• cümə, 26 Aprel, 14:45
  • Baku Bakı 23°C

Ömürlərə paylanmış ömür

22.04.17 11:30 1655
Ömürlərə paylanmış ömür
Yunan əsatirində həqiqət və bilik fədaisinin işi, əməli, əxlaqı, borcu barədə danışanda, bu, bəşər həyatına, dünyaya nur, ziya gətirmək üçün başa düşülür. Bilici, alim idealı heç zaman işıq, gözəllik və kamillik anlayışından kənarda təsəvvür edilmir. Ona görə də elmin möhkəmliyi və ucalığı insanı həmişə yüksəldir, əzəmətini artırır. İstərsə bu işıqlı dünyada, istərsə o qaranlıq dünyada, çünki qaranlıqları işıqlandıran elmin nurudur ki, onu da insan yaradır.
Hər şeydən öncə müəllim idi
Yenicə, 2014-cü ilin iyununda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. "Zəng” etdim, salam vermədən, gülümsünərək (zarafatımız var idi) dedi: "Bəs deyirdin səni seçməzlər, gördün, Allah qoysa akademikliyi də alacağam, onda görərsən”. Sevinirdi. Onu da bilirdi ki, bu nikbinlik qarşılıqlıdır. Yaşca məndən böyük olduğuna baxmayaraq, yaxın dost idik. Qonşuluğumuz bu dostluğu daha da möhkəmlətmiş, ailə münasibətlərinin, xüsusilə həyat yoldaşlarımızın və övladlarımızın qarşılıqlı anlaşmasına çevrilmişdi. Bir-birimizi tez başa düşürdük. Nə dediyimizi, hətta nə yemək istədiyimizi təkrarsız anlayırdıq. Xüsusilə axşamlar çay masası arxasında nərd oynayanda, yarızarafat, yarıciddi sözlərindən və hərəkətlərindən doymaq olmazdı. Vay o günə ki, nərddə udasan, tez deyərdi: "Bir günüm də var, sənə saxlamışam”. "Narahat olma, gələn dəfə uduzaram əhvalın düzələr” deyib, ayrılardım. Yenidən görüşmək üçün. "Bəxş edilmiş ömrü necə yaşamaq hər kəsin özündən asılıdır” deyirlər. Bu da bir həqiqətdir ki, yalnız öz işi və əməlləri ilə cəmiyyətə fayda gətirməklə, ömrü daha da mənalandırmaq mümkündür. Belə nəcib insanlardan biri də Adil Nəsib oğlu Bağırov idi. Adil Bağırov hər şeydən öncə müəllim idi. Əmək fəaliyyətinə gənc yaşlarında müəllimliklə başlamışdı. Dil-ədəbiyyat müəllimi kimi Naxçıvan Muxtar Respublikasında tanınmış, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məsul vəzifələrinədək yüksəlmişdi. Sonralar Respublikada dilçi-folklorşünas alim kimi şöhrət tapanda müəllimlikdən üz döndərməmiş, bir müddət mənim təkidimlə Naxçıvan Özəl Universitetində dərs vermiş və kafedra müdiri vəzifəsində çalışmışdır. Öz işinə, sənətinə (müəllimliyə peşə yox, sənət kimi baxırdı) bütün varlığı ilə bağlanan, təəccüb doğuracaq dərəcədə işgüzar, çalışqan, bir o qədər də sadə və təvazökar, hamıya qarşı mehriban və səmimi, əsil ziyalı idi. Adil müəllim müəllimlik etalonu idi. Çoxları öz işində ona oxşamaq, ona bənzəmək istəyirdi. Bu şərəfli işin dəyərini, qiymətini gözəl bilirdi Adil müəllim. Bir dəfə zarafatla dedi ki, səndə az bilmirsən, əcdadlarımız lap qədimlərdən müəllimlərə "Peyğəmbərlərin varisləri” demişlər. Mən də demişdim ki, yəqin ona görə Qurani-Kərim nazil olarkən orada ilk söz "oxu” olmuş və bu söz üç dəfə təkrar edilmişdir. Yenə də zarafata salıb "sən də söz altında qalan deyilsən, istəsən, mənim kimi yaxşı müəllim ola bilərsən” deyib, ürəkdən gülmüşdü.
Başa düşürdüm ki, "ətirli” bir yenilik var
Ömrünün 50 ilə yaxınını Azərbaycan türkologiyasının Naxçıvan qolunun araşdırılması və tədqiqinə həsr etmiş Adil Bağırovun son iş yeri Azərbaycan MEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onomostika şöbəsi idi. 10-a yaxın kitab yazmış və çoxlu zəngin folklor nümunələri tapıb toplamışdı. "Naxçıvan oykonimləri”, "Naxçıvanın hidronimləri”, "Onomostika problemləri” (II cild), "Naxçıvan urbanonimləri” və s. kitabları uzun illərin ağır, zəhmətli, gecə-gündüzü olmayan səfərlərin, görüşlərin nəticəsi idi. Adil müəllim hər bir toplayıcı və söyləyicidən "qopardığı” folklor nümunəsini (əfsanə, rəvayət, nağıl, ibrətamiz hekayə, deyim-duyum, tapmaca, bayatı, haxışta, lətifə) öz varlığı qədər qorumağa çalışar və xalqın mənəvi sərvəti kimi qiymətləndirməklə, onu xalqın özünə qaytarmaq arzusu ilə yaşayardı. Xüsusilə "Naxçıvanın hikmət xəzinəsindən” adlı kitabında Azərbaycan mənəvi mədəniyyətinin ana axarlarından olan şifahi xalq ədəbiyyatının nümunələri və bu nümunələrin ayrı-ayrı janrlar üzrə qruplaşdırılması toplanmış, sinədəftər babalarımızın, ağbirçək nənələrimizin söylədikləri folklor nümunələri, el-obada yaşayan adət-ənənələrin bir qismi öz əksini tapmışdır. Toplanan hər bir folklor nümunəsində xalqın tarixi-etnik əxlaqının fəzilətlərini axtarıb tapdıqca, ömür yaddaşının tellərini itiləyirdi bir az da Adil müəllim. Çox vaxt axşamlar işdən sonra telefon zəngi gəlirdi, qızım Şəms (Adil müəllimin kiçik qızı Kəmalə ilə rəfiqə idi) "Ata, Adil müəllim deyir ki, gəlsin bizə, Məlahətə (həyat yoldaşı) kənddən yaxşı mürəbbə göndəriblər” deyirdi. O dəqiqə başa düşürdüm ki, təzə, "ətirli” bir yenilik var. Yenicə əldə etdiyi Naxçıvanın Novruz adətlərindən və lətifələrindən ağız dolusu danışar və ləzzətlə, ürəkdən gülərdi. Söylədiklərindən: "Axır çərşənbədə bişirilən bayram şirniyyatlarından birinin içinə duz qoyub onu yeyir və heç kimlə danışmadan yatanda, yuxuda qismət olacağın adamın adını eşidir, ya da özünü görürsən.
Günlərin bir günü bir oğlan yaşı bir az ötmüş dili şirin (pəltək) bir qızla sövdələşib, onu qaçırdır. Qohumları bunu eşidib, qızı geri almaq üçün düşürlər onların arxasınca. Oğlan qızı aparmağa yer tapa bilmir. Özlərini dəmiryol stansiyasında yerindən tərpənməkdə olan qatara ancaq çatdırırlar. Qatara minəndən sonra qız görür ki, budu ha, qohumları tökülüblər vağzala, anasının hay-həşiri də aləmi alıb başına. Qorxudan həyəcanlanmış qız pəncərədən anasına qışqırır: "Anan yansın Bibixanım, haya gəyiysiniz, qoy apaysın da, indi əy tapılıy”. Bütün bu folklor nümunələri toplanıb, kitab halına salınıb nəşr edildikdə uşaq kimi sevinərdi. Son vaxtlar daha çox türk dünyasının ayrı-ayrı ölkələrində (Türkiyə, Kipr və s.) keçirilən elmi konfrans və simpoziumlarda konseptual məruzələri ilə fərqlənərdi.
Haqsızlığa dözə bilmir, nifrət edirdi
Hər kəsə bir ömür verilib. Hərə də bir cür yaşayır bu ömrü. Elə buna görə də "mənalı ömür”, "şərəfli ömür” ifadələri yaranıb. Faydalı, xeyirxah, insanların inkişafına təkan verən, daim fəaliyyətdə keçən ömrə dəyərli ömür, örnək ömür deyirlər. Cəsarətli, qeyrətli, sözübütöv, sədaqətli insanlar şərəfli ömür sahibinə çevrilirlər. Belə mənalı və şərəfli ömür sahiblərindən biri də Adil Nəsib oğlu Bağırov idi. Adil müəllimin həyatı çox narahat və qarmaqarışıq idi. Böyük qardaşı İbrahim Bağırov Muxtar Respublikada tanınmış partiya və dövlət xadimi olmaqla bərabər, elə-obaya bağlı, ağır təbiətli, ciddi, böyük nüfuza malik şəxsiyyət həm də tarixçi alim idi. Naxçıvan Dövlət Universitetində dərs deyərdi. Taleyin acı hökmü ilə "gözəgörünməz” qüvvələr tərəfindən cəzalandırılmışdı. Mən canlı şahidiyəm ki, İbrahim Bağırovun itirdiyi həyat salnaməsinin 10 ilində Adil müəllim çox sarsıntılar keçirmişdi. Haqsızlığa dözə bilmir, nifrət edirdi. Bu isə onun sağlamlığına ciddi xələl gətirirdi. Təskinlik verəndə deyərdi ki, axı sən yaxşı bilirsən ki, dövlət o zaman sarsıla bilər ki, günahsız cəza alsın, bax, məni yandıran budur. Mən də ona bir dəfə "bilirsən, yazıçı Sidni Porter yazıb ki, əgər cəmiyyət həbsxanaya kimləri salacağını seçə bilsəydi, onda türmələr cəmiyyətə böyük xidmət göstərmiş olardı” cavabını vermişdim. Tale elə gətirdi ki, İbrahim Bağırov günahsız cəzasını bitirdikdən sonra bəraət qazanaraq, yenidən vaxtilə işlədiyi öz doğma kollektivinə qayıtdı. Adil müəllim böyük qardaşının yubileyinə hədiyyə olaraq "Xatirə kitabı” hazırlayanda mən də öz borcumu yerinə yetirib "Unudulmazları unutmayaq!” adlı bir yazı yazdım (çünki, vaxtı ilə İ.Bağırov mənə universitetdə dərs demişdi. Taleyin hökmünə bax, qardaşı üçün xatirə yazısı yazılandan bir müddət sonra oğlu Elnur atası haqqında xatirə yazısı yazılmasını xahiş edir məndən). Bir neçə il öncə Adil müəllim ürək nasazlığından xəstəxanada yatırdı. Tez-tez yoluxmaq üçün yanına gedərdim. İlk dəfə kardioloji xəstəxananın palatasında görüşəndə, gözləri doldu, hiss etdim ki, sözlü adama oxşayır. Nədənsə ətrafdakıları görüb ürəyini boşalda bilmədi. Ancaq bir neçə gündən sonra o vaxt nə deyəcəyini kövrək hisslərlə mənə söylədi: "Bilirsən sənə nə demək istəyirdim? İki qardaşımı ürək narahatçılığından itirmişəm, xəstəxanaya düşəndə mənə elə gəldi ki, vaxtım çatıb, deyəsən, gedirəm, ancaq Allah saxladı”. Ulu Tanrının köməyi ilə Adil müəllimin ömrü 10 il də uzandı. Nəvələrinin sayı artdı, elmi axtarışları sayəsində böyük nailiyyətlər qazandı, Türk dünyasında tanındı və Azərbaycan Respublikasının elm sahəsində ən yüksək mükafatlarından birinə layiq görülərək, səssiz-səmirsiz, 2016-cı il aprelin 22-də dünyasını dəyişdi. Allah rəhmət etsin!
"Xalq müəllimi” titulunu qazanmışdı
Türk dünyasının böyük insanı və alimi Xudu Məmmədovdan soruşurlar ki, əsl alim kimə deyilməlidir? Sakit, təmkinli Xudu müəllim "bilirsiniz, əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona qiymət verərkən, "o nə danışır, onun dedikləri elə mənim bildiklərimdir” desə, deməli, əsl alim odur. Yox, əgər "o nə danışır, mən heç nə başa düşmədim” desə, deməli, o, əsl alim deyil” cavabını vermişdi. Adil müəllim məhz birincilərdən idi. Xalqın dilində danışardı. Ona görə də 90-cı illərin keçid dövründə Naxçıvan televiziyasında uzun müddət "Ana dili” verilişini aparıb, latın əlifbasını xalqın qan yaddaşına köçürəndə "xalq müəllimi” titulunu qazanmışdı. Adil müəllim Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açmışdı, xalq şairi Məmməd Araz yurdunun layiqli nümayəndəsi idi. Mən ona Məmməd Araz poeziyasının vurğunu olmaqla, şairin fəlsəfi baxışlarının bilicisi və təbliğatçısı kimi baxırdım. M.Araz poeziyasına hədsiz məhəbbətimi hiss edəndən sonra Adil müəllim bir neçə dəfə məni Nursu kəndinə "ziyarətə” aparmış və kənd sakinlərinin - məktəblidən tutmuş ağsaqqala qədər M.Arazın şeirlərini necə əzbər söylədiyini mənə sübut etməyə çalışmışdı. Bir dəfə isə "Şairlər anadan irsən şair doğulurlar” kəlamının sübutu üçün Məmməd Arazın anası Cahan xalanın hələ o vaxt çap edilməmiş bir neçə şeirini mənə bağışlamışdı:
Oxşuyubdu anasına
Göylərdəki sonasına
Xəbər verin bacısına
Oğlum Məmməd şair olub...
Və yaxud:
Hər gün gözlərimi dikirəm yola
Baxıram gözlərim hey dola-dola
Deyirəm gələydi indicə nola!?
Titrəyən dodaqlarım isinə bir az.
İnsan dünyaya göz açdığı gündən onun ömür kitabı da yaranır. Hər kəsin gördüyü işi, acılı-şirinli həyat yolu bu kitabın səhifələrini yaradır. Bu ömür kitablarından gözdən-könüldən uzaq düşüb məhv olanları, yaddaşlarda özünə yer tapmayanları da olur, ürəklərdə əbədi yuva salıb sətir-sətir oxunanları da. Adil Bağırovun ömür kitabı da müasir və gələcək nəsillərə örnək ola biləcək bir kitabdır. Onun ömür kitabını vərəqləyəndə, keçmişdən bu günə doğru gələn yollara nur saçmış bir məşəl də alovlanır. Bu, onun yandırıcı məşəlidir ki, onun işığından çoxları pay götürüb, götürür və götürəcəkdir. Ruhun şad olsun!
Fizuli İbrahimzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər