“Qələm qələbənin və təntənənin simvoludur”
Azərbaycan mətbuatında əhəmiyyətli, parlaq bir iz qoymuş publisist
Ceyhun Hacıbəyli Üzeyir bəyə nisbətən, mətbuat tarixi ilə bağlı daha çox məqalələr
yazıb. Filologiya elmləri doktoru Abid
Tahirli deyir: "Ceyhun Hacıbəyli mühacirət edənədək, 1919-cu ilə kimi XX əsrin
ilk 20 ilinin Azərbaycan ədəbiyyatı, mətbuatı, mədəniyyəti, maarifçilik və
xeyriyyəçilik tarixini mükəmməl yazmışdır desək, yanılmarıq”.
C.Hacıbəyli ilk dəfə Azərbaycan mətbuat
tarixini elmi, sistemli və əhatəli şəkildə qələmə almışdır. "Firidun bəy
Köçərli ədəbiyyat tariximizin, C.Hacıbəyli isə mətbuat tariximizin tədqiqinin
bünövrəsini, təməlini qoymuşlar” söyləyən mətbuatşünas alim A.Tahirli bu haqda
"Azərbaycan” qəzetinin 12 iyul 2015-ci il tarixli sayında geniş bir məqalə çap
etdirib.
C.Hacıbəylinin 1909-cu
ildə qələmə aldığı və "Həqiqət” qəzetinin 25 dekabr 1909-cu il tarixli sayında
çap olunmağa başlayan "Avropa məktubları” silsilə məqalələrində mətbuata, onun
cəmiyyətdəki roluna aid dəyərli, maraqlı mülahizələr irəli sürülüb. Silsilə
şəklində verilən bu ilk məqalə sırf mətbuatla digərləri isə Avropanın gündəlik
həyatında baş verən ictimai-siyasi və sosial məsələlərdən bəhs edir. Mətbuatın Avropa
həyatında oynadığı rolu açıqlayan müəllifin fikrincə, avropalılar mətbuatı hər
şeydən üstün tuturlar. "Çünki mətbuatın etdigi işi top, tüfəng edə bilməz.
Avropada mətbuat vasitəsilə iş görüyorlar” fikri bir daha sübut edir ki, millətlərin
tərəqqisində, milli şüurun oyanmasında və dünya sivilizasiyasından
yararlanmasında mətbuatın özünəməxsus yeri, rolu danılmaz dərəcədə böyükdür.
C.Hacıbəylinin mətbuat
tarixi ilə bağlı araşdırmasını ilk dəfə elmi ictimaiyyətin diqqətinə AMEA
Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Mənzər İbrahimova
çatdırmış və "Əkinçi”dən "Həqiqət”ədək”
adlı məqaləsində bu haqda ətraflı məlumat verib. (Bax: "Molodyoj Azerbaydjana”
qəz; 3, 6 iyul 1994, N-73, 74).
M.İbrahimova
məqaləsində qeyd edir ki, C.Hacıbəyli əsərinin əvvəlində mətbuat tariximizin
yazılmasının vacib olduğunu göstərir və milli mətbuatımızın ilki "Əkinçi”dən,
onun naşiri, redaktoru H.Zərdabinin bu sahədəki xidmətlərindən danışırdı: "Bu
insan Qafqaz müsəlmanları arasında mətbuatın meydana gəlməsinin pioneridir.
Əfsus ki, o, geridə qalmış milləti, xalqı üçün səmimi, təmənnasız işləyən,
yalnız xeyirxahlıq duyğuları ilə zəhmət çəkən bəlkə də yeganə xadim idi”.
C.Hacıbəyli
"Şərqi-rus”, "Həyat”, "İrşad”, "Rəhbər”, "Dəbistan”, "Təkamül”, "Yoldaş”,
"Molla Nəsrəddin”, "Füyuzat”, "Tazə həyat”, "Tərəqqi”, "Proqres”, "İttifaq”,
"Zənbur” kimi mətbu orqanlarının da məramı, ideya-istiqaməti, toxunduğu
problemləri, redaktor və mühərrirlərinin cəmiyyət həyatındakı yerini, rolunu
dəyərləndirirdi.
Bütün həyatını mətbuata
həsr edən C.Hacıbəyli bu tədqiqat əsərindən əvvəl də, sonra da, mətbuat,
mətbəə-nəşriyyat problemlərinə dair xeyli məqalə yazmış və dərc etdirmişdi.
