AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli məfkurə ocağı

Milli məfkurə ocağı

Təfsilat
15 Oktyabr 2016, 08:09 3546
Layiqli varis olmaq Tanrının bəxş etdiyi bir xoşbəxtlikdir. Bu gün bu xoşbəxtlik tarixi mənəviyyat və düşüncə xəzinəsini bizlərə miras qoyub gedən "Kaspi”nin varislərinə nəsib olub. O "Kaspi”nin ki, "nəinki öz sələfinin layiqli təmsilçisidir, hətta  əksər sahələrdə ondan irəlidədir”. Aradan 135 illik bir zaman kəsiyi keçməsinə baxmayaraq, bu gün "Kaspi”çilər öz sələflərinə çox bənzəyir.
 
Tarixi "Kaspi” Azərbaycan mətbuatı tarixində yeganə rusdilli qəzet olub ki, "təkcə jurnalistikamızın deyil, mətbuat, mədəniyyət, ictimai-siyasi fikir tariximizin də ayrılmaz tərkib hissəsidir”. Odur ki, Azərbaycanın milli mənafeyinə xidmət göstərən "müsəlman "Kaspi”si milli intibah və istiqlal hərəkatımızın təlatümlü dövründə” Azərbaycan yazarına öz sözünü, arzusunu, istəyini deməyə meydan açdı. Bu meydanda dövrün milli düşüncəli aydınları xalqın azadlığı və xoşbəxtliyi uğrunda əməli və amalı ilə mübarizəyə qalxdı.
 
"...Mirzə Fətəli, Həsən bəy və İsmayıl Qaspıralı mirzələrin canlandırdıqları milli kültür hərəkatını Milli Qurtuluş yoluna çəkən böyük mücahidləri” yetişdirdi bu meydan. Bütün həyatını "milli davanın vəkilliyində” keçirən, ümumrusiya müsəlmanlarının lideri Əlimərdan bəy, "İttihadi-tərəqqi” deyə böyük türk dünyasını tərəqqiyə səsləyən Əli bəy, milli maraqların müdafiəçisi Əhməd bəy, istiqlal mücahidi Ceyhun bəy, mükəmməl Avropa və rus təhsili görmüş Məhəmməd ağa, ictimai fikir və ədəbi tənqid tariximizin tədqiqatçısı Firidun bəy, milli-əxlaqi dəyərlərimizin təbliğatçısı Üzeyir bəy, "yatmışları oyadıb, xalqı xalqın özünə tanıdan” Mirzə Cəlil, "ürəyini boşaltmağa yer axtaran” Faiq Əfəndi, xalq istiqlalı, vətən azadlığı yolunda canını fəda edən Haşım bəy, milli folklorun tanınmış toplayıcısı Teymur bəy və daha neçə-neçə düşünən beyinlər Azərbaycanın oyanış tarixində "Kaspi”ni əsl xalq tribunasına çevirdilər.
 
Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış bu görkəmli tarixi şəxsiyyətlərin hər birinin amalına, əməlinə sayğı ilə yanaşan "Kaspi” onların yaradıcılığına öz səhifələrində geninə-boluna yer verdi.
 
"Molla Nəsrəddin” jurnalının nəşrə başlaması xəbərini sevinclə oxucularına bildirən qəzet 11 aprel 1906-cı il tarixli sayında "jurnalın müvəffəqiyyət qazanacağına heç şübhəmiz yoxdur” yazmaqla necə böyük uzaqgörənlik edib. Ölkəmizdə baş verən ictimai-siyasi, iqtisadi, mədəni hadisələrin hər biri qəzetin səhifələrində özünü əks etdirirdi.
 
Türkçülük tarixində yeni mərhələ açan naşir, yazıçı, publisist, Qafqaz türklərini çox sevən, nailiyyətlərimizi yüksək dəyərləndirən İsmayıl bəy Qaspıralının qızı - jurnalist, publisist, Bağçasarayda nəşr olunan "Aləmi-nisvan” jurnalının redaktoru Şəfiqə xanım Qaspıralı 1906-cı ilin oktyabrında Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin dəvətilə Tiflis şəhərinə gəlir. Şəfiqə xanımın Cəmiyyətin toplantısındakı çıxışı çoxlarını heyran qoyur.
 
"Molla Nəsrəddin” jurnalı redaksiyası onun şərəfinə Tiflisdə böyük bir ziyafət təşkil edir. Ziyafətdə Mirzə Cəlilin ömür yoldaşı Həmidə xanım, Cəmiyyətin sədri Gövhər xanım Qacar (general-mayor Əmir Kazım Mirzə Bəhmən Mirzə oğlu Qacarın xanımı), xəzinədarı Mina xanım Talışinskaya, Qarsın ilk azərbaycanlı meri İsa Sultan Şahtaxtlının həyat yoldaşı Səkinə xanım da iştirak ediblər. Bu haqda "Kaspi” qəzeti 13 oktyabr 1906-cı il tarixli sayında geniş məlumat verib.
 
1907-ci ilin may ayından noyabrına kimi Bakıda "Molla Nəsrəddin”in ənənələrini davam etdirən "Bəhlul” satirik jurnalı çap edilib. "Kaspi” 110-cu sayında "Bəhlul”u "Bakı "Molla Nəsrəddin”i” adlandıraraq ona uğurlar arzulayırdı.
 
"Molla Nəsrəddin”in oxucular arasında tez bir zamanda sevilməsi və dövri mətbuatın, xüsusən də rusdilli "Kaspi”nin bu işdə ona belə dəstək olması hökuməti narahat etməyə bilməzdi. Odur ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru Timofeyev Tiflis polismeystrini əvəz edən məmura "təcili və təxirə salmadan icra edilmək” şərtilə əmr verir ki: "Siz cənaba təklif edirəm, bu əmri alan kimi "Molla Nəsrəddin” jurnalını zərərli istiqamətinə görə bağlayasınız və əmrin icrasını mənə xəbər verəsiniz”.
 
1907-ci il iyunun 23-də isə Qafqaz canişini dəftərxanası Tiflis general-qubernatoruna bildirirdi ki, "Molla Nəsrəddin” jurnalının jenidən nəşrinə icazə verilmişdir”. Bu şad xəbəri "Kaspi” oxucularına cəmi bir gün sonra - 24 iyun tarixli 138-ci sayında belə çatdırıb: "Açılmağın münasibətilə səni təbrik edir və sənə həmişə məğlubiyyətsizlik arzulayırıq”.
 
"Kaspi” yalnız "Molla Nəsrəddin”in səhifələrindəki yazılardan deyil, xeyirxah əməlləri haqqında da oxucularına müntəzəm məlumat verirdi. 1907-ci ilin martında Kutaisi yanğınından zərər çəkən yəhudilərə mollanəsrəddinçilərin yardımını qəzet "insaniyyət naminə kömək” adlandıraraq alqışlayırdı.
 
"Kaspi”nin səhifələrində "Molla Nəsrəddin” və mollanəsrəddinçilərlə bağlı yetərincə informasiya var. Bu informasiyalardan bir neçəsi də qəzetin adını hörmət və izzətlə çəkdiyi, "böyük şair” adlandırdığı Mirzə Ələkbər Sabir haqqındadır. Şairin səhhəti ilə bağlı mütəmadi xəbər verən qəzet onun müalicəsi üçün "ianəyə ehtiyacı olduğunu bildirir və hər kəsi bu xeyirxah işə çağırır”.
 
Bir neçə gün sonra - iyulun 16-da (1911-ci il) "Kaspi” çox böyük təəssüf hissilə M.Ə.Sabirin ölüm xəbəri haqqında məlumat verib. Şairin ölümünü "Azərbaycan ədəbiyyatı və mətbuatı üçün böyük itki” adlandıran qəzet yazırdı: "Sabirin vəfatından sonra Ömər Faiq Tiflisdən gedir. Məmmədəli də bir az sonra Tiflisi tərk edib Bakıya köçür. Mirzənin isə məcmuədən soyumasının ən böyük və yuxarıda göstərildiyi vəchlə üçüncü səbəbi həmin bu hadisə, yəni Sabirin vəfatı olub. Ümumiyyətlə, Sabirin vəfatı "Molla Nəsrəddin”in həyatına ən böyük mənəvi və maddi zərbə olur və bundan sonra "Molla Nəsrəddin” lazımi qədər düzələ bilmir. Məhz buna görədir ki, 1912-ci ilin mart ayından etibarən "Molla Nəsrəddin” dayandırılır”.
 
Qəzet 20 iyul 1911-ci il tarixli 161-ci sayında "Satirik şair” sərlövhəli irihəcmli məqalədə Mirzə Cəlilin və bütün mollanəsrəddinçilərin bu itki ilə barışa bilməməsindən bəhs edir. 25 avqust  (N-190) tarixli sayında isə şairin ailəsinə kömək etmək, ona heykəl qoymaq və əsərlərini çap etmək məsələsini qaldırır.
 
Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanımın Kəhrizlidə məktəb açmaq fikrini də ilk olaraq "Kaspi” qəzeti (17 mart 1913) oxucuların diqqətinə çatdırıb: "Həmidə xanım quberniya xalq məktəbləri direktoruna müraciət edərək Kəhrizli kəndində öz xərcinə məktəb açmaq üçün icazə istədi”.
 
Qəzet 10 və 18 aprel 1913-cü il tarixli saylarında "Molla Nəsrəddin” jurnalının Bakıya gəlməsindən və oxucular tərəfindən çox böyük sevinclə qarşılanmasından bəhs edən xəbərlər verib.
 
"Kaspi” qəzeti Mirzə Cəlilin "Ölülər” əsərinin Bakıda tamaşaya qoyulması haqqında da bir neçə resenziya çap edib. "Açıq söz”, "Bəsirət”, "Yeni iqbal” və s. anadilli qəzetlər kimi "Kaspi” də Mirzə Cəlilin bu uğurunu alqışlayırdı.
 
Deyə bildiyimiz və bir məqalənin həcminə sığışdıra bilmədiyimiz bütün bunlar bir daha sübut edir ki, "Kaspi” rusdilli bir qəzet olmasına baxmayaraq, milli məfkurə ocağına çevrilmiş, Azərbaycanın ictimai, siyasi, mədəni həyatında mühüm rol oynamış, baş verən bütün yenilikləri alqışlamış, hər sahədə onlara dəstək olaraq həqiqətən "müsəlman "Kaspi”si” adını doğrultmuşdur.
 
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist