• cümə, 27 Dekabr, 00:09
  • Baku Bakı 9°C

İnsan təbiətinə baxış

20.06.16 10:43 3416
İnsan təbiətinə baxış
"Korlar arasında baş verən hadisələrin cərəyan etdiyi bir roman yazılmalıdır” – Orxan Pamuk bunun xəyalını quranda ötən əsrin 90-cı illərinin lap əvvəlləri idi. Hələ ki, Pamuk bir çox ideyanın xəyalını quraraq, yaşayırdı. Həmin illərdə isə Joe Saramaqo artıq xəyal qurmaq mərhələsini keçmiş və Pamukun xəyalını qurduğu o romanı yazmağa başlamışdı. 1995-ci ildə o xəyalı qurulan roman – "Korluq” ("Blindness”) işıq üzü görür. İllər sonra isə bu roman rejissor Fernando Merielles tərəfindən ekranlaşdırılır.
Kitabın arxasında yazılır: "Joze Saramaqo bu təsirli romanında korluq duyğusunu bir metafora kimi istifadə edib... təhkiyənin bəşəriləşə bilməsi üçün obrazlara ad verməməklə, liberal demokratiyanın insanları sürüklədiyi qeyri-sağlam mühiti mükəmməl bir ustalıqla yaratmışdır”. Əslində, korluq məfhumu bədii əsərlərin çoxunda metafor kimi istifadə edilir. Kiminsə itkisi ilə kor olmaq, fərdin dünyaya və özünə yadlaşması və s. kimi hallara işarə edir. Məsələn, Elias Canettinin şah əsəri hesab edilən "Korlaşma” bunun ən yaxşı nümunəsidir: "Korlarla dolu dünyada baxışımızı əlimizdən aldılar”.
Bəs, mütləq bir bədniyyətliliyi, əxlaqi korlanmanı və ya kirlənmiş düşüncəni göstərmək üçün niyə "xəstəlik” məfhumuna üz tuturuq? Hərçənd, korluğun bir xəstəlik kimi qəbul edilməli olub-olmaması da ayrıca bir problemdir. XVIII əsrdə Avropada korluğun bir "xəstəlik” yoxsa "günah” kimi qəbul edilməsi məsələsi var idi. Buna ad vermək olmurdu. Rəsmilər bu naməlum səbəbli vəziyyətin adını dillərinə almır, onu "bəyaz fəlakət” adlandırırdılar. "Korluq” məfhumu isə müasir insanın ictimai tənqid silahıdır. Çünki özünü digər bütün canlılardan üstün tutan insan görmə qabiliyyətini itirməklə, ibtidayi canlıya çevrilir. Lakin əksərən, bu halda da fiziki yox, mənəvi korluq nəzərdə tutulur – mənəvi korluğa düçar olanın da ibtidayi canlıdan fərqi yoxdur. Öz içinə boylana bilmək bacarığını itirmiş, daxili ilə bağı qopmuş, görməyən, vicdan məfhumunu həyatından çıxarmış, daxili bir korlaşmanın xarici təzahürüdür, əslində, nəzərdə tutulan bu "bəyaz fəlakət”.
Saramaqonun və Meirellesin "Korluq”-u
Hər şey belə başlayır – adam qəfildən kor olur, sonra isə onu evinə ötürən oğru, sonra adamın həyat yoldaşı, müraciət etdiyi göz həkimi, sonra bir fahişə, balaca bir uşaq, gözü onsuz da bintlənmiş olan yaşlı kişi və sonra hamı... Bircə nəfərdən başqa – həkimin xanımı!
Korluğun niyə və necə keçdiyinin üstündə nə romanda, nə filmdə durmurlar. Qəfildən kor olanlardan biri isə bu fəlakəti çox qəribə təsvir edir: "Bu bəmbəyaz bir süd gölündə üzmək kimidir”. Amma niyəsə biz hamımız korluğu həmişə qaranlıq, sonsuz tündlük kimi təsəvvür edirik. Bəlkə də, burada yayılan əsl korluq deyil. Ya da bəlkə də bizim bildiyimiz əsl korluq deyil. Yaşlı kişi obrazı: "Biz sonradan kor olmamışıq, elə onsuz da kor idik”. Korluq müasir sivilizasiyamızı üstündə inşa etdiyimiz görmə (baxmaq yox, məhz görmək) qabiliyyətimizi itirməyimizlə başlayıb. Əsər əslində, bir-iki detaldan da anlaşıldığı kimi demokratik cəmiyyət haqqında düşündürməyi hədəfləyir. Burada hamının bir-birindən bir şeylər oğurladığı, hətta fiziki korların aparatları oğurlayanların yaşadığı bugünün cəmiyyəti təsvir edilir. Oğrunun həkimə dediyi kimi: "Burada hamı bərabərdir”. Amma təəssüf ki, bərabərlik sosial ədaləti bərqərar etmək üçün kafi deyil. Çünki nisbətən güclü olanlar digərləri ilə müqayisədə daha üstündür. Bu baxımdan korların saxlandığı yer bir mikro-kosmos kimi qəbul edilə bilər. Burada qadın-kişi münasibətləri, güc və iqtidar məfhumları, qidalanma-sığınacaq tapma kimi müasir dünyanın əsas problemləri yenidən məna qazanır, yenidən müzakirə edilir, əslində nəyə nə qədər ehtiyacımızın olduğu göstərilir. Bəlkə də, məfhumların mənalarının hamı üçün başqa şey ifadə etdiyi bir dünyada görmək fiziki korluqdan daha pisdir. Çünki bu dözülməz vəhşiliyi görən bu əzaba necə dözə bilər? Əgər dözə bilirsə, deməli, mənəvi kordur artıq. Bəlkə də, fiziki korlar görmədikləri üçün şanslıdırlar, görsələr, əzab çəkər, dünyanın belə bir yer olduğuna inana bilməz, bunu qəbul edə bilməzlər.
"Yeni dünya”nın incəsənət ustaları
Həm roman, həm film "Yeni Dünya” da doğulmuş iki incəsənət ustası tərəfindən işlənib – Saramaqo və Meirelles. Hər ikisi Qərbdə bəlkə də, ən çox məhz bu əsərlə tanındılar. Amma hər iki sənət əsəri eyni "nüvə”li olduğundan bir nüvə üzərində qurulmuş iki yaradıcı iş arasında müəyyən fərqlər var. Əsərlərin ekran variantları izləndikdə əsas üç parametrdə şərh edilir – ümumi atmosferin, əsərin ruhunun nə dərəcədə əks etdirildiyi, ekranlaşdırılan əsərdən hansı hissələrin yer almadığı və ekranlaşdırılarkən əsərə hansı əlavələrin edildiyi.
Mövzu "korluq” kimi ağır bir fiziki və mənəvi vəziyyət haqqında olduğu üçün rejissorun işi daha çətindir. İşin çətin tərəfi "korluğun göstərilməsi” formasıdır. Korluğu göstərmək – necə də paradoksaldır. Əsərdə ağ rəng xüsusi bir yer tutur. Meirelles də bəyaz rəngi ciddi fərqlərlə üstün tutmaq və nəzərəçarpacaq şəkildə istifadə etməklə əsərin ruhunu əks etdirmək məsələsinin öhdəsindən gəlib. Filmi xüsusilə uğurlu edən səhnələri də xüsusi qeyd etmək lazımdır – təcavüz səhnəsi, supermarketdəki qaranlıq səhnə, həkimin, xanımının və kor fahişəsinin yataq səhnəsi, sonrasında baş verən münaqişə, hücrə boşalarkən balaca uşağın "əslində izləyicinin dəqiq görmədiyi” bir stula dəyib, onu aşırtması və s.
Dövlətin təzyiqlərlə müşayiət olunan izolə etmək siyasətinin əsərdəki kimi qabardılmaması məsələsi rejissoru tənqid hədəfinə çevirdi. Demokratiya, güc və iqtidar kimi Saramaqonun yüksək həssaslıqla yanaşdığı və ciddi şəkildə qabartdığı problemlərin filmdə yer almaması ciddi əskiklik kimi qəbul edilə bilər. Filmdə hökumətin əlində olan güc və avtoriteti niyə bu tip fəlakətlərin qarşısını almaq üçün əsla daha humanist və daha təsirli bir formada istifadə etməməsinin səbəblərinə demək olar ki, yer ayrılmır.
Yaradıcı əlavələr
Filmdə Saramaqonun yaradıcılıq rənglərindən tamamilə fərqli olduğu dərhal hiss edilən əlavələrə də yer verilir. Bu parametrin incələnməsində isə bəşərilik məsələsinə toxunmalıyıq. Əsərdə "Korluq” hansısa ölkənin hansısa şəhərində və adı olmayan obrazlar arasında yayılır, ancaq bu film olanda "kinematoqrafiyanın təbiəti”nin tələblərinə uyğun olaraq, bəzi "naməlumluqlar” aydınlaşdırılmalıdır. Baxmayaraq ki, filmdə fərqli etniklərdən olan qəhrəmanların yer alması xeyli tənqid edildi. Lakin rejissor obrazları müxtəlif etniklərdən seçməklə və hadisələrin Kanadanın uzaq yerlərindən birində baş verdiyini göstərməklə, əslində həm naməlumluqları aradan qaldırıb, həm də əsərin hədəflədiyi bəşərilik ideyasını dəstəkləyib. Amma nə olursa olsun, bu qədər bəşəri-fəlsəfi bir filmdə belə Hollivud təsirlərini aydın görürük. Filmin finalına isə "bir andaca” gəlirik, nəyin nə olduğunu anlamaq imkanı verilmir izləyiciyə, bu isə mövzunun lazımınca işlənmədiyi hissi aşılayır. Əslində, düzünü desək, ədəbi tənqidçilər də əsərdə elə məhz bu cəhətin üstündə dayanmışdılar. Belə bir mövzunun sona yaxın niyəsə tez-tələsik yekunlaşması məsələsi Saramaqonu da tənqid hədəfinə çevirmişdi. Niyəsə Meirelles əsəri ekranlaşdırarkən bu əskikliyi aradan qaldırmağa heç cəhd də etməyib. Hətta sona doğru o, Saramaqodan da sürətli bir keçid alıb.
Bəs, "Görmək”?
Xose Saramaqonun "Korluq”dan sonra bu əsərin davamı kimi yazdığı "Görmək” romanı 2004-cü ildə işıq üzü görüb. Romanın arxa üzündə yazılır: Əvvəlki əsərdə haqqında söhbət açılan bəyaz fəlakət demokratiyanı indiyə qədər heç bir totalitar rejimin reallaşdıra bilmədiyi formada düz şah damarından tutmuşdu”. Beləliklə, adıçəkilən əsərlə Saramaqo uzun fasilədən sonra demokratiya probleminə yenidən qayıdır və fərqli çıxış yolu – bəyaz səs – boş, yararsız səs məfhumunu ortaya qoyur.
"Korluq” sosial intizam, müasir cəmiyyətin demokratiya anlayışı, ictimai təslimolma kimi sütun problemləri mənəvi korluqdan çıxış yolu kimi qələmə alır. Nümayişə meyilli cəmiyyətin anidən meydana çıxan qaranlıq tərəfini göstərməyə çalışır. Ancaq məsələnin mahiyyəti üzərində tənqidçilərin də dediyi kimi lazımınca dərinləşə bilmədiyindən, mövzunun əsl potensialını aça bilmir. Yenə də həm ədəbiyyatda, həm də kinematoqrafiyada olduqca ehtiyac olan bir mövzunun öhdəsindən uğurla gəlinib.
Tərcümə etdi: Elcan SALMANQIZI
Mənbə: "gradesaver.com”
banner

Oxşar Xəbərlər