AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nəfs - Fotolar

Nəfs - Fotolar

Mədəniyyət
02 Dekabr 2019, 10:38 901
Və ya kamilliyin təntənəsi 
 
Dünya ədəbiyyatının şah əsərlərindən biri sayılan "Paris Notr-Dam kilsəsi” əsərinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrda tamaşaya qoyulması və yüksək coşqu ilə qarşılanması, əslində, son onilliklərdə tamaşaçıların, xüsusilə də gənclərin yaddaşını silkələdi, bir çoxlarına xatırlatdı ki, bu dünya təkcə ovcunuzun içi boyda telefon ekranında gördüyünüz və çox vaxt da həsəd apardığınız dəbdəbəli saraylardan, orada ilk baxışdan xoşbəxt, əmin-arxayın, parıltılı həyat keçirdiyi güman edilən xoşbəxtlərdən  ibarət deyil.  Bir də bu dünyanın o biri üzü var, günəşi yeri isitməyən, ayı görünməsin deyə qapı-pəncərəsi  qara rəngə boyanan nəfəssiz, həyəcansız sığınacaqlarda və sevincə həsrət meydanlarda gündəlik güzəranın yükü altında bükülənlər də var. Və bu ikincilərin həyatı, nədənsə daha çox müzakirə mövzusuna çevrilir, onların yaşam faciəsinin bir ucunda mütləq o parıltılı həyatdan gələnlərin əli olur. Bu həyatın dibində baş verənlərin faciəsində bilavasitə iştirakı olanların adı, nədənsə o zərərdidələrin əzabı fonunda hər zaman ikinci planda qalır; eynən Esmeralda və Kvazimodo ilə müqayisədə  Keşiş  və onun havadarları kimi. Yazıçıya görə, müxtəlif tarixi hadisələr, o dövrdə baş vermiş döyüşlər, bu və ya digər bir ölkənin süqutu və ya dirçəlişi tarixin xronoloji ardıcıllığını qorumağa çalışan tarixçilərin işidir. Bədii əsər yaradan yazıçının vəzifəsi isə  kamillik zirvəsinə qalxmağa can atan kamil insan surəti yaratmaqdır. Ancaq bu kamilləşmək hər bir fərdin-konkret olaraq daha çox yazıçının təxəyyülünün məhsulu olan obrazların  xarakterində, xislətində, nəfsində və düşüncələrində cəmləşib. Biz, bu günün oxucu və tamaşaçıları isə məhz yazıçı qələminin qüdrəti ilə xəyalımızda o uzaq illərin və hətta reallığına bəzən şübhə etdiyimiz mistik hadisələrin sehrinə düşürük, səhnədə gördüklərimiz bizə nə vaxtsa yaşanmış reallıq təsiri bağışlayır.
 
Bədii ədəbiyyat və təsviri  sənət, tarixi olduğu kimi oxucu, tamaşaçı yaddaşına köçürmək kimi bir məqsəd güdmür.  Müəllif xronoloji ardıcıllığı gözləməyə də bilər, bu onun  seçimidir və Hüqo da məhz bu yolu gedib.  Onun qəhrəmanları Fransada baş verən inqilabların, siyasi hadisələrin iştirakçıları və ya  bu hadisələrin bilavasitə  səbəbkarları, siyasi liderləri, görkəmli şəxsiyyətləri  deyil, bunlar yəqin ki, tarixin yaddaş saxlancında çoxdan it-bata düşüb, ancaq dahi romançının 1830-cu ildə  yazdığı "Paris Notr-Dam kilsəsi” əsəri fransız ədəbiyyatında tarixi romanın "atası” sayılan Volter Skotdan sonra lirik-romantik-tarixi ədəbiyyat ənənəsinin davamı olur. Elə bu dövrdə də tarixi romanlar üçün xarakterik olan romantizm estetikası formalaşır ki, bunun da əsas postulatı ədəbi tənqidin yazdığı kimi Hüqonun yaradıcılığı olur: "Hüqo əmin idi ki, tarixi xronikanın pedantcasına şərh olunmasında naməlum kütlənin və ya "aqrotinlərin” (romanda bu, avaraların, dilənçilərin oğruların və fırıldaqçıların özünəməxsus korporasiyaları şəklində təsvir olunur) - küçə rəqqasəsi Esmeraldanın, zəngçalan Kvazimodonun, ya da kimyagərlik qabiliyyətinə kralın belə maraq göstərdiyi alim rahibin davranışlarında gizlənən nəfs və ehtirasdakı qədər şirnikləndirici məna yoxdur. O dövrün ruhunu əks etdirən uydurma qəhrəmanlar tarixi personajlardan daha inandırıcı görünür. Faktlarla təxəyyülün bir-birinə uyğunlaşdırılaraq əlaqələndirilməsi, quru faktdan daha inandırıcıdır, yalnız onların qovuşdurulması incəsənətin hədəfi olan yüksək bədii həqiqəti meydana çıxarır”.
 


      Noyabrın 14-ü və 15-i primyerası oynanılan "Paris Notr- Dam kilsəsi” tamaşası bu ilin aprel ayında, qəfil yanğından sonra yanıb külə dönən dünyaca məşhur tarixi abidəyə bir ağı, əsrlərdən  bəri yaddaşlarda süslənən nağıl və əfsanələrin  bəzən həqiqi, bəzən də uydurulmuş  qəhrəmanlarının və onları yaradanların xatirəsinə ithaf idi. Təkcə Fransanın deyil, bütün Avropanın memarlıq simgələrindən biri sayılan bu unikal tikili  nə az, nə çox, düz 9 əsrdir ki, gözəlliyi, möhtəşəmliyi və əsrarəngizliyi ilə illərə meydan oxuyurdu (Dünya xristianlarının ianə yardım ilə bu nadir dini abidə  və mədəniyyət incisi indi bərpa edilir).

     Yeni tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət  xadimi Əliqismət Lalayevin qənaətinə görə, bu qəfil yanğın təkcə 5-10 nəfər fəhlənin səhlənkarlığı üzündən baş verməyib,  bəlkə də buna və bu kimi gözlənilməz qəzalara rəvac verən gözəgörünməz, pərdə arxasında qalan qüvvələrdir ki, biz onların kimliyindən hələlik xəbərsizik. Yer üzündə insan zəkasının qüdrəti ilə yaradılan, mistik kodlarla, sirli və inanılmaz hadisələrlə zəngin olan bu cür yerlər çoxdur, bütün dövrlərdə səyahət həvəskarları oraları görməyə can atır, bu abidələrlə bağlı hər faktı və hadisəni  əfsanə, nağıl kimi təkrar-təkrar dinləmək arzusunda olurlar. Biz bu tamaşa ilə hər kəsi daha diqqətli, daha məsuliyyətli və mütavazi olmağa, maddi mədəniyyət nümunələrinə qayğı ilə yanaşmağa çağırırıq, çünki dünya məhz bu əbədi daş yaddaşı ilə qədimdir, gözəldir, maraqlıdır. 

      Yeni tamaşanın quruluşçu rejissoru və liberetto müəllifi Samir Qulamov da Hüqonun qəhrəmanlarına təxminən 190 illik bir zaman kəsiyindən, özü də müasir tamaşaçının gözü ilə baxmağa çalışıb. Məncə, gənc rejissor əsərin bu gün üçün daha aktual olan bir nüansını dəqiq tutub: insan yaşadığı zaman və məkan anlayışından asılı olmayaraq öz daxili "MƏN”inə sadiq qalır. Yaşadığı ölkə, aldığı təhsil, seçdiyi geyim tərzi, xarici bər-bəzək, düşdüyü mühit belə onun bu xislətini dəyişə bilmir. Bütün görünən  və gizlinlərdə qalanların fövqündə insanı, bəzən iradəsi xaricində nələrəsə məcbur edən bir hiss var! Onun adı: NƏFSDİR! 
 
 

       Nəfsdə bitib-tükənmək bilməyən ehtiras, kin, inadkarlıq, həsəd və paxıllıq kimi fitri xüsusiyyətlər var ki, insan onu məharətlə pərdələməyə, hər kəsdən pünhan saxlamağa çalışır. Tamaşadakı Keşiş kimi! Nəfsinə yenik düşən Keşiş ətrafdakılar üçün boynu xaçlı müqəddəs, xeyirxah, yol göstərən, şəfqət dolu, ağzı dualı bir din xadimidir. İlk baxışdan müsbət obraz təsiri bağışlamağa, daxilindəki şəhvəti boğmağa nail olsa da, onun dincliyini, rahatlığını əlindən alan şəhvəti məharətlə gizlətməyə can atsa da, bacarmır. İçini saran Nəfs onu mənəvi kamilliyə, tərəqqiyə deyil, tənəzzülə    aparır, qüsurlarının üzünə  deyilməsindən nifrət edir, əsla xətalarını eşitmək və qəbul etmək istəmir. Keşiş (Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev) bütün tamaşa boyu səhnədəki olayların mərkəzindədir; ya bilavasitə hadisələrin iştirakçısıdır, ya da sanki kilsə qübbəsindən baxırmış kimi hər kəsi görməkdə, duymaqdadır; yağışlı gecədə kilsə qapısına atılmış körpəni qucağına alanda da, mənəvi  atalıq etdiyi  Kvazimodo (Nicat Həbibov və Əmrah Dadaşov) ilə mükalimələrində, Qrenquarla (Emin Zeynallı, Hidayət Əliyev), Baş nazir Qoşerlə (Səmədzadə Xasıyev) və digərləri ilə ünsiyyətində nə qədər təmkinini qoruyub saxlamağa çalışsa da, Esmeralda ilə qarşılaşmada Müqəddəs ata boynundakı xaçı da, Tanrıya, bakirə öləcəyinə söz verdiyini də unudur, o anlarda o, sadəcə qadın gözəlliyi qarşısında əsir olan  çılğın, ehtiraslı, sevgisi uğrunda hər kəsi əzib keçməyə hazır olan aşiq Kloddur! Cəmiyyətdə söz və imtiyaz sahibi olan ögey atanın-keşişin və məzlum, eybəcər, bədbəxt oğulluğun-Kvazimodonun sevgisi fərqlidir; biri nəfsinin, şəhvətinin qulu, digəri isə kortəbii bir instink, təhtəlşüur bir duyğu ilə qarşısındakı gözəl məxluqdan nəvaziş və təmas uman binəvadır! Ancaq hər ikisi anlayır ki, (biri instinklə olsa belə), insanların şərindən kilsəyə sığınan bu qaraçı qızına (Aydan Həsənova və Mehriban Zalıyeva) bəslədikləri cismani və mənəvi sevgidən qurtuluş yoxdur. Əslində Keşiş nə istədiyinin, hisslərinin onu hara sürüklədiyinin fərqindədir, kilsə zəngçalanının qəlbində baş qaldıran duyğu isə ən çətin məqamda ona bir qurtum su içirdən gözəl qıza minnətdarlıq borcu ilə süslənib.

Təbii ki, tamaşada oynayan hər bir aktyorun oyunu barədə ayrıca danışmaq bir qəzet məqaləsinə sığacaq qədər qısa və lakonik ola bilməz. Çünki əsas rolların hər birini ən azı iki, hətta üç ifaçısı var. Keşiş Pərviz Məmmədrzayevin təqdimatında nə qədər çılğın, ehtiraslı və mütəhərrik və hərəkətlidirsə,  Nadir Xasiyevin Keşişi  ilk baxışdan daha sakitdir, məqsədinə çatmaq naminə bir qədər ehtiyatlı, lakin hiyləgər və ləngərli hərəkəti ilə yadda qalır.

Esmeraldanın dünya səhnələrində və böyük kinoda çox məşhur ifaçıları olub (ya da bu obraz onları məşhurlaşdırıb), bizim Aydan Həsənova öz ehtiraslı qaraçı rəqsləri ilə yadda qalan, üç kişi sevgisi qarşısında əzab çəkməkdən və məhkum olunduğu ölümdən xilas olmaq üçün çırpınmaqdan  başqa, gücü heç nəyə çatmayan gənc qızın iztirablarını o qədər inandırıcı və təbii canlandırır ki, tamaşaçı özünü inqilabı ehtirasların coşub-çağladığı səsli-küylü Parisin küçə və meydanlarında hiss edir. Bu qarışıqlıq içində Esmeralda öz arzuları və xəyalları ilə yaşayan gənc, gözəl, qaranlıq aləmdə ulduz kimi parıldayan  cəsarətli bir qızdır. O, heç tərəddüd etmədən dövlətin və kilsənin qəzəbinə tuş gəlmiş şair Qrequarı edamdan qurtarır, qaraçı qanunlarına uyğun olaraq 4 illiyə onunla izdivac bağlamağa razılıq verir. Ehtirasların çoşub-çağladığı meydanda məhz bu gənc qız kütlənin gözü qarşısında təhqir edilən, alçaldılan Kvazimodoya içmək üçün su verir. Əslində, Notr Dam qozbeli kimi o da atılmış, valideyn himayəsindən mərhum edilmiş kimsəsiz bir qızdır və Aydan öz qəhrəmanının daxili yaşantılarını, tərəddüdlərini, qorxu və həyəcanını çox inandırıcı oynayır. Eyni sözləri onun dublyoru, Əməkdar artist  Səidə Şıxəliyevanın ifası barədə də demək olar. 
 
 

   Kvazimodo obrazına iki istedadlı və ümidverici gənc aktyorun - Nicat Həbibovun və Əmrah Dadaşovun ifasında baxmışam, onların hər biri bu məşhur personajın daxili aləmini açmaq üçün çox  maraqlı və inandırıcı ştrixlər, kifayət qədər səriştəli cizgilər, çalarlar tapıblar.

     Bu məqamda həm bu aktyorları tanınmaz dərəcədə, əlbəttə, oynadıqları xarakterə uyğun, necə deyərlər "başdan yaratmağa” müvəffəq olan və tamaşanın təsir gücünü artırmaqda çox mühüm əhəmiyyət kəsb edən qrimdən, yaradıcı heyətin  geyimindən, səhnə tərtibatından, zəngin musiqi seçimindən söz açmaq da vacibdir və bu sahələrdə zəhməti olan mütəxəssislərin işini də xüsusi qeyd etmək istərdim. Tamaşanın quruluşçu dirijoru və orkestləşdirmənin müəllifi Əməkdar incəsənət  xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, rəqslərin quruluşları  Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada ifa olunan mahnıların sözlərini şair İlqar Fəhmi yazıb.

    Tamaşada Riçard Konçiantenin, R.Ştraus, T.Albinoni, J.Bize, S.Barberin  musiqilərindən  istifadə  olunub. Nəfsin faciəsinə, Kamilliyin təntənə zirvəsindən baxan Hüqonun dünyaca məşhur əsərinin Bakı həyatına start verən yaradıcı heyətə xeyirli, uğurlu olsun arzusu ilə qeydlərimi elə dahi yazıçının insanlığa bir ismarıcı ilə tamamlamaq istəyirəm: "Hər zaman bir-birinizi sevin, bütün qəlbinizlə sevin! Çünki bu həyatda sevgidən dəyərli, demək olar ki, heç nə yoxdur”.
 
Telli Pənahqızı