• cümə axşamı, 02 may, 01:15
  • Baku Bakı 15°C

Mənəviyyat salnaməmizin ünvanı

08.05.18 11:00 1095
Mənəviyyat salnaməmizin ünvanı
Bu, Şuşadır! Adı çəkilən kimi ürəyim titrəyir. Elə bil qəlbimin şüşəsinə toxunurlar. Çiliklənib sınacağından qorxuram. Əslində, bir millətin övladı olaraq, harada doğulmağımızdan asılı olmayaraq, biz hamımız şuşalıyıq. Elə şuşalı olmaq üçün də məhz bu şəhərdə göz açmaq əsas şərt deyil. Çünki Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Bu qədim şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir.
XIX əsrdə Şuşanı dünyanın ən dəbdəbəli şəhəri adlandırırdılar. Onu Avropanın məşhur şəhərləri ilə müqayisə edirdilər. Üstünlük yenə də bu türk şəhərinin idi. Sənətkarlar diyarına çevrilən Şuşanın şöhrəti dünyanı dolaşırdı. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, ədəbiyyatının, memarlığının, hərb tarixinin elə bir sahəsi yoxdur ki, şuşalılar orada öz sözlərini deməsinlər. Yaradıcılıqları, elmi kəşfləri, qoçaqlıqları, şücaətləri, təfəkkürləri, ağıl və idrakları ilə seçilən şuşalılar demək olar ki, bir çox sahələrdə ilkinlər sırasında dayanırlar. Əməkdar jurnalist Rəşad Nəsirovun bu yaxınlarda çapdan çıxan "Azərbaycan milli mətbuatının inkişafında şuşalı ziyalılarının rolu (1875-1935)” adlı kitabını xiffət və maraqla oxudum. Şuşa elə bir elm, mədəniyyət, sənət, musiqi dəryasıdır ki, sahilləri görünmür. Bu şəhərdən pərvazlanan görkəmli simaların təkcə adlarını yazsaq, böyük bir siyahı yaranar. Müəllifin bu ümmandan məhz belə bir istiqamət seçməsi təqdirəlayiqdir. Kitaba böyük ürəklə "ön söz” yazmış Xalq yazıçısı Elçinin fikirləri yeni nəşr barəsində ən dəyərli və dürüst qiymətdir: " Şuşa mühitini təsvir etmək xüsusi bacarıq, səriştə və zövq tələb edir. Yalnız ona görə yox ki, olduqca zəngin və rəngarəngdir - bu öz yerində, həm də ona görə ki, bu mühitdə Şuşa camaatının hiss-həyəcanının, dünyabaxışının, yumorunun ifadəsi olan məxsusi bir koloriti var. Rəşadın kitabının yaxşı cəhətlərindən biri də ondadır ki, o, dəqiq tarixi faktlar və hadisələrlə bərabər, məhz həmin Şuşa koloritini də duya, hiss edə bilmiş və bunu göstərməyi bacarmışdır.”
Üç fəsildən ibarət toplunun girişində oxuyuruq: " Kitabın ruhundan sezilən belə bir cəhət də maraqlıdır ki, müəllif Şuşa ziyalılarını məhəllələşdirməmiş, orada yaşanan hadisələri və şəxsiyyətləri ümumazərbaycan kontekstində təhlilə cəlb etmışdir.” "Şuşa mədəni mühiti” adlanan birinci fəsildə müəllif bu şəhərin mənəvi qüdrətindən, İbrahimxəlil xan zamanında mövcud olan maddi-mədəniyyət ocaqları, kitabxanalar, emalatxanalar, məktəblər, ziyarətgahlar, abidələr, ədəbi məclislər, eləcə də savadlı adamlar, şairlər, memarlar və s. barəsində ətraflı məlumat verir. XIX yüzillikdə Şuşa şəhərində 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları olub. Təbii ki, bu sırada xeyli digər sənət abidələri də var, məsələn dövlət xadimlərinin, şairlərin, sənətkarların, mötəbər şəxslərin evləri... Bunlar insan əli ilə qurulan abidələr idi. Təbii gözəlliyi Allah özü şuşalılara bəxş etmişdir: Cıdır düzü, Turşsu, İsa bulağı, Kirs meşəsi...
1875-ci il iyul ayının 22-də böyük maarifçi Həsən bəy Zərdabi milli mətbuatımızın əsasını qoydu. "Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədilə "Əkinçi” misilsiz iş görüb” həqiqətini təqdirlə xatırladan Rəşad Nəsirov, sonrakı illərdə işıq üzü görən digər mətbuat orqanlarının da fəaliyyətinə ardıcıllıqla nəzər yetirib. Xüsusilə də Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan Topçubaşov, Nəcəf bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadənin yaxından iştirakı və rəhbərliyi ilə 1905-1918-ci illər ərzində ölkəmizdə nəşr olunan qəzet və jurnallar haqqında məlumat verir. Eləcə də, Xalq Cümhuriyyəti dövründə Üzeyir bəy Hacıbəyli tərəfindən nəşr edilən "Azərbaycan” qəzetini müstəqil mətbuatın inkişafında mühüm hadisə kimi dəyərləndirir. Əlbəttə, sovet dövründə nəşr edilən mətbuat orqanlarının da fəaliyyətindən söz açılır. Quruluşların müxtəlifliyindən asılı olmayaraq, nəşr edilən qəzet və jurnalların hər birinin milli mətbuatın inkişafında öz yeri və rolu var.
Kitabın ikinci fəsli "Şuşali ziyalıların milli mətbuatın inkişafında rolu” adlanır. İstər-istəməz, kədər qarışıq bir qürur hiss keçiririk ki, indi yadlar tapdağında inildəyən Şuşamız bəşər sivilizasiyasına necə korifeylər bəxş edib. Müəllifin qətiyyəti də məhz həmin gerçəklikdən xəbər verir: " XX əsrin ilk yarısında (məhz Şuşada-F.X.) maarifçi qüvvələrin monolit cəbhəsi formalaşmış, müxtəlif milli-mədəni problemlər həll olunmuşdur.
Azərbaycanın mədəniyyət tarixinə adları əbədi həkk edilən elə şəxsiyyətlər var ki, onların xeyli qisminin milli mətbuatımızın təşəkkülündəki xidmətləri də çox böyükdür. Bu baxımdan, müəllifin üçüncü fəsildə şuşalı ziyalıların Azərbaycan mətbuatının inkişafındakı fəaliyyətlərinə tutduğu aynada kimlərin adlarını oxumuruq? Onlardan tək birinin adı bəs edər ki, dünya səviyyəsində fəxr edib, qürur duyasan. Məsələn, Mir Möhsün Nəvvab. Müəllifin təqdimatı onun portretini tamamilə dolğun yaradıb: " Azərbaycan mədəniyyəti, ədəbiyyatı , məktəb və pedaqoji fikir tarixində özünəməxsus yer tutan Mir Möhsün ağa Şuşada ibtidai təhsil almış, şəxsi mütaliəsi sayəsində dövrünün bir çox elm sahəsini dərindən mənimsəmiş, görkəmli alim, rəssam, musiqi nəzəriyyəçisi, tarixçi, nəqqaş, xəttat, şair, ədəbiyyatşünas, astronom kimi tanınmışdır...” Dövrünün əsas elm sahələrinin demək olar ki, hamısına aid kitablar yazan, onları öz evində, əlinin zəhməti ilə çapını həyata keçirərək, açdığı məktəblərdə tədris edən nadir şəxsiyyətlərdən biri idi. Bir məsələni də qeyd edək ki, Şuşanın tarixindən söz açanda Mir Möhsün Nəvvabın yazdıqlarına müraciət etmək bəs edər. Onun qələmə aldığı "1905-1906-cı illərdə erməni-müsəlman davası” haqqındakı müşahidələri yetər ki, biz bu dilbər guşənin başına gələn bəlalardan xəbər tutaq. Uzun illər bu sənədli tarixi əsər əlyazma şəkilində Nəvvabın törəmələri tərəfindən mühafizə edilərək saxlanılıb. Yalnız dövlət müstəqilliyimizin bərpasından sonra Qarabağla bağlı bir sıra qaranlıq mətləblərə güzgü tutuldu. O zaman bu əsərin izinə düşən xeyirxahlar onu əldə edərək kitab şəkilində çapa hazırladılar. 1993-cü ildə işıq üzü görən bu qiymətli kitab - Nəvvabın əsəri Şuşanın tarixini və taleyini əks etdirmək baxımından çox dəyərlidir, hamının oxuması vacibdir.
Müəllif III fəsildə milli mətbuatın inkişafında böyük zəhmətləri və fədakar xidmətləri olan 76 şuşalı ziyalı haqqında oxuculara məlumat verir. Təbii ki, onların heç də hamısı mətbuat işçisi, yaxud da jurnalist deyil. Pedaqoq, həkim, şair, nasir, dramaturq, tərcüməçi, dilçi, tarixçi, teatr qurucusu, rejissor, aktyor, musiqişünas, bəstəkar, xeyriyyəçi, məmur, vəkil, hüquqşünas, mühəndis, xəttat, hətta tacir və digər sənət, vəzifə sahiblərini bir amalda, bir istəkdə məhz eyni məqsəd birləşdirir: millətin maariflənməsi, daha da yüksək səviyyədə-mənəvi zənginlik içində ömür sürməsi. Bu ziyalılar zülmətə işıq salan yolun məhz mətbuat səhifələrindən getdiyini çox yaxşı bilirdilər. "Əkinçi” qəzetinin ilk şuaşalı müxbiri Nəcəf bəy Vəzirovun yaxın dostu Məhəmmədəli bəy Məşədi Əsədulla oğlu Vəliyev olub. Rəşad Nəsirov bu fəsildə məhz şuşalı ziyalıların həm məşğul olduqları sahədə, həm də mətbuatdakı xidmətlərini ustalıqla araşdıraraq oxuculara təqdim edib. O fədakar, həm də isimləri ictimaiyyətə az açıqlanan şəxslərdən bəzilərinin adlarını qeyd etməyi lazım bildim: Həşim bəy Nərimanov, Fərəc bəy Sultanov, Yəhya bəy Hacıbəyov, Salman bəy Əlibəyov, Azad bəy Əmirov, Həsən bəy Fətəlibəyov, Salman bəy Tahirov və onlarca digərləri... Təbii ki , milli mətbuatımızın həm yaradılmasında, həm inkişafında böyük xidmətləri olan, yaxud da, onların yetişməsində əziyyət çəkən, əmək sərf edən, eləcə də öz yazılarında Şuşa ədəbi mühiti barəsində ətraflı məlumatlar qələmə alan şəxsiyyətlər də unudulmayıb. Səfərəli bəy Əlibəyov, Firidun bəy Köçərli, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyli, Fərhad Ağazadə, Zülfüqar bəy Hacıbəyov, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Cəlil bəy Bağdadbəyov, Ceyhun bəy Hacıbəyli, Xəlil İbrahim, Əfrasiyab Bədəlbəyli, Məhərrəm Əlizadə, Teymur Elçin kimi məşhur simaların - məhz bu dilbər torpağın övladlarının qiblələrinin həmişə Şuşa olması da çox mətləblərdən xəbər verir. Müəllif böyük ehtiram və qədirbilənliklə bu unudulmaz insanların həyat yolu haqqında oxucusuna müfəssəl məlumatlar verməyə çalışıb.
Bu sırada iki xanımın da adı diqqətimi çəkdi. Bunlardan biri, Nəcəf bəy Vəziovun həyat yoldaşı Xurşid xanım Mirzə Abbas bəy qızıdır. O, 1868-ci ildə Şuşada dünyaya gəlib. Maraqlı faktdır ki, Xurşid xanım Dağıstanın Teymurxan Şura şəhərində progimnaziyada təhsil almış ilk azərbaycanlı qadınlardan biridir. Maarifpərvər, işıqlı xidmətləri ilə seçilən bir xanım kimi görkəmli Azərbaycan dramaturqu N.B. Vəzirovun ilk oxucusu, ilk tənqidçisi olmuşdur. Çox təəssüf ki, bu istedadlı və mədəni xanım cəmi 45 il ömür sürmüşdür.
Sürəyya Vəlibəyova isə görkəmli Azərbaycan pedaqoqu Səfərəli bəyin qızıdır. Səfərəli bəy Vəlibəyov Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlılardan biri olmuşdur. Bakıda müxtəlif yaradıcı təşkilatlarda çalışıb. Taleyini əsasən tərcümə işinə bağlayıb. Müəllif çox haqlı olaraq xatırladır ki, Sürəyya Vəlibəyova müasir Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olan bədii əsərlərin əksəriyyətinin, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə etmişdir. 42 yaşında dünyasını dəyişmiş Sürəyya xanımın ilk tərcümələri A. Bartonun əsərləri olmuşdur.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın dili səlis, məqsəd və məramı aydındır. Ondan tədqiqatçılar, jurnalistlər yetərincə faydalana bilərlər. Qiymətli mənbədir. Mənə görə, Rəşad Nəsirov çox böyük ustalıq və zəhmətlə əslində Şuşa ziyalıları barəsində bir ensiklopediya hazırlayıb. Bu gün işğal altında inildəyən Şuşamızın erməni daşnaklarından azad ediləcəyi günün çox da uzaqda olmadığını hiss edirəm. Biz yenə də o gözəl şəhərimizə qayıdacağıq. İnanıram ki, yenidən qurulacaq Şuşa kitabxanalarının rəflərində düzüləcək incilərdən biri də məhz haqqında söz açdığımız - Rəşad Nəsirovun "Azərbaycan milli mətbuatının inkişafında şuşalı ziyalılarının rolu (1875-1935)” kitabı olacaq.
Sonda bir arzumu da bildirmək istərdim. Əslində, belə kitabların başqa dillərə də tərcüməsi vacibdir. Çünki nəşrlərin məramındakı tarixilik, dürüstlük, geniş məlumatlar bir çox uydurmaların çürüklüyünü təsdiq edir, müəmmalara aydınlıq gətirir, milliyyətindən asılı olmayaraq hər kəsi düşündürə bilir. Qarabağa - Şuşamıza dönəcəyimiz günün təntənəsi haqqında kitablar yazılsın...
Flora Xəlilzadə,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər