Mələyə bənzədilən insan
"...Bir gün bacım onu bizə çağırdı. Mən qapının açar gözlüyündən nə
qədər baxdımsa da, qızın üzünü aydın görə bilmədim. Bacım bir həftə sonra
Raziyəni yenə bizə çağırdı. Bu dəfə qapı xeyli aralı idi. Anam isə qızın anası
ilə söhbətə getmişdi. Raziyə xanım bacımla şirin söhbət edərkən mən guya qızın
bizdə olduğunu bilməyib, otağa girdim. Raziyə cəld ayağa qalxdı və üzünü
yaylığı ilə örtdü. Mən tez qapını örtüb o biri otağa çəkildim. Bu dəfə bir-birimizi
aydın görmüşdük”. Bu sözləri XX əsr
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai və bədii fikir tarixinin
inkişafında mühüm yer tutan şair, ictimai xadim, istedadlı pedaqoq Abdulla Şaiq
"Xatirələrim”də yazıbdır.
Fəxrlə deyəcəkdi ki, oğlu
şəhər məktəbində "uçitel” işləyir
Abdulla Şaiqin xatirələrindən belə aydın olur ki, Bakıya 1901-ci ildə
gəlib. İlk pənah aparacağı yer Nəriman Nərimanovun evi olub. Şaiq anası ilə
Nərimanovun yanına gedir, Bakıya gəlməyinin səbəbini söyləyir. Nərimanov onun
fikrini bəyənir. İllər sonra bu haqda A.Şaiq yazırdı: "Nəriman Nərimanov
ailəsinə, qohum-qardaşına, dost-tanışına olduqca bağlı, qəlbi geniş, dostluqda
sadiq və xeyirxah bir insan idi. Hələ evlənməzdən əvvəl də böyük bir ailə
sahibi idi. Qoca anasını, xalasını, iki dul bacısını və onların uşaqlarını,
qardaşı uşaqlarını öz himayəsi altına almışdı. O, gecə-gündüz çalışır,
çapalayır, on iki nəfərdən ibarət olan böyük ailəsini çətinliklə idarə edirdi.
Gəncliyin bütün zövq və nəşəsini yalnız onlara fəda edərək, bacısı və qardaşı
uşaqlarını oxudub bir yana çıxarmaq istəyirdi”.
N.Nərimanovun qayğısı və nəzarəti ilə imtahanlara ciddi hazırlaşan
A.Şaiq 1901-ci ildə Azərbaycan dili müəllimi diplomu əldə etmək üçün 1-ci
Aleksandrinski gimnaziyasında imtahan verərək "əla” qiymət alır və Bakı duması
nəzdində olan maarif şöbəsi müdiriyyətinə ərizə verir. Maarif şöbəsi onu Sultan
Məcid Qənizadənin məktəbinə müəllim təyin edir. Bu xəbərə A.Şaiqdən də çox
anası Mehri xanım sevinirdi. Çünki oğlunu evləndirmək istəyirdi. Elçi gedəcəyi
ünvanı dəqiqləşdirən Mehri xanım orada fəxrlə deyəcəkdi ki, oğlu şəhər
məktəbində "uçitel” işləyir.
A.Şaiq Bakıda anası və qardaşı Yusiflə birlikdə Kərbəlayı Mirzə
Yusifin evində kirayədə qalırdı. Digər kirayənişinlərə nisbətən, Kərbəlayı
Mirzə Yusifin bu ailəyə, xüsusən də savadlı, böyük-kiçik yeri bilən Abdulla
Şaiqə hörmət-izzəti vardı. Bunu hiss edən Mehri xanım da Kərbəlayı Mirzə
Yusifin qızı Raziyəni Abdulla üçün "gözaltı” etmişdi. Əslində Abdullanın da
Raziyadan xoşu gəlirdi. Xasiyyətlərində də çox oxşarlıq var idi. Amma oxumuş
qızla ailə qurmaq istəyirdi. Oğlunun niyyətini bilən ana bir gün onu dilə
tutur: "Bilirəm, Abdulla, oxumuş qız almaq istəyirsən, oxumuş qızlar odur,ceyran
arxasında. O qızlar varlı oğlanlarını qoyub sənə gələrmi? Raziyə xanımdan yaxşı
qız tapmayacaqsan. Həm yaxşı ailədəndir, həm də xoşxasiyyət, gözəl qızdır. Sən "hə”
de, mən günü sabah ona özüm elçi gedim”.
Xoş səadətini belə tez itirməsi
onu sarsıdır
Sən demə, indiki kimi o zaman da evsiz-eşiksiz oğlanın evlənməsi müşkül
məsələ imiş. Amma Abdullanın tərbiyəsi, savadı Kərbəlayi Mirzə Yusifi onun elçilərinə "hə” deməyə məcbur
edir. 1906-cı ilin yazında Raziyə Abdulla gilə gəlin köçür. "Raziyə xanım
savadsız olmasına baxmayaraq, son dərəcə tərbiyəli, xoşəxlaq bir gəlin idi.
Bütün ailəmiz ondan çox razı idi. Raziyəyə yazıb-oxumağı da öyrədirdim. Dinc və
bəxtiyar bir ailə həyatı keçirirdik. Lakin bu bəxtiyarlıq uzun sürmədi.
Raziyənin qız vaxtından xəstəliyi var idi. Evləndikdən sonra bu xəstəlik daha
da güclənməyə başladı”.
Abdulla Raziyəni bir müddət Bakıda müalicə etdirsə də, nəticəsi
olmur. A.Şaiqin xatirələrindən: "Həkimlərin tapşırığı ilə onu Jeleznovodskiyə
apardım. Peterburqdan gəlmiş məşhur professor Raçinskiyə göstərdim. Professor əməliyyat
etməyi məsləhət gördü. Mən Raziyənin ata-anasına teleqramla məsələni bildirdim.
Onlar qəti etiraz etdilər, qızı tez evə gətirməyimi yazdılar. Biz təcili olaraq
Bakıya qayıtdıq”.
Bakıda Raziyənin vəziyyəti daha da ağırlaşır. Kərbəlayi Mirzə Yusif
savadsız olduğu kimi, həm də çox inadkar idi. Qızının sağalacağına dua etməklə
nail olacağına inanırdı. Abdullanın günlərlə qayınatasını dilə tutması,
yalvar-yaxar etməsi, həkimlərin "əməliyyatı nəinki bir gün, heç bir saat belə
gecikdirmək olmaz” deməsi, axır ki, Kərbəlayi Mirzə Yusifin razılığına səbəb
oldu. Abdulla Raziyəni Qara şəhər xəstəxanasında əməliyyat etdirsə də, həkimin
ilk sözü belə olur: "Müəllim çox gecikmisiniz”. Raziyə əməliyyatdan sonra çox
az yaşayır. 1911-ci ildə vəfat edir.
Xoş səadətini belə tez itirməsi Abdullanı yaman sarsıdır. Dərsdən
sonra gününü saatlarla Raziyənin məzar başında keçirirdi.
Eşq
ilə çırpınan könül diyarı
Məni çəkmişdi bir məzara sarı.
Ağlayırdım,
yanıqlı həsrət ilə,
Dərdləşirdim o nazlı afət ilə,
Söykənib bir yeni məzar daşına.
"Bəxtsiz rəfiqəmə” adlı şeri və "Şair və qadın” sərlövhəli bir
pərdəli mənzum pyesi şairin həmin illərdə çəkdiyi açıları əks etdirir. Şair
"Bədbəxt ailə” əsərinin ilk səhifəsində yazırdı: "Bu kitabçadan əldə olunan parələr
mərhumənin ehsanı olaraq, yetim, fəqir şagirdlərə sərf olunacaq”. Gününü
yazıb-oxumaqla, pedaqoji fəaliyyətlə keçirən şair bu faciədən sonra uzun müddət
evlənmədi. Sevimli gəlininin ölümünə ağlayıb-sızlayan Mehri ana Abdullanın ilk
bəxtinin uğursuzluğu ilə heç cür barışa bilmirdi. Övladını xoşbəxt görmək
istəyilə hər gün Tanrıya dua edən ana sonda buna nail olur... "Anam çox inadkar
olmaqla yanaşı, həm d zəhmətkeş, şükürlü bir qadın idi. Biz çox məşəqqət ilə
keçindiyimiz halda belə, anam yenə həyatından məmnun idi. Hər ay maaşımı alıb
anama verdiyim zaman o, saatlarla tanrısına dua edərdi. Xalqa xidmət arzusunu,
ata-anaya məhəbbəti, zəhməti, qürurlu olmağı anam bizə öyrətdi...”
Sabah da, yüz illər sonra
da Şaiqanə yad ediləcək
1920-ci ildə Dərbənddən qaçqın düşən bir çox ailə Bakıya pənah
gətirir. Onların arasında Əhməd bəy Mirzəbəyovun da ailəsi var idi. Onlar
Bakıda Yuxarı Dağlıq küçəsi 21 ünvanında yerləşən üç mərtəbəli evin birinci
mərtəbəsində məskunlaşırlar. 1916-cı ildə Abdulla anası və qardaşı Yusiflə bu
binanın ikinci mərtəbəsinə köçmüşdür. Amma artıq kirayənişin kimi yox...
Abdulla bir necə dəfə işdən gələndə, işə gedəndə birinci mərtəbənin
həyətində Əhməd bəyin qızı Şahzadə xanımı görür və onunla maraqlanır. Bu maraq
keçici olmur. Abdulla anasının razılığı ilə Şahzadə xanımla ailə qurur. Bu dəfə
Tanrı ona xoşbəxt bir ailəyə sahib olmağı nəsib edir. Oğlu Kamalın (Azərbaycanın
görkəmli ədəbiyyatşünas alimi Kamal Talıbzadə) və nəvələri Ülkərin, Şaiqin
dünyaya gəlişi ona ömrü boyu unuda bilməyəcəyi bir xoşbəxtlik bəxş edir. Ailədə
olduğu kimi yaradıcılıqda, ictimai həyatda da bəxti gətirən Abdullanı 37-ci
ilin faciəli günləri də dəyişmir. Onu tanıyanlar, onunla ünsiyyətdə olanlar
mələyə bənzədilən bu insanın sadəliyinə, xoşxasiyyətinə, saflığına heyran qalır.
Doğma əminin, dayının cürət edib halını sora bilmədiyi "xalq düşmənləri”nin
başsız qalan övladlarına əmi, dayı olur (Hüseyn Cavidin qızı Turan Cavidlə olan
müsahibələrimdə bu haqda geniş bəhs olunub).
Saysız-hesabsız əsərlərin müəllifi olan, fəxri adlarla, orden və
medallarla təltif edilən A.Şaiq dəfələrlə (1946-1956) SSRİ Ali Sovetinə deputat
da seçilib. Amma çox sadə, təmtaraqdan uzaq bir ömür yaşayıb. Bəlkə elə ona
görə, bu gün də, sabah da, yüz illər sonra da Şaiqanə yad ediləcək, xalqının
qəlbində yaşayacaq!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist