Opera səhnəmizin Koroğlusundan Vaqifinədək
Bu günlərdə fəlsəfə
doktoru İmran Axundovun "Adil Məlikov” adlı monoqrafiyası ilə tanış oldum.
Monoqrafiya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, görkəmli
vokalist, lirik-dramatik tenor, respublikanın əməkdar artisti, prezident təqaüdçüsü
Adil Məlikovun ifa etdiyi partiyaların tədqiqinə həsr edilib.
İmran Axundov monoqrafiyada ilkin olaraq Azərbaycanda
opera sənətinin yaranma tarixinə nəzər salmaqla, burada böyük şəxsiyyətlərin, sənət
fədailərinin yaradıcılığına ilkin mərhələdə azacıq da olsa diqqət yetirir və
mahiyyət etibarı ilə onların geniş səhnə fəaliyyətini oxuculara təqdim edir.
Monoqrafiya iki fəsildən ibarətdir. Birinci fəsil aktyor-vokalist və tarixi qəhrəmanlar fonunda təhlil edilməklə, əməkdar
artist Adil Məlikovun böyük məharətlə yaratdığı Koroğlu obrazı haqqındadır. Müəllif
məhz Adil Məlikovun bu obrazını böyük Bülbülün yaratdığı Koroğlu obrazı
arasında olan fərqin baxışında təhlil edərək, maraqla baxıldığını və izləndiyini
söyləyir. Müəllif həmçinin böyük Bülbülün bu gün də əvəzsiz bir yaradıcılıq
yolu olduğunu xatırlatmaqla, Adil Məlikovun da bu obrazdan bəhrələndiyini
deyir. Daha sonra İmran Axundov sənətkarın həyatına qısa da olsa ekskurs etməklə
yazır: "Adil Məlikovun uşaqlıq illəri çox əziyyətli keçib. Onun altı yaşı
olanda atası dünyasını dəyişib. Səkkiz yaşında müharibənin ağır illərinin
şahidi olub, bacı və qardaşı acından tələf olublar. Balaca Adil ağır işlərdə
çalışaraq, qazandığı cüzi əmək haqqı ilə ailənin ehtiyacını az da olsa, ödəyirdi.
İllər bir-birini əvəzlədikcə o da böyüyürdü. Doğulduğu rayonun dar, dolanbac,
daşlı-torpaqlı küçələrində kos-kos oynayanda heç kimin ağlına gəlməzdi ki, bu gəncin
qarşısında iki cığır açılacaq: biri futbolçu, digəri isə aktyorluq”.
Adil Məlikov
bir müddət futbola həvəs göstərsə də, onu daha çox teatr sənəti
maraqlandırırdı. Aktyor öz xatirələrində bildirir ki, futboldan ayrılandan
sonra yaxşı səsi olduğu üçün onu Konservatoriyaya gətirirlər. Konservatoriyanın
zirzəmisində musiqi məktəbi yerləşirdi. Bu illərdə musiqi məktəbinin rəhbəri mərhum
Süleyman Ələsgərov idi. Burada bir il oxuduqdan sonra hərbi xidmətə yollanaraq
beş il donanmada xidmət edib. Qayıtdıqdan sonra hər şeyi təzədən başlamalı
olub. Əvvəlcə A.Zeynallı adına Musiqi məktəbində Firudin Mehdiyevin sinfində təhsil
alıb. Daha sonra Konservatoriyada Bülbülün sinfində oxumaq qismətinə nəsib
olub. O illəri xatırlayan müəllif İmran Axundov, Adil Məlikovun xatirələrindən
misallar gətirərək yazır: "Bülbül səsimə qulaq asdı və xoşuna gəldi. Sevincimin
həddi-hüdudu yox idi. Belə bir sənətkarın sinfində oxumaq böyük xoşbəxtlik idi.
Hansı ki, mən həyatımda onu təkcə bircə dəfə görmək arzusunda olmuşdum ki.
Bülbül səsimi dinlədikdən sonra dedi ki, səndən Koroğlu hazırlayacağam. Təxminən
bir il ərzində o, məni Koroğlu roluna hazırladı. Hətta Polad mənə danışdı ki,
onda atam evə sevinə-sevinə gəlirdi. Səbəbini soruşduqda deyirdi ki, sinfimə
bir rayonlu oğlan gəlib, onu Koroğlu kimi səhnəyə çıxaracağam. Sonra qismət elə
gətirdi ki, bir il sonra Bülbül dünyasını dəyişdi. Mənimlə Şövkət Məmmədova məşğul
oldu. İnstitutu qurtarıb təyinatımı Opera Teatrına aldım”.
Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, opera səhnəmizin ən mükəmməl
Koroğlularından biri kimi yaddaşlarda yaşayan Adil Məlikov fəaliyyəti müddətində
Ramiz Mustafayevin "Vaqif”ində Vaqifi, Süleyman Ələsgərovun "Bahadur və Sona”sında
Bahadırı, Fikrət Əmirovun "Sevil”ində Balaşı, Şəfiqə Axundovanın "Gəlin
qayası”nda Xanı və onlarca digər obrazları yaradaraq milli operamıza öz qiymətli
töhfələrini verib. Onun ifasında təbiilik və obrazın xarakterik xüsusiyyətlərinə
malik olan inandırıcılıq əsas şərtlərdən biri hesab edilirdi. Bu baxımdan Adil
Məlikov oxuduğu hər hansı bir əsərin məzmununu və mənasını dərindən başa
düşürdü, ifa etdiyi musiqiyə hansı münasibətlə yanaşmağı tamlığı ilə dərk
edirdi. Buna görə də onun ifa etdiyi, mahnılar, romanslar, opera əsərlərindəki
məşhur partiyalar mənalı və məlahətli görünürdü. Məhz bu xüsusiyyətlərinə görə,
Adil Məlikovun ifasından zövq almamaq mümkün deyildi. Onun oxumağı, danışığı qədər
səmimi və ürəyəyatımlı idi. Bu xüsusiyyətlərinə görə, hər zaman səhnədən onunla
- yəni ifaçı ilə dinləyici arasında bir istilik, səmimiyyət yaranırdı.
Müəllif
monoqrafiyada "Koroğlu” operası və aktyor ifası haqqında yazır: "Tamaşaçılara təqdim
olunan "Koroğlu” hər zaman olduğu kimi yenə də Azərbaycan operasını yeni zirvələrə
qaldırdı. Bu opera böyük həyat və sənət təcrübəsi keçmiş, neçə on illiklər davam
edən bir yaradıcı şəxsiyyətin təfəkkürünün məhsulu idi. Əsərin süjet xətti
xalqın keçmişindən götürülmüşdürsə, ruhu və əsas ideyası müasir zamanla səsləşirdi.
Muğam kökü üstə bəstələnmiş bu operada xalqın azadlığı, səadəti, qəhrəmanlığı
yüksək bədii səviyyədə tərənnüm edilirdi. Bu bənzəri olmayan sənət nümunəsində
sənətkarlıq, bəstəkarlıq texnikası, musiqimizin orijinallığı, melodik çalarlar,
operanın ahəng və ritminin rəngarəngliyi elə dəqiq uyğunlaşdırılmışdır ki, əsəri
dinləyən insanlar sənətin qüdrətinə və bəstəkarın dahiliyinə valeh olurdular.
Bu operadakı musiqi parçaları dərya kimi çalxalanır, çay kimi çağlayır bəzən də
lirik ariyalar insanın ruhunu titrədirdi. Uvertüra, hər pərdədən əvvəlki müqəddimələr,
ariyalar, ariozolar, kəndlilər və Çənlibel xoru, reçitativ və ansambllar, balet
nömrələri bəstəkar tərəfindən böyük məharətlə işlənilib. Bu opera kamil və
bitkin sənət nümunəsi olduğu üçün onun insana təsiri də güclüdür, dərindir. Azərbaycan
milli operalarında üslub problemini, opera sənətinin yeni mərhələsini və əlçatmaz
yaradıcılıq zirvəsini "Koroğlu” operası həll edib. Əməkdar artist Adil Məlikov
operanın baş qəhrəmanı olan Koroğlu obrazını dinamik inkişafda təqdim edir.
Onun ifa etdiyi partiyaların əsasını təşkil edən ariya, ariozolar, mahnılar
obrazın ardıcıl və hərtərəfli açılmasına xidmət edir. Məhz aktyor Adil Məlikovun
ifasında artıq birinci pərdədəki "Səni gördüm” ariozosunda Koroğlu sevən aşiq
kimi canlandırılır”.
Daha sonra müəllif
Adil Məlikovun Vaqif partiyası üzərində böyük əzmkarlıqla çalışmasından söhbət
açır. İmran Axundov aktyorun ifasında böyük mütəfəkkir olan şairin həyatındakı
çətinlikləri dolğun göstərməyə müvəffəq olduğunu vurğulayır: "A. Məlikovun
ifasında Vaqif təbiətə və gözəlliyə vurğun, düşmənə isə amansız olan dövlət xadimi
idi. Vaqif - Adil Məlikovun uvertüradan sonra təbiətin qoynunda "Mən cahan
mülkündə mütləq doğru halət görmədim” başlığı ilə ifa etdiyi şikayətnaməsində
haqsızlığı qamçılayır. Səhnədə baş verən hadisələrin dinamikası musiqi sədaları
altında pik nöqtəyə çatır. Adil Məlikovun ifa etdiyi Vaqif partiyasının ariya,
arioza, reçitativlər, dialoqlar gözəl musiqi sədaları altında insanı düşüncələrə
qərq edirdi. Burada musiqinin təsir qüvvəsi nə qədər xoş idisə, kədərli məqamlarda
bəstəkarın uğurundan xəbər verirdi. Adil Məlikov Vaqif partiyasını ifa edərkən
səsinin rəng çalarlarından və aktyorluğundan məharətlə qaynaqlanırdı. Vaqif
onun yaradıcılığında yeni bir səhnə qəhrəmanı idi. O da Koroğlu kimi xalqını
düşünür. Lakin bu düşüncələrdə fərq vardır. Koroğlu zülmə qalib gəlməyi
silahda, Vaqif isə elmdə görürdü. Vaqif - Adil Məlikov ciddi, təmkinli, qəddarlığa
nifrət bəsləyən insan idi”.
Qeyd etmək
lazımdır ki, həqiqətən də Adil Məlikovun səhnədə yaratdığı Vaqif obrazı onun
ifasında yeni yaradıcılıq forma və üslubu idi. O, bu obrazı yaradıcılıq süzgəcindən
keçirərək daha dərin çalarlarla ifa edirdi. Aktyor səhnədə hər an obrazın bütün
iç dünyasını hiss edirdi, xarakterindəki ən incə nüansları, müəllifin musiqi
ruhunu, Vaqifin psixoloji xarakterini dərindən hiss edərək göstərirdi.
Adil Məlikovun vokal və aktyorluq qabiliyyəti
xüsusi bir fitri istedad idi. Onun səsinin tembri zəngin boyalara malik olan,
opera artistindən tələb olunan səs çalarlarından biri kimi qəbul edilirdi. O,
dramatik nüansları, obrazın xarakterinə uyğun olaraq səsi ilə xarakteri və
hissləri ifadə etmək qabiliyyətinə malik idi. Opera solistlərindən fərqli
olaraq Adil Məlikovda aktyorluq qabiliyyəti daha çox özünü büruzə verirdi. Bu
baxımdan müəllif İmran Axundov monoqrafiyanın ikinci fəslini "Aktyor, vokalist
və müxtəlif xarakterli partiyalar” adlandırıb. Müəllif monoqrafiyanın bu fəslində
qeyd edir ki, Adil Məlikov Azərbaycan operalarında (Koroğlu, Vaqif, Balaş və
b.) daha uğurlu addımlar atıb. Onun bir vokalist kimi yüksək peşəkarlığı bu
operalarda daha aydın nəzərə çarpırdı: "O, hər zaman Bülbül məktəbinin layiqli
davamçısı olduğunu ifası ilə hiss etdirirdi. Böyük novator Bülbülün ifaçılıq
üslubunu, oxuma texnikasını, təcrübəsini, musiqini milli koloritlə bəzəmə
ustalığını, bütün bunları vəhdətdə birləşdirməyi öyrənmişdi və öz ifasında
bacarıqla istifadə edirdi”.
Adil Məlikovun
yaradıcılığına nəzər salarkən tarixi faktlardan aydın olur ki, o, 1965-ci ildə
Konservatoriyanı bitirərkən, dövlət imtahanında Fikrət Əmirovun "Sevil”
operasında Balaşın partiyasını uğurla ifa edib və təyinatı Azərbaycan Dövlət
Opera və Balet Teatrına verilib.
F.Əmirovun "Sevil” operası 1953, 1955, 1980 və 1998-ci illərdə müxtəlif
quruluşlarda tamaşaya qoyulub. İlk dəfə
bu opera Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində 1953-cü il
dekabr ayının 25-də Akademik Milli Dram Teatrından dəvət olunan Mehdi Məmmədov
tərəfindən tamaşaya qoyulub. Qeyd etmək lazımdır ki, operanın librettosunu Tələt
Əyyubov ölməz dramaturq Cəfər Cabbarlının "Sevil” pyesinin motivləri əsasında
yazıb. Bu zaman operanın dirijorluğu Əfrasiyab Bədəlbəyliyə, bədii tərtibatı
Ənvər Almaszadə və İzzət Seyidovaya, rəqslərin quruluşu isə Qəmər Almaszadəyə
tapşırılıb.
Adil Məlikovun ifa etdiyi Balaş surəti səmimi hisslərlə
zəngin idi. O, Balaşı mənfi və müsbət cəhətləri ilə göstərməyə çalışıb və buna
müvəffəq olub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Adil Məlikov səhnədə
Balaşın xarakterini incə ştrixlərlə aça bilirdi. Onun ifa etdiyi Balaş qəddar
deyildi, burnundan uzağı görməyən, məhdud düşüncəyə, zəif xarakterə malik idi.
İmran Axundov
monoqrafiyanın sonunda aktyor Adil Məlikov yaradıcılığı haqqında maraqlı bir nəticəni
də böyük ustalıqla təqdim edir. Müəllif yazır: "Adil Məlikov təkcə böyük
partiyaları deyil, kiçik həcmli, zəngin xarakterli partiyaları da böyük həvəslə
ifa edirdi. Və zəhmət hesabına bu kiçik obrazları da bitkin rollar səviyyəsinə
qaldıra bilirdi. O, oxumadığı, susduğu səhnələrdə belə, özünün səhnə plastikası
ilə tamaşaçıları düşündürürdü. Adil Məlikov ixtiyarında olan bütün vasitələrdən
- susmaq, oxumaq, plastikadan məharətlə istifadə edərək kiçik partiyanı da
bitkin obraz səviyyəsinə qaldıra bilirdi. Adil Məlikov Azərbaycan, Rus və
Avropa operalarında müxtəlif xarakterli partiyalar ifa edib. Onun yaradıcılıq əhatəsi
geniş və zəngin idi. Belə bir səviyyədə ifaçı olmaq, Adil Məlikovun vokal sənətinin
mürəkkəb texnikasına mükəmməl sahib olmasını göstərirdi”.
K. S.
Stanislavski yazır: "Operalarda təkcə yaxşı xanəndə deyil, həm də yaxşı aktyor
olmaq lazımdır. Burada dramatik və vokal-musiqi uyğunluğu zəruridir”. Ömrünün
böyük bir hissəsini Azərbaycan opera sənətinə həsr edən istedadlı aktyor,
respublikanın əməkdar artisti Adil Məlikov da bu silsilə yaradıcı şəxslər
siyahısına daxildir. Fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı "Adil Məlikov”
monoqrafiyası sənətkarın səhnə fəaliyyətinin daha dərindən öyrənilməsi və növbəti
tədqiqat işlərinin aparılması baxımından təqdirəlayiqdir.
Anar Burcəliyev,
teatrşünas