POEZIYAMIZIN FIKRƏT QOCA IŞIĞI
Çağdaş Azərbaycan
poeziyasının ustadlarından biri, müasir ədəbi həyatımızın simalarındandır
Fikrət Qoca. O, söz sərrafı olaraq, geniş fəlsəfi dünyagörüşünə, milli və
bəşəri özünədərkinə, sənətkarlıq xüsusiyyətlərinə görə mütəfəkkirdir.
Məlumdur ki, Şərq düşüncəsində çox vaxt şairi alim,
filosof, kamal əhli olaraq mötəbər şəxsiyyət kimi dəyərləndirmişlər.
Mütəfəkkir şair adında sadalanan hikmət
komponentləri təzahürünü tapıb. Şairə məxsus olan poetik təfəkkürü digər təfəkkür
tərzlərindən yəni elmi, siyasi, dini və s.-dən fərqləndirən amil, onun bəşəri
düşüncə müstəvisində məntiq və bəsirətlə hormoniyada olmasıdır.
Fiktər Qoca yaradıcılığının
möhtəşəmliyini şərtləndirən cəhət odur ki, şair əsərlərində poetik fikrin,
bədii ifadənin fəlsəfi qayəsi bəşəri mahiyyət kəsb edir, o, heç vaxt kiçik poetik detalların təsviri ilə qane olmur. Bu
poeziyada ədəbi-bədii,milli-mənəvi və dini komponentlər kül halında birləşərək,
dünyəvi dəyərlər xəzinəsini zənginləşdirir. Fikrət Qocanın yaradıcılığında, başqalarından
fərqli olaraq şablon ifadələr, konyuktura elementləri yoxdur. Onun əsərləri
bütün zamanlarda cəmiyyətdə hökm sürmüş durğunluğa, ictimai amiranəlik
sisteminə, haqsızlığın doğurduğu acı nəticələrə, sünü münasibətlərə bədii
etiraz kimi səslənmişdir.
Yanğın salmaq istəyirəm
Ütülənmiş, sığallanmış iclaslara
Göz yaşından mərhum
yaslara.
Yanğın salmaq istəyirəm
"Anadan müdir
doğulanların”
Quru ədasına, soyuq
səsinə,
Kitabların, qəzetlərin
soyuq səhifəsinə.
İctimai həyatdakı kifayət
qədər ciddi qüsurlara, mənəviyyatsızlıqdan doğan eybəcərliklərə sənətkar kimi
etiraz etmək, cəmiyyətdəki neqativ halları sənət müstəvisində bədii priyomlarla
tənqid etmək Fikrət Qoca şeirlərinin ideya bədii mahiyyətinin önəmli
xüsusiyyətlərindəndir. Şairin "Cəsarət” adlı şeiri "durğunluq dövrü”ndə ərsəyə gəlməsinə baxmayaraq, məhz
həmin dövrün ictimai bəlalarına qarşı cəsarətlə meydan açan sənətkar mövqeyi
kimi səciyyəvi xarakter daşıyır.
Cəsarətsiz iclasları
Açılmamış bağlayın!
Cəsarəti
öldürə bilmərik sən, mən.
Cəsarətimiz
təqaüdə çıxsaydı
Əhalimiz xalq olmazdı,
Torpağımız Vətən.
Şeirdə "Xalq” və "Vətən” sözlərinin bədii-ictimai siqlətinə, həmçinin ictimai-fəlsəfi mahiyyətinə poetik düşüncənin
işığında yüksək məna verilir, məcazi dəyərinin sanbalı səciyyələndirilir.
Şairin hər misrasından vətəndaşlıq, insanlıq dəyərinin məğzi bədii fakt olaraq
poeziyamızın ictimai-poetik sərhədlərini genişləndirir.
Mənim məzarım da Yer
kürəsinə
Düşəcək bir nida işarəsi
tək!
Namərdəm, məsləksiz
gözlərim gülsə,
… Məsləkim uğrunda bina
tikilsə,
Qoy məni hörsünlər
bünövrəsinə.
Fikrət Qocanın poetik
nümunələri əslində keçib gəldiyimiz ömür yollarındakı təbəddulatları doğuran
hadisələr haqqında şair təhkiyəsi, bədii-fəlsəfi, ictimai-poetik səciyyəli xatirələrdir.
Bunların içində xoş əhval-ruhiyyə doğuran sənət inciləri ilə yanaşı kədər, qəm
qoxulu, insanın daxili aləmimni təlatümə gətirən yüksək ədəbi nümunələr də
vardır.
Şairin lirik qəhrəmanı
emosional, həssas təbiətə malikdir. Şairin ruhu təbiətin bir
parçasıdır. O, təbiətdə baş verən hər şeyi duyur, budağı qırılmış ağacın
ağrısını, insan qayğısından uzaq düşmüş ağacların harayını elə bil eşidir və bu
səssiz harayları öz taleyinin dərdi kimi, şəxsi ağrısı kimi ehtiva edir. "Quru
çinarın nəğməsi” şeirində şairin lirik mənindəki həssaslığı poetik sözün
aynasında necə ustalıqla və təbii
boyalarla canlandırdığının şahidi oluruq. Bu sənət nümunəsində təbiətin ən
zəngin, rəngarəng, əlvan çağlarının bədii ehtivasını görürük.
Qeyd etmək lazımdır ki, şairin lirik qəhrəmanı yalnız kədər, qəm, qüssə
ilə yaşamır, onun könül dünyası zəngin duyğularla süslənib, əhval-ruhiyyəsi
kövrəkdir. Bu qəhrəman səmimi, təbii, insanpərvər, vətənpərvər olmaqla yanaşı,
haqsızlığa qarşı barışmaz mövqeydə dayanan şəxsiyyətdir, milli obrazdır. Bu
qəhrəman ictimai haqsızlığa görə cəmiyyətdəki eybəcərlikləri kəskin tənqid
edən, çəkinmədən öz haqq səsini, sənətkar qayəsini poeziya vasitəsilə xalqa
bəyan edən şair mənəviyyətıfdır. O, rüşvət hesabına yaşayan, ailəsinə bər-bəzək
alanlara, uşağına məktəb dərsliyi alanlara qəlbinin, ruhunun harayıyla
etirazını çatdırır və bu üsyanın sənət müstəvisində ustalıqla xalqa yansıda
bilir. Şair poetik təfəkkürün gücü ilə yenilik ruhundan mərhum olanları,
ətrafda baş verən proseslərə biganə qalanları da bədii detallarla məzəmmət
edir.
Fikrət Qoca çox dəqiq və geniş müşahidə qabiliyyətinə malik sənətkardır.
Onun poetik əsərlərində heyrət, həsrət, yumor, kinayə, qəzəb, həyəcan,
heyranlıq duyğuları öz mükəmməlliyi ilə diqqəti cəlb edir. Şairin poetik
qüdrətinin ucalığı, zəngin bədii təfəkkürə malik olması şeirlərindəki obrazlı
deyimlərin orijinallıtı və təravəti ilə
yadda qalır.
Günəş payız yarpağı tək
Qopur, düşür üfüqdən
Qaranlığın saçlarına
Çılçıraqlar salır dən…
Ay gümüşü kölgəsini
Sərib çölə, tarlaya.
Göy bənzəyir çiçək açmış
Yamyaşıl bir talaya.
Bu misralardakı poetik detalların zənginliyi, bədii mənzərənin
gözəlliyi, poetik təfəkkürün bənzərsizliyinə, oricinallığına dəlalət edir.
Hamının dəfələrlə gördüyü "axşamın düşməsi”, "şər qarışan” vaxtın mükəmməl,
yüksək sənətkarlıqla söz tablosunda canlandırılmasıdır.
Fikrət Qocanın yaradıcılığı sənətkarlıq məziyyətləri baxımından dolğun
və zəngindir. Onun yaradıcı prosesdə istifadə etdiyi bədii priyom və vasitələr
çoxcəhətli olması ilə seçilir. Onun poetik təfəkkürü, bədii idrakı olduqca
zəngin və genişdir. O, hətta xalq danışıq dilində mütəmadi istifadə olunan
ifadələrə bəzən elə təravətli naxışlar vurur ki, bu deyimlər yeni məna, daha
dəyərli əhəmiyyət kəsb edir.
Əgər çatlasaydı qaşın kamanı,
Kainat xətrinə dəysəydi əgər.
Elə silkələrdim mən asimanı,
Ulduzlar tut kimi tökülərdilər.
yaxud:
Vallah, düzü, mat qalmışam:
Sən bunu hardan öyrəndin?
İnsanlar səndən öyrəndi,
Sən insanlardan öyrəndin?
Şairin poetik dilini zənginləşdirən, dilin canlı, koloritli, səlis,
rəvan olmasını şərtləndirən amillər sırasında xalq ruhuna yaxınlıq önəmli
cəhətlərdəndir. Fikrət Qoca dilimizin incəliklərinə dərindən bələd olmaqla
yanaşı, həm də bədii ustalıqla dilimizi zənginləşdirən böyük sənətkardır. Onun
poetik fərdiyyəti, özünə məxsusluğu görünür və duyulur.
Gülşən Behbud