AZE | RUS | ENG |

Nakam ömrün ucalığı

Nakam ömrün ucalığı
O, öz amalına axıradək sadiq qaldı

Elə insanlar var ki, onların ömrü kiçik zaman kəsiyinə sığmır. Böyük ümman kimi xalqın yaddaşında əbədi izlər buraxır. Mənalı həyatı zaman-zaman adamlar üçün əsl örnək olur, əməlləri, gözəl insani keyfiyyətləri onların qəlbində işıqlı zərrələrə dönür. Belə insanlardan biri də maarifpərvər, ziyalı, şair, vətənpərvər, talış xalqının böyük oğlu Böyükağa Talışxanovdur.
Böyükağa Sultan oğlu Talışxanov 1883-cü ildə Lənkəranın Boladi kəndində ziyalı ailəsində doğulub.
Atası Sultan bəydən ərəb və fars dillərini öyrənən Böyükağa, ilk təhsilini o vaxt Lənkəranda gözəl etnoqraf və folklorşünas alim kimi tanınan Teymurbəy Bayrambəyovun açdığı rus məktəbində almışdır. Onun elmə, biliyə böyük marağı, çalışqanlığı, nümunəvi davranışı Teymurbəyin ürəyinə yatır və onların münasibəti şagird-müəllim münasibətlərindən çıxıb, ata-oğul münasibətinə çevrilir.
 
Müəllimi şagirdinin poeziyaya olan həvəsini daha da qüvvətləndirir. Teymur Bayrambəyov şagirdini, həmin illərdə Lənkəranda fəaliyyət göstərən tanınmış şair Mirzə İsmayıl Qasirin rəhbərlik ktdiyi «Fövcül-füsəha» (Natiqlər yığıncağı) əbədi məclisinə gətirir. Böyükağa Azərbaycan və talış dillərində yazdığı şeirləri ilə həmin məclisin ən fəal üzvlərindən birinə çevrilir.
Teymurbəyovun təklifi ilə Böyükağa təhsilini davam etdirmək qayğısına qalır, Bakıya gedir. Buradakı süründürməçilik, rüşvətxorluq, insan hüquqlarının kütləvi pozulması halları gənc maarifçi şairin içində etiraz hisslərini gücləndirir.
Onun bu etirazdan qaynaqlanan şerləri «Həyat», «Şəlalə», «Qurtuluş», İqbal», «Tərcüman», Hindistanda çıxan «Həblülmətin», İrandakı «Nasiri», Misirdə çap olunan «Çöhrənnüma» qəzetlərində dərc olunur. Vətənini azad, suveren görmək arzusu onu, Müsavat Partiyası ilə yaxınlaşdırır. O, partiyanın öndəri, Azərbaycan Milli Demokratik Hərəkatının başçısı Məmmədəmin Rəsulzadə ilə gizli əlaqələr qurur.
Azərbaycanda ilk demokratik cümhuriyyətin yaradılması Böyükağanın da böyük sevincinə səbəb oldu. O, təhsilini yeni açılmış Bakı Dövlət Universitetində davam etdirir.
Təhsilini başa vurduqdan sonra doğma Boladi kəndinə qayıdır. Kəndli balalarını başına yığıb, onlara elm, bilik öyrədir.
O dövrdə uşağını məktəbə qoymaq istəyənləri barmaqla saymaq olardı. Ən böyük çətinlik isə siyasi ab-havanın tez-tez dəyişməsi, dünənki vətənpərvərin alnına bu gün "düşmən” damğası vurulması, təqib edilməsi idi. Çoxları belə məqamda başını itirir, qibləsini dəyişir, dediyini danır, dandığını isə deyirdi. Yalnız güclü, əqidəli insanlar öz mənliyini qoruyub saxlayırdı.
Böyükağa Talışxanov da belə insanlardan idi. O, öz amalına axıradək sadiq qaldı, uşaqlara bilik aşılamaq vəzifəsini layiqincə yerinə yetirirdi.
1923-cü ildə onun böyük səyi nəticəsində Boladi kəndində dördsinifli birinci dərəcəli şura zəhmət məktəbi açıldı. Böyükağa müəllim 1927-ci ilədək bu məktəbin direktoru işlədi. O deyərdi: «Öz dili olmayan millət ölü millətdir».
 
Odur ki, o vaxt qəza maarif şöbəsinin müdiri olmuş Zülfüqar Əhmədzadənin köməyi ilə xüsusi proqram hazırlayıb uşaqlara talış dilinin qrammatikasını öyrədir, onlara öz doğma dilini dərindən mənimsəmək vərdişi aşılayırdı. Böyükağa müəllim vaxtının çox hissəsini talış dilində zəngin folklor nümunələrini toplamağa sərf edirdi. O, yaradıcılıqla da məşğul olur, şeirlər «Siə talış» (Qızıl Talış) rayon qəzetində müntəzəm işıq üzü görür. Həmin şerlər maarifpərvər ziyalının nəvəsi Böyükağa Sultanovun şəxsi arxivində bu gün də saxlanılır. 
Azərbaycanın Tədqiqi və Öyrənilməsi Cəmiyyətinin xətti ilə respublikamıza gələn rus alimi V.Miller Lənkəranda olarkən Böyükağa Talışxanovla tanış olmuş və bu tanışlıqdan xeyli bəhrələnmişdir.
V.Miller öz xatirələrində lənkəranlı müəllimin adını böyük ehtiramla çəkir.
Çox təəssüf ki, repressiya dövrünün acı kütləvi öz xalqının ziyalanması üçün əlindən gələni əsirgəməyən Böyükağa Talışxanovdan da yan keçmədi. O, Müsavat Partiyasına meyl göstərməkdə, onun lideri Məmmədəmin Rəsulzadə ilə gizli əlaqələr saxlamaqda günahlandırıldı. 1927-ci ildə, 45 yaşında tutularaq Bakıya aparıldı və bir daha geri qayıtmadı. Böyük oğlu Mirağa 1942-ci ildə Smolensk şəhəri ətrafında gedən döyüşlərdə iştirak etmiş, müharibədən sonra onun itkin düşməsi barədə ailəsinə məlumat verilmişdi. Böyükağa Talışxanovun oğlanları Sultan və Mirzəbala ömürlərinin sonunadək atalarının yaratdığı məktəbdə müəllim işləmişlər.
İndi Böyükağa Talışxanovun yurdunda nəvələri Böyükağa, Toğrul, Tahir, Etibar və nəticələri yaşayır.
Onlar ata babalarının yolunu davam etdirərək, bir ziyalı kimi Talışxanovlar nəslinin adını şərəflə daşıyırlar.
İxtiyar qocalar, ağbirçəklər, hətta onun adının yasaq edildiyi dövrdə belə, bu ziyalı haqqında böyük məhəbbət və ehtiramla danışırdılar. Bu il maarifpərvər ziyalı Böyükağa Talışxanovun anadan olmasının 135, yaratdığı Boladi kənd orta məktəbinin 95 illiyidir.
Yaxşı olardı ki, onun vaxtı ilə yaşadığı evdə muzeyi yaradılsın. Eləcə də, həmin evə maarifpərvər ziyalının xatirə lövhəsi vurulsa, bu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rol oynamaqla, onun şəxsiyyətinə də böyük hörmət olar.
 
Azad Zülaloğlu 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906