Müasir ədəbiyyat

Müasir ədəbiyyat

29 Dekabr 2014, 11:05 1092
Müasir poeziyamızda öz poetik nəfəsi və ruhu ilə seçilən şairlərimizdən biri də Əbülfət Mədətoğludur. Onun şeirlərini çoxdandı izləyirəm, bu şeirlərin cəm olduğu kitabların da bir çoxunu mənə bağışlayıb.

O, Qarabağın məşhur Tuğ kəndində doğulub. Orda orta məktəb bitirib, sonra «həyat universitetinə»- halal əməyiylə çörək qazanmağa başlayıb. Sonra ADU-nun tarix fakültəsini bitirib. Sonra da mətbuat aləmi. İndi «Ədalət» qəzetində çalışır. Fəal publisistik yazıları ilə diqqəti cəlb edir. Amma mən onu bir şair kimi tanıyıram. Neçə il öncə bizim sevimli şairimiz Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: «Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim. Bax, budur, sənətin qüdrəti». Mən də elə söhbətimə Əbülfətin Qarabağ həsrətini ifadə edən nisgilli şeirlərindən başlamaq istəyirəm.
Əbülfət Mədətoğlu günlərin bir günündə üzünə həsrət qaldığı doğulduğu ocağın, evin şəklini təsadüfən Azıx mağarası ilə bağlı nəşr olunmuş bir kitabda görür. Özüylə heç bir nişanəsini götürmədiyi evin şəklini görmək onun əhvalını dəyişir.

On ildi əsirlikdə,
On ildi zülümdədi.
On il əvvəlki şəkli
Ovcumda, əlimdədi.

Lal leyil, o danışır,
Bizi, bizi lal edir.
İnsan yesir olarmı?
Ocaq əsir olarmı?
Bir şəkil sual edir.


Bu şeir on bir il əvvəl yazılıb, amma dərd elə həmin dərddir, qocalmayıb o dərd.
Bəxtiyar müəllim doğru deyirdi. Əbülfətin Qarabağ həsrətiylə qələmə aldığı şeirlər doğrudan da, təsirlidir, şəxsən mən bu şeirləri oxuyandan sonra içimdə havalanan Qarabağ həsrətinə bir qığılcım da səpələndi. Gizlətməyək ki, bu gün həmin mövzuda çoxlu şeirlər yazılır, amma bu şeirlərin əksəriyyəti sadəcə dərdin adi izharından başqa bir şey deyil. Əbülfətin şeirlərində isə həmin həsrət, həmin dərd poeziya səviyyəsindədir:

Ürəyim bir kövrək layla istəyir,
Gözlərim yumulu, qulağım səsdə.
Sifətin qırışıb, əlin titrəyir,
Sən nə həvəsdəsən, mən nə həvəsdə?!
Mənim çadırlarda qocalan anam.

Sözün göz yaşıdı, söhbətin acı.
Elə çırpınırsan bu dar qəfəsdə.
On ildir gəzirsən başı aşağı.
Sən nə həvəsdəsən, mən nə həvəsdə?!
Mənim çadırlarda qocalan anam.


Bu şeir də ikimininci illərin əvvəllərində yazılıb. Ümumiyyətlə, Əbülfətin bir çox şeirlərində Dərdin obrazını görürük, yəni şair, içində yaşatdığı ağrıları, yurd həsrətini sadəcə təsvir etmir, həm də daha geniş anlamda təqdim edir, Dərdin böyüklüyünü, bir ürəyə sığmadığını nəzərə çarpdırır. Beləliklə, tək bir fərdin-bir insanın dərdi deyil, millətin yurd-yuva həsrətlilərinin qəmi, kədəri onun şeirlərində baş-başa verir.

Qvçqınlıq yaman zülümdü,
Adam adamlıqdan çıxır…
Ölümə yamaq ölümdü,
Çörək edamlıqdan çıxır.

Bir ömrün də boş-hədər
Ölüm-itimi olar?
Məmləkətin bu qədər,
Qaçqın yetimi olar?


Bu gün Qarabağ həsrətiylə bağlı xeyli şeirlər yazılır, amma bu yazıların bir çoxu dərdlə, kədərlə oyun təsiri bağışlayır. O dəqiqə hiss eləyirsən ki, o şeirdə ağrının özü yoxdu, onun sözlərlə çəkilmiş cızmaqarası var. Amma Qarabağ həsrətinə həsr olunan elə şeirlər də var ki, sənin içini tərpədir.

çoxmu boynu bükük duraq,
baxaq ağlayan dağlara?
əlimizlə sığal vuraq
sinə dağlayan dağlara.

udaq dəli hönkürtünü
çıxaq yağı söndürdüyü-
ocaqdakı son kötüyü
girov saxlayan dağlara

gəzək, tapaq izimizi
vuraq yerə dizimizi
qurban deyək özümüzü
qara bağlayan dağlara.

alovlanaq,oda dönək
kola, kosa, ota dönək
ölək, amma ora dönək-
bizi haylayan dağlara.


Gəraylı formasında qələmə alınan bu şeiri mən Əbülfətin son illərdə qələmə alınan ən gözəl şeirlərindən biri hesab edirəm. Görün bu şeirdən bircə söz, bircə misra artıqdımı? Sözlər öz missiyasını layiqincə yerinə yetirir, misralar arasından sanki elə dağlar boyda dərd hönkürür. Necə də gözəl tapılıb: əlimizlə sığal vuraq sinə dağlayan dağlara. Necə də obrazlı deyilib:ocaqdakı son kötüyü girov saxlayan dağlara. Və bir də bu misralar ki, həsrətin sonsuzluğunu bundan da təsirli ifadə eləmək mümkünmü? Qurban deyək özümüzü qara bağlayan dağlara.

Əbülfət daim axtarışda olan şairdir. Onun ilk kitablarından olan «Nilufər çiçəyi» mənim kitablarım arasındadır, obrazlı desəm, bu kitabdakı şeirlərin özünəməxsus qoxusu hələ də çəkilməyib. Daha sonra mən onun «Döymək istədiyim qapılar» və «Allah, məni unutma» kitabları ilə tanış oldum. Müxtəlif illərin və müxtəlif ovqatın məhsulu olan bu şeirlər Əbülfətin bir şair kimi kitabdan kitaba daha da kamilləşdiyini nümayiş etdirir. Olsun ki, özünün bəyəndiyi, amma müxtəlif zövqlü oxucuların bəyənmədiyi şeirləri də diqqətdən yayınmır, amma onun uğurları sayca daha çoxdur.

Əbülfətin şair kimliyi onun özünəməxsusluğundan bilinir. Kimsəyə bənzəmir o və elə bilirəm ki, ona bənzəmək də çətindir. Onun şeirlərində hansısa ustadın poeziyasından süzülüb gələn sel-suya rast gəlməzsən. Düşünməzsən ki, bu şeirlər kiminsə səsinin səsidir. Kimsə onun şeirlərinə irad tuta bilər, bu şeirlərdəki ovqata, səsə, rəngə alışmaya da bilər. Amma nə yazırsa, özünü yazır. İndisə onun sevgi şeirləri barədə.

Şairlər sevgidən gənclik illərində daha çox yazırlar. Əsasən nakam sevgilər, uğursuz məhəbbət macəraları onları dilə gətirir. Bu həsrət onları tərk etmir, ta əlli yaşına qədər, lap ömürlərinin sonunacan da ilk məhəbbətlə bağlı hisslər onların şeirlərindən əksik olmur. Amma sevgi ömrünün bir payız çağı da gəlir. Və Əbülfət də bu kitabında sevginin payız çağlarını qələmə alıb. Bu «payız sevgisi» olsun ki, ilk gənclik illərindəki sevgidən daha şiddətlidir, amma bu sevgidə dözüm, təmkin, ağıl daha irəlidir. Elə Xalq şairi Zəlimxan Yaqub Əbülfətin bir kitabına yazdığı müqəddimədə deyir ki: «Uca tanrı sevgini insanlara dünyanı dərk etmək üçün göndərib, göndərib ki, insan həmişə diri və duru, pak və təmiz, zərif və həssas olmağı, öz gəlişiylə dünyanı gözəlləşdirməyi bacarsın. «Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət var ola bilsin».Yer üstə möhkəm dayanmaq üçün də, göy üzünün qapısını açmaq üçün də insana-xüsusən də şairə böyük sevgi gərəkdi».
Əbülfətin sevgi şeirlərində də məhz bu özünüdərk əsasdır. Sevgini duymaq, qiymətləndirmək, bu duyğular naminə yaşamaq…Nədir sevgi? Əbülfət bir şeirində bunu belə açıqlayır:

çök sinəmə duman tək
özümü dağ sanım mən.
dönüm sonsuz ümidə-
hər an səni anım mən.

qəm sanki iynə-sapdı
hər yerdə məni tapdı.
şimşəkdən çınqı qopdu-
alışdırdı, yanım mən.


Əbülfət Mədətoğlunun sevgi şeirlərini təkcə bir insanın-bir fərdin könül duyğuları kimi şərh eləmək doğru deyil. Bu şeirlər həm də sevginin, bu ali hissin insan həyatında necə təmiz, saf duyğular oyatdığı, qəlbini, ruhunu necə gözəlləşdirdiyi missiyasını da yerinə yetirir. Məlumdur ki, müasir dövrümüzdə saf, təmiz sevgilər get-gedə azalır, məcnunluq, leylilik və bunların timsalında fədakarlıq qeybə çəkilmiş olur. Əvəzində yalançı, saxta, beşgünlük «sevgilər» doluşur ürəklərə.

Bir sözlə, Ə.Mədətoğlunun sevgi şeirləri yaşanılan, duyulan hisslərin, duyğuların ifadəsidir. Bu şeirlərin qəhrəmanı sevgini həyatının mənası, mahiyyəti hesab edir. Hicran əzabları onu necə sarsıdırsa, vüsala ümid qəlbində yaşamaq eşqini alovlandırır. Deyərdik ki, bu sevgidə bir az məcnunluq havası var. Məcnun kimi o da fədakarlığı, eşqdə təmannasızlığı sevir. Ancaq Məcnundan fərqi orasındadır ki, onun kədərinin içində bir işıq var.
Əlbəttə, Əbülfətin yaxşı şeirləri ilə müqayisədə nisbətən zəif təsir bağışlayan yazıları da var. Onların bir çoxunu kitablarına da daxil edir. Növbəti kitabını hazırlayarkən özü bu barədə düşünəcək.

Əbülfət Mədətoğlu haqqında bu qeydlərimi başa çatdırarkən Ramiz Rövşənin «Sadə həqiqət» məqaləsi gözümə dəydi. Və sözümü elə Ramizin Əbülfət Mədətoğlu haqqında dedikləri ilə bitirmək istəyirəm: «Əbülfətin şeirlərində ümumiləşdirmə gücü olan, oxucu ürəyində əks-səda doğura bilən misralar az deyil. Amma o misralar sözə soxulmur. Onları oxucu özü görməlidir. Çünki Əbülfətin şeirləri də özü kimi iddiasızdır».

Vaqif Yusifli