Mən əlacsızlıqdan oxumuşam
- Yeddi əsas muğam var. Adi mahnılar kimi olsaydı, bu yeddi mahnıya qulaq
asan insanlar çoxdan bezərdi. Bəs hansı səbəbdəndir ki, illərlə yeddi muğama
qulaq asan insanlar bezmir, usanmır?
- Yeddi muğamın olması
tamaşaçı üçün maraqlı deyil. Tamaşaçıya maraqlı olan muğamın
əhval-ruhiyyəsidir. Muğam əsrlərdən bəri xalqın ruhundan süzülüb gələn mənəvi
bir sənətdir, bütün Şərq ölkələrinin mənəvi dəyəridir. Elmi cəhətdən bu suala
cavab verə bilməsəm də, hisslərimlə deyə bilərəm ki, muğam hər ifaçıyla özünü
tapır. Hər ifada muğam tamam ayrı vəziyyətə düşür, dəyişir və muğamın böyüklüyü
də elə bundadır. Hər muğam xanəndənin səsinə, ahənginə, tərzinə görə
təkrarsızlaşır. Ona görə də hər yaxşı xanəndənin oxuduğu muğamla dinləyicilər sanki təzə muğama qulaq asırlar. Hər səs
muğamatı təzələyir deyə, muğamat həmişə maraqlıdır, təzədir, sevilib, sevilir
və seviləcək.
- "Muğamı özününküləşdirib”, "Mahnını özününküləşdirib” kimi ifadələr
günümüzdə tez-tez təkrarlanır, qulaq deşir. Sizcə, hər yetən muğamı, mahnını
özününküləşdirə bilərmi, bunu etmək bir belə asandırmı?
- Baxır ifaçı muğama nə
qədər ürək qoyur, zəhmət çəkir. Əgər bunları edə bilirsə, istər-istəməz özü
kimi oxuyur. Bizim səsimiz bir-birimizə bənzəyə bilər, ancaq ürəyimiz və ordan
qopan haray bir-birinə bənzəyə bilməz axı. Ona görə də ürəklə, hisslə oxuyan
hər bir adam öz ürəyinin səsini çatdırır və təbii ki, başqasından fərqlənir.
Muğamı özününküləşdirməyin də müəyyən
çətinlikləri var. Çünki edilən dəyişikliklər bəzən çoxluq tərəfindən qəbul
edilir, bəzənsə yox. Elə xanəndə var dinləyəni daha çoxdur, eləsi var azdır.
Eləsi var muğamda nəyisə dəyişir, ancaq baxırsan ki, yeniliyinin fəlsəfəsi yoxdur.
- Əvvəlki dövrlərdə Bakının kəndlərində muğam xiridarları vardı, indi
də var, ancaq mən eşitdiyim və oxuduğum qədər onların çoxluq təşkil etdiyi
vaxtlar olub. Paytaxt kəndlərinin dörd bir yanında muğam zövqüylə hesablaşmaq
da hər muğam ifaçısının işi deyilmiş. Onlar həm də əruz vəzninin gözəl
biliciləri idilər. Bu gün isə daha çox sərbəst, heca vəznində şeirlər yazılır
və onların auditoriyası genişlənir və insanlar da modern ab-havaya köklənirlər.
Sizin duyumunuzla bu auditoriya dəyişkənliyinin muğamatın dinlənilməsinə nə
dərəcədə təsiri olur?
- Qəzəllə muğam elə bil əzəldən
kodlaşıb. İfa zamanı muğam sanki sözləri əruz vəznində olmağa məcbur edir. Və bu,
insanlara çox böyük təsir edir. Ancaq bəzən qoşmalar da oxuyublar. Bu, elə bil
qızılgül dəstəsinin içində bir dənə başqa bəzəkdir və maraqlıdır. Ancaq o
bəzəkdən ibarət gül alınmaz, əgər belə olsa, muğam öz fəlsəfəsini itirər.
Onu da deyim ki, indi
muğama maraq azalmayıb, insanlar telefonlarında, maşınlarında, radioda,
televizorda muğamdan onlara lazım olan qidanı alırlar. Sadəcə, əvvəlki muğam
biliciləri azalıb. İndi başdan-başa muğam olan məclislər demək olar yoxdur.
Bizim gəncliyimizdə məclislərdə 6-7 saat muğam oxunardı. İndi şadlıq evləri
var, 6-7 müğənni gəlir, hərəsi yarım
saat oxuyur gedir. Həm də o zallar elə qurulub ki, orda dəsgah oxuyub kiməsə
təsir eləmək çətindir.
- Deyirlər ki, hər bir xanəndənin öz nəğməsi olur, o nəğmə onu həm məşhur
edir, həm də xanəndə həmin nəğməylə ürəyini boşaldır. Məsələn, Qədir Rüstəmovun
"Sona bülbüllər”ni misal çəkirlər. Sizin belə bir nəğməniz varmı?
- Mən bir-iki muğamı çıxmaq
şərtiylə muğamların hamısını ürəklə oxumuşam, onların hər birindən özümə məxsus
intiqamımı almışam. Ona görə mən muğamlar arasında fərq qoymuram.
- Sizi Türkiyədə və İranda təqdim edəndə "modern muğam ustası”
ifadəsiylə təqdim edirlər. Hətta haqqınızda dərc olunan yazılarda və
informasiyalarda da bu ifadə işlənir. Məncə, Siz muğamı modernləşdirməmisiniz,
əksinə, onu bir az da kökünə, unudulan yerlərə aparıb çatdırmısınız. Bəs Sizi
niyə belə təqdim edirlər?
- Onlar öz düşündüklərini
yazıblar. Ancaq mən ustalaşdıqca daha qədimə gedirəm, daha qədimlərdən xəbər
gətirirəm. Həm İranın, həm Ərəbistanın, həm Azərbaycanın, ümumən Şərqin ən
qədim muğamlarını araşdırıram, qulaq asıram, öyrənirəm. Mən nə qədər inkişaf
edirəmsə, o inkişaf o qədər qədim dövrə gedib çıxır. Mən nə qazanmışamsa, qədim
muğamlardan öyrənib qazanmışam.
- Sizin oxu tərziniz yaradıcılığınızın ilk illərində o qədər də
qəbuledilən olmayıb, çünki bu fərqliliyi birdən-birə öz içində əritmək
çoxlarına çətin olub. Belə bir ifadə də var ki, bütün yenilikçilər bir gün qatı
ənənəçiyə çevrilir. Sizdə necədir, elə muğam ifaçıları var ki, onların
yenilikləri, yaxud fərq yaratmaq istəkləri Sizə çöçün gəlsin, qəbul edə
bilməyəsiniz?
- Bir-iki müğənni ola bilər
ki, mən onların yeniliklərini bəyənməyim. Ancaq onların adını deməyəcəyəm. Biri
var muğamı korlayıb yenilik edəsən, biri də var daha da gözəlləşdirəsən, irəli
aparasan, ifanın meydanını genişləndirəsən. Muğamı korlayaraq yenilik edən
bir-iki adam var və bunu görürəm, dərk
edirəm. Mən ənənələrimizi sevirəm, ancaq ənənəçi olmamışam heç vaxt. Gözəllik
yaradan hər muğam ifaçısını sevirəm. Mənim kimisə qısqanmaq kimi bir vərdişim
olmayıb və olmayacaq da.
- Sizin İctimai Televiziyada gedən "Ustad dərsi” verilişinizə baxanda
görürdüm ki, izahlarınızın çoxu əllə-qolla, mimika ilə, hətta deyərdim, ruhun
diliylədir, nəinki akademik bilgilərlə, nəzəriyyə ilə. Televiziya verilişində
görünürdü ki, siz tələbələrinizə o ”dili” əvvəldən başa salmısınız. Çünki
kənardan qavrayışları ilə olduqca püxtə görünürdülər. Ancaq mən bilmək istərdim
ki, püxtələşməmişdən, bilginləşməmişdən əvvəl tələbələrinizə o ruhun dilin, üz
ifadəsi ilə səslərinə etdiyiniz müdaxilələri necə başa salırsınız, yaxud onlar
bunu necə öyrənirlər?
