Naxçıvan əhalisinin etnogenezi tarixinə həsr olunan kitabın təqdimatı olub - Fotolar

Naxçıvan əhalisinin etnogenezi tarixinə həsr olunan kitabın təqdimatı olub - Fotolar

Cəmiyyət
15 Mart 2017, 18:39 698
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin "Naxçıvan əhalisinin etnogenezi tarixindən” monoqrafiyasının 2-ci cildinin təqdimat mərasimi keçirilib.

Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqilliyimizin bərpasından sonra muxtar respublika ərazisində elmin müxtəlif istiqamətlərində sanballı еlmi əsərlərin, o cümlədən dəyərli kitabların, albom-kitabların, monoqrafiyaların, mеtodik vəsaitlərin, buklеtlərin, atlasların, хəritələrin, məqalələrin, tеzislərin nəşr olunduğunu deyib. Bildirib ki, bir neçə il bundan öncə 1-ci cildi işıq üzü görən və yeni çapdan çıxan "Naxçıvan əhalisinin etnogenezi tarixindən” adlı monoqrafiyanın 2-ci cildi də filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çoxillik elmi tədqiqatlarının nəticəsi olmaqla fundamental tədqiqat əsəridir və Naxçıvan əhalisinin etnogenezi tarixinin öyrənilməsində dəyərli bir kitabdır. Bölmə sədri müəllifə bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb.

Təqdimat mərasimində Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Naxçıvan əhalisinin etnogenezi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Dilçi alim ulu öndər Heydər Əliyevin "Naxçıvan ulu tarixi keçmişi olan, qədim azərbaycanlıların yaşadığı bir ərazidir. Mən, bu qədim tarixin bütünlükdə öyrəniləcəyinə və əsl həqiqətin öz yerini tapacağına tamamilə inanıram” sözlərini xatirladaraq sözügedən monoqrafiyanı tarixi həqiqətlərin ümumi toplusu kimi dəyərləndirib. Qeyd olunub ki, tədqiqatçı alimin son illərdə apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsi olan II cildlik monoqrafiya bu günədək  dövrlərə görə sistemli tədqiq olunmayan proto Azərbaycan tayfalarından bəhs olunur. Kitabda Naxçıvanın qədim və müasir ərazilərində məskun olmuş tayfaların yeri, adların daşıdığı mənalar,  onların mifik inacları, əraziləri, eyni zamanda Naxçıvan ərazisində tayfa adları ilə yaranan etnooykonimlər qədim arxiv və qaynaq məlumatları əsasında sistemləşdirilib, etimoloji təhlilləri verilib. Bildirilib ki, 600 səhifəni əhatə edən və 3 fəsildən ibarət olan yeni nəşrin 1-ci fəsli  qədim Naxçıvanla bağlı m.ö. II-I minilliklərə aid tarixi faktların araşdırılmasına həsr olunub. II-III fəsillər isə Naxçıvan ərazisində II-I minilliklərdə məskun olmuş Prototürk-Azərbaycan tayfaları elmi faktlarla sübut olunub. 

Məruzə ətrafında Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, filologiya elmləri doktoru, professor Akif İmanlı, Bölmənin Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov çıxış edərək yeni monoqrafiyanın elmi dəyərindən söz açıblar. 

Tədbirin sonunda monoqrafiyanın müəllifi Firudin Rzayev çıxış edərək tədbirdə iştirak edənlərə, sözügedən monoqrafiyanı yüksək dəyərləndirənlərə öz dərin minnətdarlığını bildirib.