MİNİMALİST ŞAİR VSEVOLOD NEKRASOV-SAMARA  VƏ ŞƏHƏRLƏR HAQDA BAŞQA  ŞEİRLƏR

MİNİMALİST ŞAİR VSEVOLOD NEKRASOV-SAMARA VƏ ŞƏHƏRLƏR HAQDA BAŞQA ŞEİRLƏR

22 Fevral 2016, 10:15 1451
İlk baxışda Vsevolod Nekrasovun (Sovet Rus şairi, tənqidçi, ədəbiyyatçı, “İkinci rus avanqard cərəyanının liderlərindən biri” - 934-2009) şeirlərini oxumaq elə də asan deyil. Tənqidçi Aleksandr Ulanov (Rus şairi, tərcüməçisi, ədəbi tənqidçi - 1963) şairin ölümündən sonrakı ilk kitabı olan “1956-1983-cü il şeirləri” toplusuna yazdığı rəydə deyir: “Hərdən adama elə gəlir, Vsevolod Nekrasov ritorika və yalandan qaçmağa səy göstərərkən dilin imkanlarını məhdudlaşdıraraq olduqca bəsitləşdirir, həm də Nekrasovun lüğəti olduqca kasaddır”.
Burada Nekrasova həm həyatda, həm də sənətdə yaxın olan şair Yan Satunovskini (Rus şairi -1913-1982) xatırlamaq yerinə düşər:

Deyirlər ki,
necə kasaddır lüğətin
kasaddır, bəli
kasad
Alçaq, rütubətli komalar
darısqal, ölüm gətirən nəmişlik
və əbədi qorxu...
Bəs necə
kasıblıqdı eləcə...


Qriqori Starikovski (Rus şairi, tərcüməçi - 1971) bu şeiri sitat gətirərək qeyd edir: “Kasad lüğətdən “istifadə”- sanki dumanlı havadan azad olma aktıdır. Mənə elə gəlir ki, burda söhbət ancaq sovet qəzetindən yox, Nekrasovun öz fikrinə əsasən - “yaradıcılar gör nə edib” - sözlərin tarixi və mədəni kontekstdən kənarda qalmamaq şərtilə, öz ilkin mənalarına əsasən istifadə olunmasından gedir”.
Nekrasov haqda yazılan hər bir məlumatdan sonra bu cür qeydləri inkar etmək qəribə görünür. Lakin bu heç də sadə olmayan şair haqda danışan hər kəs birdən-birə mübahisəli vəziyyətə düşür. Burda məsələ əlbəttə ki, həm Nekrasovun öz şəxsiyyətindən, həm də incəsənətdə hər hansı “yalana”, “oğurluğa” qarşı barışmaz vəziyyətdə olmasındadır.
2009-cu ildə şairin ölümü ilə ədəbi mühitdə elə bir boşluq yarandı ki, bu günə qədər heç bir - hətta ən mənalı söz də bu boşluğu doldura bilmir. Bu səbəbdən şairin ölümündən sonra bir-birinin ardınca kitablarının çıxması xüsusilə təqdirəlayiq haldır. Bunlar “Şeirlər” (1956-1983) kitabından başqa, “Müəllif samizdatı” (1961-1976) “Samara(slayd-proqram) və şəhərlər haqda başqa şeirlər” kitablarıdı.
İlk iki kitab səhifə sayına görə həcimlidir. Lakin şəhərlər haqdakı toplunun həcmi 100 səhifədən də azdır. Bu nəşr “Yaradıcılıq yolunun” yekunu haqqında sanballı cildə yox, həyatdan xəbər verən topluya oxşayır.
Tərtibatçıların niyyəti kitabın adından bəllidir- bu şeirlər məhz şəhərlər haqqındadır (Samara, Riqa, Tümen, Minsk). Nekrasovun diqqətli oxucusu o dəqiqə anlayır ki, kitaba bu adla hələ çox şeir daxil ola bilərdi: Leninqrad silsiləsi, Mariupol və Kazan şəhərləri haqqındakı poema, “Doyçe bux” - (Alman nəşri) və s. Lakin tərtibçilər (Q.V.Zıkova və E.N.Penskaya) kitaba ən başlıcası heç vaxt yayımlanmayan və ya ancaq internet şəbəkələrdə görünən şeirləri sığdırmaq istəyirdilər. Seçimi başqa cür də izah etmək olar: Riqa hissəsini hazırlayıb rəy verən Mixail Suxotin (Rus şairi - 1957) təqdimatda demişdir ki, məsələn, Kazan və Mariupol haqqında yazılanlar “memorialdır”, daha doğrusu, keçmişdə olan hadisələrin xatirələrinə əsasən yazılıb. Kitabda toplananlar isə “müsahibə” xarakterli gəzintinin isti izləri ilə yaranmışdır (çap olunmamış “müsahibə”lərdən Paris, Arxangelsk, Sevastopol haqqında şeirlər də var).
Kitabın bir xüsusiyyəti də ondadır ki, tərtibçilər yazılıb bitirilməmiş-yarımçıq şeirləri də yayımlamağa risk etmişlər. İqor Qulin (Rus şairi - 1985) Nekrasovun öz şeirlərinə qarşı xüsusi, çətin xarakterlə münasibətini qeyd edərək kitabdakı bütün şeirlərin guya yarımçıq olmasını iddia edərkən o qədər də dəqiq fikir yürütmür. Samara şəhəri haqdakı iki şeirdən biri Sergey Leybqrada (Rus şairi, publisist -1 962) və Sergey Osmaçkinə( Rus fotoqrafı) həsr olunmuş (bu ithaf təsadüfi deyil - Samarada Nekrasovu çox isti qarşılamışdılar) və Minsk haqdakı mətni müəllif özü yayımlamışdır; Riqa şeirlərinin bir hissəsi şəxsi arxivində yazı makinasında, kiçik müəllif düzəlişi ilə “ağlama” variantında qorunur. Deyəsən, öz şeirləri haqda ən yaxşı tənqidi də elə Nekrasov özü yazmışdır. Bu da təbiidir. Axı o, şair olmaqla bərabər, həm də incəsənət nəzəriyyəçisi idi. Onun öz Samara şeirlərinə yazdığı rəylərdən biri: “Deyəsən, demişdim, kitabda da yazmışdım, hətta internetdə də olub, ki artıq 40-45 ildir öz şəxsi lüğətimi yaratmağa çalışıram - şərti adı “İstisna qaydaları”. İki ildir bəzi spesifik vərdişlər, fəaliyyət obrazı, başqa şeirləri aydınlaşdırmağa yardım edən sözləri uyğunlaşdırmaqla bunun üzərində işləyirəm. Oxşarlıqlar- əsasən ritmik cəhətdən oxşarlıq - mətnlərdə gözdən qaçsa da, əslində, böyük əhəmiyyətə malikdir. Qafiyə uyğunluğu da istisna deyil. Hətta məna da. Amma məhz istisna olmadan onlara uyğunlaşmaq qətiyyətlə mümkün deyil - bunun üçün digər üsul və ənənələr daha münasibdir”.
Burada əhəmiyyətli dərəcədə sözlərin uyğunluğu haqda iradlar “əsasən ritm, mətnlərdə gözdən qaçsa da böyük əhəmiyyətə malikdir”. Nekrasovda hər şey “qafiyələnir”, daha dəqiq: “qarşılıqlı təsir göstərir”. Bir tərəfdən, qafiyənin adət olunmuş sistemi yoxdur, yəni ənənəvi ölçüdədir, digər tərəfdən – sözlər o cür seçilib və “uyğunlaşdırılıb” ki, onların qonşuluq qanunlarına heç bir şübhə yaranmır.

İş
işcik
demək lazımdır
Gut
Gott
Tanrı
Aha
Bu cür
Qotik
Qaudik
Bu
Hardasa
necəsə
nə vaxtsa
tam mənasız
buludda deşik
qüsursuz heyranlıq
sahil ilə
Bəs çay
Volqa


Mixail Suxotinin maraqlı düşüncəsi var – “fraqmentlərdən ibarət kitabda müxtəlif reaksiyalarda “şəhər” çox aydın təsvir edilib.” Doğrudan da, Tümen “şəhərlilərin şəhər anası” adlanır. Hər bir mətndə hər bir şəhərin obrazı ayrılıqda təsvir olunur.

Samara:
düzənlik, Volqa,
sahil şəhər

Tümen:
Meşə, meşə
Düzənlik, düzənlik
Bataqlıq, bataqlıq

Minsk:

Payız meşəsinin ardınca
Səmaların, səmaların ardınca
Onların ardınca ağbənizli duman, his
Yenə də
Belarus


***

Vağzal:
vağzal
vağzalda
belə bir zal var


Beləliklə, Nekrasov hər şeyi bir-birinə bağlayır və hansısa şəhərin obrazı yaranır, amma eyni zamanda şəhərlər elə fərqlidir ki. Burada “gözdən itən əlamətlər”, “var və yox” olan hər şeyə nisbətən sözün individuallığı yox olmadan, fraqmentlərlə ifadə olunması əsasdır.
O ki qaldı, ədəbi qohumluğa, bu, yaradıclığı bu kitabla birbaşa səsləşən-şair və nasir, Nekrasovun dostu Mixail Sokovnindir (Rus şairi, nasiri - 1938-1975). Sokovnin Samara şeirində birbaşa xatırlanır:

Abidə abidə
əşya
xatirə üçün əşya
niyə də
Mişa Sokovnin üçün olmasın


Tərtibatçılar tərəfindən yazılmış avtorəydə isə deyilir “Slayd-proqram- evə aiddir, kustardır (əl üsulu ilə istehsal) və ümumiyyətlə birbaşa olaraq Sokorninin əşyalarının izi ilə gedir”
Həqiqətən də, bu iki müəllifin yaxınlığı açıq-aydın görünür.

Sokovnin:
Boldino
və ətrafı
Ujovka ilə yükdaşıma
Təmirlər
qərarsız
çuxur
çala
kənar
çuxur
Boldinoya gedən yol
və Lukoyanova


Uyğunluq dəqiqdir: həqiqilik, adlıq cümlə ilə yazılan şeirlər...
Lakin müəyyən fərqlər də var - Sokovninin düşüncələri qafiyə və ölçü ilə əlaqəni üzməyib. Nekrasov üçün isə bu hal ənənəvidir.
Kiril Medvedevə (Müasir Rus şairi - 1975) görə “Nekrasov poeziyası paradoksal olaraq özündə estetik güzəştə getməmək və unikal, dərin demokratiya quraşdırır”. Kitabdakı mətnlər üçün hesablaşma məntəqəsi də var - bu Nekrasovun doğma Moskvasıdır.
Samara hissəsində deyilir:

Sıyıq Moskva kimidir
ümumən oxşayır
bəlkə bir az da çox


***

Tümen:
Hamımız eyniyik
eyni şəhərliyik


Belə məlum olur ki, Moskva (Nekrasov onu çox sevirdi) tək deyil, başqa şəhərlər də var və ordan geri qalmır. Həmin demokratiya da elə bundan qaynaqlanır.
“Sözün mənası” elə “ömrün mənası”na bərabərdir. Vsevolod Nekrasov kəskin ədalət hissinə malik insan idi. Bəzi tənqidçilərin yazdığı kimi elitar deyildi. Onun şeirləri hər kəs üçün açıqdır, sadəcə və sadəcə oxumaq, diqqət etmək, dinləmək lazımdı.

"QOY HEÇ KİM TAPA BİLMƏSİN"


Poeziyada minimalizm sanki məzhəb kimidir. Vsevolod Nekrasov, İvan Axmetyev (Rus şairi - 1950), Aleksandr-Makarov-Kratkov (Rus şairi - 1959) fərqli amma "qohum" müəlliflərdir. "Yaşayıram, görürəm" -Vsevolod Nekrasovun qəlibləşmiş ədəbi formuludur. Bu necə həyatdır və o, özünə necə yol tapır?
Minimalizm “askez” mənşəlidir, yəni adi "qaydalı" şeirlərdə "artıq sözlər"in olmaması halıdır.

Kim olursa olsun
səndən yaxşıdır
Heç olmasa
o sən deyil


- yazırdı İvan Axmetyev və bu sətirlərin alt qatında müəllif özünü bir mənalı olaraq "1"-dən də kiçik hiss etdiyi həyat fəlsəfəsi ilə yaşayır. Bir qayda olaraq minimalistlər yalan danışmır, hər hansı pafos onlara yaddır.
Şair Maksim Borodin (Ukrayna şairi - 1973) məşhur olmasa da, çox dəyərli müəllifdir. Borodin şair Gennadi Ayqanı (Çevaş və Rus şairi, tərcüməçi- 1934-2006) öz müəllimi hesab edir. Detallara sevgisinə görə o, mənim fikrimcə, Nekrasov məktəbinə daha yaxındır (əlbəttə, əgər, ümumiyyətlə, belə bir məktəb varsa) intonasiyasına (nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, nəfəsalmanın güclənməsi və ya zəifləməsi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusu) görə şair daha çox Axmetyevi xatırladır.
Aqressiyanın yoxluğu, xəyalpərəstlik, nitqi fasilələrlə bölə bilmək bacarığı və bununla da onu daha çox qəlizləşdirmək “ən yaxşısı susmaqdır, nəinki artıq danışmaq" - Maksim Borodinlə Axmetyevi birləşdirən cəhətlərdi. Onun şeir toplusuna nəzər yetirdikdə geniş həcmli verlibrlərin də olduğunu görərik, amma mən Borodini minimalist şairlər cərgəsində saxlamağa iddia edirəm.
Borodin şeirinin əsas xüsusiyyətlərindən biri də şeirlərində "qəlb" sözündən gen-bol istifadə etməsidir.

Sonra sənin qəlbinə girib
səhərədək qalaram orda
Çünki
sənin narahat yuxularına gələn
hər kəs
belə edir


"Sənin qəlbinə girib" hələ bir neçə il əvvəl bu ifadə "sərhədi aşmaq" kimi qiymətləndirilərdi, indi isə bu, tam normal şeirdi. Və bu heç də "müasir səmimiyyət" deyil.
Postmodernizm öz müəllif ölümünün bədnamlığı ilə (Bu anlayışın əleyhinə bir-birindən fərqli Vsevolod Nekrasov və Mixail Ayzenberq (Rus şairi, tənqidçi-1949) kimi şairlər etiraz etdilər) artıq özünü yox edir. Borodin poeziyanın postmodernizmdən uzaqlaşdığı, lakin hələ ki, yeni sahilə çatmadığı - indiki zamanda yazır.
Borodinin şeirlərinin çoxunda mələklərə və Tanrının adının xatırlanmasına rast gəlinir:

Gecə səhrada dəfn olunur
Ən uzaq küncdə
məndən və mənim öz yuxularımla
kənd yolunun sonunda qalan
başmaqlarımı etibar etdiyim
mələkdən başqa
heç kim
tapa bilməsin deyə


Nekrasovun və Axmetyevin ardıcılı olsa da Borodin yeni nəsil yazarıdı. Əsas məsələ onun fərqli dünyagörüşündə olmasıdır. Nekrasovda şüurlu şəkildə özünü ədəbi quruluşun əksinə qoyması hiss olunur və hətta 60, 70, 80, 90-cıların da. Bu cür tənasüb Axmetyevə də miras qalıb. Bu müəlliflərin ardınca Borodinə heç nə sübut etmək lazım deyil. Verlibr(sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən azad olan şeir forması) Borodinə qədər artıq mürəkkəbləşmiş janr idi- şair "hazır" formaya gəlib, onun üçün ən təbii mühit yaşayış mühitidir. "Yaxası başdan ayağa düymələnmiş dünyada" özünlə, sevimli insanla, Tanrı ilə səmimi söhbət üçün yer azdır. Nəhayət, Borodin yenilik, novatorluq iddiasında deyil. O sadəsə olaraq şeirlə yaşayır, nəfəs aldığı kimi yazır.

Əgər qarışqa arxa pəncələri üstə dayanıb
öz yuvasına qayıtmağa cəhd göstərsə, demək
Yollarda
Qarışqa boğazına qədər qar var
Qarışqanın arxa pəncələrini görmək üçün
diqqətlə baxmalısan


BULUDLARLA SÖHBƏTLƏŞMƏ
LEONİD VİNOQRADOV - “MƏZƏLİ ŞEİRLƏR” KİTABI


Bu kitabın adı açıq-aydın şəkildə hərdəmxəyallıqla düşünülüb və adamı oyun havasına kökləyir. “Filologiya məktəbi”nin Leonid Vinoqradovla (Rus şairi-1934-2004) ədəbi mühitə eyni illərdə gəlmiş Peterburq şairlərindən fərqli olaraq - onların arasında verlibrin (ciddi qafiyə ölçülərindən azad şeir. Bu cür şeir üçün bütün qafiyə, heca ölçülərindən imtina edilməsi xarakterikdir) çox gözəl müəllifi Sergey Kulle (Rus şairi-1936-1984) də var - o, ilk baxışda çox sadə yazır.
Qısa, yığcam şeirləri Vinoqradovu moskvalıların poetikasına, əsasən lionozovçulara (1950-70-ci illərdə postavanqardçıların yaratdığı ədəbi qrup) yaxınlaşdırır. Bu sıraya Henrix Sapgir (Rus şairi, nasir, tərcüməçi - 1928-1999), İqor Xolin (Rus şairi, nasir 1920-1999), Vsevolod Nekrasov (Rus şairi, tənqidçi, ədəbiyyatçı - 1934-2009) və s. daxildir. Olduqca ümumiləşən “Minimalizm” termini bəlkə də öz-özlüyündə heç bir şərh vermir, amma şeirlərinə əsasən Vinoqradovu məhz minimalistlərə aid etmək olar:

Mən hörümcəyəm
Tor qururam
bu çiçəkdən
o çiçəyə

Dəqiqdi, məsələn dəriyə iynə batırmaq kimi. Qafiyə? - onun sadəcə “görünüş şıqlığı” var. Lakin formal quruluşun gözəlliyi təkcə oyunda, sehrbazlıqda təşəkkül tapmır, şeirlərdə həm də hansısa ilkin xassəli harmoniya yaradır.
Vinoqradovun “mini peyzajlar”ından biri:

Qarğalar
yanmış kağızların külləri kimidi
Həmin küllərə təzim edərkən
titrəyir qoz ağacı


Məcazilik görüntünü qaranlıqlaşdırmır, əksinə aydınlaşdırır. Sanki yenicə peyda olan ağ-qara şəkillərin əksi kağıza düşəcək. Vinoqradovun qənaətcilliyi obrazlılıqdan sui-istifadəyə, ismin adlıq halında danışmağa icazə verir. Kitabda elə sətirlər var ki, şairin “məzəli şeirlər”ə necə gəlib çatdığını izah edir.

Bazardan
kərəviz aldım

Haralardan...
qapılardan
pəncərələrdən
tavandan
qapı astanasından
qışqırdılar
“Kəsmik neçəyədir?
Neçəyədir kəsmik?”


Burada sanki bir az həyəcan var, məqsədli, məntiqsizlik, məncə, keçmişə-bərbərə “Qulaqlarımı qaşıyın!” deyən Mayakovskinin yanına aparır. Beləliklə, Vinoqradov ilk baxışda göründüyü qədər də sadə adam, sadə şair deyil. O, yuxarıda qeyd etdiyim dəriyə batan iynə-detalı dəqiqləşmiş qafiyələrlə bir-birinə bağlayır və dünyanın gizli mənasızlığını aşkara çıxarır.

Sanki kimsə tilovla tutur məni
Bəsdir
Yox olacağam yenə


Toplunun sonuncu şeiri isə o qədər də məzəli deyil:

Mənim bircə quruş mis qəpiyimdir insanlıq
Burax məni, Tanrım - ey əbədiyyət çəkisi


Vinoqradovun şeirlərində Lermontovdakı kimi ulduzların söhbəti yoxdu, burda buludlarla söhbətlər var. Bu buludlu dünyada isə hər şey yaxşıdı və qorxulu heç nə yoxdu...

Çiçəklər ətir saçır
hardasan, Tanrı?


Rus dilindən tərcümə edən: Xatirə Nurgül