• cümə, 26 Aprel, 12:18
  • Baku Bakı 23°C

Qadın dünyasına fəlsəfi baxış

19.07.16 12:18 2336
Qadın dünyasına fəlsəfi baxış
Azərbaycan psixologiya elminin korifeyi, professor Əbdül Əlizadənin mili dəyərlər xəzinəmizə bəxş etdiyi sonuncu kitabı "Qadın psixologiyası” adlanır. Əsasən fəlsəfi psixoloji esselərdən ibarət olan toplu çap ərəfəsindəydi ki, Əbdül müəllim qəfildən dünyasını dəyişdi. Bacısı Məryəm Əlizadə söyləyir ki, qardaşı yeni kitabının nəşrini böyük intizarla gözləyirdi. İstər Azərbaycan, istərsə də rus dillərində unudulmaz alimin 100-ə yaxın kitabı işıq üzü görüb. Psixologiya elmləri doktoru, professor Ramiz Əliyevin öz həmkarı barəsindəki fikirləri Əbdül müəllimin portretini elə dolğun və təsirli naxışlayır ki...Yazımla oxucu arasında bir körpü olsun deyə diqqətə çatdırıram: "Əbdül Əlizadənin bütün fəaliyyəti dəyərlilik prinsipi ilə tənzimlənir. Dəyərlərə xüsusi əhəmiyyət verən insanlar isə, hər şeydən əvvəl, həqiqətin açılmasında maraqlıdırlar. Belə adamlar həyata rasional, tənqidi və emprik yanaşırlar. Psixoloji nəzəriyyələrdəkilər təsnifləşdirmələrə görə Əbdül Əlizadə şəxsiyyətini "nəzəri tip”ə daxil etmək olar. Belə insanlar isə daha çox fəlsəfəyə yaxın olan fundamental fəaliyyət seçirlər”. Bu seçilmişlər isə bütün yaradıcılıqları boyu həyat gerçəkliyinə həmişə sadiq qalır, insanlara münasibətdə humanist mövqelərindən geri çəkilmirlər. Nöqsanı da, uğuru da təbii dəyərləndirməyi bacarırlar. Elə bu məziyyətlərinə görə də Əbdül Əlizadə onu tanıyanların qəlbində təmənnasız və xeyirxah bir şəxsiyyət kimi yaşamaqdadır.
Müəllifin son kitabı anası Alagöz Səlim qızının əziz xatirəsinə həsr olunub. "Ön söz”, 6 hissə və əlavələrdən ibarət olan yeni nəşrdə qadın psixologiyasının bənzərsiz səhifələri ömrün şirin məqamları ilə vəhdətdə vərəqlənir. Olumdan başlanan həyatın bütün istiqamətləri psixoloji təhlilə çəkilir. Ailədə ana dərslərinin emosional qatları davranış mədəniyyətinin mayası hesab edilir. Kitabda oxuyuruq: "Ana dərslərində bir məsələ də önəmli səslənir: Azərbaycan ailəsinin süfrə mədəniyyətinin, mətbəx mədəniyyətinin kosmetik mənzərəsi var. Ana dərslərində bu bənzərsiz kosmetikanın texnoloji qatları elə ananın özünün gündəlik güzəran təcrübəsi ilə gerçəkləşir...” İllərin, əsrlərin sınağından çıxmış bir həqiqətdir ki, Azərbaycan etnopsixologiyasının bütün fəsillərində övlad tərbiyəsində, xüsusilə də qızların formalaşmasında ananın möhtəşəm yeri danılmazdır. Onun laylasından başlamış danlağına kimi - bütün dərslərində hələ də sirri dəqiq açılmamış bir möcüzə var. Bu yerdə bir atalar sözü yadıma düşür: "Qırağına bax bezini al, anasına bax qızını...” Psixoloqlar bu hikməti nə qədər təsdiqləyərlər, bilmirəm, amma iki oğul anası kimi doğruluğuna əmin oldum. Elə Əbdül müəllim də qız uşaqlarının tərbiyəsində ana dərslərini " psixoloji möcüzə” kimi dəyərləndirib.
Qadın psixologiyasının önəmli problemlərini şərhə çəkən müəllif bu zərif varlığın portretini dolğun yaratmaq üçün dil məsələsinə, ünsiyyətə xüsusi önəm verərək emosionallığı bu təsvirin başlıca boyası kimi dəyərləndirib. Emosionallığı qadın "mən”nin ünsiyyət vasitəsi kimi səciyyələndirərək yazıb: "Bu dilin, əgər belə demək olarsa, hələ öyrənilməmiş emosional fonetikası, emosional morfologiyası, emosional sintaksisi, emosional semantikası necə də əlamətdardır! Qadın güləndə də, ağlayanda da, qorxanda da, təşviş boyaları ilə yaşayanda da...emosiyaların definisiyasının bu məqamları artıq, necə deyərlər, vokal mimikası məqamları kimi aydın səslənir. Onlar sosiallaşdıqca təkcə özlərinin "intonasiya konturları” ilə deyil, bilavasitə emosional semantikası ilə qadın şəxsiyyətinin əlamətdar səhifələrinə çevrilir! Qadın emosionallığı da bu səhifələrdə - qadın dilinin bu möcüzəli səhifələrində işıqlanır. Qadın dilinin emosionallıq nüansları necə də seçimlidir?! Uşaqlar bu dilin romantikasını, ana laylalarının tilsimli romantikası ilə yaşayırlar”.
Dünya psixologiyasında qadının portreti necə yaradılıb? Müəllifin etirafı diqqət çəkir ki, qadın surətinin sirlərini psixoloqlar deyil, dünyanın görkəmli rəssamları kəşf ediblər. Qadın surətinin psixoloji sirləri, hətta qadın psixologiyasında da sistemli öyrənilməyib. Əbdül Əlizadə illər boyu apardığı tədqiqatının nəticəsi həqiqətən qürur doğurur və bir daha dinimizın hikməti qarşısında baş əyirik. Dünya mədəniyyətində ilk dəfə olaraq müqəddəs "Qurani-Kərim”də qadın mentalitetinin önəmli səhifələri qadına verilən tələblər kimi aşağıdakı sistemlə açıqlanmışdır: 1. Namus. 2. Ləyaqət. 3. İsmət. 4. Təmizlik. 5. Toxunulmazlıq.
Qadın təxəyyülünü "Dünyaya açılan sehirli pəncərə” kimi dəyərləndirən müəllif bu mövzunun üç pərdə ilə ayırdına nail olub. Birinci pərdə "Qadın təxəyyülünün əzəmətli kreativ potensialı” adlanır. Bu sehirli pərdənin Azərbaycanla bağlı səhifələri mənəvi mədəniyyətimizin klassikləri Məhsəti xanımın, Xurşudbanu Natəvanın füsunkar nəğmələrilə səciyyələnib. İkinci pərdə "Qadın təxəyyülünün röya salnamələri” kimi təqdim olunub. Psixoloq alimin fikrincə, qadın təxəyyülünün kreartiv mənzərəsində emosional röya effektləri həmişə sevilir. Təxəyyül obrazları subyektiv yaşantılar kimi qadının həyatında özünəməxsus rol oynayır. Onlar qadın hislərinin emosional boyaları ilə seçilirlər. Qadın təxəyyülü obrazlarında qadının özünəməxsus gizli və ya xəlvəti motivləri əks olunur. Onlar özlərinin simvolik məqamları ilə fərqlənirlər. Üçüncü pərdədə - "Qadın təxəyyülünün məhəbbət nəğmələri” eşidilir. Bu nəğmələrin önəmli səhifələri vərəqlənir. Bir ömür yolunun dönəmləri göz önündə canlanır. Əlbəttə, hər bir qadının öz həyatı, öz problemi var. Biz ümumilikdə hamısının ünvanına xoş söz deyə bilərik, amma bu sırada tənhası, xoşbəxti, yarımamışı, faciələr içində çırpınanı var. Bu mənada psixoloqlar xoşbəxt ailənin formulunu göstərməyə çalışsalar da, resept vermək çox çətindir, bəzən də heç mümkün deyil.
Əsl psixoloq elə ananın özüdür! Müəllif bu fikri görün necə dürüst nizamlayıb: "Uşaqlarda təfəkkür, intellekt və təxəyyülün inkişafı və tərbiyəsi yolu - bu böyük yol nəinki məktəbdən, həm də, bəlkə də, ilk növbədə, ailədən, ANADAN başlayır... Müasir ananın qüdrəti, necə deyərlər, əsl psixoloq qüdrəti bənzərsizdir, o, sevə-sevə başa çatdırdığı ağıllı oğlunun və qızının təfəkkür, intellekt və təxəyyülünün inkişafını həmişə ailə üçün prioritet problem sayır, bu işıqlı səhifələrdə haçansa onların fantaziya binomuna birər-birər yaradıcılıq naxışları vurur”.
Psixoloqlar yeni ailə tiplərinin parametrlərindən danışaraq, onu "nuklear ailə” adlandırırlar. Müasir ailə, yəni nuklear ailə böyük qadın şəxsiyyəti dalğalarında yaşayır. Bu Azərbaycan ailəsinin çoxəsrlik tarixində innovasiyalarla zəngin olan önəmli bir mərhələnin başlanğıcıdır. Psixoloqlar təsdiqləyirlər ki, hər bir yeni tipli ailə də ənənəvi ailənin təkində qol-qanad açır. Bütün hallarda ailədə qadınların rolları bənzərsizdir. Müəllif ər-arvad, gəlin-qaynana, övlad-valideyn münasibətlərini də təhlilə çəkərək nümunələr barəsində danışmaqla bərabər, hələ də əbədi problemə çevrilən bəzi xoşa gəlməz məqamları da təcrübələrdən gələn misallarla araşdırıb. "Azərbaycan etnopsixologiyasında qayınana fobiyası kök salmışdı. Bu özünəməxsus metoafora idi. Emotif və koqnitiv effektlərlə seçilirdi. Toyda da, yasda da zalım qayınanalardan ağızdolusu danışardılar. Onun dəhşətli obrazını təfsir edirdilər, qızları-gəlinləri bu obrazla qorxudurdular. Təzə gəlin yaxşı qayınanayla rastlaşanda özünü xoşbəxt sayırdı”. Müəllif illərin müşahidəsinə əsaslanaraq onu diqqətə çatdırır ki, ənənəvi "qayınana-gəlin” davası artıq öz əhəmiyyətini itirib. XXI əsrdə artıq bənzərsiz gəlin portretləri formalaşıb. Bir həqiqət də şəksizdir: onlar özlərinin təhsilləri ilə seçilirlər. Qayınana paradoksları öz-özünə liberallaşdıqca qayınana-gəlin " davası” da yeni məzmun kəsb edib. Dialoqlar da dəyişib. Amma bu şəraitdə nuklear ailədə gəlin anasının rolu artıb. O, qızının ailəsinə nüfuz, nəvələrinə təsir etməyi bacarır. Xoşbəxtlik onda baş verir ki, gəlin anası hər bir məsələyə müsbət ahənglə yanaşsın...
Ailə münasibətlərində başlıca, əslində, böyük hərflə yazılan davranış mədəniyyətidir. Müəllifin təbirincə desək, ata-babalarımız qadına əl qaldırmağı, qadına hörmətsizlik etməyi şərəfsizlik saymışdır. Təcrübə göstərir ki, qadın ailədə yüksək dəyərləndiriləndə onun həm özünə, həm də həyata münasibəti dəyişir. "Müasir qadınların şəxsiyyət faktorları ilə qaynaqlanan köklü fəlsəfəsi-ailə, qadın, ər, uşaqlar... fəlsəfəsi var. Özünə hörmət qadının özünü qiymətləndirməsi, xüsusilə öz ləyaqətini dərk etməsi və qadın ləyaqəti prosedurları ilə dəyərləndirilməsi prosesidir. Qadın şəxsiyyətinin köklü parametrlərindən biridir.” Qadın psixologiyasında konseptual modellər var. Bu modellər XIII əsrdə yaşamış Nəsrəddin Tusinin məhz "Əxlaqi-Nasiri” adlı məşhur fəlsəfi-psixoloji trilogiyasında açıqlanıb. Əbdül müəllim ailə, qadın məsələlərilə bağlı konsepsiyaların hələ çox qədimdən Azərbaycan psixologiyasında –klassiklərimizin əsərlərində şərh edildiyini də oxucuların diqqətinə çatdırıb.
Düşünürəm ki, bunu bilmək elə oxucular üçün də maraqlı olar. Ailənin qorunmasında, xoşbəxtliyə aparan yolda 7 qaydaya əməl edilməsi psixoloqlar tərəfindən zəruri sayılır:
1. Heç zaman öcəşməyin.
2. Öz parrtnyorunuzun xarakterini dəyişməyə çalışmayın.
3. Tənqid etməyin.
4. Səmimi minnətdarlıq bildirin.
5. Azca diqqət yetirin.
6. Nəzakətli olun.
7. Ailə həyatının seksual aspekti haqqında kitab oxuyun.
Böyük rus yazıçısı Lev Tolstoya məxsus fikirdir: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir”. Əbdül Əlizadə ürək ağrısı ilə bu faktı da qələmə alıb. Ailələrin dağılması, boşanmalar. Necə deyərlər, bir yerdə yaşamaq mümkün olmayanda ayrılıq baş verir. Bu isə böyük hisslərlə başlanan məhəbbətin xırda davalarla sona yetməsidir. Əlbəttə, bu halların baş verməsində haqlı və haqsız səbəblər çoxdur. Ailənin sosial psixologiyası ər-arvad münasibətləri ilə əlamətdardır. "Problemin ana xətti belədir və biz də ailəni elə bu parametrlərlə dəyərləndiririk. Bu kontekstdə Azərbaycan ailəsi fundamental məziyyətlərlə seçilir”. Bu barədə nə qədər araşdırmalar aparılsa da, rəylər alınsa da, tövsiyələr verilsə də boşanma ehtimalı əsrin artıq aktual problemlərindən biri kimi diqqəti cəlb edir. Müəllifin təbirincə desək, problemin nidalı sualı belədir: onları, gözlənilməz ehtimalları necə neytrallaşdırmaq olar? Məsləhətlər, tövsiyələr çoxdur. Klassik ədəbiyyatdan da nümunələr gətirilir. Lakin ömür-gün həyatının öz paradoksları var. "İki könül bir olmayanda məhəbbətin elegiyası başlayır. "Xasiyyətlərin tutmaması” sindromu ənənəvi ailəyə yaxşı tanış olsa da, ancaq onun həllinin özünəməxsus texnologiyası məlum olmayıb. Bu gün isə "iki könlün bir olmaması” köklü motivlərlə qaynaqlananda istər-istəməz boşanma kök salır”. Əslində məhəbbət etnopsixoloji parametrlərlə seçilir. Bax bu yerdə Əbdül Əlizadənin fikri ürəyimizdən xəbər verir: "Məhəbbətin alfası da, omeqası da mədəniyyətlə bağlıdır”. Müəllif haqlıdır, həqiqətən də bütün münasibətlərin ahəngində mədəniyyət olmasa, heç nə. Poladdan tökülmüş qalanı da qorumaq mümkün deyil.
"Qadın ailənin məhəbbət nurudur, elin-obanın şərəfidir, böyük və müqəddəs anadır” söyləyən və bizə belə bir qiymətli kitab ərməğan qoyub gedən Əbdül Əlizadəyə bir daha Allahdan rəhmət diləyirik. Unudulmaz alimimizin daxili aləmi də o qədər zəngin idi ki... Hansı mövzuda desən onunla söhbət etmək və dəyərli məlumatlar almaq olardı. İçi yazılmamış kitablarla dolu idi. Nə acılar ki, son kitabını vəfatından sonra oxudum. Fikrimi bildirə bilmədim. Ona suallarım çox idi...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər