Ömrü təlatümlü, həsrəti ümman

Onun barəsində keçmiş zamanda danışmaq ağır olsa
da, fani dünyanın hökmünü kim poza bilib ki?! Bu unudulmaz şairimizi
xatırlayanda, yadıma dərhal ötən əsrin 80-ci illəri düşür. "Azərbaycan
müəllimi” qəzetinin ədəbiyyat və incəsənət şöbəsində çalışırdım. Həmişə nahar
fasiləsində otağımızda qəribə bir şeir saatı başlayardı. Maraqlı söhbətlər
gedərdi. Şair Cavad Cavadlının icazəsi ilə mən də bu tədbirin iştirakçısı
olardım. Niyə məhz icazə sözünü işlətdim. Çünki o zamanlar dövrün, rejimin əleyhinə
də müəyyən atmacalar olardı. Şairlərdən Xəlil Rza Ulutütk, Rəfiq Zəka Xəndan,
Əhməd Elbrus... redaksiyamıza həmişə
birlikdə gələrdilər. Sanki bir şeir vulkanına düşərdim. Özümü Bakıda deyil,
türkün döyüş meydanında hiss edərdim. İndi haqq dünyasında olan bu söz
adamlarını böyük minnətdarlıqla, ehtiramla xatırlayıram. Düşünürəm ki, üzərimdə
böyük haqları var. Çünki ikinci bir ali məktəbi də mən həmin illərdə - o
görüşlərdə bitirdim. Türkün tarixini, ədəbiyyatını, amacını, mücadiləsini öyrəndim, dostlarını, düşmənlərini tanıdım,
dahilərinin həyatından, fəaliyyətindən xəbər tutdum.
O qonaqların ən cavanı Əhməd Elbrus idi. Çox
enerjili, savadlı, dərin məlumatlı, zəkalı , cəsarətli bir şair və
ədəbiyyatşünas alim idi. Heyf ki, çox az yaşadı. Cəmi 62 il. Bir şair kimi
həyatı təlatümlü, vətəndaş olaraq
həsrəti ümman Əhməd Elbrusun o zamandan
sevdiyim misraları var ki, bu gün də sıxılanda, haqsızlıqla üzləşəndə dərhal xatırlayıram:
Bacara bilsəydim
dəli könlümlə
Dostluq eləyərdim
hərdən... ölümlə!
Hamının ona işi
düşür əvvəl-axır,
Amma rüşvət almır –
Hamıya bir gözlə
baxır.
Əhməd Elbrusun şeirləri heç bir şarin dəsti-xəttini
xatırlatmır. Həyatın həqiqətlərini, insan taleyini hələ sovet dönəmində elə
formada - misralarla ifadə edirdi ki, onun ümumiləşdirməsinə, poetik, fəlsəfi
qənaətinə heyrət kəsilirdin:
Tutdum qəfəsə saldım İlanı,
Fağırlaşdı,
Başı üstən asılmasa da
mütilik elanı.
Qəfəsdə ilana da rəhmim gəldi,
Açdım qəfəsi,
Görsün azadlıq necə gözəldi,
Onu gördülər -
öldürdülər.
Könlümü çulğaladı
Günahsız canlının dərdi,
Ay yazıq,- dedim -
Mən hardan biləydim:
Var elə azadlıq ki,
Qəfəsdən də betərdi.
İzahata ehtiyac yoxdur. Sovet dövrünün
özünəməxsus qadağalarının rəsmini çəkmək baxımından bu şerin ahəngindəki mətləb
aydındır. Bəli, qəfəsdən betər azadlıq! Biz bunu yaşamışıq, amma dilə gətirmək
üçün gərək Əhməd Elbrus kimi belə bir qəfəs quraydıq. Bu da hamının ağlına gəlmir ki! Maraqlıdır ki, şairin yaxın dostu Rəfiq Zəka
Xəndan Əhməd Elbrusun şeirlərini müasir poeziyanın təkamül yolunu işıqlandıran
bir poetik sənəd kimi dəyərləndirirdi.
Bu baxımdan onun şair dostunun 1992-ci
ildə çapdan çıxmış "Ölməzlik” adlı kitabına yazdığı "Ön söz”dəki fikirlər mənim də
düşüncələrimin istiqamətini aydınlaşdırdı: "Əhməd Elbrusun yeni kitabında
toplanan fəlsəfi lirika təbiətlə insan ekologiyası, insan və cəmiyyət
ideallarının dialektikası fonunda yeni poetika kimi orijinal səslənir və
şeirimizin inkişaf yollarından birini formalaşdırır. Həm də onun təkcə
şeirlərində deyil, epik əsərlərində də fəlsəfi-poetik amal sərrast və
tutarlıdır. Onun yeni şeirlər və poemalar kitabında toplanan poetik nümunələrin
hamısı poetik baxımdan orijinaldır.” Həqiqətən də müasir poeziyamızın ən
istedadlı və fədakar yaradıcılarından biri idi Əhməd Elbrus. Elə misraları var
ki, atalar sözü qədər ibrətamiz, müdrik
və düşündürücüdür: "İnsan torpaqdandı, insanlıq haqdan”, "Adam var bir gündə
bir ömür yaşar, adam var bir ömrü bir günə dəyməz,” " Suda boğulan saman
çöpündən yapışar, göydən yıxılan kəpənək qanadından.” Elə atalar sözləri də var
ki, şair öz misraları ilə bu kəlamlara güzgü tutub. Bəzən də sınaqdan çıxmış aforizmləri məhz ilk dəfə
Əhməd Elbrusdan eşidirsən. Məsələn, atalar belə deyib: "Göydən nə gəldi ki, yer
qəbul eləməyə”. Şairin cavabı:
Yer göyə qarşı da
ədalətlidir,
Göydən nə
gəlirsə yer qəbul edir:
Su gəlsə - yağış
kimi,
Daş gəlsə -
qarğış kimi.
Əhməd Elbrus şairlərimizə həsr etdiyi
şeirlərdə seçdiyi müəlliflərin yaradıcılıqlarından nümunələr gətirməklə öz
münasibətini, bəlkə də içindəki
dərdini poetik xasiyyətnaməyə çevirib.
Famil Mehdinin misralarıdır: " Bircə bu doğru var ki, bu dünya namərd imiş”.
Əhməd Elburusun açması:
Dünyadan əbədiyyət
istədim.
Vermədi.
Şan-şöhrət
istədim.
Vermədi.
Mükafat istədim,
Vermədi.
Fəxri ad istədim.
Vermədi.
Zirvələr fəthinə
qanad istədim.
Vermədi.
Sözümün yerə düşməsi
yaman dərddi.
Gül arzularımı
bahara
qovuşdurmadı dünya.
Çünki namərddi.
Nəriman
Həsənzadənin "Tarix qul eyləyir
bəşəriyyəti” misrasının Əhməd Elbrus şerindəki açması da maraqlıdır: "Həyat qul
eyləyər zamanı, zaman qul eyləyər şairi.”
Əhməd Elbrus dördlüklər ustadı idi. Xalq
şeirimizdən, xüsusi ilə də bayatılarımızdan gələn müdriklik, sərrast deyimlər,
ağıllı fikir və dərin düşüncə onunda bu qəbildən olan şeirlərinin sarı simidir.
Az sözlə böyük mənalar, mətləblər ifadə etmək, həyatın gerçəkliyini diqqətə
çatdırmaq, hədəfi düz seçmək, fəlsəfi düşünmək, məntiqə əsaslanmaq böyük
ustalıqdır:
Kiçiksənsə
böyüklük
Arzularına
bağlan.
Böyüksənsə
kiçilmə,
Böyüklüyünü
saxla.
Yaxud:
Bir diləyə
Ağız açma
ikinci dəfə.
Bir ox
İki dəfə
dəyməz hədəfə.
Əhməd Elbrus həm də riyazi poetika
sahəsində qələmə alınan ilk monumental əsərin müəllifidir. 2006-cı ildə işıq
üzü görmüş "İnam və idrak poetikası” adlanan bu sanballı kitabda qədim və orta
əsrlər Şərq elm və sənətində kök atan "Elm əl-Əsms”, "Elm əl-Cəfr” və onların
qaynağından mənşələnən "Elm əl Hürül” barədə, bu üç iqamətin nəticəsi olan hürufizm
və qaynaqları ilə əlaqədar
riyazi-poetikanın ən yeni nailiyyətləri səviyyəsində araşdırmalar aparılmış,
nəticədə hürufizmin simvollar sisteminin strukturu bərpa , simvol açarları
və kodları təqdim edilmişdir.
Əhməd Elburusu oxuduqca zaman və
insanlar barəsində düşüncələrə qərq olursan. Şairin şeirləri təzadlı dünyaya
açıq qapıdır. Göyərçinlər, ilanlar, pislər yaxşılar, namərdlər, mərdlər...
Bir-birinə əks varlıqların, münasibətlərin mövcudluğu ağı qaradan seçməyi
bacaranları mütləq yaxşılığa doğru çəkəcək. Məhz pislərin olması yaxşıları
sevmək üçündür. Həyat təkcə göyərçinlərdən ibarət olsaydı sülhün özü
adiləşərdi. Fəlsəfi düşüncələri poetik duyuma çevirmək Əhməd Elbrus qələminin
həqiqət rəngi idi. Bu rənglərin çalarlarında isə insan taleyi dayanır. Taleyi
oxuyacaq bəxtdən də ya aş asılır, ya da daş. Ona görə də şair xəbərdarlıq edib:
Dünyada
hər kəsə bir qismət yetər,
Arıya bal
düşər, ilana zəhər...
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
