AZE | RUS | ENG |

Mədəniyyətimizin 1959-cu il baharı

Mədəniyyətimizin 1959-cu il baharı
Və ya 21 il sonra Moskvanın yenidən fəth edilməsi

Aprel 1938 - may 1959. Moskva, Azərbaycan incəsənəti ongünlüyü. Bu iki tarix arasından 21 il keçmişdi. Hər iki ongünlük Azərbaycan incəsənətinin böyük qələbəsi, uğuru demək idi. Hər ikisi də Azərbaycan incəsənətinin tarixinə qızıl hərflərlə yazılmışdı.
1938-ci ilin dekadasının möhtəşəm keçməsi, Azərbaycanın görkəmli bəstəkarı Üzeyir bəy Hacıbəyovun gərgin işi və böyük zəhməti sayəsində olmuşdu.  Dekadaya o dövrün mətbuatı - istər Azərbaycanda, istərsə də keçmiş SSRİ məkanında geniş yer ayırmışdı.
2018-ci ildə dekadanın 80 illiyi ilə bağlı respublika qəzetləri tarixi yada salaraq, o dövrün materialları ilə geniş oxucu auditoriyasını tanış etmişdilər. Üzeyir bəyin iki əsəri: Operası "Koroğlu” və operettası "Arşın mal alan” nəinki adi Moskva tamaşaçıları, həmçinin dövlət rəhbərlərini, İ.V.Stalin başda olmaqla hamını valeh etmişdi.
1948-ci ildə biz Üzeyir bəyi itirdik. İtirdik, amma yalnız cismən. Şair Məmməd Rahimin dili ilə desək: "Ona ölüm yoxdur, ölən bədəndir. Ölüm düha üçün əfsanədəndir ”. Üzeyir bəy neçə-neçə gözəl bəstəkarlar yetişdirmişdir. Onların adı, şöhrəti Azərbaycanın hüdudlarını çoxdan aşmışdı: Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Süleyman Ələsgərov və s. O, bir Üzeyir məktəbi yaratmışdı. 1959-cu ildə Moskvada keçirilən Dekadada da Üzeyir məktəbinin yetişdirmələrinin əsərləri - F.Əmirovun " Sevil ” (opera), Q.Qarayevin "Yeddi Gözəl ” (balet), S.Hacıbəyovun "Gülşən” (balet) və başqaları Moskvada  böyük  uğur qazanmışdır.    Bu məqalə vasitəsilə istərdim hörmətli oxucularımızı Moskvaya - 1959-cu ilin may ayına qiyabi səyahətə dəvət edim. Gəlin bir yerdə həmin dövrün mətbuatının səhifələrini vərəqləyək. "Bu günlərdə Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatının ongünlüyü başlamışdır. Bu ongünlükdə Azərbaycanın görkəmli teatr xadimləri, bəstəkarları, dirijorları, rəssamları, yazıçıları və s. iştirak etmişlər”.
 Danışır ongünlük iştirakçıları: Moskvadakı ongünlük barəsində Azərbaycanın xalq artisti, dirijor, Maestro Niyazi öz xatirələrində qeyd  edirdi: "Birinci ongünlükdən keçən iyirmi bir il respublikamızın bir çox ədəbiyyat və incəsənət  xadimləri kimi, mənim üçün də gərgin yaradıcılıq və böyük imtahan illəri olmuşdur.
Bu illər ərzində mən ölkəmizin bir çox böyük şəhərlərində və xarici ölkələrin paytaxtlarında bəstəkarlarımızın ən gözəl musiqi əsərlərinin ifasında iştirak etmişəm. Ongünlükdə isə mən "Koroğlu”, " Sevil” operalarında "Yeddi Gözəl” baletində və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Konsertlərində dirijorluq edəcəyəm. Bu, mənim üçün böyük fəxrdir”
1959-cu ildə Moskvanın teatr və konsert salonlarında doğma Azərbaycan musiqisinin xoş təranələri səslənirdi. Böyük Teatrın səhnəsində dahi bəstəkarımız Ü.Hacıbəyovun "Koroğlu” operasının gözəl ariyaları, duetləri, Bülbülün məlahətli səsi dinləyiciləri heyran qoymuşdu.
Tamaşa musiqisinin ahəngdarlığı ilə yanaşı, dekor və geyimləri ilə də nəzərləri cəlb etmişdi. Xalq qəhrəmanlığının timsalı Çənlibel səhnəsinin dekorları əzəmətli görünürdü. Operanın bədii tərtibatı gənc istedadlı teatr  rəssamı Əyyub Fətəliyevin ilk yaradıcılıq nailiyyəti idi.  Az müddət ərzində rəssam Ü.Hacıbəyovun "Əsli və Kərəm”, Z.Hacıbəyovun "Aşıq Qərib”, C.Cahangirovun "Azad”, R.Mustafayevin " Vaqif ” operalarını tərtib edir. Əsərlərin tərtibatı Əyyub Fətəliyevin Azərbaycan səhnəqrafiya sənətinə novatorluq meyli gətirdiyini sübut etmişdi. Ongünlük zamanı xalq artisti M.Məmmədovun quruluşunda "Koroğlu” ilə birlikdə F.Əmirovun "Sevil” operası da böyük müvəffəqiyyət qazanmışdı. Respublikamızın bütün incəsənət işçiləri kimi, gənc rəssam Əli Minayi və istedadlı gənclər Əli və Hüseyn Pariyab qardaşları da ongünlük üçün böyük  həvəslə mücrü hazırlamışdılar və ongünlükdə iştirak etməyi düşünürdülər.
Şövkət Məmmədova ongünlükdəki təəssüratlarını belə bölüşmüşdü: "Mən, gözəl musiqi zövqü olan dinləyicilər qarşısında ərəb xalq mahnısı "Şələbiyyə” C.Cahangirovun "Azad” operasından "Fars qızının mahnısı”nı və Azərbaycanın dahi şairi Füzuliyə həsr etdiyi kantatanın solo hissəsini və başqa mahnıları oxuyacağam”. 
 Azərbaycanın dahi xalçaçı rəssamı Lətif Kərimov öz  xatirələrində qeyd etmişdi: "Mən sənət yarışı olan Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə, işlədiyim naxışlarla Azərbaycan Xalça İttifaqının toxuyub təzəcə xanadan kəsdiyi altı xalça gətirmişəm. Bunlar "Qızıl Xalça”, "Pambıq nişan”, "Araz”, "Ləçək-turunc”, "Yeni xalça” və "Göygöl” adlı xalçalardır.  
Bülbül ongünlükdən danışarkən deyirdi: "Bizim musiqi yaradıcılığımızın belə sürətlə inkişafını təmin edən zəngin mənbələrdən biri xalq musiqisidir. Məhz buna görə milli opera sənətimizdə xəlqilik özünün bu qədər aydın və parlaq ifadəsini tapmışdır. "Koroğlu” bunun ən gözəl nümunəsidir. İyirmi bir il əvvəl - 1938-ci ildə bu əsər Teatrların səhnələrində nə qədər əzəmətlə səslənmişdisə, bu gün də o, eləcə səslənir və öz təravətini itirmir. Mən hələ o vaxt birinci ongünlükdə olduğu kimi, indi də böyük  ilham, şövqlə "Koroğlu” operasının məşhur ariyasını oxuyacağam”.  
 
                                       Çünki  oldun dəyirmançı,        
                                              Çağır  gəlsin dən, Koroğlu !   
 
Bu ongünlükdə Azərbaycan rəssamları da öz əsərlərini təqdim etmişdilər. Onlardan Fuad Əbdürrəhmənovun "Çoban” heykəli, Tokay Məmmədovun "Səməd Vurğun” və "Niyazi” əsərləri, Ömər  Eldarovun heykəl qrupu təqdim olunmuşdu. Bu ongünlükdə gözəl əsərləri ilə tamaşaçıları valeh edən görkəmli rəssamımız Səttar Bəhlulzadə də iştirak edib. O, "Bizim dağlar” adlandırdığı Babadağın fonunda çəkdiyi mənzərəli tablonu incəsənət və ədəbiyyat ongünlüyündə tamaşaçılara  təqdim etmişdir.  
Azərbaycan ədəbiyyat və incəsənəti ongünlüyü ciddi bir imtahan idi. Bu imtahanda  xalqımız əldə etdiyi nailiyyətləri – mədəniyyət və incəsənətinin böyüklüyünü, qüdrətini, əsrarəngizliyini, qədimliyini və müasirliyini nümayiş etdirmişdir.
 
Bəyim Dadaşova
Üzeyir Hacıbəylinin ev muzeyinin kiçik elmi işçisi

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779