Əli Həsənov: Dövlətin hansısa “fədailər qrupu”na ehtiyacı yoxdur

Əli Həsənov: Dövlətin hansısa “fədailər qrupu”na ehtiyacı yoxdur

Siyasət
30 Avqust 2019, 16:48 1560
"Silahla təhdid etmə Əli Kərimlinin təmsil olunduğu AXC-Müsavat hakimiyyəti üçün xarakterik hal olub".
 
Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Facebook”dakı şəxsi profilində yazıb

Prezidentin köməkçisi qeyd edib ki, özlərini hakimiyyətə "opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər: "Öncə də qeyd etdiyim kimi, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir. Bu mənada, əlində silah foto çəkdirib özünü "fədai” kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil". 
 

 
Ə.Həsənov bildirib ki, silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub: "Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa "fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var. Buna görə də öz siyasi ambisialarını reallaşdırmaq məqsədilə şər-böhtan yaymaq və ictimaiyyəti çaşdırmaq lazım deyil. Belə əməllərə yol verən onun hüquqi məsuliyyətini də dərk etməyi bacarmalıdır".
 

 
Administrasiya rəsmisi AXCP sədri Əli Kərimliyə xatırladıb ki, əli silahlı şəkil çəkdirib paylaşmaq onun özünün ortaya qoyduğu bir nümunədir: "Əgər bu gün kimsə bu "qəhrəmanlığı” təkrarlayırsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olar. O ki qaldı Əli Kərimlinin "özünüzü yığışdırın”, "məsuliyyətli olun” tipli hədələrinə, demək istərdim ki, nə o özü, nə də arxalandığı çevrələr Azərbaycan hakimiyyəti ilə təhdid dilində danışa bilməz. Buna görə də həmin ifadələri onun özünə qaytararaq deyirəm: "Əli Kərimli, reallıq hissini itirmə!”.
 
Alpər TURAN