AZE | RUS | ENG |

Narkotiklərlə bağlı cinayət işlərinin istintaqı zamanı rast gəlinən problemlər

Narkotiklərlə bağlı cinayət işlərinin istintaqı zamanı rast gəlinən problemlər
Narkomaniya - "ağ ölüm” XXI əsrin bəlasıdır. Narkomanlıq, narkotikaya aludəçilik insan səhhətinə, sağlamlığına ən ağır zərbə, ölümdür. Dünya Səhiyyə Təşkilatının narkomanlıqla bağlı verdiyi məlumatlar bu ümumbəşəri bəlanın ilbəil necə sürətlə yayıldığını bir daha təsdiqləyir. Təkcə dünya əhalisinin 250 milyonunun narkotik və psixotrop maddələrdən istifadə etməsi faktı problemin ciddiliyini ortaya qoyur.
Hər bir dövlət öz sərhədləri daxilində narkomaniya ilə mübarizə aparır. Lakin bu ümumbəşəri bəlanın bütövlükdə dünya ictimaiyyətinin daim nəzarətində saxlanılması zəruridir. BMT-nin iyunun 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan etməsi də məhz bu məqsədi daşıyır.
Azərbaycanda da narkotiklərin qanunsuz dövriyyəsi və narkotiklərdən istifadə mövcuddur və dövlət tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daim işlər aparılır.
Problemi ilk dəfə dövlət səviyyəsində qaldıran ümummilli lider Heydər Əliyev və daha sonra bu mübarizəni davam etdirən Prezident İlham Əliyev tərəfindən bu sahədə milli proqramların qəbul edilməsi, BMT-nin mövcud məsələ ilə bağlı qəbul etdiyi konvensiyalara qoşulması, yeni qanunların qəbul olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dünya birliyinə inteqrasiya proseslərində regional və beynəlxalq layihələrdə iştirak Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bir daha nümayiş etdirir. Bu tədbirlər bu gün də davamlı olaraq həyata keçirilməkdədir. Ancaq qeyd etmək lazımdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hələ də bəzi problemlər mövcuddur. Qeyd edək ki, bu qəbildən olan işlərin aparılması zamanı dövlət nümayəndələrinin peşəkarlıq səviyyəsi də ciddi nəzərə alınmalıdır. 2019-cu ilin ötən dövrü ərzində qeydə alınmış narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülmüş işlərin təhlilinin nəticələri də buna əsas verir. Aparılan təhlillərdən müəyyən olunmuşdur ki, bir sıra hallarda cinayət işlərinin başlanması, şübhəli şəxslərin üzərində şəxsi axtarış keçirilməsi, cinayət işləri üzrə şəxslərin tutulması və barələrində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə təqdimatla müraciət olunan zaman rayon polis idarələrinin təhqiqat və istintaq orqanlarının əməkdaşları tərəfindən cinayət prosessual qanunvericiliyinin tələblərinin, o cümlədən insan və vətəndaşların konstitusion hüquqlarının və azadlıqlarının pozulması hallarına yol verilmişdir.
Təcrübə göstərir ki, bir sıra hallarda narkotik vasitələrin aşkar edilib götürülməsi zamanı təhqiqat orqanı tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun və cinayət prosessual qanunvericiliyinin tələblərinə tam riayət olunmur. Bunun nəticəsində də narkotik vasitələrin aşkar edilib götürülməsi zamanı yol verilmiş qanun pozuntularını istintaq zamanı aradan qaldırmaq mümkün olmur. Nəticədə cinayət işlərinə məhkəmədə baxılarkən ortaya ciddi problemlər çıxır. Belə problemlərlə üzləşməmək üçün narkotik vasitələrin aşkar edilməsinin ilkin mərhələsində qanunvericiliyin tələblərinə dönmədən və dəqiq əməl olunmalıdır.
Eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar istintaqı aparılmış cinayət işlərinin təhlilləri göstərir ki, bəzi hallarda təhqiqat orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı əməliyyat-qeydiyyat işi başlanılıb həmin iş qeydiyyata alınmır. Bir qayda olaraq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar tədbirə bir gün qalmış və ya həmin gün qəbul olunur, qərarda konkret hansı əməliyyat-axtarış tədbirinin keçirilməsi göstərilmir, ümumi sözlərlə kifayətlənilir.
Bu zaman isə qəbul olunmuş qərar və keçirilmiş tədbir qanun pozuntuları ilə müşayiət olunur. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş konkret tədbirin adı göstərilmədən ümumi sözlərlə kifayətlənilir, həmin maddənin 5-ci bəndinin tələbləri pozularaq keçirilmiş tədbir barəsində qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmir.
Aparılan təhlil göstərir ki, son zamanlar külli miqdarda narkotik vasitələr səfil həyat tərzi keçirən, alkoqolizmdən əzab çəkən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlılığı olmayan təsadüfi şəxslərdən aşkar edilərək götürülür. İstintaq zamanı qeyd edilən şəxslərə narkotik vasitə vermiş şəxslər barəsində və narkotik vasitənin mənbəyi barəsində cinayət işləri ayrılsa da, onlar bağlı qalır. Bütün bunlar keçirilmiş tədbirin əsaslılığını və qanuniliyini şübhə altına alır.
Hesab edirik ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinin istintaqı zamanı qanunvericiliyin tələbləri tam həcmdə nəzərə alınmalı, bu sahəyə nəzarət daha da gücləndirilməli, o cümlədən Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanununun, Azərbaycan Respublikası Baş Prokurorunun "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” 28.07.2010-cu il tarixli 10/70 №-li əmrinin tələblərinə dönmədən əməl edilməlidir.
 
İsmayıl Rövşənov
Pirallahı rayon prokurorunun köməkçisi,
I dərəcəli hüquqşünas
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946