AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli bəstəkarlıq məktəbinin nailiyyətlərinin nümayişi

Milli bəstəkarlıq məktəbinin nailiyyətlərinin nümayişi

Mədəniyyət
04 Dekabr 2019, 11:30 389
Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı böyük bir hadisəyə çevrildi
 
Azərbaycan Bəstəkarlar İttifaqı. Bu yaradıcılıq təşkilatının adı çəkildikdə, hər zaman milli musiqimizin parlaq simaları, Azərbaycanda professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylidən başlayaraq, musiqi mədəniyyətimizin sütunları olan bəstəkarlar və musiqişünaslar, görkəmli mədəniyyət xadimləri yada düşür. Bu da təsadüfi deyil, çünki Azərbaycan musiqi mədəniyyətinin tərəqqisində məhz Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri olan bəstəkarlar və musiqişünaslar mühüm rol oynayıblar. 

Azərbaycan Bəstəkarlar İttifaqı artıq 85 ildir ki, bir yaradıcılıq təşkilatı olaraq musiqi həyatımıza daxil olmuş və mədəniyyətin inkişafına xidmət edən bir ocağa çevrilmişdir. 

Yarandığı vaxtdan (1934-cü ildən), Azərbaycan Bəstəkarlar İttifaqına İdarə Heyətinin sədrləri Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev olmuş, bu təşkilata inzibati deyil, məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir qurum kimi rəhbərlik etmişlər. 

Hazırda Azərbaycan Bəstəkarlar İttifaqının sədri - böyük sələflərinin ənənələrini davam etdirən, dünya musiqi məkanında şöhrət qazanmış görkəmli bəstəkar, ictimai xadim, Azərbaycanın Xalq artisti, YUNESKO-nun "Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir və təsadüfi deyil ki, o, bu vəzifəyə artıq üçüncü dəfədir ki, ittifaqın qurultayı tərəfindən yekdilliklə seçilib. Onun özünün yaradıcılıq fəaliyyəti və rəhbərliyi altında görülən işlər bunun ən bariz sübutudur. Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edən F.Əlizadə, həm respublikanın ictimai və mədəni həyatında mühüm rol oynayır, həm yetişən nəslə gözəl örnək olur, həm də təşkilatın işinin səmərəli qurulmasına böyük əmək sərf edir.

Bununla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində rəhbərliklə bərabər, ittifaqın üzvü olan bütün bəstəkar və musiqişünaslarımızın əməyi qeyd olunmalıdır. Əlamətdardır ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan bəstəkar və musiqişünaslarımız daim ölkə rəhbərliyi, möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunaraq, fəxri adlarla, orden və medallarla təltif olunur, Prezident təqaüdünə layiq görülürlər. 

Müasir dövrdə yaşadığımız parlaq mədəni hadisələrlə zəngin bir zamanda Azərbaycan Bəstəkarlar İttifaqının özünəməxsus yeri və xidmətləri vardır. Hər il Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı və iştirakı ilə irimiqyaslı beynəlxalq musiqi festivallarından və simpoziumlardan tutmuş, daha yığcam auditoriyanı əhatə edən müəllif konsertləri və təqdimatlara qədər - onlarla tədbir keçirilir. Bu istiqamətdə Bəstəkarlar İttifaqının gözəl festival ənənələri də formalaşmışdır. 

XXI əsr musiqi həyatımıza beynəlxalq musiqi festivalları ilə daxil olmuşdur. Ölkəmizdə keçirilən festivalların əsas təşkilatçıları olaraq, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti hər zaman diqqəti professional bəstəkarlıq məktəbinin nailiyyətlərinə yönəldir. Belə bir faktı qeyd etmək yerinə düşər ki, ölkəmizdə keçirilən yeddi beynəlxalq miqyaslı musiqi festivallarından ikisinin bədii rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadədir. 

Bəstəkarlar İttifaqının yubileylərinin də musiqi festivalları ilə qeyd olunması artıq ənənə halını almışdır. 2019-cu ilin 25-28 oktyabr tarixlərində keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı da həyatımızda böyük bir hadisəyə çevrildi.  Bu tədbir, sözün əsl mənasında, musiqimizin bayramı, milli bəstəkarlıq məktəbinin nailiyyətlərinin nümayişi oldu. 4 gün ərzində davam edən festivalın konsertlərində, demək olar ki, bəstəkarlarımız bütün musiqi janrlarında yazılmış əsərlər əhatə olunmuşdu ki, bunu Azərbaycanın musiqi  tablosuna bənzətmək olar.  

Ümumiyyətlə, festivalın proqramına nəzər salsaq, burada 80 bəstəkarın 100-dən artıq əsərinin ifa olunduğunu görərik. Bu baxımdan, konsertlərin proqramlarında, ilk növbədə, nəsillərin varisliyini önəmli cəhət kimi qeyd etmək istərdik. Burada müxtəlif nəsillərin təmsilçiləri, bəstəkarlıq sənətinin keçdiyi yolun mərhələləri, klassika və müasirlik, yaşlı, orta və gənc bəstəkarların yaradıcılığı bir araya gətirilmiş və ən son nailiyyətlər təqdim olunmuşdur. Elə əsərlərin adının qarşısında "ilk ifa” və yaxud "Bakıda ilk ifa” sözlərinin yazılması bunun əyani sübutudur. Həqiqətən də, bu festivalda xeyli yeni əsərlər eşitdik. Bəstəkarlarımız sevincli anlar yaşadılar. 

Festivalın təəssüratları çox böyük və rəngarəngdir. Konsertlərdə Azərbaycan bəstəkarları orkestr musiqisi – simfonik orkestr, kamera orkestri, xalq çalğı alətləri orkestri üçün əsərləri, solo və ansambl əsərləri, musiqili səhnə əsərləri ilə təmsil olunmuşdular. Janr və məzmun baxımından proqramda müxtəliflik və çoxcəhətlik özünü göstərir. Bəstəkarları maraqlandıran geniş mövzu dairəsində Nəsimi poeziyası, Dədə Qorqud motivləri, vətənpərvərlik, qəhrəmanlıq ideyaları, fəlsəfi-lirik düşüncələr öz əksini tapmışdır. Bütün bu rəngarəng proqramın daxilində bir vəhdət vardır. 

Konsertlərdə Azərbaycan bəstəkarlıq məktəbinin simaları və inkişaf mənzərəsi bir daha gözümüz qarşısında canlandı. Üzeyir Hacıbəylidən başlayaraq, bəstəkarların bütün nəsillərinin nümayəndələrinin – Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, həmçinin, Firəngiz Əlizadənin, Tofiq Bakıxanovun,  Dadaş Dadaşovun, Oqtay Rəcəbovun, Azər Dadaşovun, Sərdar Fərəcovun, Cəlal Abbasovun, Mobil Babayevin, Məmmədağa Umudovun, Ədilə Yusifovanın, Aliyə Məmmədovanın, Rəna Qədimovanın, İlham Azmanlının, Cahangir Zülfüqarovun, Ceyhun Allahverdiyevin, Vasif Allahverdiyevin, Yaşar Xəlilovun, Kamal Əhmədovun, Şəmsəddin Qasımovun, Məmməd Cəfərovun, Rüfət Ramazanovun, Lalə Cəfərovanın, eləcə də Firudin Allahverdi, Ayaz Qəmbərli, Səid Qəni, Tural Məmmədli, Tahir İbişov, Fərid Məmmədli, İlahə İsrafilovanın və b. bəstəkarların əsərləri konsert proqramlarında səsləndi.  

Mühüm cəhət kimi müxtəlif üslublu əsərlərin bir araya gətirilməsi, hər bir əsərin özünəməxsus yerinin olması, müəyyən bir fikir söyləmək üçün əsas verməsidir və yəqin ki, festivalda səsləndirilən əsərlər hələ bundan sonra tədqiqatlara cəlb olunacaq və qiymətləndiriləcək.

Əlbəttə ki, müasir çoxtəbəqəli cəmiyyətimizdə hər bir insan öz zövqünü oxşayan musiqi dinləmək istəyir və informasiya texnologiyaları sayəsində bu imkana malikdirlər. Lakin zamanın və məkanın fövqündə olan elə musiqi əsərləri var ki, insanların zövqünü yüksəltməyə, onları düşündürməyə, sevindirməyə qadirdir. Azərbaycan bəstəkarlarının əsərləri bu qəbildəndir. Onu da etiraf etməliyik ki, akademik musiqinin dinləyici kütləsi məhdudlaşıb və bu istiqamətdə maarifləndirici tədbirlərin genişləndirilməsinə ehtiyac var.   

Əsas odur ki, biz bu festivalda klassik bəstəkarlarımızla yanaşı, bu gün yaradıcılıqla məşğul olan, demək olar ki, bütün bəstəkarların əsərlərini eşitdik. Musiqi əsərlərinin səhnədə səsləndirilməsinə qədər olan prosesi - bəstəkarın və ifaçıların gərgin əməyini qeyd etmək vacibdir və bu baxımdan Bəstəkarlar İttifaqı əlaqələndirici və istiqamətverici rol oynayaraq, bəstəkar-ifaçı tandeminin həllində önəmli əhəmiyyətə malikdir.   

Bəstəkar musiqisinin dinləyiciyə çatdırılmasında ən önəmli amillərdən birincisi, əlbəttə ki, ifaçılıq təfsiridir.  Bir əsərin üzə çıxarılması və səsləndirilməsi üçün o, neçə mərhələdən keçir, gərgin əməyin bəhrəsi kimi meydana gəlir, bu baxımdan ifaçılarımızın əzmi, fədakarlığı, sənətkarlığı xüsusilə diqqətəlayiqdir. 

Burada respublikamızın aparıcı orkestrlərini və onların dirijorlarını qeyd etmək istərdik. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri -  dirijorlar xalq artisti Fəxrəddin Kərimov və Mustafa Mehmandarovun, Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri – bədii rəhbər və baş dirijor, xalq artisti Ağaverdi Paşayevin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri – dirijor Orxan Haşımovun rəhbərliyi altında çıxış edirdi. Festivalın rəngarəng proqramlarında yer almış bütün əsərlər böyük zövqlə təfsir olundu.

Musiqimizin zəngin panoramını əks etdirən konsertlərdə hər bir bəstəkar əsərini eşitdi və özünü bu prosesdə gördü. Təbii ki, bu, bəstəkar üçün böyük stimuldur. Öz yaradıcılıq məhsulunun səhnədən təqdim olunması bəstəkara ruh, qol-qanad verir, eşitdiyi tərif və tənqidi fikirlər də o cümlədən, nəticə çıxarmağa və bəlkə də onun sonrakı yaradıcılıq axtarışlarına kömək edir. 

Azərbaycan Bəstəkarlar İttifaqının ən əsas sənət meyarı professionallıqdır. Bu sənət ocağı peşəkar bəstəkarları və musiqişünasları öz ətrafına toplayıb və bu meyar ittifaqın hər bir üzvünün fəaliyyətində diqqətdə saxlanılır. Eyni zamanda, Bəstəkarlar İttifaqının keçirilən tədbirlərə hərtərəfli yanaşmasını, festival ərəfəsində konsert proqramlarının tərtibini, bununla yanaşı, ittifaqın fəaliyyətini əks etdirən məlumat və hesabat xarakterli kitabların nəşrini də qeyd etmək vacibdir. F.Əlizadə başda olmaqla, ittifaqın əməkdaşları və üzvlərinin yaxından iştirakı ilə baş tutan bu festivalın zəngin mündəricəsi nə qədər gərgin iş görüldüyünə dəlalət edir. Bu, artıq Bəstəkarlar İttifaqının yaşam tərzinə çevrilmişdir və belə həyat ritmi bu gün də davam edir.    

Həm ölkəmiz, həm xalqımız, həm də bəstəkarlarımız üçün bu festivalın əhəmiyyəti çox böyükdür. Əvvəla ona görə ki, bu tədbir Azərbaycan bəstəkarlıq məktəbinin keçdiyi inkişaf yoluna bir daha nəzər salmaq, onu işıqlandırmaq və əldə olunmuş nailiyyətləri xatırlatmaq və bəstəkarlarımızın yeni uğurları ilə geniş ictimaiyyəti tanış etməyə imkan verir. İkincisi, bu, bizim bəstəkarlıq məktəbimizin, ifaçılıq sənətinin bugünkü səviyyəsinə bir baxışdır. Bu, həm bəstəkarların yeni yazılmış əsərlərinin geniş ictimaiyyətə təqdimatı, həm də Bəstəkarlar İttifaqının, bir növ, yaradıcılıq hesabatıdır. Üçüncüsü, bu festivalın keçirilməsi Azərbaycan musiqisinin təbliği deməkdir. 

Ümumiyyətlə, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən hər bir tədbir Azərbaycan mədəniyyətinin zənginliyini, özünəməxsusluğunu, Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün böyük imkanlar açır.
 
Cəmilə Həsənova,
Sənətşünaslıq üzrə elmlər doktoru, professor,
Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi