Ovqatın bütün rənglərində ehtiyac duyulan insan
Bu yaxınlarda işdən evə dönürdüm,
dayanacaqda bir xanım mənə yaxınlaşaraq soruşdu ki, siz Əzizə Cəfərzadənin qohumusunuz?
Açığı necə cavab verəcəyimi bir anlıq müəyyənləşdirə bilmədim. Çünki bu
sözləri tez-tez eşidirəm, hətta "qızıdır” deyənlər də var .
"Bəli, anamdır, müəllimimdir, əzizimdir” dedim. "Mən də elə bilirdim” söyləyərək
uzaqlaşdı. Yenə xəyallar məni o günlərə apardı. Analar anası idi, Əzizə
xanım! Unuda bilmədiyim sevimli insan, həyatımda
yerin boş, ürəyimdə isə göynərtin əbədidir. Ovqatımın bütün rənglərində sənə
ehtiyacım var. O mehriban, həzin səsin, məsləhətin üçün elə darıxıram ki…
Adi
müəllim deyildi
Haqqında keçmiş zamanda danışmaq ağır olsa da, təəssüf
ki, əbədi ayrılığın bu qüssəsi həmişə bizimlədir. Artıq 15-ci ildir ki, Xalq
yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim, tarixi romanlar müəllifi Əzizə
Cəfərzadə (1921-2003) haqq dünyasına qovuşub.
Əzizə Cəfərzadənin Azərbaycan ədəbiyyatındakı yerinə,
mövqeyinə dürüst qiymət verilməsi, cəfakeşliklə araşdırılması ədəbiyyatşünas
alimlərimizin vətəndaşlıq borcudur. Biz jurnalistlər üçün isə Əzizə xanım bir
müəllim kimi daha əziz və unudulmazdır. Yəqin ki, bu fikri hamı təsdiqləyər. Əzizə
Cəfərzadə adi müəllim deyildi. O, auditoriyada müəllimlik işini sadəcə, mühazirə
oxumaqla bitirmirdi. Elə sözlər, məsələlər var idi ki (o vaxtlar bu barədə
danışmaq nəinki qadağan idi, heç mümkün deyildi), onları yalnız son 15-20 ildə
danışır və yazırlar. Halbuki bu acı həqiqətləri Əzizə Cəfərzadə bizə - tələbələrinə
25-30 il bundan öncə bütün çılpaqlığı ilə danışardı. Bu cəsarətinə, vətənpərvərliyinə,
heç bir təzyiqdən, təqibdən, alacağı zərbədən çəkinmədiyinə görə, Əzizə Cəfərzadə
hamımızın ürəyində xüsusi yer tutmuşdu. Onun müəllimlik fəaliyyətinin
yadımızdan çıxmayan anlarını xatırlayanda, həm dərin fərəh hissi keçirir, həm də
kədərlənirik. Qürurumuzu artıran odur ki, biz o cür mətin, qorxmaz, qeyrətli
bir vətən qızından dərs almışıq. Kədərlənirik ki, bu cür hünər sahibi olan
insanlar nəinki qadınlar, heç kişilər arasında tapılmırdı.
Hərdən
heç anlamaq olmurdu ki...
Bizim nəslin Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində oxuduğu vaxtlarda bir neçə müəllimi olub. Müqayisə
üçün o illərin xatirələrini vərəqləyəndə xəyalımıza nələr gəlmir?! Bir müəllimimiz
illərin pası tutmuş vərəqlərdən oxuduğu mühazirəsi ilə bizi cana yığmışdı. Bir
dəfə nadinc tələbələrdən biri tənəffüsdə mühazirə üçün qalaqlanmış kağızların
alt vərəqini üstə çəkdi. İsmayıl bəy Qutqaşınlıdan mühazirəsi olan bu müəllimə
Abbasqulu ağa Bakıxanovun yaradıcılığını birbaşa oxumağa başladı. Tələbələrin
arasında pıçıltı düşdü. Hətta gülən də var idi. Ən acısı o idi ki, o biliyin, o
savadın yiyəsi imtahanda "əzrail”ə dönərdi.
Yaxşı ki, o illərdə bizim başqa bir müəllimimiz də vardı. Xəyalımızda
işığa dönən, hamımızın dərin hörmət və ehtiram bəslədiyi, ürəkdən sevdiyi, məftun
olduğu filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə! O, Azərbaycan ədəbiyyatından
mühazirələr oxuyurdu. Bizə böyük sənətkarları - Hadini, Sanini, Səhhəti,
Sabiri, Mirzə Cəlili daha yaxından tanıtdığı üçün ilk növbədə ona minnətdarıq. Əzizə
xanım bizə kitabda olmayanları deyərdi. Cəsarətinə, o vaxt heç kəsdə
duymadığımız milli qeyrətinə vurulmuşduq. Sonralar tez-tez düşünərdik ki, görəsən,
Əzizə xanım tələbələrindən niyə ehtiyatlanmırdı? Bir dəfə söhbət zamanı
demişdi: «Mən gəncliyə inanırdım, qızım! Bilirdim ki, heç biriniz məni
satmazsınız ki, Əzizə Cəfərzadə sovet hökumətinin əleyhinə danışır.
Tay-tuşlarım, elə Bəxtiyar müəllim də (Vahabzadə nəzərdə tutulur - F.X.) hərdən
deyirlər ki, sənin o vaxt söylədiklərin axır ki, danışıldı, əfsanə sayılanlar
gerçəkləşdi».
Əzizə Cəfərzadə 1949-cu ildən ömrünün sonuna kimi Bakı Dövlət
Universitetində dərs dedi. Arada 10-15 il Əlyazmalar Fondunda, xarici ölkələrdə
işləyib. Yəqin ki, tarixi yazılarında olan dürüst həqiqəti də o illərdə tapıb.
«Azərbaycan aşıq və şair qadınları», «Fatma xanım Kəminə», "Şirvanın üç şairi»,
«Abdulla Padarlı» və s. kitablar məhz o illərdə yazılıb. 1973-1974-cü illərdə
yenidən universitetə qayıdıb. Onun bir söhbətini unuda bilmirəm: «İlk əmək fəaliyyətimə
də müəllimliklə başlamışam. Rayonda orta məktəbdə dərs demişəm. Müharibə illərində
kişi müəllimləri əvəz etmişəm. Bu sənətə olan məhəbbət mənim qanıma hopub». Elə
bu pak istəyin bəhrəsidir ki, Əzizə Cəfərzadə bizim hamımız üçün sevimli və
unudulmaz müəllim olaraq qaldı.
Qəribə yaddaşı və danışıq tərzi vardı. Ona qulaq asdıqca sehrə
düşmüş kimi sükuta qərq olurdun. Adət-ənənəni, qədim bayramları, unudulmuş əlamətdar
günləri o qədər dəqiq və dürüst bilirdi ki, hərdən heç anlamaq olmurdu ki, bu
adam etnoqrafdır, tarixçidir, folklorşünasdır, tədqiqatçıdır, ozandır, şairdir,
yazıçıdır, yoxsa sinəsi layla və bayatılarla dolu olan anadır? İstedadlı
yazıçı, cəfakeş alim, sevimli müəllim, istəkli nənə, sədaqətli dost, yaxşı
qonşu, xeyrə-şərə yarayan ağbirçək və mənim ömrüm boyu unuda bilməyəcəyim çox
munis bir şəxsiyyət! Bütün bu məziyyətlərin necə də halal sahibi idi Əzizə
xanım!
"Anamızın əlinə su tökməyə layiq deyilik”
Görkəmli naşir, tərcüməçi,
ədəbiyyatşünas kimi tanınan Əzizə Cəfərzadə «Cəlaliyyə», «Bakı-1501», «Vətənə
qayıt», «Sabir», "Aləmdə səsim var mənim” və s. kitabları ilə oxucuların rəğbətini
qazanmışdı. Təbiət etibarilə çox səmimi və dürüst olan Əzizə Cəfərzadə bədii əsərlərində
bu müsbət keyfiyyətləri əks etdirirdi. Həmişə milli dəyərlərə, mentalitetə dərindən
bağlılığı onun hər bir yazısında, adi söhbətində belə hiss olunurdu. Əzizə Cəfərzadə
sözün həqiqi mənasında böyük vətəndaş yazıçı idi. Auditoriyada deyə bilmədiklərini
kitablarında, yazılarında söyləmədiklərini isə danışığında oxuculara və gənclərə
məharətlə çatdırırdı.
1990-cı ilin yanvarında Bakıda baş verən faciədə qara
bayraqlı şəhərin hüznlü günlərinə ağı deyib ağlayanlardan biri də Əzizə ana
oldu. Bu gün də gözlərimizdən o ağır məqamlar çəkilmir. Əzizə Cəfərzadə şəhid
düşmüş vətən oğullarının qırmızı qərənfilə bürünmüş tabutları önündə necə fəryad
çəkib bədahətən bayatılar deyirdi:
Arazam, keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryazı al, biç üstümdən.
Mən ilk dəfə şəhidlərin şərafəti önündə sağ
qaldığımın xəcalətini o məqamda duymuşam. Əzizə xanım ağ saçlarını əlləri ilə
xışmalayıb göz yaşları axıdanda onun bu ağır fəryadı önündə hansı hala
düşdüyümü sözlə ifadə edə bilmirəm.
Çox mənalı və bitkin ömür yaşadı Əzizə xanım! Ən böyük arzusu
vətən torpağının işğalçılardan azad olunduğu günü görmək olsa da, biz bu şad xəbəri
yəqin ki, nə vaxtsa onun ruhuna çatdıracağıq. Əzizə Cəfərzadə Azərbaycanın Xalq
yazıçısı adını almış ilk qadın ədibimizdir. «Şöhrət» ordeninə layiq görülmüşdü,
Prezident təqaüdçüsü idi. Müxtəlif vaxtlarda yubileyləri qeyd edilmişdi.
Onun haqqında müxtəlif monoqrafiyalar, əsərlər yazılıb.
Özünün isə ən çox bəyəndiyi və qiymətləndirdiyi «Biz Cəfərzadələr» kitabında isə
Azərbaycan ədəbiyyatında xidmətləri olan Əzizə, Məmməd, Əhməd Cəfərzadələrin
yaradıcılığından söz açılır. Əzizə xanım xiffətlə deyərdi: «Biz, iki qardaş,
bir bacının ilk müəllimi anamız Böyükxanım olub. Qeyri-adi qadın idi. Həm
zahiri, həm də mənəvi gözəlliyi heyrət doğururdu. Üçümüz də elmlər doktoruyuq,
amma anamızın əlinə su tökməyə layiq deyilik. İstər bilik, istərsə də
dünyagörüşü cəhətdən dərya idi. «Anamın nağılları» kitabının müəllifi əslində
elə anam idi. İndinin özündə də yadıma bir ağı, bir bayatı düşür. Görürsən ki,
bir hecası çatmır. Əvvəllər anamdan soruşardım, indi isə...”
Cızdağı çıxardan kəlmə
Ağsaçlı Əzizə xanımın dolmuş gözləri indi də xəyalımdan çəkilmir.
Məni heyrətə gətirən o idi ki, ana həsrəti ilə yanıb yaxılan Əzizə xanımın 80
yaşı var idi, amma uşaq kimi kövrəlib dolurdu.
Əzizə Cəfərzadə mənim təkcə müəllimim olmamışdı. Mənə dərs
dediyi illərdən (1974-cü il) ömrünün sonunadək ən yaxın sirdaşım, dostum, məsləkdaşım
və məsləhət yerim olmuşdu. O qədər sadə, təvazökar idi ki, başım nəyəsə qarışıb
onu axtarmayanda özü zəng edərdi. Xəcalətimdən ölüb-dirilərdim. Əl-ayağa düşərdim:
«Əzizə xanım, sən Allah, bağışla. Mən zəng etməli idim». Cavabına fikir verin:
«Niyə elə deyirsən? Məgər sənin işin-gücün yoxdur? Sadəcə, hənirini eşitmək istədim».
Bu hənir kəlməsi mənim cızdağımı çıxarırdı. Çünki doğma anam yadıma düşərdi. Rəhmətlik
həmişə səsimi eşidəndə söyləyərdi: «Hənirinə qurban olum, ay bala». Anamı itirəndən
sonra bu mehri və məhəbbəti mənə səxavətlə bağışlayan, məni tez-tez
arayıb-axtaran, analıq sevgisini üzərimdən əskik etməyən Əzizə Cəfərzadə idi.
Bundan başqa, mənim ən həssas və diqqətli oxucum da Əzizə xanım idi. Bir yazımı
da ötürməzdi. Hamısı haqqında öz rəyini bildirərdi. Kitablarım haqqında
resenziyalar yazmışdı. Onun həssaslığı önündə həmişə heyrətdə qalırdım.
İndi də son görüşümüz gözlərimdən çəkilmir. Zəngləşmişdik, evinə
getməli idim. Bizi gözləyirdi. Mənə elə gəlir ki, Əzizə xanımın son şəkli elə mənimlə
olub. Onun qəfil itkisindən sonra bir müddət özümə gələ bilmədim. Yeni
kitablarımın təqdimatında, oğlumun toyunda, ovqatımın ən təlx vaxtında,
sevincimin aşıb-daşdığı məqamda, bütövlükdə həyatımda Əzizə xanımın yeri
görünür.
Əzizə xanım əslində canlı məktəb idi. Ondan öyrənməli, götürməli
məziyyətlər necə də çox idi. Nə heyf ki, ömür vəfa etmədi. Əzizə Cəfərzadənin xəyalımızda
yandırdığı işıq isə bu gün də duyğu və düşüncələrimə nur saçmaqdadır. Nə qədər
ki, rəfimdə sıralanmış kitabları, yaddaşımda pozulmayan xatirələri,
saysız-hesabsız tələbələri - ardıcılları var, heç vaxt unudulmayacaq Əzizə Cəfərzadə!
Bir təskinliyim də var ki, layihə rəhbəri olduğum "Yadigarlar” verilişinin ilk
sayını da məhz öz ustadıma, müəllimimə, anama həsr edə bildim. Bu, həm də onun
ruhundan xeyir-dua almaq idi…
Flora
Xəlilzadə
əməkdar jurnalist