- İllərdir dərs deyirəm və
bu xüsusiyyət illər ərzində formalaşıb. Tələbələrimə deyirəm ki, mən çox
ustadların dərsində olmuşam, ancaq heç kəsdən belə dərs almamışam. Mənimçün
muğamda akademik bir şey yoxdur. O verilişdə isə biz teatrlaşmış bir yol
tutmuşduq ki, tamaşaçıya da, tələbələrə də maraqlı olsun. Sənin dediyin
keyfiyyəti illərlə zəhmətdən sonra əldə etmişəm və məni ruhən duyan tələbə də o
yolları bilir. Bununçün hansısa konsepsiya, çertyoj yoxdur. Konsert verə-verə
indiki kimi fərqli konsert verə bilirəm, bunu mənə hansısa rejissor öyrətməyib
ki?
- Bəzən deyirlər ki, sənətkar oxuyub öz üslubunu formalaşdırmalıdır, daim
eksperimentlərdə olmaq özünü tapmamaq deməkdir. Bəzilərisə tam əksini düşünür.
Siz bu iki fərqli fikir qütbündən hansının tərəfdarısınız?
- Yenilikçilərin tərəfində.
Daim inkişaf olmalıdır. Bir yerdə küllənib qalmaq olmaz. Sənətkar həmişə özünü
yetişdirməlidir. Sənin ustadlığın tələbələrin üçündür, özünə isə həmişə öyrənən
– tələbə gözüylə baxmalısan.
- Söz seçimində Alim Qasımovun meyarı nədən ibarətdir?
- Bilirsiniz, biz çox
məktəblərdən qidalanmışıq. Klassik ədəbiyyatı oxumuşuq, ədəbiyyat biliciləri
ilə məsləhətləşmişik və illər ərzində formalaşmışıq. Və həmin yüksək zövq
formalaşandan sonra başlamışıq başqa kitablardan da seçməyə. Zövqüm qəliz ilə
asan başa düşülənin ortasında bir yerdə qərarlaşıb. Çox dərinlərə gedə
bilmirəm. İndi isə məni tutan qəzəli yazıb əzbərləyirəm. Özü də mənim qəzəl
əzbərləməyim zülümdür, çox çəkir.
- İllər keçdikcə bəzi tələbələriniz bilərəkdən, bəziləri bilmədən
başlayırlar Sizi təqlid eləməyə. Belə hallarla rastlaşanda reaksiyanız necə
olur?
- İlk mərhələdə sənətdə
kimisə təkrarlamaq o qədər də ayıb sayılmır. Mən özüm də gəncliyimdə xoşum
gələn ifaçılardan hansısa muğamı, şöbəni əzbərləyirdim. Sənətdə öz yolunu
tapana qədər belə şeylərin olması mümkündür. Təzə-təzə başlayanda olur ki,
hansısa sənətkarın yolu ilə gedirsən, onun ifa tərzində oxuyub-oxuyub, qabında
varsa, öz yolunu tapırsan, əgər istedadın yoxdursa, elə o cür oxuya-oxuya çörək
pulunu qazanırsan. Dünyəvi olmaq üçün təkrarsız olmaq lazımdır.
- Sənətkar fərdi ifa üslubunu formalaşdırmaq üçün nə etməlidir?
- Mənə elə gəlir bu Allahın
işidir. Bunu nə mənə izah ediblər, nə də öyrədiblər ki, mən də indi bunun yolunu kiməsə öyrədim. Birinci zövq
formalaşmalıdır ki, seçimin olsun. Seçim təkcə başqaları üçün deyil, həm də
sənin özünü seçməyin, seçdirməyin deməkdir.
- Qızınız Fərqanə xanımın istedadının qığılcımını nə zaman və necə hiss
elədiniz?
- Deməli, o 3-4 yaşında
olanda, bir gün qapıdan çıxa-çıxa "Məndə
Məcnundan füzun aşiqlik istedadı var” misrasını özümçün oxuyurdum, bir də
gördüm o da təkrarladı. Həyat yoldaşıma
dedim ki, mən gələnəcən buna bir-iki beyt, nə bacarırsan öyrət. Ha yavaş-yavaş
başladı öyrənməyə, sonra dəf tutmağı öyrətdilər. Həm də hiss edirdim ki, bunun
səsi gələn, davamı olan səsdir. Ancaq səhnəyə çıxan məqamda ona bir də düşünmək
imkanı verdim. Dedim ki, qızım, bu, çox çətin sənətdir, elə sənətdir ki, hər an
imtahandasan: bir adam üçün də oxusan imtahan verirsən, yüz min adam üçün
oxusan da. Saatlarla oxusan da imtahandır, bir ağız oxusan da. Mən ikiqat yox
e, yüz qat o zülmləri görüb gəlmişəm. Şükür, bu da Allahın qismətidir, razı
oldu, qorxmadı. O da qarşısına məqsəd qoyub çata bilən adamdır.
- Siz oxularınızda sənəti ruhun diliylə oxumağa, insanlara ruh
vasitəsiylə xitab etməyə çalışırsınız. Əks təqdirdə qəlblərə yol tapmağınız
çətin olardı. Sualım ondan ibarətdir ki, Siz öz ruhunuzu duyan bir insan kimi,
oxuduğunuz auditoriyaya da nə dərəcədə təsir etdiyinizi nədən bilirsiniz?
- Mən hiss edəndə ki
sərbəstəm, kefim də yaxşıdır, bilirəm ki, auditoriyanı valeh etmişəm. Şükür ki,
bir-iki istisna məqamı çıxmaq şərti ilə həmişə həmin ovqatda olmuşam. Yox, mən
narahatamsa, yalandan oxuyuramsa, bilirəm ki, əhli-halı istədiyim ruhi
vəziyyətə çatdıra bilməmişəm. Məndə orta vəziyyət yoxdur, ya ürəyimi qoyuram,
ya da heç oxumuram. Tamaşaçını ləzzət məqamına çatdırmağa çalışmışam həmişə.
Mən təkcə özümü yox, məni müşahidə edənləri də eyni dərəcədə yüksək ovqatda
saxlamağa çalışıram, əks təqdirdə yüksək sənət nümunələri yaratmaq mümkünsüzdür.
- Sizin muğamda əsas xidmətlərinizdən biri də muğamda ritmikliyi
artırmağınızdır. Bəs bu hansı ehtiyacdan yarandı?
- O ağılla görülən iş
olmadı. Elə bil Allah elədi. Son vaxtlar hazırladığımız dəsgahların da çoxu
ritmikdir. Bu ritm elə bil sənətə bir ətir qatdı, dad gətirdi. Nə qədər "ey dad,
ey dad, ey dad” oxumaq olar? İnsanlar muğamın imkanları ilə, sənətin nəhayətsizliyi ilə tanış olmaq istəyirlər. Allah
dünyanı yekrəng yaratmayıb axı, muğam da dünyadır və o da rəngarəng olmalıdır. Allah
elə yaradıb ki, hər şey improvizasiyadır. Biz də o fərqli əhval-ruhiyyəni
çatdırırıq.
- Alim müəllim, Sizin oxumağınıza səbəb sadəcə səsiniz olub, yoxsa
hansısa ehtiyac?
- Açıq deyəcəm. Mən
əlacsızlıqdan oxumuşam. Sürücü işlədim, fəhlə işlədim, hər şey elədim gördüm əlimdən
heç nə gəlmir. Axırda elə bil Allah yol açdı ki, ay bala, get səsini sına,
oxu... O vaxt kim mənə qulaq asırdısa, deyirdi ki, gözəl səsin var, məşğul ol.
Beləcə, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldum, sonra müsabiqədə
yer tutdum, qiymətləndirildim. Bir də gördüm ki, əməlli-başlı oxuyanammış ki,
mataha mindirdilər məni. Mənə ilk qapı açan isə Ağaxan Abdullayev və Hacıbaba
Hüseynov oldu.
- Şöhrətin vəfasızlığı haqqında düşünmüsünüz heç?
- Yox. Çünki mən şöhrətimi
özümə hiss etdirməmişəm, onu camaat düşünüb, hörmət qoyublar. Mən şöhrət atına
minməmişəm, şöhrət atının yanında piyada getmişəm həmişə. Qorxuram ki, üstünə
minsəm, aşırda məni. Bunu da bilərəkdən eləməmişəm, Allah belə istəyib.
Fərid Hüseyn