Mədhiyyə tərif yox, xəyanətdi

«Mən mədhiyyəyə nifrət edirəm. Çünki ondan sonra xəyanət başlayır»
Azərbaycan Prezidenti İlham Əliyev
Yaltaqlıq və qərəz! Hər ikisi bir medalın üzüdür. Şəxsi mənafeyi naminə yaltaqlıq heç də nəzakətli olmağın, mədəniyyətin əlaməti deyil. Çünki mədəni şəxs üçün qarşısındakının vəzifəsi, imkanı yox, qabiliyyəti, nüfuzu, insanlığı, mənəviyyatı, iç dünyası önəmlidir. Əlbəttə, bu, tamam başqa bir söhbətin mövzusudur ki, özündən yaşca böyüyə, kiçiyə, müəlliminə, iş yoldaşına, yaxın dostuna, tanışına, övladına, qonşuna, həyat dostuna necə yanaşmalısan, diqqət, qayğı göstərməlisən, Onu eşitməyi bacarmalısan, məsləhət verməyi də, almağı da düzgün təyin etməlisən.
Qərəz də rəzalətin bir növüdür. Haqlı tənqid acı da olsa, faydalıdır. Çünki qüsur və nöqsanları göstərmək, onun gələcəkdə qarşısının alınmasına yardımçı olmaq özü də əhəmiyyətlidir. Amma yalnız qara görmək, yüz min faydalı işin içində nəsə qüsur axtarmaq, yaxud da bütün uğurların üzərindən xətt çəkərək hər görülən işə aramsız müdaxilə edərək bəyənməmək, çöp uzatmaq yalnız gözü götürməməzlik deyil, həm də qərəzli münasibətdir. Haqlı tənqid əslində yolgöstəricisidir. Qərəz və yalançılıqdan don geymiş fikirlər isə hansısa xeyirxah əmələ göz yummaq, qurulan büsatın himinə su calamaqdır. Nizami demişkən: «Artıq içiləndə dərd verir su da».
Bu yazımda əsasən mədhiyyəbazlıqla məşğulluğun ziyanlı tərəflərindən, doğurduğu mənfi təəssüratlardan danışmaq istəyirəm. Vəzifəcə səndən yuxarıda dayananın qarşısında ikiqat olanın özündən sonrakı sırada duranın üstünə çımxırmağını, «burda mənəm, Bağdadda kor xəlifə» prinsipi ilə çalışmağını az görməmişik. «Mənəm-mənəmlik» bəd sifətlilik və yaramazlıqdır. Həmişə də belə minüzlülər cəmiyyətin bəlası, insanlığın düşməni olublar.
Prezident İlham Əliyevin televiziya jurnalistinə verdiyi müsahibəsində dediyi bir fikir yaddaşımda əbədi iz salıb: «Mən mədhiyyəyə nifrət edirəm. Çünki ondan sonra xəyanət başlayır. Mən bunu öz həyatımda görmüşəm». Mədhiyyəbazlığın bundan dürüst və səlis açıqlaması ola bilməz. Çoxumuzun yadındadır ki, ulu öndər Azərbaycana rəhbərlikdən gedəndən sonra (sovet dövründəki fəaliyyəti nəzərdə tutulur – F.X.) ermənilərin fitvası ilə Azərbaycan xalqının düşmənləri nə cür böhtan və qərəzli çıxışlar etdilər. Düşmən dəyirmanına su tökən bəzi mədhiyyəbazlar da bax bu fürsəti fötə vermədilər. İstər Moskva, istərsə də yerli mətbuatda dünənəcən Heydər Əliyevin qarşısında əyilənlər, ikiqat olanlar indi dimdik duraraq şər-şəbata yazdılar. Tanrı isə seçdiyi bəndəsini həmişə qələbə kürsüsündə görür. Onu sınaqlardan qalib çıxardaraq yenə də şərəfə ucaldır. Heydər Əliyevi onun qarşısında əyilənlərin xəyanəti önündə sınmağa qoymadı. Xalqın istəyi və təkidli tələbi ilə yenidən Azərbaycana hakimiyyətə gələn Heydər Əliyevi alqışlayanlar içərisində onu sidq ürəklə sevənlərlə bərabər, həmin şər-böhtan müəllifləri – mədhiyyəbazlar da var idi. Hətta nitqlərinin birində ulu öndər bu məsələni çox həssaslıqla diqqətlə çatdırmışdı.
Böyük Məmməd Arazın bir fikrini xatırlayıram «Yaltağa da alçalan gör alçağı». Həqiqətən istəsən ki bir insanı əyəsən, yolundan çıxarasan, onun qarşısına yaltaq çıxart. Allah heç kəsin əlindən xalqının alqışını, beynindən isə öz ağlını almasın. Bu iki vacib amil insanı həmişə ucaldır.
Bir var həqiqətləri demək, görülən işləri vəsf etmək, iftixar hissləri keçirmək, fərəhlənmək, bu, başqa bir şeydir. Amma təkcə toyda deyil, siyasətdə də «tost» deyən masabəylər var. Hər hansı məmurun harınlığını dilə gətirmək, nöqsanını göstərmək, qüsurundan danışmaq heç də dövlətin, ölkə başçısının əleyhinə olmaq demək deyil. Əksinə, bu, məhz dövlətə və millətə xidmətdir. Çünki həmin məmur etimaddan, inamdan sui-istifadə edərək öz vəzifəsini ləyaqətlə, ona həvalə edilən şərtlərlə yerinə yetirmir. Yadımdadır, toplantıların birində cənab İlham Əliyev üzünü icra başçılarına, nazirlərə və digər məmurlara tutaraq dedi ki, tabeliyinizdə olan insanlarla mədəni rəftar edin, onlara qulaq asın, qayğılarını, problemlərini həll etməyə çalışın. Harınlığa, yekəxanalığa son qoyun. Sizi bu vəzifəyə təyin etdiyim kimi də işdən çıxardaram. Bu sözlərin ahəngindəki sərtliyin həqiqəti ürəklərdən tikan çıxartdı. Çünki dövlət başçımız tərifsiz və şərhsiz insanlarla ən yüksək səviyyədə davranış mədəniyyətinə malikdir. Müxtəlif təbəqələrlə, insanlarla keçirilən görüşlərdə onun necə səmimi, mehriban olmasının dəfələrlə şahidiyik. Halbuki Prezident birdir. Amma onlarla icra başçısı, nazir, şirkət rəhbəri, direktor və s. mövcuddur. Bəzən adamın ürəyindən keçir ki bir gizli kamera ilə bu səlahiyyət sahiblərinin öz işçiləri və özündən yuxarıda dayanan şəxslərlə qurduğu münasibəti lentə alan olaydı. Bax, onda qəribi ağlamaq tutur…
Bu dünya fanidir. Aşıq Şəmşirin misralarıdır, həmişə tez-tez təkrar edirəm: «Hanı xan xaqanlar, gəldimi, gəldi, getdimi, getdi?» İnsandan qalansa əməlləridir, xidmətidir. Heç nəyi gizlətmək mümkün deyil. Min arşın quyunun dibinə düşmüş həqiqət əvvəl-axır üzə çıxır. İnsan üzünə niqab çəkə bilər, amma xarakterinə yox. Və bu fikir də dəqiqdir ki, hər kəs yaxşı və pis mənada öz xarakterinin qurbanıdır. Yadıma görkəmli aktyorumuz Səyavuş Aslanın yaratdığı bir yaltaq obraz düşür. Asılı olduğu şəxsin zəngini «başüstə, başüstə» sözləri ilə alqışlaya-alqışlaya masanın altına keçir. Bu cür əyilən bir tipin sonrakı hərəkətləri acı gülüş doğurur. İşçilərin üstünə elə təpinir, çığırır ki… Bu mənzərə sadəcə bir tamaşada gülüş yaratmaq üçün deyil, həyatdan gələn həqiqətlərdir. Doğrudan da mədhiyyədən sonra xəyanət başlayır. Bunu dəfələrlə görmüşük. Dünənəcən asıb-kəsdiyi insanın ünvanına bu gün mədhiyyə deyənlərin sayı-hesabı bilinmir. Bəzən də qəribə bir vəziyyətlə üzləşirik. Vəzifədə olanda mədhiyyəçidir, işdən gedəndən sonra isə müxalifətçi. O qədər vəzifəsiz qalaraq müxalifətçi olanlar var ki?.. Onların səmimiyyətinə, sözünə necə inanasan? Əlində səlahiyyət və kürsü olanda həqiqəti demirsən, işin-peşən yaltaqlıqdır, hər şey səndən alınandan sonra isə haqq carçısı olursan? Bu, nə təzadlı münasibətdir? Olumdan ölümə doğru insan xarakteri dəyişmir axı?! Və belə bir fikir də var ki, hər bir insanın beynində anadangəlmə bir «senzur» fəaliyyət göstərir. Məhz bu «senzur»un diktəsi sayəsində sən cəmiyyətdə, həyatda hərəkətlərini tənzimləyirsən. Üç halda bu «senzur» fəaliyyətini dayandırır, insan özü olur. 1. İnsan bərk əsəbləşəndə; 2 Alkoqol qəbul edəndə; 3.İntim münasibətdə. Həyat təsdiq etdi ki, bu üçlüyün sırasına bir bəndin də əlavə edilməsi vacibdir: insan vəzifədə olanda! Bir atalar sözü də mövcuddur: «Qardaşın necə adamdır» sualının cavabı belədir: «Yol yoldaşı olmamışam». Bu müdrik fikrin sırasına müasir bir deyim də qoşulur: «Vəzifədə görməmişəm». Bunlar elə-belə fikirlər yox, həyatın doğurduğu kəlamlardır.
Yenə də Məmməd Arazın misraları qələmimə qanadlanır:
Çiçəyindən alağı çox,
Kişisindən papağı çox,
Köpəyindən yaltaği çox,
Bu dünyada nə görmədim...
Həyat bir-birlərilə mübarizədə olan təzadlarla doludur. Ağ qaraya, əyri düzə, şirin acıya, soyuq istiyə, düz yalançıya qalib gəlmək istəyir, yaxud da əksinə. Mədhiyyənin sifəti isə çox rənglidir. Hər rəngində min fəlakət gizlənib. Dostluğu ilə düşmənçiliyi arasında məsafə çox qısadır. Dünən yalmandığını bu gün məhv edə bilər. Belələrinə el arasında “yumşaq tikan” deyərlər. Ətinə batan da hiss etməzsən, bir də onda duyuq düşərsən ki, sancıldığı yeri irinlədib. Mədhiyyə də belədir, ilk baxış da xoş sözlərdən niyə qaçasan ki?! Vay o gündən sonra həyata keçən məkrli niyyətlərin əlindən dad çəkəsən.
Mədhiyyəbazların bir xüsusiyyəti də ara qarışdırmaqdır. Özünün rahatlığı və şəxsi istəkləri naminə zahirən doğru görünməyə çalışsa da, yalanı bir gün üzə çıxır. İnsan əxlaqının birinci şərti onun ədalətli olmasıdır. Qurani-Kərimdə deyilir: «Allah ədaləti, yaxşı və gözəl davranmağı, qohumlara əl tutmağı əmr edir. O, hər cür əxlaqsızlığı, pis işləri görməyi və zülm etməyi qadağan edir». Müşahidələr təsdiqləyir ki, əxlaq naqisliyinin bir parçası da mədhiyyəbazlıqdır. Çünki bu iyrəncə münasibətin mayasında hər cür rəzalət var. Bəlkə bu gün mübarizə aparmalı olacağımız hallardan biri də məhz bu yalançı tərifbazlardır. Onlar zamana küləyinin sakinləridir. Rüzgarın isə həmişə hansı istiqamətdən əsəcəyi bəlli deyil. Bu bəlli naməlumların bütün hərəkət və işlərinin yalnız bir adı var: hiyləgərlik, üzəgülənlilik, məqam gözləmək, ev yıxmaq, aldatmaq, yalan söyləmək…Nəticədə şəxsi istəklərinə nail olmaq. Belələrinin isə “vicdan” adlı mənəvi ağrılardan qəti xəbərləri olmaz. Çünki öz mənfəətləri üçün başqalarını güdaza verənlərin təbiətində mərhəmət ərşə çəkilər. Cümlə cahanın batması, dərdə düşməsi onu iynə ucu boyda da narahat etməz. Təəssüf ki, çox zaman da mədhiyyəbazlar cılız təbiətləri, saxta davranışları, yalançı görünüşlərilə aşılmaz dağları keçərək yüksək vəzifəyə qalxırlar. İç üzləri bəlli olunca, əsil sifətləri görüncə onlardan qurtulmağın özü də bir sıra çətinliklərdən keçir. Cəmiyyətin belə yaramazlardan xilasının yeganə yolu əvvəldən seçilməlidir. Ən başlıcası, mədhiyyəyə meydan verilməməlidir. Bu mövqe dürüst müəyyənləşsə, hər kəsdən də konkretlik, dəqiqlik tələb edilsə, mədhiyyəyə biryolluq “yox” deyilsə, mənəvi qadağa qoyulsa bəlkə də çox məsələ düzələr. Əlbəttə, yaltaqlıq cəmiyyətin, insanlığın xərçəng xəstəliyidir. Vaxtında aşkarlanıb müalicə edilməsə, bəlasını millət, dövlət çəkəcək.
Kiməsə dərs vermək, yol göstərmək amalında deyilik. Sadəcə, fikrimiz budur ki, mədhiyyəbazlıqla məşğullara bəzi mətləbləri anladaq. Özünü nə qədər gizlətsən də, qlaflı adama çevrilsən də, lap «Qaloş»dan betər olsan da, dəxli yoxdur, Allah hər şeyi görür. Burada özümə gülməyim tutdu. Vicdan və insafını itirmişlərin içində Allah xofu olmur, axı?! Allah xofu olan kəs qalmaqala rəvac verməz, lüzumsuz tərif söyləməyin şitini çıxartmaz, əyilib-qalxmaqdan yorular… Bu «yorulmazlığın» sonu, aqibəti məlumdur. Pərdələrin söküləcəyi gün mütləq olacaq. Onda sizin əsl sifətiniz – karikaturanız açıq görünəcək. Bu ağır sonluğun xəcaləti isə çəkilməz olacaq. Çünki insan əməlinin son nəticəsi təkcə özünə aid olmur axı! Allah hər kəsi ailəsi, nəsli-nəcabəti, xalqı, milləti, dövləti qarşısında xəcalətli etməsin! Elə danışaq, elə yazaq ki, bu gün də, sabah da o sözlərin müəllifi olmaqdan utanmayaq! Ruhun şad olsun, Məmməd Araz! Bütün zamanlar üçün necə poetik xəbərdarlıq etmisən:
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası.
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!