Ömür bitər, yol bitməz …

Ömür bitər, yol bitməz …

01 Dekabr 2014, 12:55 1184
Sənətkar ölümü həmişə təəssüf doğurur. İstər nakam Lermontov, Müşfiq, Əli Kərim ömrü yaşayasan, istərsə də ömrün «ekvator» xəttini keçəsən, ölüm o sənətkarı bu gözəl dünyadan ayırırsa, onun itkisi ürəkləri göynədəcək.

Rəfiq Zəka Xəndan da bizi belə bir nisgil içində qoyub getdi. Altmış yaşının tamamına altı ay qalmış- 1999-cu ilin soyuq yanvar günlərinin birində gözlərini əbədi yumdu. Ədəbiyyat aləmi Rəfiqsiz qaldı. Gözəl şeirləri, mahnıları ilə çoxlarının sevimlisinə çevrilən, həm Azərbaycanda, həm də qardaş Türkiyədə çox yaxşı tanınan, hafizxanlığı-yaddaşı ilə hamını heyrətləndirən, təkcə şair kimi deyil, bir alim kimi də şöhrət qazanan Rəfiq Zəka bu gün aramızda yoxdur. Ancaq bu «yoxdur» kəlməsi yalnız onun fiziki ölümünə aiddir, çünki əsl sənətkar üçün Rəfiq Zakanın özü dediyi kimi: «ömür bitər, yol bitməz!»

Səma yolu, yer yolu,
Su yolu, dəmir yolu,
Yoldadır ömür yolu,
Ömür bitər, yol bitməz!

«Sənətkarın iki doğulma tarixi olur. Biri anadan olduğu gün, o biri ilk sənət əsəri yaratdığı gün. Birinci tarix dəftərxana kitablarında yazılır, o biri tarixi həyat, zaman müəyyən edir» (Rəsul Rza).
Rəfiq Zəkanın hər iki doğulma tarixi onun bir şeirində belə ifadə olunub:

Qohuma, tanışa yaxşı bəllidir,
Əsl soyadımız Hacıbəylidir.
Babam Zeynalabdin-dumanda bir nur,
Atam Ъəfər Xəndan-ölkədə məşhur.
Atam Yerevandan, anam Şuşadan
Onlardır ruhumu daim yaşadan.
Bir qızım, bir oğlum-Aydanla Xəndan,
Məni ayrılmağva qoymaz cahandan.
Oldum cocuqluqdan şeirin aşiqi,
Gözümün işığı bildim Müşfiqi.
Dahi Füzulini bildim dərindən,
Ruhlandım Sabirin şeirlərindən.
Hadinin, Ъavidin heyranı oldum,
Əbdülhəq Hamidə içdən vuruldum.
Əsl ustadlara xəyanətim yox,
Kim deyər mənim də əmanətim yox
.

Rəfiq Zəka ilk şeirini nə vaxt yazıb, könlünə nə vaxt ilham pərisi qonub, bunu araşdırmaq istəməzdik. Ancaq böyük ədəbiyyatşünas, professor Jəfər Xəndan Hacıyevin ailəsində dörd oğul uşağı dünyaya gəldi, onların hər biri sonralar həyatda Jəfər Xəndan adına layiq oldular, biri akademik, digəri professor. Jəfər Xəndan həm də şair idi, deyirlər hafizəsi də güclüydü. Rəfiq Zəka da atasının yolunu davam etdirdi. O da XX əsr Azərbaycan poeziyasında seçilən, fərqlənən şairlərdən biri oldu. Böyük Jəfər Xəndanı bir ədəbiyyatşünas kimi daha çox məşhurlaşdıran onun dahi Sabirə həsr etdiyi monoqrafiya oldusa, Rəfiq Zəkanı da şeirə, sənətə ilhamlandıran Sabirin satiralarıydı, sonralar etiraf edəcək ki, 15 yaşda olanda Sabirə vuruldum. Sonralar Sabirə Həsr etdiyi bir şeirində yazacaqdı ki: «Ruhunda bir mətanət, şeirində yıldırımlar, Sən mərdlik, sən cəsarət, sən əzəmət, sən vüqar, Sən güldün hönkür-hönkür dərdinin şiddətindən, Hər kitabın ay ustad, bir igidin səsidir, Hər kitabın ay ustad, bir evin kişisidir!». Amma Rəfiq Zəkanın ilhamlandığı, şeirlərindən güc aldığı şair təkcə Sabir olmamışdır. O, Javidi də, Müşfiqi də, Hadini də, türk şairi Əbdülhəq Hamidi də böyük vurğunluqla sevirdi, bu şairlər Rəfiq Zəkanın idealı idilər,-desəm, səhv etmərəm. Onun şeirlərində Javidin də, Müşfiqin də ruhu yaşayır. «İki soyadım var mənim, bir Javid, biri Müşfiq» deyirdi. Hər ikisi haqqında təkcə şeirlərində böyük rəğbətlə söz açmırdı, onlara monoqrafiyalar da həsr etmişdi. Rəfiq Zakanın ilk şeirlər kitabı-«Çağlayan» 1962-ci ildə işıq üzü gördü, Xatırlayaq ki, vaxtilə Mikayıl Müşfiq də şeirlərini bu adda bir kitaba toplamışdı, amma məlum səbəblərə görə həmin kitab çap olunmadı. Rəfiq Zəka o böyük şairə ehtiram əlaməti kimi ilk şeirlər kitabının adını «Çağlayan» qoydu və bu kitabın ilk səhifəsindəcə «Böyük Müşfiqin xatirəsinə» sözləri yazılmışdı. Müşfiqə həsr etdiyi bir şeirində yazırdı:Səni ömrüm boyu gərək səsləyim, Məhəbbət bəsləyim, könül bəsləyim, İlhamım sənindir, şeirim sənindir, Sənsən ülviliyim, müqəddəsliyim».

Hafizəyə, yaddaşa gəldikdə isə…bizim heç birimiz Müşfiqi görməyib. Deyirlər ki, Mikayıl Müşfiq fövqəladə yaddaşa malik imiş. Bir şeiri onun yadında oxuyan kimi Müşfiq həmin şeiri eynilə təkrar edirmiş. Rəfiq Zəka isə şəxsən mənim və onunla ünsiyyətdə olan, dostluq edən bir çox müasirlərinin yaddaşında bir hafizxan kimi yaşayır. Əbdülhəq Hamidin beş min misradan ibarət olan «Məqbər» poemasını əzbər deyirdi. Hələ Azərbaycan klassik şairlərinin, türk klassik və müasir şairlərinin şeirlərini demirəm.
Rəfiq Zəkanın şeir və sənət yolu da məhz bu yaddaşın ifadəsidir. Onun şeirləri XX əsr Azərbaycan şairinin tariximizlə, Nizamimizlə, Füzulimizlə, Xətaimizlə, Nəsimimizlə, Javidimizlə, Müşfiqimizlə, Qarabağımızla, 20 Yanvarımızla, türkçülüyümüzlə, azərbaycançılığımızla bağlı bədii-poetik yaddaşıdır.

Rəfiq Zəkanın müasir şeirimizdə bir böyük xidmətini açıqlamaq istəyirəm. O da bundan ibarətdir ki, Rəfiq Zəka 40 illik yaradıcılığında əruz şeirini sönməyə qoymadı. Şeirdə Füzuli, Javid, Hadi, Tofiq Fikrət, Əbdülhəqq Hamid ruhunu yaşatdı, əruzu yaxşı bildiyi üçün onun müxtəlif bəhrlərində qələmini sınadı, lap cavanlığında, Filarmoniyada işlədiyi qısa müddət ərzində Füzuli yadigarı Əliağa Vahidlə ünsiyyəti də bu yöndə ona təkan oldu. Ümumiyyətlə, Rəfiq Zəka insan kimi çox istiqanlı idi, dostluq etməyi bacarırdı. Oturub-durduğu adamlar kimlər idi: Əfrasiyab Bədəlbəyli, Ъahangir Ъahangirov, Niyazi, Fərəməz Maqsudov, Əkrəm Ъəfər, Hüseyn Arif, Vaqif Səmədoğlu, Əli Kərim, Ъabir Novruz,Aslan Aslanov, İshaq İbrahimov və əlbəttə, birinci sırada Xəlil Rza Ulutürk. Xəlil Rza Rəfiq Zəka haqqında «Addımlayan ensiklopediya» adlı bir kitab yazmışdı. Bir faktı da qeyd etməyi lazım bilirəm: Rəfiq Zəka poeziyasına onun qələm dostları, ən çox da ustadlar və tənqidçilər biganə qalmamışlar. Mirzə İbrahimov, Süleyman Rüstəm, Nəbi Xəzri, Əli Vəliyev, Hüseyn Arif, Xəlil Rza, Türkiyədən Ürfan Nəsrəddinoğlu, Yusif Gədikli Rəfiq Zəka yaradıcılığı ilə bağlı çox səmimi yazılarla mətbuatda çıxış etmişlər. Burada təfərrüata varmaq istəmirəm. Yalnız Hüseyn Arifdən bir misal gətirim: «Rəfiq Zəkanın şeirlərini həyəcansız oxumaq mümkün deyil. Təzə təşbihlər, yeni formalar işlədən Rəfiq Zəka hecadan və əruzdan məharətlə faydalanır. Onun şeirlərində həzin bir musiqi yaşayır».

Mən Rəfiq Zəkanın şeirlərinin mövzuca rəngarəngliyindən də söz aça bilərəm. Amma buna ehtiyac duymuram, yalnız bircə kəlmə ilə bunu ifadə edirəm ki, bizim ünlü şairlərimiz kimi Rəfiq Zəkanın şeirləri də müasir Azərbaycanın-XX əsr Azərbaycanının bədii tarixidir.
Mən Rəfiq Zəka şeirlərinin poetik gözəlliyindən də geniş söz açmaq istəmirəm. Onun özüняməxsus fərdi üçlubu vardı, istənilən şeirin ilk misrasını oxuyan kimi bilirdin ki, bu Rəfiq Zəkanın şeiridir. Amma bu şeirin ən birinci məziyyəti onun musiqisində, mahnı çalarında idi. Təsadüfi deyil ki, Rəfiq Zəkanın 300-dən artıq şeirinə mahnı bəstələnib. O mahnıların əksəriyyəti indi də sevilə-sevilə oxunur. «Dəli Kür» filmindəki «Ana Kür» mahnısını xatırlayın. Ya da belə bir mahnını:

Mənə bircə kəlmə can söyləsəydin,
O bircə kəlmənə min can verərdim.
Ömrümü, günümü dərd eyləsəydin,
Ömrümü, günümü dərman verərdim.

O günlər necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar.
Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.

Elə ayrıldıq ki, səninlə ey gül,
Bir də ayrılıqdan ayrı düşmərik.
Ah, bu son hicranın, vüsalın müşgül,
Dağ dağa rast gələr, biz görüşmərik.


Rəfiq Zəka Xəndan on beş ildir aramızda yoxdur. Amma o gülər çöhrəni, içi, sinəsi dolu şairi unutmamışıq. Onun şair ömrü davam edir, çünki «ÖMÜR BİTƏR, YOL BİTMƏZ».

Vaqif Yusifli