AZE | RUS | ENG |

Müstəqilliyimizin üçrəngli rəmzi - Fotolar

Müstəqilliyimizin üçrəngli rəmzi - Fotolar
Bu bayrağı Dağlıq Qarabağda dalğalandırmaq hər bir azərbaycanlı gəncin arzusudur

 
 
 
Türk dünyasının böyük şairi Mithat Camal Kuntay XX əsrin əvvəllərində yazdığı şeirdə deyirdi: 

Bayraqları bayraq yapan üstündəki al qandır, 
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! 

Bu gün başımız üzərində dalğalanan, qürur mənbəyimizə çevrilən, müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri sayılan üçrəngli, ay-ulduzlu bayrağımız da insanlarımızın canı-qanı bahasına meydana gəlib, zirvələrə ucalıb. Tarixə qısa ekskurs etsək, görərik ki, şah babamız Şah İsmayıl Xətainin at belində qurduğu böyük Səfəvilər dövlətinin süquta uğraması, Azərbaycan ərazilərinin xanlıqlara parçalanması, ardınca da İran və Rusiya arasında bölüşdürülməsi ilə müşayiət olunub. Bu bölüşdürmə və işğal xalqımızı pərən-pərən salıb, uzun illər formalaşan dövlətçilik ənənəsini pozub.
 
 
 
Həmin dövrün ziyalıları, o cümlədən dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi 1908-ci il dekabrın 1-də "İttifaq” qəzetinin birinci sayında çap etdirdiyi "Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar” adlı şeirində xalqımızın yaşadıqlarını ürək ağrısı ilə bu cür qeyd edib:

İmzasını qoymuş miləl övraqi-həyatə, 
Yox millətimin xətti bu imzalər içində.

Belə narahatlıqları yaşayan, millətinin və xalqının gələcəyini düşünən ziyalılarımız yalnız 1918-ci il may ayının 28-də Azərbaycan ərazisində Demokratik Cümhuriyyət qurmağa nail olublar. 
 
 

Elə həmin il iyunun 24-də Şərqin ilk Respublikasının elan edilməsi yolunda canlarını fəda edən azərbaycanlıların ruhuna, onların tökülən qanlarına hörmət əlaməti olaraq, məhz al qırmızı rəngli, ay-ulduzlu bayraq dövlətimizin rəmzinə çevrilib. Nuru Paşanın rəhbərliyi altında qardaş köməyinə çatan Qafqaz İslam Ordusunun Bakı şəhərini rus-daşnak silahlılarından azad etməsindən bir müddət sonra isə göy, qırmızı, yaşıl zolaqlardan ibarət ay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin əsas dövlət rəmzi kimi qəbul edilib.
 
 
 
Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında bayraqdakı rənglərin nəyi ehtiva etməsindən danışarkən deyib: "Bizim qaldırdığımız bayrağın üç rəngi türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
 
 
 
Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, Demokratik Cümhuriyyətin dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi, görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə sayılır.
 
 

Ə.Hüseynzadənin və M.Ə.Rəsulzadənin fikirlərinin təsdiqi kimi qeyd edək ki, bayraqdakı göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir və bu rəng türkçülük ideyası ilə bağlıdır. Tarixi materiallarda türklərin göy rəngə üstünlük verməsi ilə əlaqədar müxtəlif izahlar mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng rəmzi məna daşıyır.
 
 
 
Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişafı ifadə edir. Tarixdən də məlum olduğu kimi, Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə məhz qırmızı rəng Avropanın rəmzinə çevrilmişdi. Yaşıl rəng isə İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. 
 
 

Böyük mütəfəkkir, görkəmli ədib Ə.Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində də bayrağımızda yer alan yaşıl rəngin geniş izahı verilib. Bayraqdakı qırmızı zolağın üzərində əks olunan ağ rəngli aypara və səkkizguşəli ulduza gəlincə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, tarixçi-alim Cəbi Bəhramov bayrağın üzərindəki ayparanı türk xalqlarının simvolu kimi qələmə verib. Səkkizguşəli ulduzun mənasını "Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə əlaqələndirib. Onun sözlərinə görə, əski əlifbada "Azərbaycan” sözü səkkiz hərflə yazılır. Daha bir tarixçi-alim Akif Məmmədli isə bu barədə bildirib ki, M.Ə.Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.
 
 
 
Cəfər Cabbarlının "Azərbaycan bayrağına” şeirində də 3 rəngli bayrağımız, onun rənglərinin və ay-ulduzun nələri ifadə etməsi barədə maraqlı yanaşma ortaya qoyulub.

...Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Çox təəssüflər olsun ki, qarşısına böyük hədəflər qoyan Azərbaycan Demokratik Cümhuriyyəti o dövrdə cəmi 23 ay varlığını qoruya bilib. 1920-ci il 28 aprel tarixində bolşeviklər tərəfindən işğal ediləndən, süquta yetiriləndən sonra dövlət rəmzi sayılan üçrəngli bayraq da dəyişdirilib.
 
 
 
Azərbaycan Sovet Sosialist Respublikası elan edilib, 1991-ci ilə kimi bu dövlətin bayrağı 6 dəfə dəyişikliyə məruz qalıb. Babalarımızın XX əsrin əvvəllərində qurduğu dövlətin əsas rəmzi sayılan üçrəngli, ay-ulduzlu bayraq 70 ildən sonra yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilib. Belə ki, ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 17 noyabr 1990-cı ildə bu barədə qərar verib və həmin bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.
 
 
 
5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Həmin vaxtdan etibarən bu bayraq Azərbaycan Respublikasının Dövlət bayrağı qəbul edilir, Azərbaycan dövlətinin suverenlik rəmzi kimi tanınır. 
 
 

Dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələrində, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncamla hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu ilin sentyabrın 1-də isə ölkə başçısının iştirakı ilə Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində Dövlət Bayrağı Meydanı memorial abidə-istirahət parkı istifadəyə verilib.
 
 
 
Təbii ki, bütün bunlar Azərbaycana, onun dövlətinə, xüsusən də bayrağına olan sevgidən, ehtiramdan irəli gəlir. Bayrağımıza olan bu sevgi və ehtiram, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən vaxtilə xidmət etdiyim hərbi hissənin yerləşdiyi Naxçıvan Muxtar Respublikasında, həmçinin bakalavr və magistr təhsili aldığım, 100 yaşını qeyd etməyə hazırlaşdığımız Bakı Dövlət Universitetində, ümumiyyətlə hər yerdə hər addımda sezilməkdə, görünməkdədir. İndi ölkəmizin hər bir yaşayış məntəqəsinin mərkəzində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
 
 
 
Bununla bərabər, Azərbaycanın dövlət bayrağı Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, mühüm tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq, müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edir. 
 
 
 
Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən, üçrəngli bayrağa and içir. Bütün Azərbaycan xalqının, o cümlədən biz gənclərin yeganə arzusu babalarımızdan bizlərə miras qalan bayrağımızı işğal olunmuş ərazilərimizdə, düşmən üzərində qələbəmizin qeyd edildiyi məkanlarda dalğalandırmaqdır. Biz gənclər bu arzunun da tezliklə reallığa çevriləcəyinə qəti şübhə etmirik.
 
Çünki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycan bayrağı gec-tez Dağlıq Qarabağda - Şuşada, Xankəndində, Laçında dalğalanacaq. Ali Baş Komandanımızın sözlərindəki qətiyyəti hiss etdiyimizdən, vüqarımız, qürurumuz olan bayrağımızı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda dalğalandırmaq üçün peşəsindən və vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı müsəlləh əsgər kimi əmrə müntəzirdir.

Bayram İSMAYILOV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin məsləhətçisi
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163