Mətbuat tariximizin ilk tədqiqatçıları
XIX yüzilliyin ikinci yarısından başlayaraq,
Azərbaycanda müxtəlif ideya və məsləkli qəzetlər, jurnallar çap olunurdusa,
digər tərəfdən də mətbuat tarixi yazılırdı. Bu sahədə ilk addımı atanlar da,
onun keçdiyi yolun mənzərəsini canlandırmağa çalışanlar da elə jurnalistlər,
publisistlər olub. M.F.Axundzadə, H.Zərdabi,
Ö.F.Nemanzadə, A.Sur, Ə.Müznib, Ə.Abid, M.Cəlil, F.Ağazadə, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə,
S.Hüseyn, M.B.Məhəmmədzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və
başqaları ayrı-ayrı mətbu orqanlar - qəzetlər, jurnallar barədə dəyərli,
maraqlı, məqalələr yazaraq, fikirlər, mülahizələr irəli sürərək, mətbuat
tariximizin tədqiqi baxımından çox dəyərli mənbələri bizə miras qoydular. Bu
qiymətli mənbələrin müəlliflərinin klassiklərə münasibətində diqqəti cəlb edən,
müasirlərindən fərqləndirən əsas xüsusiyyətlər ədəbi-tarixi keçmişə, mədəni
tərəqqinin mürəkkəb mərhələlərinə sistemli obyektiv baxışlarıdır.
İlk təşəbbüsü o göstərmişdir
M.F.Axundzadənin mətbuat tariximizlə əlaqədar
tədqiqatları, "Con Stüart Milli azadlıq haqqında”, "Kritika” (Yüksək İranın
"Millət” qəzeti münşisinə”), H.Zərdabinin "Rusiyada əvvəlinci türk qəzetəsi”,
M.Şahtaxtlının "Əyalət mətbuatı”, Ə.Hüseynzadənin "İrşad”, "Həyat” və meyli
"Füyuzat”, "Molla Nəsrəddin və "Dəbistan”, "Molla Nəsrəddin”ə təşəkkür”,
Ə.M.Topçubaşovun "Tatar-Azərbaycan dilində qəzet çıxarmağın vacibliyi barədə”
və "Azərbaycanın mayakı”, Ə.Ağaoğlunun "Şərqdə jurnalistikaya bir nəzər” və
Şərq jurnalistikasının icmalı”, M.Cəlilin "Rəhbər”, "İrşad”, Ö.F.Nemanzadənin
"Mətbuat”, "Molla Nəsrəddin” bağlandı”, H.Vəzirovun "Həsən bəy Məlikov
yaradıcılığı”, M.Ə. Rəsulzadənin "Dəbistan”, "Haşım bəy Vəzirov”, "Mətbuat
azadlığı”, "Tənqidə ehtiyac var”, "Azəri mətbuatının şanlı xatirəsi”,
M.Mahmudbəyovun "Rus mətbuatı və müsəlmanlar”, Ə.Kamalın "Avropada 46 günlük
bir səyahət, F.Köçərlinin "Hörmətli "Şərqi-Rus” ruznaməsinə bir neçə söz”,
"Azərbaycan dövri mətbuatın qısa icmalı”, "Həsən bəy Məlikov”, "Molla
Nəsrəddin”, N.Nərimanovun "Əliqələmli müsəlman ziyalıları haqqında bir necə
söz”, "Bəsdir özünüzü rüsvay etdinz”, Ü.Hacıbəylinin "Bəyani məslək”, "Zənbur”
jurnalı”, F.Ağazadənin "Mətbuatın tarixi”, Ə.Müznibin "Qafqaz müsəlman
mətbuatının 40 illiyi münasibətilə”, "Rəqabəti-mətbuat”, "Haşım bəyin
mətbuatı”, "Əli bəy Hüseynzadə”, "Sabirdən bir xatirə”, M.Ş.Mirzəyevin
"Qafqazdakı türk mətbuatı tarixindən xatirələr”, C.Hacıbəylinin "Əkinçi”dən
"Həqiqət”ədək” sərlövhəli məqaləsi tədqiqatımız üçün çox dəyərli
mənbələrdən oldu. Bu məqalələrdə Azərbaycanın dövrü mətbuatının yaranma
tarixindən, inkişafından, problemlərindən, qüsurlarından və nailiyyətlərindən
bəhs edilir. Əksər
tədqiqatçılarımızın fikrincə, M.F.Axundazadə dramaturgiya, şeir, nəsr, əlifba,
ədəbi tənqid, publisistika, mətbuat sahəsindəki fəaliyyəti ilə Azərbaycan yeni
realist ədəbiyyatının və mətbuatının manifestini yazmışdır. Azərbaycan
ədəbi-bədii, ictimai fikir tarixində böyük rolu olan M.F.Axundzadə müəllimi
M.Ş.Vazehlə birlikdə mətbəə açmaq, milli dildə qəzet buraxmaq arzusunu
reallaşdıra bilməsə də, bu böyük amallar uğrunda ilk toxumları səpmiş bir
şəxsiyyət kimi, mətbuat tariximizdə də həmişə yaşamaq şərəfinə nail olmuşdur.
Onu "Azərbaycan jurnalistikasının banisi” adlandıran R.Mahmudov yazır:
"Mətbuatımızın, publisistika və ümumiyyətlə, jurnalistikamızın yaranması da
birinci növbədə onun adı ilə bağlıdır. Doğrudur, M.F.Axundzadə bu və digər bir mətbuat
orqanının başında durmamışdır. Lakin ana dilimizdə mətbuat yaratmaq üçün ilk
təşəbbüsü o göstərmiş və bu sahədə çox iş görmüşdü”. Tədqiqatçı alim İ.Ağayevin fikrincə, Azərbaycanda
hələ dövrü mətbuatın meydana çıxmasından xeyli əvvəl Axundov həm də satirik
mətbuatın yaradılmasını arzulayırdı. M.F.Axundov bu fikirlərini 1872-ci ildə
Mirzə Yusif xana yazdığı məktubunda belə açıqlayırdı: "Hazırda Avropa
ölkələrinin hər birində satirik qəzetlər, yəni öz həmvətənlərinin pis əməlləri
haqqında tənqid və həcv yazan qəzetlər vardır ki, hər həftə çap edilib yayılır.
Avropa dövlətləri bugünkü intizam və tərəqqiyə moizə və nəsihət sayəsində
deyil, tənqid sayəsində çatmışlar”. M.F.Axundzadənin milli mətbuatı yaratmaq sahəsində ən böyük xidməti
"Əkinçi”nin fəaliyyətə başlaması üçün H.Zərdabiyə hərtərəfli yardım göstərməsi,
ona mənəvi dayaq durmasıdır. Bu amil zərdabişünasların
əksəriyyətinin əsərlərində özünü göstərir. P.Əfəndiyevin "M.F.Axundov və H.Zərdabi”
məqaləsində və C.Nağıyevanın "Həsən bəy Zərdabi arxivinin təsviri”
kitabında, tədqiqatçı alim A.Mişiyevin "Azərbaycan yazıçıları və Tiflis ədəbi-ictimai
mühiti” əsərində bu haqda geniş məlumat verilib. Dövrü mətbuatın ideya-estetik
prinsiplərini hazırlayan M.F.Axundovun nəzərincə, mətbuatın ideyalılığı və
müasirliyi ən ümdə şərtlərdən biridir. Odur ki, çəkinmədən deyə bilərik ki,
M.F.Axundzadənin H.Zərdabiyə məktubları, "Con Stüard Milli azadlıq haqqında”,
"Kritika (Yüksək İranın "Millət” qəzeti münşisinə”) adlı məqalələrindən aydın
olur ki, ədib mətbuat quruculuğu sahəsinə dərindən bələd olub və bu məqalələr mətbuatşünaslığımızın
tədqiqində bu gün də əhəmiyyətini itirməyib.
"Molla
Nəsrəddin” haqda ilk böyük məqalə
Azərbaycan ədəbi fikir tarixində M.F.Axundzadədən
sonra Firudin bəy Köçərlinin çıxışları, ədəbi-tənqidi, ictimai-siyasi görüşləri
yeni bir mərhələ təşkil edir. F.Ağazadənin "dəyərli bir qələm sahibi”
adlandırdığı F.Köçərli mətbuatın xalqın mənəvi tərbiyəsində və ictimai
inkişafında mühüm rol oynadığını dönə-dönə məqalələrində qeyd edirdi. O, Azərbaycan
mətbuatını müntəzəm və diqqətlə izləmiş, tədqiq etmiş, "Əkinçi”dən 1920-ci ilə
qədər olan dövrü mətbuat haqqında geniş məlumat vermişdir. Tədqiqatçı alim
B.Nəbiyev yazır: "Təmənnasız olaraq bu işə girişmiş və böyük əzab-əziyyətlər,
ciddi məhrumiyyətlər bahasına bu işi görmüşdür. Xüsusən də "Əkinçi” və "Molla
Nəsrəddin” ənənələrini yaşatmaq və inkişaf etdirmək üçün söylədiyi mülahizələr,
fikirlər mətbuatımızın həmin dövrü haqqında geniş təsəvvür yarada bilən zəngin
mənbələrdəndir”. "Molla
Nəsrəddin” jurnalı haqqında mətbuatda geniş və xeyirxah məqalə ilə ilk dəfə
çıxış edən də F.Köçərli olub. 1906-cı ildə qələmə alınan "Molla Nəsrəddin” adlı
bu məqalə mətbuatımızın, ictimai fikir tariximizin inkişafında ciddi xidmətləri
olmuş həmin jurnal haqqında ilk böyük məqalə hesab olunur.
Azərbaycanda türkçülüyün və turançılığın əsasını
qoymuş, türk birliyi ideyasını elmi-nəzəri cəhətdən işləmiş Ə.Hüseynzadənin də dövrü mətbuat haqqında bir
çox məqalələri var. "İrşad”, "Həyat” və meyli-"Füyuzat”, "Molla Nəsrəddin” və
"Dəbistan”, "Molla Nəsrəddin”ə təşəkkür”, "Vidanamə” və s. məqalələri bu
baxımdan çox maraqlıdır. "İrşad”ın nəşri haqqında ilk elmi-tarixi məqaləni
yazan Ə.Hüseynzadə ""İrşad”ın zühuru həyati-milliyyəmizdə qayət mühüm bir
xitvəyi-tərəqqidir” yazaraq nəşrə başlamasını böyük sevinclə qarşılayırdı. "Molla
Nəsrəddin”in və "Dəbistan”ın fəaliyyətini yüksək qiymətləndirən Ə.Hüseynzadə
uşaqların təlim-tərbiyəsində "Dəbistan”ın daha böyük rol oynadığın qeyd edirdi:
"Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun üçün nicat
olmaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür. Lakin quru ağacı ancaq od
ilə düzəltmək mümkün olur... bu sözlərdən sonra "Molla Nəsrəddin” ilə
"Dəbistan”ı yekdigərinə qiyas etmək lazım gəlsə, demək olur ki, quru ağacı yona
bilən "Molla Nəsrəddin” daha hünərli isə, yaş ağacı əyib düzəldən "Dəbistan”
daha tədbirlidir”. Mətbuatı
"mədəni-mənəvi tərəqqinin, maarifçiliyin və ictimai mübarizənin qiymətli
vasitəsi” hesab edən Əli bəy İran mətbuatı haqqında da fikir və mülahizələrini
bildirmişdir. "Hanki iranlının məqaləsini yoxlasaq, başdan-başa klerikalizmə
qoxusu gəlir” söyləyən ədib, məzhəbpərəstlik səbəbindən mətbuatdakı geriliyi,
ətalət və cəhaləti tənqid edirdi.
Azərbaycanda
mətbəə və mətbuat tarixi barədə məlumat verən ilk qaynaqlardan biri
Ə.Hüseynzadənin ən yaxın amal dostu Əhməd bəy
Ağaoğlu da mətbuat tarixinə aid məqalələr yazıb. O, 1899-cu ildə "Kaspi”
qəzetində "Şərqdə jurnalistikaya bir nəzər” və "Şərq jurnalistikasının icmalı”
məqalələrində jurnalistikanın cəmiyyətdəki rolu və əhəmiyyətindən bəhs edərək,
Şərq dünyasının qəflət yuxusunda olmasını təəssüflə
bildirirdi. Mətbuatı cəmiyyət həyatının
"barometri” adlandıran Əhməd bəy "İrşad” qəzetini ilk sayından Azərbaycan
mətbuatının ən ciddi problemləri ilə məşğul olmağa yönəltmişdir. "Molla
Nəsrəddin”in mətbuat aləminə gəlişinə çox sevinən və onun fəaliyyətini yüksək
qiymətləndirən Əhməd bəy "İrşad” qəzetinin 16 aprel 1906-cı il tarixli sayında
yazırdı: "Baxın "Molla Nəsrəddin”ə! Bu cəridə nə gözəl cəridə! Nə qədər əql,
zəka, məharət və zövq göstəriyor! Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən
mütərəqqi taifələr böylə cəridələr ilə fəxr edə bilərlər! Onun nəqşləri,
sözləri o qədər gözəl, o qədər pürməna. O qədər tənbihamiz nəqşələr və
sözlərdir ki, insanın baxdıqca xoşu gəlib, baxdıqca bəsirəti artıyor!”. Cəmiyyətdə
mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən N.Nərimanov "Kaspi” qəzetinin 1
fevral 1896-cı il tarixli, 25-ci sayında çap olunan "Əliqələmli müsəlman
ziyalıları haqqında bir necə söz” sərlövhəli məqaləsində yazırdı: "...yaxşı
olardı ki, bütün Zaqafqaziya üçün Azərbaycan dilində, heç olmasa, bircə qəzet
nəşr oluna idi və Rusiya müsəlmanlarına aid olan cari məsələlər həmin qəzetdə
müzakirə edilə idi. O zaman cəmiyyətin də öz ana dilində qəzet oxuyub ondan
tələb olunan şeyləri və nədə geri qaldığını bilməyə imkanı olardı”.
Məqalələrinin böyük əksəriyyətində mətbuatın vəzifələrindən, cəmiyyətdəki
rolundan bəhs edən N.Nərimanov bu mövzuda "Kaspi”, "İrşad”, "İqbal”, "Yeni iqbal”,
"Bəsirət” qəzetlərində mütəmadi çıxışlar edib. İnsanlarımızın mətbuata qarşı
marağını görən və bundan çox sevinən müəllif yazırdı: "Mətbuat ikinci bir
dövlət qüvvətindədir. İndi demək olmaz qəzetlərimizi oxumurlar”.
Görkəmli publisist Mirzə Cəlilin də dövrü mətbuatın
fəaliyyətinə həsr etdiyi "İrşad”, "Rəhbər”, "Məslək”, "Tərcüman”, "İşıq”,
"Molla Nəsrəddin”in birinci nömrəsi” adlı məqalələrində həmin mətbu orqanlar
haqqında yetərincə informasiya var. Burada digər müəlliflərdən fərqli olaraq,
M.Cəlil qələm yoldaşlarının nöqsanlarını söyləməklə yanaşı, onlardan dəyərli
məsləhətlərini də əsirgəmirdi. Bu mövzuda olan məqalələrində əsasən mətbuatın
dil və üslub məsələlərinə daha çox önəm verən M.Cəlil məzmunsuz, anlaşıqsız,
uzun-uzadı məqalələrin mətbuat səhifələrinə yol tapmasına qarşı çıxırdı.
"Təmizləmək” adlı felyetonunda "Sabah” qəzetin dilini, üslubunu məhz buna görə
tənqid edirdi. "Mətbuatı
olmayan millətin mövcudiyyəti, istiqbalı qətiyyən yoxdur” deyən M.Cəlilin amal
dostu Ö.F.Nemanzadənin "Əhməd bəy Ağayev”, "Molla Nəsərəddin” bağlandı”, "Haşım
bəy üçün”, "Açıq sözlər”, "Dəvət”, "Dərdimiz və dərmanımız”, "Şərqi-rus”
qəzeti” və s. məqalələrində Azərbaycan mətbuatının yaranmasında, inkişafında
M.Cəlilin, Ə.Ağaoğlunun, H.Vəzirovun misilsiz xidmətlərindən geniş söhbət
açılır. "Mətbuat” adlı məqaləsində Ömər Faiq əfəndi yazırdı: "Millətlərin
dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatdır. Hansı
məmləkətdə çoxlu nəfli, davamlı, nüfuzlu mətbuat var isə ən mütərəqqi və mədəni
məmləkət də oradır. Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən
yoxdur”. Müəllifin
1905-ci ildə "Qeyrət” mətbəəsində çap edilən "Nəşri-Asarə Dəvət” ("Əsərlər
nəşrinə dəvət”) əsəri Azərbaycanda mətbəə və mətbuat tarixi barədə ilk məlumat
verən çox böyük və qiymətli qaynaqlardan biridir. "Ən güclü top və tüfəngdən
artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır” deyən Ö.F.Nemanzadə "mətbuatı
olmayan millətin dili yoxdur, dili olmayanın da mövcudiyyəti yoxdur” söyləməklə,
mətbuatın cəmiyyətdə necə böyük önəm kəsb etdiyini vurğulamaqda çox haqlıdır.
Yazıçı-publisist Yusif Vəzir Çəmənzəminli "Bizə
ciddi mətbuat çoxdan lazım idi” sərlövhəli məqaləsində ziddiyyətli fikirlər
söyləsə də, XX əsr Azərbaycan mətbuatının problemləri, inkişaf çətinlikləri,
vəzifələri haqqında bir sıra düzgün fikirlər bildirib. Əsasən
1910-cu ildən sonra dövrü mətbuatda ədəbi-tənqidi məqalələr çap etdirən”
Y.Çəmənzəminli "Azərbaycan mətbuatının inkişaf yolları” və "Molla Nəsrəddin”
satirasının əhəmiyyəti” adlı məqalələrində mətbuatın inkişafı üçün mühüm
təkliflər, mülahizələr irəli sürüb. O, "Molla Nəsrəddin”i "Azərbaycan
mətbuatının zinəti”, M.Cəlili isə "ədəbi dövrün başçısı” adlandırırdı. Mətbu sözünə
sahib olmaq üçün xalqın necə böyük çətinliklərə məruz qaldığını tanınmış naşir
Əlabbas Müznib "Qafqaz müsəlman mətbuatının 40 illiyi münasibətilə” adlı
məqaləsində belə qeyd edirdi: "Bizim mətbuat haman zikir olunan məşəqqətlərlə
binalanmış, mətbuat üstündə qərib ölkələrə getmək, dəfələrlə həbs və sürgün
edilmək Qafqasya balalarının ənami-qiymətdən olmuşdur”. Ə.Müznib
"Sabirdən bir xatirə” adlı xatiratında mollanəsrəddinçilərdən M.Cəlil,
M.Ə.Sabir və Ə.Haqverdiyevin Azərbaycan mətbuatının yaranmasında və inkişafında
böyük rolundan bəhs edir. Burada həmçinin "Zənbur”, "Səda”, "Babayi-Əmir”,
"Həqiqət” mətbu orqanlarının mətbuatımızın tarixindəki yeri, rolu açıqlanır.
Mətbuat və mətbuatşünaslıq tariximizi əks etdirən bu məqalələrin çox cüzi bir
qismindən bəhs etdik. Onlar bu gün mətbuatşünaslığımızın tədqiqi üçün çox
dəyərli mənbələrdəndir. Çünki bu mənbələrdə sovet dövrü tədqiqatlarından fərqli
olaraq, dövrün tələb və təkliflərindən uzaq, sağlam, obyektiv fikir və
mülahizələr söylənilib.
Qərənfil
Dünyaminqızı
Əməkdar
jurnalist