Maarifin, mədəniyyətin təbliğində mətbuatın böyük önəm kəsb etdiyini "İncəsənət
və müsəlmanlar” adlı məqaləsində belə bəyan edirdi: "Qələm qələbənin və
təntənənin simvoludur”. "Kaspi” qəzetində çap etdirdiyi, "Qəzet işi haqqında”
məqaləsində C.Hacıbəyli kədərlə qeyd edirdi: "Rusiya imperiyasında yaşayan 20
milyon müsəlmanın 4 adda gündəlik qəzeti olmaqla, cəmi 8 qəzeti və 3 jurnalı
var; hər 2 milyon yarım adama 1 qəzet, hər 7 milyona 1 jurnal” düşür. Müəllif
mətbuatın problemlərinə həsr etdiyi çoxsaylı məqalələrində qəzet və jurnalların
mövzusu, ideya-siyasi istiqaməti, oxucu marağı, dil-üslub sənətkarlığı ilə
yanaşı, maliyyə-texniki məsələləri ilə bağlı peşəkar münasibət bildirir,
mülahizələrini bölüşürdü.
İranın da mətbuat
tarixi ilə bağlı iri həcmli məqalə yazan C.Hacıbəyli qeyd edirdi: "Rəşt
şəhərindəki İngiltərənin vitse-konsulu İran mətbuatı tarixinə dair maraqlı
araşdırma aparmış, ilk qəzetin nəşrindən bu günədək çıxan bütün mətbuat
orqanları haqqında məlumat toplamış və bununla bağlı Fransa mətbuatında məqalə
dərc etdirmişdir”. Müəllifin İran mətbuatı ilə bağlı olan məqalələri də "Kaspi”
qəzetində çap edilib.
Ceyhun bəy 1913-cü ildə "Kaspi”də çap etdirdiyi "İranda mətbuat” adlı
məqaləsində yazırdı: "Q.Rabino İranda qəzet işinin intişara başladığı ilk
dövrdən günümüzədək olan dövrünü izləməyi qarşısına məqsəd qoymuşdur. İngilis
vitse-konsulunun çox maraqlı tədqiqat işi "Revuo du Monde Musulman” adlı
jurnalın son (mart) nömrəsində dərc edilmişdir. Fransız dilini hələ o vaxt
mükəmməl bilən C.Hacıbəyli Parisdə çıxan qəzetdəki həmin məqaləni tərcümə edir
və onun qısa məzmununu oxucuların diqqətinə təqdim edir.
Ceyhun bəy yazırdı: "Q.Rabinonun fikrincə, İranda ilk mətbu orqan
Nəsrəddin şahın hakimiyyətinin ilk illərində, 1848-ci ildə Mirzə Tağı Xan Əmir Nizamın təşəbbüsü ilə işıq
üzü görür. Qəzetə bir ingilis redaktorluq edib. 261 nömrəsi "Ruznameyi vekaiyə”
(Hadisələr qəzeti) adı ilə çıxan qəzet 30 yanvar 1856-cı ildən sonra "Ruzname
dövləti əliyeyi İran” (İran imperatorluğu dövlətinin qəzeti), 18 yanvar 1903-cü
ildən "İran” adı ilə çıxmışdır. Nəşrinin 59-cu ilində, 1906-cı ildə bağlanan
qəzetdə rəsmi xəbərlərlə yanaşı tərcümələr, tarixi hadisələrlə bağlı
materiallar da verilirdi. Doğrudur, başqa bir ingilis müəllif Monzi yazmışdır ki,
imperatorun dekretinə əsasən, 1866-cı ildə "Tehran” adlı qəzetin əsası
qoyulmuşdur. Lakin həmin qəzetin bir nömrəsi belə əldə edilməmişdir”.
Adı çəkilən məqalədə deyilir: "Şahın Avropaya üçüncü səfərinədək
Təbrizdə qısa müddət bir qəzet buraxılmışdı. "Naseri” adlı həmin qəzet 1311-ci
ildə (1894-cü il) nəşr edilmişdir”.
Təbrizdə aşağıdakı nəşrlər buraxılırdı: "El-Xadid” (Dəmir), "Ədalət”,
"Kamal”, "Ehtiyac”, "İqbal”. Məqalədə mühacirətdə çıxan İran qəzetlərinin də
adı çəkilir.
C.Hacıbəyli "Kaspi”nin 1913-cü il tarixli, 103-cü sayında yazırdı:
"Q.Rabino öz tədqiqatında İranda çıxan bütün qəzet və jurnalların siyahısı,
redaktorları, nömrələrinin sayı, tirajı, çıxdığı, bağlandığı tarix haqqında
məlumat verir. Q.Rabinonun göstərdiyi 243 nəşrdən 4-ü fransız, 6-sı erməni
dilindədir”. Ceyhun bəy Q.Rabinonun əməyini yüksək qiymətləndirir və onun
tədqiqatının İran tarixçiləri üçün faydalı mənbə olacağını yazır.
"Molla Nəsrəddin”i "Qafqaz
müsəlmanları üçün əvəzedilməz orqan”, "Füyuzat”ı isə "həm formasına, həm də
məzmununa görə son dərəcə maraqlı məcmuə” adlandıran Ceyhun bəy Azərbaycan
mətbuatının inkişafında böyük xidmətləri olan publisist, jurnalist, naşir Haşım
bəy Vəzirovu "nadir şəxsiyyət”, "fövqəladə insan” kimi yüksək dəyərləndirirdi.
O, Haşım bəyin ölümünə təəssüfünü belə bildirirdi: "Amansız ölüm Qafqaz
müsəlmanlarının cərgəsindən bütün həyatını qəlbən sevdiyi xalqının təlbiyəsi və
tərəqqisinə həsr etmiş görkəmli ictimai və maarif xadimlərindən birini apardı”.
H.Vəzirovun vəfatı və
il dönümü münasibətilə, o zaman "Açıq söz”, "Bəsirət” qəzetlərində, "Məktəb” və
"Dirilik” jurnallarında çap edilən bu məqalələr bu gün də öz elmi əhəmiyyətini
itirməyib, onun haqqında əlimizdə olan yeganə mənbələrdir.
"19-cu yüzilliyin sonu,
20-ci yüzilliyin əvvəllərində Azərbaycanın mədəni həyatında, ictimai-siyasi,
bədii-estetik fikrimizin inkişafında özünəməxsus yeri olan jurnalist, publisist,
redaktor H.Vəzirovun irsi həm XX əsrin əvvəli Azərbaycan ədəbi həyatının real
mənzərəsini yaratmaq, həm də sovet ədəbiyyatşünaslığının qərəzli, bitərəf
mövqeyini dəyərləndirmək baxımından aktual və mühüm əhəmiyyətli tədqiqat
predmetidir” söyləyən C.Hacıbəyli haqlıdır. Çünki sovet dövrü tədqiqatlarının
əksəriyyətində Haşım bəy "ideya tərəddüdləri içində olan, çox vaxt burjua
məfkurəsi təsiri altında yazan tipik liberal burjua ziyalısı” və ya
"ictimai-siyasi görüşlərində burjua millətçilərinin də özünü göstərmiş, sinfi
sülh ideyasının tərəfdarı və panislamist olmuşdur” kimi təqdim edilirdi və
ədəbiyyat, mətbuat sahəsindəki xidmətləri ehtiyatla etiraf olunurdu. Hansı ki,
H.Vəzirov 1910-cu illər ədəbiyyatında, xüsusən də mətbuatında nüfuzlu, qüdrətli
söz sahibi idi.
C.Hacıbəylinin
İ.Qaspiralı, H.Zərdabi, A.Bakıxanov və başqalarının həyatı, yaradıcılığı
haqqında da iri həcimli məqalələri var. Müəllif bu məqalələrini adətən
"Dağıstani” imzası ilə "Kaspi” qəzetində çap etdirib. "Həsən bəy Məlikovun
xatirəsi” və "Müsəlmanın qeydləri” rubrikası ilə verilən "Yeddi il” adlı
məqaləsində Həsən bəyin xatirəsinə və onun ailəsinə olan biganəlik, layiqincə
qiymətləndirilməsi müəllifi çox narahat edirdi: "Biz nəyinki Həsən bəyə adidə
ucaltmaq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə
gəlmədik, biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirmədik, hətta
onun tamamilə unudulması üçün çalışdıq, nəinki onun ailəsinə qayğı göstərmədik,
əksinə elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik”-deyə öz
narahatlığını bildirən müəllif şəhər
özünüidarəsini tənqid atəşinə tuturdu.
C.Hacıbəyli mühacirət
dövründə də mətbuat tariximizə dair məqalələr və əsərlər çap etdirmişdir. Onun
mühacirətdə yazdığı "Azərbaycan mətbuat tarixi” elmi əsəri buna sübutdur. Ədib,
fransız şərqşünası A.Benniqsen və Ş.L.Kelkejenin 1964-cü ildə Parisdə çap etdirdikləri
"Rusiyada 1920-ci ilə qədər çıxan müsəlman mətbuatının tarixi” əsərinin
Azərbaycan bölməsinin hazırlanmasında iştirak etmişdir”.
Mətbuat tariximizə
həsr edilən bu məqalələr zəngin tarixi məqamları özündə büruzə verdiyi üçün, bu
gün də qiymətli və dəyərlidir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist