• şənbə, 27 Aprel, 08:24
  • Baku Bakı 12°C

Qonaq dəvətetmə mədəniyyəti

23.08.13 08:37 1627
Qonaq dəvətetmə mədəniyyəti
Xalqımızın ən qədim, gözəl adətlərindən biri də qonağa hörmət, onu ehtiramla qarşılayıb yola salmaq mədəniyyətidir. Atalar sözləri və el məsələlərində də ibrətamiz, müdrik fikirlər öz əksini tapıb: «Evin yaraşığı uşaq, süfrənin bəzəyi qonaqdı», «Uşaqsız ev susuz dəyirman, qonaqsız ev gülsüz bağçadır» - deyiblər. Fikir verirsiniz, həmişə də uşaqla qonağı eyni məqamda birləşdiriblər. Bu müqayisənin də dərin mənası var. Uşaq ömrümüzün, qonaq da evimizin işığıdır. Bu işıqların həmişə gur yanması həyatımızı nurlandırır, dəyərləndirir.
Xalq nağıllarında, eləcə də dastan və rəvayətlərdə də qonağın ünvanına xoş sözlər deyilir. Məsələn, «Qəflətən qapı döyülür. Ev sahibi soruşur:
- Kimdir?
- Allah qonağı.
- Allaha da qurban olum, qonağına da…»
Nə turş söz, nə turş üz. Bir şirin kəlmə hər şeyi yoluna qoyur. Kimliyindən asılı olmayaraq qonağa hörmət, ehtiram qanımızdadır. Məhəmməd peyğəmbərin (ə.s.) fəqir libasında qapı döyərək soydaşlarının qonağa necə hörmət etdiklərini öyrənmək istəməsi barədə hədis də var. Bu səbəbdən deyirlər ki, dilənçidən padşaha kimi hər kəs qonaq ola bilər. Dolu süfrən yoxdursa, dolu ürəyin niyə olmasın?
Səməd Vurğunun məşhur misraları yada düşür:
Sən bizim ellərin ruhuna bir bax,
Bizdən inciməmiş bir əziz qonaq.
Xalqımızın böyüklüyünü, qonaq qəbuletmə mədəniyyətini əks etdirən bu məşhur misralar gerçəkliyin ifadəsidir. Hətta bölgələrimizdə belə bir adət də var idi. Elə indi də müəyyən mənada qorunub saxlanılır. Evin bir otağını ayıraraq xüsusi səliqə-sahmanlı saxlayırlar ki, bu, qonaq otağıdır. Qonağın yorğan-döşəyi, işlədəcəyi qab-qaşıq və digər məişət əşyaları təmiz, adətən təzə və ən yaxşısı olmalıdır. Qonaqpərvərlik elə bir hissdir ki, onu yaşatmaq üçün varlı, yaxud da kasıb olmaq şərt deyil. Qonağa hörmət etmək ev sahibinin borcudur. Dədə-babadan görmüşük ki, qonaqlı evin ruzisini Allah yetirib. Qonaq həm də gəldi-gedərdi. Həmişəlik deyil ki, ona çəkilən xərcin, zəhmətin ağırlığına dözüm gətirməyəsən.
Təbii ki, qonaqpərvərlik bizim bir millət olaraq çox nəcib xüsusiyyətimiz və mənəvi zənginliyimizdir. Keçmişimizdən bugünümüzə çatan bu ötürmələr – mənəvi körpülər şəhərdə bəzən dağıdılır, amma kənd yerlərində daha əzmkarlıqla qorunur. Böyük şəhərlərdə məsələ tamam başqa cürdür. Çağırılmış və çağırılmamış qonaqlar olur. Bir də otellərin, mehmanxanaların sayı çoxaldıqca evə üz tutan qonaqların sırası da seyrəlir. İndi «qonaqlıq» kəlməsi «yeyib-içmək» sözlərinin sinoniminə çevrilibdir. Bu, restoranda da ola bilər adi kafedə, meşədə, lap iş yerlərində də. Burada ev sahibi yox, mərasimin xərcini çəkən var. Yəni sponsorlar əsas rol oynayır. Məclis bitəndən sonra da hamı çəkilib öz evinə, yaxud da otelə dönəcək. Keçmişdə isə qonaq mütləq evə gələrdi. Doğrudur, karvansaralar da mövcud idi. Burada əsasən böyük dəstələrlə, ticarət, alış-veriş və s. məsələlərlə əlaqədar ölkədən-ölkəyə, eldən-elə, bölgədən-bölgəyə karvanla gedənlər ayaq saxlayıb bir hovur dincələrdilər, bəzən də gecələyərdilər. İndi bunun da forması dəyişilib. Daha doğrusu, sözün mənası genişlənib. Respublikamız qonaqlı-qaralıdır. Azərbaycana gələn qonaqları müəyyən qurumlar qarşılayır, yerləşdirir, qayğısına qalır. Dövlət müstəqilliyimizi qazandıqdan sonra həm paytaxtımızda, həm də bölgələrimizdə müxtəlif beynəlxalq tədbirlər həyata keçirilir. Qürur doğurur ki, yurdumuza təşrif buyurmuş xarici ölkə vətəndaşları məmnun olduğu, heyranlıqla dilə gətirdiyi bir məsələ tez-tez vurğulanır:
- Xalqınızın qonaqpərvərliyinə, mehribanlığına, mətbəxinizə söz ola bilməz. Dünyada ikinci belə geniş ürəkli, qonaqsevər xalq yoxdur.
İnkişafın, tərəqqinin, modernləşməyin nəticəsi kimi indi əslində qonaq qəbul etməyin yeni adları yaranıb: turist, qurultay, konfrans, simpozium iştirakçısı, müsabiqə, idman yarışları nümayəndəsi, münsif üzvü və s. Bunlar əslində dövlət səviyyəsində düşünülüb planlaşdırılan məsələlərdir. Təbii ki, burada təşviş doğuracaq problem yoxdur. Hər şey öz qaydasında gedir. Bir də var rayonda, şəhərdə ayrı-ayrı nazirlik, komitə, birlik tərəfindən hazırlanan ölkədaxili tədbirlər. Bu zaman da qonaq dəvət edərkən əvvəlcədən hər şey dəqiq düşünülüb planlaşdırılır. Tutaq ki, hər hansı bir filmin, kitabın təqdimatı, tamaşanın premyerası keçirilir. Tədbirin təşkil ediləcəyi salonda yerlərin və qonaqların sayı əvvəlcədən müəyyənləşdirilir. Dəvətnamələrdə (biletlərdə olduğu kimi) oturacaqların nömrəsi yazılmalıdır. Onda heç bir problem yaranmır. Hər kəs öz yerində əyləşir. Qonaqları ya telefonla, ya da əyləşəcəyi yer göstərilmədən dəvətnamələrlə çağırdıqda problem yaranmasın deyə müəyyən məsələləri nəzərə almaq lazımdır. Sonradan onları əyləşdiyi yerdən qaldırmaq etikaya sığmır. Əlbəttə, bu mümkündür ki, həmin tədbirə yüksək vəzifəli, hansısa imtiyazlı insan da dəvət edilib. Əvvəlcədən dəqiqləşdirilməlidir ki, kim harada əyləşməlidir. Bunun üçün ya oturacaqların üzərinə nəsə qoyulmalı, ya da adi lent vasitəsilə müəyyən sıraları ayırmaq olar ki, burada başqası əyləşməsin. Yoxsa girişdə kimisi görüb dərhal «yaxşı yer» axtarmaq sorağına düşərək əyləşəni qaldırmaq bütövlükdə qonaqlara qarşı hörmətsizlikdir. Təkcə ayağa duran pərt olmur, bəzən əyləşən də xəcalət çəkir. Bir də dəvət etdilən insanlar məgər məclis sahibinin öz seçimi deyildir? Bəs nədən onların arasında ayrı-seçkilik qoyaraq ögey münasibət göstərir? Beləliklə də, bütövlükdə həmin məclisdə xoş olmayan ovqat və təəssürat yaranır. Son vaxtlar dəfələrlə bu cür qonaq qarşılamaq «mədəniyyətinin» şahidi oluruq. Xüsusilə də jurnalistlərə qarşı qəribə bir münasibət var. «Jurnalistdi də, harda olsa əyləşə bilər, lap ayaqüstə durar da…»
Heç bir etik münasibət gözləmədən onu ayağa qaldıraraq o yerdə nazir müavininin həyat yoldaşını, yaxud da hansısa bir biznesmeni əyləşdirmək heç hara sığmayan münasibət növüdür, qəbuledilməzdir. Çünki bu mərasimlər bitəndən sonra hamı rahat nəfəs alanda əslində jurnalistin işi təzədən başlayır. Həmişə də qələm əhlindən yaxşı yazı tələb olunur. Təəssüf ki, bax, bu yerdəcə aş və qaşıq məsələsi yaddan çıxır.
Əslində, qonaq qarşılamaqda ayrı-seçkiliyə yol verməmək üçün dəvət zamanı hər bir şey doğru-dürüst ölçülüb-biçilməlidir. Kimi nəyə görə çağırmısan? Şöhrət naminə, yoxsa sadəcə iştirakçı olsun və nəhayət, bu tədbirin hansısa mətbuat orqanında, efir və ekranda işıqlandırılması üçün? Ağır və fədakar jurnalist zəhmətinə sadəcə xoş üz və isti söz kifayət edər ki, onun qəlbini ələ alasan. Bir də qonaq dəvətetmə mədəniyyətinə əməl olunması hər kəsin insanlıq borcudur! Bu borcdan uzaqlaşmaq isə mütləq həmin məclis sahiblərinin qonaq dəvət etmək qabiliyyəti barəsində müəyyən rəy formalaşdırır.
banner

Oxşar Xəbərlər