı bir bədii mətnə verdiyi konseptual həlldən
faydalanıblar. Teatr aləmi buna təhqiramiz baxmır: təki nəticə əldə edilsin,
tamaşa sevilsin, camaatı ehzaza gətirsin.
Milli Dram Teatrında isə bu, alınmayıb:
parlaq, yadda qalan aktyor oyunu tamaşada, demək olar ki, yoxdur; azacıq Rövşən
Kərimduxt Lyapkin-Tyapkin rolunda fərqlidir, xarakterə müvafiq personajın
yerişini, jestini qura bilib, qrim, parik və geyiminə sonacan adekvat olub.
Mikayıl Mikayılovun konsepsiyasına görə
Xlestakov tamaşada rüşvət teatrının cavan rejissorudur. Nə tuhaf ki, bu konsepsiyanın
filiqran aktyor həllini seyr edə bilmirsən.
Tamaşanın rejissor partiturasında
aktyorlar ağır və ləng görünürlər, zorən aktyor kimi görünürlər, əlacsız və
çaşqın, bəlkə də məşqsiz görünürlər, rol xaricində görünürlər, canlarını dişlərinə
sıxıb oynayırlar və oynadıqlarından həzz almırlar.
Halbuki "Müfəttiş”, "Ölülər” kimi
tamaşalar teatrın şansıdır, aktyor talelərinin şansıdır.