• cümə, 26 Aprel, 13:17
  • Baku Bakı 23°C

“Oğul arxalı Vətən”in səhnə həyatı

01.05.18 10:30 884
“Oğul arxalı Vətən”in səhnə həyatı
Son illər Masallıda inkişafın qoşa qanadı olaraq, mənəvi dəyərlərin təbliğinə də önəmli yer verilir. Uğurla həyata keçirilən Dövlət Proqramına uyğun olaraq, abadlıq, quruculuq, mühüm layihələrin həyata keçirilməsi kimi geniş sfera yaradılmaqla, mədəni həyatımızdakı inkişafa keçilməsi artıq ənənəyə dönüb. Ziyalıların, yaradıcı insanların yubileylərinin təntənəli qeyd olunması, yazarların yeni əsərlərinin təqdimatı kimi tədbirlər ictimaiyyətin diqqətini cəlb edir, maraqla qarşılanır.

Belə tədbirlərdən biri də bu günlərdə şəhər Mədəniyyət Mərkəzində "Yeni həyat” qəzetinin baş redaktor müavini, şair-publisist, "Qızıl qələm” media mükafatçısı Rəsul Rzayevin "Oğul arxalı Vətən” kitabı əsasında hazırlanmış eyni adlı tamaşanın ictimaiyyətə təqdimatı olmuşdur. Masallı Regional Turizm Mərkəzi, Masallı Regional Dövlət Kolleci və rayon mədəniyyət mərkəzinin hazırladığı tədbirlərin əhatə dairəsi geniş olmuş, çoxsaylı tamaşaçının marağını cəlb etmişdir.

Vətənpərvərlik, qəhrəmanlıq mövzusu publisist-şair kimi Rəsul Rzayevin yaradıcılığının leytmotivini təşkil edir. Müəllifin ilk mətbu yazılarında Böyük Vətən Müharibəsində qəhrəmanlıqla vuruşmuş həmvətənlərimiz haqqında yazılanları necə maraqla oxuyurduqsa, indi də bu mövzudakı məqalələrini, kitablarını həmin maraqla izləyirik. Müəllifin ilk belə yazıları İtaliya partizan hərəkatının iştirakçısı Mehdi Hüseynzadənin silahdaşlarından biri olmuş Masallının Qodman kənd sakini Əkbər Babayevə həsr etdiyi "Vətəndən uzaqlarda” povesti və Lenin ordenli müharibə veteranı Atabala Hacıyevə həsr etdiyi oçerklər olmuşdur.

Sonralar belə silsilə yazılar milli qəhrəmanlarımız, Qarabağ döyüşlərinin iştirakçıları, şəhidləri haqqında oldu. Müəllifin vətənpərvər qələmindən çıxan, istedadının bəhrəsi olan yazıları onun imzasını tanıtdı. Belə yazılar sahibinin vətən sevgisindən işıq, nur aldı. Vətən təəssübkeşliyindən maya tutdu. Ona görə də diqqət çəkdi, maraqla qarşılandı. Milli qəhrəmanlarımıza həsr etdiyi "Torpağı boyuna biçdi”, "Dağılmış yuxu”, "Qarabağ qəlbimə çəkdi qara dağ” poemaları, şəhidlərə həsr olunan onlarca publisist yazıları əldən-ələ gəzdi, geniş oxucu auditoriyasının marağı ilə üst-üstə düşdü.

Qarabağ döyüşləri müəllifin qələm işlətdiyi əsas mövzulardandır. Belə yazılarda onlarca döyüşçünün qəhrəmanlıq obrazını görürük. Aprel döyüşləri xalqımızın tarixi qələbəsi kimi hamımızın ilham mənbəyimiz oldu. Bu ovqat Rəsul Rzayevin də dəst-xəttində, vətənpərvər yazılarında aydınlığı ilə əksini tapdı. Masallıdan bu döyüşlərdə iştirak edən igidlərə, xüsusilə şəhid Firdovsi Bağırzadə, Nurlan Əsgərliyə ithaf etdiyi bədii və publisist yazıları qürur və iftixarımızı, vətənpərvərlik hislərimizi tərənnüm etdi. Bu yazılarda iki igid oğulun timsalında öz vətənpərvər hisslərimizi, qürurumuzu, haqlı iftixarımızı tapdıq.

Bu məziyyətlərinə görə, yazıları 2016-cı "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin "Aprel döyüşləri mediaya nəyi öyrətdi” mövzusunda keçirdiyi müsabiqədə mükafata layiq görülmüşdür.

Rəsul müəllim qəhrəmanının soy kökünə bələd olur, bədii obraza çevirdiyi insanların ailəsi ilə əlaqələr qurur, ən kiçik detalı belə gözdən qaçırmır.

Bu, Aprel döyüşlərinin iştirakçısı olmuş Aqil Məlikovun qəhrəmanlığından bəhs edən "Oğul arxalı Vətən” kitabında daha aydın görünür. Aqilin ulu babası Məmmədəli Böyük Vətən Müharibəsi dövründə cəbhədə qəhrəmanlıq göstərib. Cəbhədən sinəsi orden-medallı qayıdıb. Bu vətənpərvərlik ənənəsini atası Qismət davam etdirib. Vətənin sərhədləri keşiyində dayanıb. Soy kökünün qəhrəmanlıq ənənələri Aqilin timsalında daha qabarıq üzə çıxıb.

O, Aprel döyüşlərində qaynar nöqtələrdə olub. Təxribat törədən düşmənin geri oturdulmasında, mühüm mövqelərin alınmasında iştirak edib...

Həmin vaxtlar Aqil əsgəri xidmətini başa vurmuşdu və orduda qalıb gizir kimi xidmət edirdi. Bu işə könüllü olaraq ona görə razılıq vermişdi ki, torpağımız düşmən tapdağı altında idi. Əsərdəki mühüm detallardan biri, obrazın daxilini açır, onun vətənpərvərlik hissinin ölçüyəgəlməz olduğunu sübut edir. Vaxt olur həyat onu sınağa çəkir. Anasının vəfatını eşidib ona məzuniyyət verirlər. Lakin o, doğma anasının yeddisinə qala bilmir. Burda ana ilə vətən müqayisə edilir. Tərəzinin Vətən gözü ağır gəlir. Aqil atasından, qohumlarından üzrxahlıq edir ki, Vətən çağırır, qala bilməz.

Bu özü də ailə tərbiyəsindən gəlmədir. Müdrik ata öyüdünün, halal, saf ana südünün təsirindəndir.

Göstərdiyi igid və qəhrəmanlığına görə, Aqil "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülmüşdür.

Masallı Mədəniyyət Mərkəzinin səhnəsində tamaşanın təqdimatı olub. Tədbiri Masallı Regional Dövlət Kollecinin direktoru Vidadi Nəzərov açıb və Aprel döyüşlərinin xalqımızın qürur və iftixar tarixi kimi dəyərləndirib.

"Tərəqqi” medallı Qardaş Fətullayev, müəllif Rəsul Rzayev, Böyük Xocavar tam orta məktəbinin direktoru Abusət Zeynalov, kənd ziyalısı Rəyasət İbrahimov, şəhid atası Qismət Məlikov əsər barədə məlumat veriblər.

Tamaşa "Aqil” mahnısı ilə başlayıb. Arxa fonda döyüş səhnələri görünür. Döyüşçü marşı kimi səslənən mahnının od-alov saçan döyüş epizodları ilə komponenti, insanı coşdurur.

Sözləri Rəsul Rzayevin, musiqisi Aysel Nərimanovanın olan mahnı ürəkləri riqqətə gətirir:
Qəhrəmanlıq hünərindən,
Tutdu ellər soraq, Aqil.
El-obanın taleyində,
Oldun nurlu çıraq, Aqil.
Bu torpağa Vətən dedin,
Qibləgahım sənsən, dedin.
Hünərinə əhsən dedi,
Vətən, ana, torpaq, Aqil.
Pozdun düşmənin sırasın,
Yağıdan aldın qisasın,
Verdin namərdin cəzasın,
Əldə odlu silah, Aqil.
Dedin: Vətən xanimanım,
Ona qurban şirin canım,
Başın üstə dalğalanır,
O üçrəngli bayraq, Aqil.
Səhnələr bir-birini əvəz edir. İgid əsgərlərin obrazları canlanır. Onların hər biri Azərbaycan bayrağını uca tutur, Aqilin qəhrəmanlığını əks etdirən şeirlər səslənir:
...Qəzəbimi silah etdim,
Torpağımı azad etdim,
Alıb neçə yüksəkliyi,
Hünərimi bayraq etdim
Qarabağda!
Canım qurban bu Vətənə,
Qan uddurduq biz düşmənə,
Bu vuruşda candan keçdim,
Bayrağımdır kəfən mənə
Bu torpaqda!
Bu döyüşlərdə kiçik komandir Aqil hamıya həyandır. Sinəsini sıravi döyüşçüyə sipər etmiş komandir barədə əsgərin öz dilindən eşidirik:
O, bizi qorudu odlar içində,
O, bizi qorudu, odu kül etdi...
Ağır döyüşlərdə, dar günümüzdə,
Komandir dost kimi çatdı haraya.
Deyir ki, Aqilə bir can borcluyam.
Borcum həyatımdır, ömrümdür mənim,
İgid komandirə cahan borcluyam.

Tamaşada Masallı Dövlət Regional Kollecinin tələbə aktyorlarından Elnarə Rzayeva, Duyğu və Minarə Əliyevalar, Dilrübə Dadaşova, Səbinə Xəlilova, Elvin Azəroğlu, Savalan İmanov, İradə Hüseynova yaratdıqları canlı obrazlarla diqqəti cəlb ediblər. Əsərin hazırlanmasında Böyük Xocavar məktəbinin müəllimlərindən Sevda Məmmədova, Aysel Nərimanova, Qənimət Məlikova, Zahid Həmidovun əməyi qeyd edilməlidir. Məktəbin şagirdlərindən Mənsurə, Günel, Saray, Mehriban, Aynişan, Fidan, Şəlalə, Qivi, Ruqiyyə, Çingiz, Səfa, Aysel, Rafət, Yunis, və şəhidin qohumu Əlinin ifasında şeir parçaları səsləndirilmişdir.

Tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev hər detalın, obrazın canlı təqdim olunması üçün zərgər dəqiqliyi ilə işləyib.

Tamaşanın baş məsləhətçisi Vidadi Nəzərovdur (o, həm də kitabın redaktorudur).

Sonda şəhid atası Qismət Məlikov şəhidlərin ruhuna göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Bitkin süjet, əhatəli kompozisiya, emosional təsirli əsər Masallı mədəniyyəti üçün hadisə kimi qarşılandı.

Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan həftəlik "Yeni həyat"
qəzetinin baş redaktoru




banner

Oxşar Xəbərlər