Pərvanə kimi...
Yenə iş otağının pəncərəsində
səliqə ilə sıralanan dibçəklərdəki çiçəklərlə, güllərlə baş-başa idi. Ləçəkləri,
yarpaqları ehmal-ehmal oxşayır, eynən sonbeşik nəvəsi Floranın başını
sığallayırmış kimi nazını çəkirdi.
Yadıma birgə
çalışdığımız illər düşür. Nəşriyyatın dördüncü mərtəbəsində - "Azərbaycan” qəzetinin
redaksiyasında mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadənin iş otağını
zarafatla "Nəbatat bağının filialı” adlandırmışdım. Bu kabinetə girənlər
gülün-çiçəyin, irili-xırdalı dibçəklərin arasından son dərəcə ehtiyatla keçərdilər
ki, təbiət incilərini incitməsinlər, çünki yaxşı bilirdilər ki, hər hansı
ehtiyatsızlıq Flora xanımın xətrinə dəyə bilər.
Dünyanın hər cürə varını gördüm,
Yağışını gördüm, qarını gördüm,
Çiçəyini gördüm, barını gördüm,
Atdığım nə oldu, götürdüyüm nə?
Alnıma yazılan yazı olmadı,
Qışa tuş könlümün yazı olmadı,
Əl tutdum, əlimin duzu olmadı,
Əkdiyim nə oldu, bitirdiyim nə?
Bütün həyatı boyu ulu
Yaradana, təbiətə, insana, insan ruhuna məhəbbət, sayğı və qayğı sərgiləməkdə
çoxlarına nümunə göstərən Flora xanımın bu misraları da Zəngəzurda, analı-atalı
dünyasında qoyub gəldiyi həmişəyaşar xatirələrin poetik ifadəsidir.
Gözdən uzaq, qəlbə
yaxın ellərdə - Urudda yaraşıqlı, ürəyiyuxa, analar-anası Gözəl xanım qızını
Bakıya göndərəndə ona tövsiyəsi, öyüd-nəsihəti bircə notda köklənmişdi - elimizə,
nəslimizə, valideynlərinin adına ucalıq gətir, şərəflə yaşa, çalış, ümidlərimiz
sən sarıdan həmişə çiçəklənsin, gül açsın.
İllər keçdi. Gözəl
ananın qəlbindən keçənlərin hamısı pöhrələndi, al-əlvan çiçəklər kimi boy göstərdi
Floranın həyatında. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra işlədi,
öz çörəyini özü qazanmağa başladı. Hələ uşaqlıqdan tanıdığı, hər xasiyyətinə bələd
olduğu həmkarı Allahverdi ilə ailə həyatına imza atdı. Hazırda "Lider”
televiziyasında çalışan Elnur Niftəliyev və "Mədəniyyət” kanalının əməkdaşı Bəhruz
Niftəliyev kimi istedadlı, dərrakəli oğullara ana oldu. Amma bircə şey könlünün
sağalmaz yarasına çevrildi – Vətən dərdi, yurd həsrəti.
Dözmədi bu dərdə, dözmədi anam,
Gözlərin nəm tutdu, ürəyin qubar.
Ölüncə ümidin üzmədi anam;
Açılsa o yollar, gəl, məni apar!..
Flora xanım nə vaxtsa
uşaqlığını əmanət qoyub gəldiyi yerlərə getmək, getmək yox ey, qaranquş tək
qanad açıb uçmaq eşqi ilə yaşayır. Uzaq yola çıxanlar isə hansısa mənzil
başında nəfəs dərməyə bir ünvan da soraqlayırlar, adətən. Flora xanım bu ünvanı
da artıq ürəyində götür-qoy edib, müəyyənləşdirib - onun üçün çox əziz olan, qəlbinin
başında əzizləyib, müqəddəs ocaq kimi əbədiləşdirdiyi Şuşanı.
Əlimlə qursam da yüz qızıl taxtı,
Gərək tale verə o qızıl baxtı.
Yaşın bu məqamı, yaşın bu vaxtı,
Xatirələr yorur məni, neyləyim?!
Ömrü boyu xəyalımla talanan,
"Ah”larımla, amanımla dolanan,
Ürəyimə, gözlərimə qalanan,
Xatirələr yorur məni, neyləyim?!
Zəngəzur elinin
Bakıda gəzib-dolanan, yazan-danışan, gülən-ağlayan, min bir dərdə yarayan bir
parçasıdır Flora xanım. Onu tanıyanlar, xasiyyətinə bələd olanlar bu qənaətə
asanlıqla gəlirlər.
Qapılar döymüşəm qapılar üçün,
Keçdiyim nə oldu, ötürdüyüm nə?
Köhlən at çapmışam yabılar üçün,
Qazancım nə oldu, itirdiyim nə?
Bu misralarda ola
bilsin ki, dayaz düşüncəlilər hər hansı pafos rüşeymi, ritorik ritmlər
axtararlar. Ancaq Flora xanımın yerindən-yurdundan, qohumluq əlaqələrindən
asılı olmayaraq, ehtiyacı olan hər kəsə göstərdiyi mənəvi dəstəyi, simsarlığı,
yaxınlığı hesablayan olsa, uzun bir siyahı alınar. Qəlb evinin qapıları hər kəsin
üzünə açıqdır. Bu evi vaxtsız tərk edənlər isə sonralar günahın yalnız özlərində
olduğunu yaxşıca dərk edirlər. Bir misal çəkim. Bizim kollektivdə nəcib bir xanım
işləyir. Bəzi mülahizələrə görə kimliyini tam açıqlamasam da, bildirmək istərdim
ki, onun anası bir neçə il qabaq vəfat edib. Bəlkə də çoxlarına qəribə gələr, o,
vaxtaşırı Flora xanımın yanına gəlir, oturub onunla söhbət edir, dərd-sərindən
danışır. Həmişə də deyir ki, dünyadan vaxtsız köçmüş anasının ətrini Flora
xanımdan alır. Flora xanımın energetikasının gücü onu sakitləşdirir, bu qız
özlüyündə bir mənəvi rahatlıq tapır. Nə qədər gözəldir, ecazkardır bu cür hissləri
yaşamaq və yaşatmaq. Belə yanaşmanı çox adamda görməzsiniz...
Flora xanım 1977-ci
ildə universiteti bitirdikdən sonra bir müddət "Azərbaycan təbiəti” jurnalında
işləyib. Özü deyir ki, təbiətə vurğunluğunu daha da artıran amillərdən biri məhz
görkəmli akademik Həsən Əliyevin kuratorluğu və rəhbərliyi ilə çıxan nəşrdə
çalışması, poeziya aləmindəki uğurları da yaxın qohumu və hər zaman həyatda
özünün ustadı və arxası sandığı Məmməd Arazın "əlindən su içməsi” olub.
Şəhər günlərinin havası ağır,
Şəhər küləyindən qorun, amandır.
Könlümə kəndçilik havası yağır,
Kənddən aralıyam xeyli zamandır.
Üz tutub getməyə yerim yox indi,
Vətəndə vətənsiz olan çox indi,
Dəli könlüm, şimşək kimi çax indi,
Sənin dağlarının başı dumandır.
Şəhərə kənd
havasının, səmt küləyinin qanadlarında gələn Flora paytaxtın elitar mühitində də
özünü rahat hiss edib ilk gənclik illərindən. "Azərbaycan müəllimi”, "Azərbaycan”
qəzetlərində çalışanda da, "Azərbaycan qadını” jurnalının redaktoru olanda da
özünün kənd ruhunu, ovqatını saxlamaqla, əsl paytaxt sakinlərinə xas olan
keyfiyyətləri ilə də seçilib. Canındakı-qanındakı kübarlıq yazılarında da boy
göstərib, insanlarla, həmkarları ilə münasibətlərində də. Bəzən öz xarakterik
keyfiyyətlərini əsərlərinin obrazlarında ehtiva etməyi də unutmayıb. İstəyib
ki, üz tutduğu, qələmə aldığı insanlar da ən dəyərli bəşəri keyfiyyətlərə,
insanlıq cizgilərinə malik olsunlar. Qəzetdə belə olub, televiziyada da bu
istiqamət instinktiv olaraq davam edir.
Televiziyada
bişib-düşmək, bərkimək ona çox da çətin olmadı. Bir müddət AzTV və İTV-də müxtəlif
verilişlərə ekspert qismində dəvət alması, yazıçı-publisist kimi fikirlərini
aydın, əhatəli bildirmək bacarığı qədirbilən insanların diqqətindən yayınmadı.
Səlahiyyətli şəxslər onun istedadını, ləyaqətli vətəndaş imicini nəzərə
aldılar, İTV-də işləməyə dəvət etdilər. O da ümidləri doğrultdu. Müəllif
proqramı "Yadigarlar”dakı uğurları ilə ona bəslənilən etimada layiq olduğunu
sübut edə bildi. O, televiziyaya gəlişinə yardımçı olanlarla bağlı həmişə minnətdarlıq
hissi ilə danışır.
Flora xanım
saysız-hesabsız məqalələri, kitabları, ssenariləri ilə ədəbi ictimaiyyət
arasında özünəməxsus yer tutur. Onu biz həm də yorulmaz tədqiqatçı kimi
tanıyırıq. Şuşanın tarixi, bu günü, eləcə də Azərbaycanın hökmdar qadınları
(yadımdan çıxan məqamlara görə üzr istəyirəm, çünki bu yazını qələmə alanda
ondan heç nə soruşmamağı nəzərdə tutmuşdum. – A.C.) haqqında axtarışları, gəldiyi
qənaətlər, əslində, elmi iş səviyyəsində dəyərləndirilməlidir. Uzaq illər öncəsi
onun dissertasiya müdafiə etməsi imkanının qarşısına bilərəkdən sipər çəkildiyindən
də xəbərdaram.
Çox da bel bağlama sabaha, gülüm,
Nadanlar könlümə verirlər zülüm,
Qəfil görəcəksən apardı ölüm,
Dalımca atılan daşıma bir bax.
Bu misralar Flora
xanımın bədxah, kiminsə uğurlarına xor baxan, dargöz adamlara ünvanladığı
düşüncələrinin poetik əksidir. Vaxtilə məşhur Amerika filosofu Uiltsin Mizner
yazırdı: "Sizə atılan daşları toplamaq lazımdır. Çünki bu, sizin gələcək heykəlinizin
bünövrəsini qoyacaq”. Əlbəttə, rəmzi mənada deyilən bu fikirdən, ömrünü-gününü
insanlara yaxşılıq etməyi, sınıq qəlblərə həmdəm olmağı özünə yaşam tərzi, fəaliyyət
kredosu seçənlərin içində olan hər kəsə kiçicik də olsa bir pay düşür. Təbii
ki, Flora xanım da bu sıradadır.
Flora Xəlilzadə sözlə
ifadə edilməyəcək dərəcədə təvazökar, səmimi, qayğıkeş insandır. Onun bir
fikrini ən yaxın dostları, rəfiqələri də ürəkdən bəyəniblər. Deyir ki, işığa
yalnız pərvanələr deyil, bör-böcək də yığılır. Əsl məsələ pərvanələrlə böcəkləri
yaxşı tanımaq, ayırd etmək, hər kəsə öz yerini tanıtmağı bacarmaqdadır. İddialı
olan, özündənrazı insanları da həmişə insaflı olmağa çağırır. Bu yerdə məşhur
kinoaktoyr Çarli Çaplinin bir sözü yada düşür: "Dünya hər kəsə yetəcək qədər
böyükdür. Ona görə də başqasının yerini zəbt etməkdənsə, öz yerinizi tapın”.
Bu
yazıda məqsədim Flora xanımın yaradıcılığı, publisistik fəaliyyəti barədə
fikirlərimi oxucularla bölüşmək deyildi. Çünki qədirbilən oxucuların və
tamaşaçıların Əməkdar jurnalist Flora Xəlilzadənin çoxşaxəli yaradıcılığı barədə
kifayət qədər məlumatlı olduğu qənaətindəyəm. Sadəcə, bilirdim ki, avqustun
23-də bu nəcabətli xanımın ad günüdür. Ona görə də bu düşüncələrimlə ona bir
dost, həmkar təbriki ünvanlamaq istədim. Ürəyincə olacaq, ya yox, görüşəndə bilərəm,
İnşaallah!
P.S. Sonda onu da deyim ki, Flora xanım ara-sıra nəsrə də
üz tutur, hekayələr yazır. Yadımda qalan və mənə xüsusi ləzzət edən hekayəsi isə
"Şokolad paylayan qız”dır.
Akif Cabbarlı