• çərşənbə axşamı, 23 aprel, 15:43
  • Baku Bakı 24°C

Prezident İlham Əliyevin qlobal təşəbbüsləri yüksək qiymətləndirilir

30.06.20 15:45 495
Prezident İlham Əliyevin qlobal təşəbbüsləri yüksək qiymətləndirilir
Dünyamız böyük təlatüm içərisindədir. Dünya liderləri, ictimai və siyasi xadimlər böhrandan çıxış yolu axtarır, COVID-19 xəstəliyindən xilas olmaq üçün ciddi səylər göstərirlər. Onlar həm də post-pandemiya dövründə dövlətlərin, xalqların necə hərəkət etməsi barədə düşünürlər. Etiraf etməliyik ki, dünya indiyədək belə çətin vəziyyətə düşməmişdi. Koronavirus qlobal iqtisadiyyatı iflic vəziyyətə salıb. Çünki yoluxmanın qarşısını almaq üçün sərhədlərin bağlanması, əlaqələrin kəsilməsi qaçılmaz oldu. Bu da təbii olaraq iqtisadiyyatın yavaşımasına, eləcə də dezinteqrasiyanın yaranmasına gətirib çıxardı. Amma yaşamaq, davam etmək üçün iqtisadiyyatın inkişafı çox vacibdir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi təqdirəlayiq hadisədir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
Politoloq diqqətə çatdırıb ki, bu, dövlətimizin başçısının COVID-19-la mübarizə məqsədilə irəli sürdüyü ilk təşəbbüsü deyil. Bundan əvvəl - aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşü keçirilmişdi. Mayın 4-də yenə də Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə 120 üzvü olan Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə Görüşü reallaşdı. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, ÜST-ün Baş direktoru, Avropa və Afrika ittifaqları kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Zirvə görüşlərində xüsusi əhəmiyyət daşıyan çağırışlar etdi, mesajlar verdi. Qeyd etdi ki, belə çətin gündə özünə qapanmaq lazım deyil, cəsarət toplayaraq irəli baxmaq, vəziyyətdən çıxış yolları axtarmaq lazımdır və bunu birlikdə düşünürək etməliyik. Prezident İlham Əliyev qorxmadan, çəkinmədən şəxsi nümunə göstərərək, səyləri birləşdirməyə çağırdı. Bildirdi ki, ağır durumda olan ölkələrə humanitar yardım göstərilməlidir və həmin humanitar yardım göstərildi. Respublikamız pandemiya ilə mübarizədə qlobal həmrəylik nümayiş etdirərək, ÜST-ə 10 milyon dollar həcmində könüllü ianə ayırıb və üstəlik, 30-dan artıq dövlətə humanitar yardım göndərib.
T.Abbasov xatırladıb ki, Azərbaycan Prezidenti məhz Qoşulmama Hərəkatının Zirvə Görüşündə bu barədə məsələ qaldırmışdı. Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Politoloq Prezident İlham Əliyevin qlobal təşəbbüslərinin dünya dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq deyib: "BMT-nin üzvü olan 130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi gələcəyə istiqamətlənib. Bu tədbirin təşkilinə, həqiqətən, böyük ehtiyac var. Dünya liderlərinin, Dünya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropanın Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə təsisatlarının qlobal iqtisadi böhrandan çıxmaq üçün böyük imkanları var. Bu təşəbbüsün dəstəklənməsi onu deməyə imkan verir ki, nə qədər dərin böhran olsa belə, vəziyyətdən xilas yolu tapılacaq”.
"BMT-yə üzv olan 130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi əyani şəkildə göstərir ki, Azərbaycan dünya miqyasında bir nümunədir. Bu, təqdirəlayiq, insanların ürəyindəki ümidi yaşadan bir yanaşmadır. Bu, həm də Ermənistan kimi qəsbkar, istilaçı ölkənin siyasi hakim dairələri üçün də bir çağırışdır ki, onlar öz çirkin məqsədlərindən əl çəksinlər, başqa ölkələr üçün problem yaratmasınlar. BMT-nin Baş Assambleyası çox böyük nüfuza malikdir və ümid edirik ki, xüsusi sessiyada qaldırılacaq məsələlər bəşəriyyətə töhfə verəcək”, - deyə T.Abbasov fikirlərini yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər