• cümə, 26 Aprel, 19:05
  • Baku Bakı 22°C

“Molla Nəsrəddin”in birinci və daimi rəssamı

02.07.16 12:10 3385
“Molla Nəsrəddin”in birinci və daimi rəssamı
Bir fransız şərqşünası Şərqin ən şöhrətli dərgisi olan "Molla Nəsrəddin” haqqında yazırdı: "Dünyada satirik jurnallar çoxdur. Ancaq indiyə qədər dünya səviyyəsində "Molla Nəsrəddin” satirik jurnalı kimi ikinci bir jurnala rast gəlmədim”.
Təbii ki, jurnalın belə böyük uğur qazanmasında Mirzə Cəlil başda olmaqla bütün mollanəsrəddinçilərin özünəməxsus payı var idi. Onların arasında Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev və başqa yazarlarla yanaşı, məşhur rəssam O.İ.Şmerlinq, İ.Rotter və Ə.Əzimzadənin də adlarını qeyd etmək lazımdır. "Molla Nəsrəddin”lə tanış olarkən burada çap edilən karikaturaların, şəkillərin həcm etibarilə jurnalın yarısını tutduğunun şahidi oluruq. Bu ondan irəli gəlirdi ki, şəkillər çox böyük təbliğat və tərbiyəvi əhəmiyyətə malik idi. Çünki azsavadlı və savadsız adamlar jurnalın şəklinə baxır və oradan böyük ibrət götürürdülər.
Cavanlığında Mirzə Cəlilin yaxşı rəsm çəkmək qabiliyyəti varmış. İllər keçdikcə rəssamlığa meyil daha da qüvvətlənmişdi. Jurnalda çap edilən karikaturaların, şəkillərin mövzusu və süjeti də əsasən Mirzə Cəlilin özü tərəfindən verilirmiş. Odur ki, akademik İsa Həbibbəylinin "Molla Nəsrəddin”in "ilk baş rəssamı” adlandırdığı Oskar İvanoviç Şmerlinqlə işləmək Mirzə Cəlil üçün heç də cətin olmamışdı. "Molla Nəsrəddin” jurnalı nəşrə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnala rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb-yaradan alman rəssamı Şmerlinq dəvət edilir. Şmerlinq Mirzə Cəlilin təklifini təmənnasız surətdə qəbul edir və 1906-1917-ci illərdə "Molla Nəsrəddin”də rəssamlıq funksiyasını bacarıqla yerinə yetirir.
Həmidə xanım Cavanşir (Məmmədquluzadə) xatirələrində yazırdı: "Mirzə Cəlil Şmerlinqi çox istəyirdi. Jurnalın uğurunun bir qismini onun adına çıxırdı. Mirzə Cəlil Şmerlinqin onun fikirlərini dərhal tutmasına və gözəl karikaturalar çəkməsinə heyran idi. O, Şmerlinqə dərin minnətdarlıq hissi ilə yanaşır, ona nəsə bir yaxşılıq etmək istəyirdi. Ancaq heç nə edə bilmədi, buna imkanı və vaxtı çatmadı”.
Mirzə Cəlilin "əziz və nadirülvücud bir insan” adlandırdığı, təbiətən çox sadə və sakit, sədaqətli olan Şmerlinqlə Mirzə Cəlil arasında qarşılıqlı hörmət və səmimi münasibət yaranır. Görünür, Şmerlinq Mirzə Cəlilin ruhuna, düşüncələrinə yaxın sənətkar, ziyalı olduğu üçün aralarındakı isti münasibət sonradan mehriban və səmimi dostluğa cevrilir. Bu bəlkə də ondan irəli gəlib ki, Şmerlinq 1889-1890-cı illərdə Qarabağda - Xankəndində yaşayıb-yaratmış, Şuşada təşkil olunan teatr tamaşalarına dekorasiyalar vermişdi. Şmerlinq bu zaman Qarabağ əhlinə, adət-ənənələrinə hörmətlə yanaşdığı üçün onların əziz və hörmətli qonağına çevrilmişdi.
Şmerlinq milliyyətcə alman idi. 1863-cü ildə Tiflisdə hərbçi ailəsində anadan olan Şmerlinq ilk təhsilini Tiflis realnı məktəbində alıb. Daha çox incəsənətə, mətbuata meyilli olan Şmerlinq gimnaziya təhsilini başa vurduqdan sonra Tiflisdə gürcü dilində "Ağcaqanad” adlı müstəqil satirik jurnal yaradır və eyni zamanda digər satirik jurnallara karikaturalar cəkməyə başlayır. Bu sahədə yüksək təhsilə ehtiyacı olduğunu duyan Şmerlinq 1884-cü ildə Peterburqa üz tutur. Peterburqda 1889-cu ildə təhsilini bitirib, 1891-ci ildə Münhen Rəssamlıq Akademiyasına daxil olur və 1893-cü ildə buranı gümüş medalla bitirib Tiflisə, valideynlərinin yanına qayıdır. Hələ tələbə ikən Almaniya və Rusiyanın satirik jurnallarında karikaturaları, rəsmləri çap olunan gənc rəssam Tiflisdə bir neçə satirik jurnalla əməkdaşlığa başlayır.
Şmerlinq bu sənəti Tiflisdə geniş şəkildə təbliğ etmək üçün 1898-ci ildə öz incəsənət məktəbini açır və 1902-1916-cı illərdə məktəbə rəhbərlik edir. 1922-ci ilə kimi "Rəsm, heykəltaraşlıq və arxitektura institutu” kimi fəaliyyət göstərən bu təhsil ocağı 1922-ci ildən akademiyaya çevrilir.
Mirzə Cəlillə Şmerlinqin dostluq əlaqələri də elə "Molla Nəsrəddin”lə başlayır və Mirzə dünyasını dəyişənə kimi davam edir. Əslində Şmerlinqin satirik qrafika sahəsindəki müvəffəqiyyətləri də "Molla Nəsrəddin” jurnalı ilə əlaqədardır və Azərbaycanda satirik qrafikanın təşəkkülü və inkişafında onun böyük rolu olub. Tədqiqatçıların fikrincə, onun "Molla Nəsrəddin”də 1400-ə qədər karikaturası çap edilib. Dünyanın bir çox tanınmış satirik jurnalları ilə əməkdaşlıq edən Şmerlinq Mirzə Cəlilə yazdığı məktublarından birində "Molla Nəsrəddin”i "qəlbinə və ruhuna ən əziz, ən yaxın olan jurnal adlandırır.
"Molla Nəsrəddin” jurnalı üçün çoxsaylı karikatura və satirik rəsm çəkmiş Şmerlinqin jurnalda ilk uğuru "Sizi deyib gəlmişəm” və "Niyə məni döyürsünüz” karikaturaları olub. "Əvvəllər və sonralar”, "Yatmış millət” kimi karikaturaları bu gün də öz aktuallığını itirməyib. Rəssamın karikaturaları və rəsmləri əsasən jurnalın üz qabığında verilib. Onun əsas xidmətlərindən biri də odur ki, o, ilk dəfə Şərq müdrikliyinin təcəssümü olan Molla Nəsrəddin obrazını yaradıb. Qrafik dəst-xətti aydın və anlaşıqlı olmaqla, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verən, təsvirin, həcm və ölçülərinin real alınmasına nail olan rəssamın "Molla Nəsrəddin”in oxucu sarıdan uğurlu bir tale yaşamasında böyük rolu və əməyi olub.
Həmidə xanım yazırdı: "Rotter İosifi də Mirzə Cəlilə Şmerlinq məsləhət görmüşdü. Çünki işi təkbaşına çatdırmır, rəsmləri vaxtında çəkib qurtara bilmirdi. Rotter rus dilində güclə danışırdı. Mirzə Cəlil mövzuları müəyyən etdikdən sonra Şmerlinq və Rotterlə görüşür, şəkillərin necə çəkiləcəyini onlara izah edirdi”.
Milliyyətcə alman olan Rotter İosif də Münhendə Rəssamlıq Akademiyasında təhsil almış və bir müddət Tiflisdə yaşamışdı. 1906-1914-cü illərdə "Molla Nəsrəddin” jurnalının fəaliyyətində yaxından iştirak etmişdi. Rəssamın "Bir gün var idi, bir gün yox idi” (1907, N-13) karikaturası əsrlərlə ağrısını-acısını çəkdiyimiz erməni-müsəlman münaqişəsinə həsr edilib. Rəssam burada açıq-aydın münaqişənin qızışdırılmasında "Fitneyi-İblisi məlun” adlandırdığı Rusiyanın müstəmləkəçilik siyasətini ifşa edir.
Rotter Şmerlinqə nisbətən siyasi mövzulara çox az müraciət edərdi, o, jurnalın ənənəvi mövzularına üstünlük verirdi. Hər iki rəssam Azərbaycanda satirik qrafikanın inkişafında mühüm rol oynadılar və yeni rəssamlıq məktəbinin təməlini qoydular.
Doğrudur, "Molla Nəsrəddin”in xalq arasında tez bir zamanda sevilməsində və şöhrətlənməsində hər üç rəssamın - İ.O.Şmerlinqin, İ.Rotterin və Ə.Əzimzadənin əməyi, rolu danılmaz bir faktdır və bu haqda tədqiqatçı alimlərimiz dəyərli, maraqlı fikirlər söyləyiblər, əsərlər yazıblar. Amma xatirələrdən və tədqiqat əsərlərindən aydın olur ki, Mirzə Cəlilin "Molla Nəsrəddin”in birinci və daimi rəssamı” adlandırdığı Şmerlinqin xüsusi yeri olub. (M.Cəlilin müxtəlif illərdə Həmidə xanıma və jurnalın müvəqqəti redaktoru olan Məhəmmədəli Sidqiyə yazdığı məktubları oxuyarkən bunun şahidi oluruq – müəl.). Əslində Rotter də, Əzimzadə də "Molla Nəsrəddin”də Şmerlinqin köməkliyi ilə yetişmiş, satirik qrafikanın sirlərinə bələd olmuşdular.
Tədqiqatçı alim Əziz Mirəhmədov yazırdı ki: "Ə.Əzimzadə "Molla Nəsrəddin”ə 1906-cı ildə gəlsə də, jurnalla sıx əməkdaşlığı 1922-30-cu illərə təsadüf edir. Bu illərdə jurnalda 1500-dən artıq rəsm əsəri çap edilmişdir”.
Ümumiyyətlə, M.Nəcəfovun təbirincə desək, "bizim üçün "Molla Nəsrəddin” ədəbi məktəbinin əhəmiyyəti nə qədər böyükdürsə, "Molla Nəsrəddin” rəssamlıq məktəbinin əhəmiyyəti də bir o qədər böyükdür”.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər