Nəcabətli, savadlı, xeyirxah nəslin ləyaqətli davamçısı - CÜMHURİYYƏT - 100
Xoyskilər nəcabətli, savadlı,
xeyirxah ziyalıları ilə məşhur olan bir nəsil olub. Azərbaycan Xalq
Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski də bu nəsildən idi. O, Xoy
şəhərindən olan Şəki xanı Cəfərqulu xanın nəslinin davamçısı İsgəndər xan
Xoyskinin oğludur. İsgəndər xan rus ordusunda general-leytenant rütbəsinə kimi
ucalmışdır. O, Şəkidə Hacı Molla Zeynalın qızı Şəhribanu xanımla ailə qurub.
Xoşbəxt cütlüyün dörd oğlu, bir qızı dünyaya gəlib. Savadlı və yüksək dünya
görüşünə malik olan İsgəndər xan oğlanlarının da təhsil almasına şərait
yaradıb. Hüseynqulu hərbi, Fətəli, Rüstəm və Cahangir isə hüquq təhsilinə
yiyələnirlər. Dörd qardaş istər Cümhuriyyətdən əvvəl, istər Cümhuriyyət
dövründə ölkədə baş verən bütün ictimai-siyasi hadisələrdə çox yaxından iştirak
edirlər. Cümhuriyyət dövrü Hüseynqulu xan Gəncə general-qubernatorunun müavini,
Rüstəm bəy Azərbaycan Xalq Cümhuriyyətinin sosial təminat naziri, Fətəli xan
Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, Cahangir bəy isə tanınmış
hüquqşünas kimi xalqın xidmətində dayanırlar.
Bu gün onlardan biri,
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi və dövlət
xadimi Fətəli xan Xoyskidən bəhs edəcəyik. Fətəli 1875-ci il dekabrın 7-də
Şəkidə anadan olub. Gəncə klassik gimnaziyasını və Moskva Universitetinin hüquq
fakültəsini birinci dərəcəli diplomla bitirərək Gəncədə dairə məhkəməsində işə
başlayıb. 1904-cü ilə qədər müxtəlif məhkəmələrdə çalışan Fətəli xan, həmin
ildə Yekaterinodar (Krasnodar) dairə məhkəməsi prokurorunun müavini təyin
edilir. Bu illər ərzində püxtələşən gənc hüquqşünas Gəncənin bütün
ictimai-siyasi işlərində yaxından iştirak edir. 1907-ci ildə o, Gəncə
quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilir. Amma onun Dumaya
seçilməsi çar hökumətinin heç də ürəyincə olmur. Çünki, Fətəli xan Dumanın
iclaslarında müsəlman deputatları fraksiyası adından çar hökumətinin
ucqarlardakı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar edərək,
etirazını bildirir.
1913-cü ildə Fətəli
xan Bakıya köçür. O, şəhərdə baş verən bütün xeyriyyə tədbirlərinin həyata keçirilməsində
yaxından köməklik edir və az vaxtda Bakıda baş verən ictimai-siyasi hadisələrin
ən fəal iştirakçısına çevrilir. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz
müsəlmanları qurultayının təşkil edilməsində
yaxından iştirak edir. Elə həmin ilin oktyabrında Bakı şəhər Dumasına
seçkilərdə müsəlman blokundan 10 mindən çox səs almış Fətəli xan Xoyski Dumanın
sədri seçilmişdi”.
1917-ci ilin
sonu, 18-ci ilin əvvəlləri Rusiyada baş verən hadisələr və bu hadisələrin
Azərbaycana təsiri Fətəli xan Xoyskinin diqqətini daha çox cəlb edirdi. O, bu
hadisələrdən nəticə çıxararaq xalqının azadlığı və müstəqilliyi uğrunda
mübarizəyə hüquqi yollarla başlayır. 1918-ci ilin fevralın 23-də Tiflisdə
Cənubi Qafqazın qanunvericilik orqanı olan Zaqafqaziya seymi işə başladı. Seymə
Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi.
Bu 44 deputat arasında F.Xoyski də var idi. O, həmən ilin aprelində elan olunan
müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində Xalq Maarif Naziri
vəzifəsinə təyin edilir. F.Xoyski bu vəzifəni icra edərkən Tiflisdə yaradılması
qərarlaşdırılmış Avropa tipli universitetin Bakıda açılması təklifini irəli
sürür və sonda buna nail olur.
Zaqafqaziya seymində fəaliyyət
göstərən hər üç Cənubi Qafqaz millətinin nümayəndələri mənafe müxtəlifliyi
üzündən vahid mövqedə birləşə bilmədilər. Odur ki, mayın 27-də Seymin
azərbaycanlı deputatları fövqəladə iclas keçirərək, özlərini Azərbaycan Milli
Şurası elan etdilər. Azərbaycanın idarəçiliyini öz üzərinə götürən Milli Şura,
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və İstiqlal Bəyannaməsinin
qəbul olunması haqqında qərar qəbul etdi. Azərbaycan Milli Şurasının üzvü
Fətəli xan Xoyski yekdilliklə Azərbaycan hökumətinin sədri seçildi və ona Azərbaycan
Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etmək tapşırıldı. Xoyski elə həmin
andaca öz hökumətinin tərkibini elan etdi. Bu hökumətdə Fətəli xan baş nazir
vəzifəsi ilə yanaşı, daxili işlər naziri vəzifəsini də tutdu. "Azərbaycanın
istiqlalı hər dəqiqə təhlükədədir!” söyləyən F.Xoyski bu təhlükəni aradan
qaldırmaq üçün bütün varlığı ilə çalışdı və sonda Azərbaycanının istiqlalı
uğrunda şəhid oldu!
Milli Şura və hökumət fəaliyyətini davam
etdirmək üçün Azərbaycana gəlir və ilk olaraq Gəncə də məskunlaşır. İstər Gəncədə,
istər Bakıda Milli Şura və hökumət çox mürəkkəb daxili və xarici çətinliklərlə
üzləşir. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atmağa
başladığı son dərəcə ağır daxili və beynəlxalq şəraitdə, qanunverici və icra
hakimiyyətinin əsas ağırlığı Xoyskinin üzərinə düşdü. Bu çətinliklərə
baxmayaraq, Xoyski hökuməti ilk olaraq Azərbaycanın dövlət müstəqilliyini
müdafiə edəcək milli ordunun yaradılması işinə başladı, Azərbaycan dilini
dövlət dili elan etdi və ən əsası, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri
soyqırımı vəhşiliklərini aşkara çıxarmaq məqsədilə Fövqəladə Təhqiqat
Komissiyası yaratdı”.
Bir faktı unutmaq olmaz
ki, F.Xoyskinin ölkəyə rəhbərlik etdiyi zaman, Azərbaycanda vəziyyət çox çətin
idi. Həm daxili, həm xarici qüvvələr müstəqilliyimizin məhvinə var gücləri ilə
çalışırdılar. Buna baxmayaraq, yeni hökumət ölkədə bir çox sahələr üzrə
islahatlar apardı, mədəni quruculuq sahəsində mühüm tədbirlər həyata keçirməyə
nail oldu. Amma çox təəssüflər ki, bunları görməyən, daha doğrusu görmək
istəməyənlərdə var idi. Parlamentdəki bir sıra partiya və fraksiyalar,
xüsusən "Hümmət”, "İttihad”, "Əhrar” və
sosialistlər Xoyski hökumətini "fəaliyyətsizlikdə” günahlandıraraq, ölkənin
bütün problemlərini onun üstünə yıxmağa çalışırdılar. Onlara kəskin cavab
olaraq M.Ə.Rəsulzadə həm mətbu orqanlarda, həm də Parlamentin iclaslarında
Xoyski hökumətini müdafiə edərək "...bu az müddətdə, nə mümkündürsə, etmişdir”
deyərək, qəti şəkildə etirazını bildirmişdi.
F.Xoyski ilk dəfə
1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclasında hökumətin
fəaliyyəti haqqında hesabat verir və çıxışının sonunda istefasını qəbul etməyi
Parlamentdən xahiş edir. Parlament hökumətin istefasını qəbul edərək, onun
təşkilini yenidən Xoyskiyə tapşırır. O, dekabrın 26-da hökumətin proqramı və
tərkibi barədə Parlamentdə yenidən məlumat verir. Müzakirələrdən sonra
Parlament Xoyski hökumətinin proqramını bəyənir və bu hökumətdə Xoyski baş
nazir vəzifəsi ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutur”.
1918-1920-ci illərdə ölkəmizdə
fəaliyyətdə olan mətbu orqanlarını vərəqləyərkən dəhşətli bir mənzərə ilə
rastlaşdım. Hökumətə müxalif olan partiyaların mətbu orqanları (xüsusən də
bolşeviklər) onu xalqın gözündən salmaq üçün yalan və iftira dolu bir təbliğatla
məşğul olub. Onların yaratdığı dözülməz
vəziyyətlə əlaqədar 1919-cu il fevralın 25-də Xoyski hökuməti yenidən istefa
verdi. Parlament istefanı qəbul etsə də, hökumət öz fəaliyyətini martın 14-də
Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət qurulana qədər davam etdirdi. Bu danılmazdır ki, təcrübəli, səriştəli
dövlət xadimi Fətəli Xan Xoyskinin son dərəcə mürəkkəb şəraitdə istefa verməyə
məcbur olması Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratına mənfi təsir
göstərdi və 1920-ci il aprelin 27-də 11-ci ordu beynəlxalq hüquq normalarını
pozaraq, Azərbaycan sərhədlərini keçdi və Xalq Cümhuriyyətinin varlığına son
qoydu.
Bakıda və Azərbaycanda
hakimiyyəti silah gücünə zəbt etmiş bolşeviklər milli hökumətin qurucularına
qarşı çox amansızlıq göstərərək, həbslərə başladılar. Yaranan gərgin vəziyyət
bir çoxları kimi F.Xoyskini də Tiflisə mühacirət etməyə məcbur etdi. Lakin
bolşeviklər onu burada da rahat buraxmadılar. Onun yaşayış yeri, hərəkət
marşrutu müəyyənləşdirildi və iki muzdlu erməni terrorçu- Aram Erkanyan və
Misaq Qriqoryan tərəfindən dəhşətli şəkildə qətlə yetirildi. F.Xoyskinin dəfn mərasimini Tiflisdə İran
konsulluğu onun adına layiq həyata keçirir və onu həmvətəni M.F.Axundzadənin
yanında, müsəlman qəbiristanlığında torpağa tapşırırlar.
Qızı 18 yaşlı
Tamara bütün varlığı ilə atasının dəfn mərasiminə can atsa da, bu gediş
"tilsim”ə düşür. Tiflisə getmək üçün ona Azərbaycan hökumətinin rəsmi icazəsi
və xarici pasport lazım idi. Bir çox qapıları döyən və "yox” cavabı alan Tamara,
nəhayət, Azərbaycan Hərbi İnqilab Komitəsinin sədr müavini Mirzə Davud
Hüseynovun qəbuluna gəlir. 26 yaşlı Mirzə sarışın, mavi gözlü Tamaranın
gözəlliyi qarşısında hər şeyi unudur və bolşevik hökumətinin düşməni olan
Cümhuriyyət liderinin qızına vurulur. Mirzə Davud bu sevginin ona çox baha başa
gələcəyini bilsə də, inadından dönmür və Tamara ilə ailə həyatı qurur, onlar 17
il xoşbəxt ömür sürürlər. Amma Mirzə Davudun bu "xəyanət”ini Şura hökuməti
unutmur. 1937-ci ildə cütlük Moskvada eyni gündə həbs edilib. M.D.Hüseynov
1938-ci ilin 21 martında güllələnib, Tamara xanım isə 10 il (bəzi mənbələrdə 19
göstərilir) müddətinə sürgün edilib. Möcüzə nəticəsində sürgündən sağ qayıdan
Tamara xanım, 1955-ci ildən sonuna Bakıya gəlib. Uzun illər Nazirlər
Kabinetində çalışan Tamara xanım, Mirzə Davuddan sonra heç kimlə ailə həyatı
qurmur və 1990-cı ildə, tək-tənha yaşadığı birotaqlı mənzilində vəfat edib.
F.Xoyski Yevgenya
adlı rus qızı ilə ailə həyatı qurub. Yevgenya Fətəli ilə Azərbaycana gəldikdən
sonra İslamı qəbul edir və elə öz arzusu ilə Fətəli həmin gündən onu Ceyran
adlandırır. Bu izdivacdan onların bir qızı, iki oğlu dünyaya gəlir.
Cümhuriyyətçilərin düşməni olan bolşevik məmuru ilə ailə həyatı quran Tamara
xanım taleyi barədə məlumat verdik. Qardaşı Ənvər isə 1935-ci ildə Moskvada
əməliyyat olarkən dünyasını dəyişir. Bu müəmmalı ölüm Tamara xanımı ömrünün
sonuna kimi düşündürdü. Bilmədi ki, bu, əcəlin işi oldu, ya kimlərinsə sifarişi...
Murad da 1930-cu illərdə çox böyük əzablar çəkdi. Heç yerdə işə götürülməyən
baş nazirin oğlu sürücülük edərək bir parça çörək qazanırmış. Nəhayət 1955-ci
ildən sonra Bakıda Murada iş tapılır. O, şəhər nəqliyyat idarəsində işləyir və
1973-cü ildə dünyasını dəyişir.
"Bizim də yaşamaq, azad
yaşamaq haqqımız var!” - söyləyən Fətəli xan Xoyski və onun amal yoldaşları
azadlıqlarını da, xoşbəxtliklərini də millətin hüququ, istiqlalı, hürriyyəti
uğrunda qurban verdilər. Bu gün biz də tarixi bir varis olaraq, onların
ruhlarını şad etmək üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə
gəlməliyik!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist