Ömrünü-gününü sözə çulğalamış adam

Ömrünü-gününü sözə çulğalamış adam

Təfsilat
18 İyul 2019, 09:45 26326
Yadımdadır, 1970-80-ci illərdə ölkəmizdən Rusiyaya çox sayda gənc oğlanlar getdi. Kimi oxumağa, kimi də bir parça çörək dalınca üz tutdu qərib diyara. Təbii, orada həmişə yaxşı münasibətlə də rastlaşmadılar. Kimi "xoşbəxtlik” axtara-axtara saç-saqqal ağartdı, kimi də qürurunu hər şeydən üstün tutaraq milli kimliyini sübut etdi. Adətən bizlərə "bazar adamı” kimi yanaşanların bu yanlış fikirlərini təhsilə marağı, intellektual səviyyəsi, ədəb-ərkanı ilə alt-üst edən soydaşlarımız da oldu. Onlardan biri də uzun illər Rusiyanın müxtəlif şəhərlərində yaşamış, Rusiya və Azərbaycan dövrü mətbuatında (hələ sovet dövründən) imzası, sözü ilə yaxşı tanınan jurnalist, publisist, tədqiqatçı yazar Ramin Hüseyn oğlu Məmmədovdur. Ramin ilk dəfə 1976-cı ildə doğma elindən-obasından (Qəbələnin Bum kəndi), əzizlərindən ayrılıb Pskov vilayətinin Ostrov şəhərinə hərbi xidmətə göndərildi. Xidmətini başa vurduqdan sonra Nijni-Tagildə Xüsusi Milis məktəbinə daxil olan Ramin, bununla kifayətlənmədi. İkiillik jurnalist sənətkarlığı kursunda və Tümendə - Vilayət Partiya Komitəsi yanında ikiillik Siyasi Universitetdə ideoloji kadrlar fakültəsində də təhsil aldı.
        Beləliklə, R.Məmmədov 1980-ci ildən 1992-ci ilin mart ayına kimi (92-ci ildə Qarabağ hadisələri ilə bağlı Vətənin dar günündə onun harayına can atdı) Nijnevartovskda sıravi milislikdən əməliyyat müvəkkili vəzifəsinə qədər ucaldı. Və elə məhz bu illər ərzində həm də "Leninskoye znamya”, "Tümenskaya pravda”, "Tümenskiy komsomolets”, "Neftyanik”, "Putyovka”, "Na udarnoy stroyke”, "Qazopere-rabotçik” və s. mətbu orqanlarında istedadlı jurnalist kimi tanındı.
           Xoşbəxtlikdən, bəzi soydaşlarımızdan fərqli olaraq, Ramin vətən ilə də əlaqəsini kəsmədi.  Azərbaycanla bağlı bütün problemlərə, hadisələrə öz münasibətini bildirib, Azərbaycan həqiqətlərini bəyan etmək üçün hələ 1990-cı ildən xeyli əvvəl "Voennaya ensiklopediya” redaksiyasına, "Pravda” qəzetinin redaktoruna, "Voenno-istoriçeskiy” jurnalına və s. mətbu orqanlarına, partiya təşkilatlarına məqalələr yazıb, məktublar göndərib. Vətəndə baş verən hadisələri "Molodoj Azerbaydjana” və "Gənclik” kimi püxtələşmiş qəzet və jurnalın səhifələrindən əldə edərək Rusiyanın əksər mətbu orqanlarında çıxış edib, etirazını bildirib. Amma çox təəssüf ki, sözünə, harayına biganəliklə qarşılaşır, kör gözləri, kar qulaqları aça bilmir. Etiraz əlaməti olaraq xidmətini birdəfəlik vətəninə dəyişir və ilk gündən Qarabağa yola düşərək torpağımızın bütövlüyü uğrunda mübarizəyə qoşulur. Yenə də silahı və sözü ilə... Cəbhədə gördüklərini, yaşadıqlarını "Azərbaycan”, "Ədalət”, "Qarabağ”, "Yurddaş”, "Vətən səsi” qəzetlərində oxucuları ilə bölüşür.
        R.Məmmədov 2004-cü ildə mayor rütbəsində öz xahişi ilə təqaüdə çıxır. Mənə elə gəlir ki, o, bundan sonra yaradıcılıqla məşğul olmağa daha çox zaman tapır.  Əslində Ramin müəllim məndən inciməsin, onu asayiş keşikçisindən çox, qələm, söz sahibi kimi duydum. Çünki nə Sibirin şaxtalı təbiəti, nə də bəzi laqeyd insanları Ramin müəllimin mülayim xasiyyətini, insanlığını əlindən ala bilməyib. Çox duyğusal, həssas, kövrək, hər kəsin ağrı-acısını duymağı bacaran, heç kəsin probleminə biganə qalmayan bir insandır. Bunu onun yaşam tərzindən də hiss etdim. Çoxları Rusiyadan bahalı maşınlarla, daş-qaşlarla qayıdanda, Ramin müəllim qucaq-qucaq kitablarla qayıtdı. Bu əsərlər Azərbaycanın tarixini, mədəniyyətini Rusiyada təbliğ etmək üçün yazılan qiymətli mənbələrdir.
R.Məmmədovun üç hissədən ibarət olan "Qəbələ: insanlar, talelər, ziyalılar” (1996- I hissə, 1998- II hissə, 2005- III hissə) adlı portret oçerklər toplusu bunu deməyə əsas verir. Hər üç əsərdə adı eramızın I əsrindən başlayaraq yazılı mənbələrdə çəkilən qədim Qəbələ şəhərinin tarixi, mədəniyyəti, inkişafı və istedadlı, vətənpərvər ziyalıları haqqında çox mükəmməl məlumatlar verilir. Zəngin və çoxsaylı arxiv sənədlərinə əsaslanaraq yazılan əsərlərin hər bir sətri, cümləsi sübut edir ki, müəllif uzun illər arxivlərdə, muzeylərdə, kitabxanalarda araşdırmalar aparıb, materiallar toplayıb, gərgin zəhmət çəkib, nəticədə çox qiymətli, dəyərli əsərlər ortalığa qoyub. Müəllif "Vətən həsrətilə keçdiyim yollar”, "Yaddaşımızın izilə”, "Bakıdan Moskvaya”, "Neftin işığında-Lökbatanda”, "Azərbaycan qədim diyar” və başqa kitablarında milli və mənəvi dəyərlərimizi qürurla təbliğ edir.
        "Qəbələ: insanlar, talelər, ziyalılar” (II hissə) əsərində "O, Qəbələni qəbələlilər qədər sevir” sərlövhəli məqalə daha çox diqqətimi cəlb etdi. Məqalə 1982-87-ci illərdə Qəbələdə (o zaman Qutqaşen adlanırdı) rayon Partiya Komitəsinin birinci katibi işləmiş Ələddin Qurbanovun həyatına, fəaliyyətinə həsr edilib. Ramin müəllim, çox haqlı olaraq qeyd edirsiniz ki, o, Qəbələni qəbələlilər qədər sevirdi. Əslində Ələddin müəllim yalnız Qəbələni sevməklə kifayətlənmədi. O, Qəbələdə birinci katib işlədiyi illər ərzində rayonun iqtisadiyyatının, mədəniyyətinin inkişafı üçün çox böyük işlər gördü (Ramin müəllim, məhz bu məqaləyə görə sizə bir daha təşəkkürümü bildirirəm və növbəti məqalələrimdən birində Ələddin müəllimin xeyirxahlıqlarından  geniş bəhs edəcəyəm).       "Qəbələ: insanlar, talelər, ziyalılar” adlı hər üç kitabı oxuduqdan sonra bəlli oldu ki, həmyerlilərimin böyük əksəriyyəti nəinki, respublikada, hətta onun hüdudlarından çox uzaqlarda da yetərincə yüksək vəzifələrdə çalışıblar. Söz, imkan sahibi olublar (və bu gün də var). Qürur hissi keçirdim. Birdən qəlbimdə belə bir sual yarandı: görəsən onlar Qəbələ və qəbələlilər üçün nə ediblər və edirlər?
       ...Ramin müəllim məqalələrinin birində yazır ki, özümü çox varlı və zəngin sanıram. Çünki bu ziyalıların hərəsindən mənə bir damla işıq düşübsə, bəsimdir. Əlbəttə, siz çox zənginsiz. Zəngin mənəviyyatınızla, gözü toxluğunuzla, el-obaya bağlılığınızla, təmiz əxlaqınızla. Əslində siz də onlarla, yüzlərlə ziyalını gənc nəslə tanıtmaqla nura qərq olubsunuz. Elə bir nura ki, sizi bir ömür əsərlərinizdə, əməllərinizdə yaşadacaq. Özünüz gözəl deyibsiniz: "Mənim silahım qəlbimdən gələn, mənəviyyatımdan doğan ürək sözlərimdir”. O, sözlər ruhunuzdan, qəlbinizdən süzülüb gələn nurlu bir işıqdır ki, orada general İsmayıl bəy Qutqaşınlı qaməti əks olunub, qaranlığa qərq olmuş gözlərə nur bəxş edən Ümnisə xeyirxahlığı var.     
             Ramin müəllim, bütün bunlarla yanaşı, mən sizə həm də tədqiqatçı bir alim kimi minnətdarlığımı bildirirəm. Sizin "Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı (2018) monoqrafiyanız mənim və BDU-nun jurnalistika fakültəsinin çoxsaylı tələbələri üçün dəyərli bir mənbədir. Əsərlə tanış olarkən yenə də hər sətirdə, hər cümlədə tədqiqatçının necə böyük mənəvi və maddi çətinliklərlə rastlaşmasının şahidi oldum. Çünki müəllifin əsərində təmsil olunan 57 adda qəzet və jurnal heç bir kitabxanada, eləcə də Milli Kitabxanamızda, arxivlərdə cəmləşdirilməyib, saxlanılmayıb. Onların hamısını, səfərləri zamanı müəllif özü bircə-bircə toplaya bilib.
      Müəllif, əsərində Rusiyada çap olunan hər bir anadilli mətbu orqanını ayrılıqda ciddi təhlil obyektinə çevirmiş və elmi təhlilini vermişdir. Təhlillərlə yanaşı, Rusiyada milli mühacirət mətbuatımızın problemləri, çətinlikləri, qayğıları da açıq şəkildə bildirilir və orada yaşayan bütün soydaşlarımızı bu işə yardımçı olmağa səsləyir. Məhz bu əsərdən mənə bəlli oldu ki, hazırda Rusiyanın ən ucqar yerlərində belə, soydaşlarımız milli qəzet və jurnallar çap edirlər. Nə qədər çətinliklər olsa da, Azərbaycan mədəniyyətini, elmini, tarixini təbliğ etmək, onu yaşatmaq üçün bu ağır işin öhdəsindən gəlirlər. Bax, budur əsl vətənpərvərlik, millətsevərlik. Elə R.Məmmədovu da bu ağır yükü üzərinə götürməyə sövq edən vətənpərvərliyi, milli qürur hissi deyilmi? Aylarla, illərlə Rusiyanın ən ucqar yerlərini gəzmək, axtarışlar aparmaq, qəzetləri, jurnalları əldə edərək tədqiqata cəlb etmək, hər biri haqqında müfəssəl məlumat vermək və həm də qonşu ölkədə yaşayan həmyerlilərimizin, onların diaspor icmalarının fəaliyyətinə dair bilgilər əldə etmək çox müşkül məsələdir. Bu, illərlə Vətən həsrəti ilə yaşayan, qəlbində yurd-yuva həsrəti olan, milli təəssübkeşlik hissi çəkən R.Məmmədov üçün müşkül olmadı. Ona görə, üzümü oxucuma tutaraq çəkinmədən deyirəm, "Rusiyada Azərbaycan mühacirət mətbuatı” kitabı təkcə bu sahənin mütəxəssisləri üçün deyil, qəlbində milli qürur, vətənsevərlik hissi olan hər bir soydaşımızın sevə-sevə oxuduğu, qiymətləndirdiyi kitab olmalıdır.  
      Deyirlər ki, adamlar var ki, sözünü görəndə üzünü görürsən, üzünü görəndə sözünü. Ömrünü-gününü sözə çulğalamış Ramin Məmmədovun üzündə də, sözündə də uzun illər həsrətində qaldığı, nisgilini yaşadığı bir yurd-yuva sevgisi görünür. Yurdunuz abad, yuvanız işıqlı olsun, Ramin müəllim. Bir neçə gündən sonra Azərbaycan yazarının Söz Bayramı günüdür. Bayramınız mübarək!

 Qərənfil Dünyaminqızı 
       Əməkdar jurnalist