AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qanunsuz məskunlaşmaya son qoyulmalıdır”

“Qanunsuz məskunlaşmaya son qoyulmalıdır”

Siyasət
30 İyun 2020, 19:44 2533
Prezident İlham Əliyev: "Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç cür imkan verə bilmərik”
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin beşdə biri işğal olunub. Münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 20 mindən çox insan həlak olub, 50 min nəfər yaralanıb və ya əlil olub, 4 mindən çox azərbaycanlı itkin düşüb. 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Bu qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır. Lakin əfsuslar olsun ki, işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir, ATƏT-in Minsk qrupuna üzv həmsədr dövlətlərin – ABŞ, Fransa və Rusiyanın iştirakı ilə aparılan sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir. Bununla yanaşı, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq hüququn əksinə olaraq infrastruktur qurur, o cümlədən avtomobil yolları çəkərək qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.  
 
 

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində "N” saylı hərbi hissənin açılışından sonra Müdafiə Nazirliyinin rəhbər işçiləri ilə keçirdiyi operativ müşavirədə çıxış edərək Ermənistanın işğalçılıq siyasəti, zəbt etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma həyata keçirdiyini bir daha diqqətə çatdırıb. İşğal edilmiş Azərbaycan torpaqlarında bu gün ermənilərin qanunsuz məskunlaşma siyasəti apardığını dilə gətirən Ali Baş Komandan vurğulayıb ki, bu məsələ beynəlxalq tədbirlərdə, xaricə səfərlərində daim qabardılır, diqqət mərkəzində saxlanılır: "Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin”.
 


Prezident İlham Əliyev növbəti dəfə bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində möhkəm dayanıb və bir addım da geri atmayacaq: "Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.
 
 

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili Eldəniz Səlimov Ermənistan dövlətinin tarixən mövcud olmadığını, hazırda yaşadıqları əraziyə ermənilərin başqa ölkələrdən köçürüldüyünü, aborigen əhali sayılmadıqlarını bildirib. Qeyd edib ki, indiki Ermənistan adlanan ərazi qədim və tarixi Azərbaycan torpaqlarıdır, İrəvanın, Zəngəzurun, Göyçənin, Dərələyəzin hesabına yaradımış bir dövlətdir: "Tarixi torpaqlarımızda yaradılan Ermənistan dövlətinin silahlı birləşmələri 1990-cı illərdə Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar daxil olmaqla ümumilikdə Azərbaycanın 20 faiz ərazisini işğal edib. İndi də həmin ərazilərdə qanunsuz məskunlaşma həyata keçirilir. Həm işğal faktı, həm də qanunsuz məskunlaşdırma siyasəti dövlətlərin ərazi bütövlüyü prinsipinə, beynəlxalq hüquqa zidd addımdır. Beynəlxalq ictimaiyyətin, qayda-qanunların əksinə hərəkət edən təcavüzkar Ermənistana böyük güclər, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvü olan, işğal olunmuş Azərbaycan ərazilərinin dərhal boşaldılmasına dair qətnamələr qəbul edən dövlətlər ciddi təzyiq göstərməli, Cənubi Qafqazda daimi sabitliyin, təhlükəsizliyin təminatına dəstək olmalıdırlar. Forpost, müstəmləkə Ermənistan işğalçılıq siyasəti ilə nəinki qonşu ölkələrlə münasibətləri korlayıb, eyni zamanda özünü çıxılmaz duruma salıb, beynəlxalq regional layihələrdən, iqtisadi dividentlərdən təcrid olunub. Onların yalnız bir xilas yolu var. Bu da illərdir düşmənçilik, nifrət siyasəti yeritdikləri qonşu Türkiyə və ərazilərini işğal etdiyi Azərbaycanla münasibətləri normallaşdırmaq, ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşmaqdır. Yalnız bu zaman Ermənistan hər cür asılılıqdan və tənəzzüldən, uçurumdan qurtula bilər”.
 
 

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı da qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırma aparması, xalqımıza məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi, onların təhrifinə yol verməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi və sair bu kimi faktlar bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarda, hesabatlarda, xarici və yerli KİV-də, həmçinin aparılan tədqiqatlarda öz əksini tapıb: "1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur. Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə edilməsi, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir, beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir”.
 
Rufik İSMAYILOV